Bu gün "Azərişıq" ASC ilə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Füzuli, Hadrut və Şuşaya media-tur təşkil olunub.
Versus.Az xəbər verir ki, jurnalistlər əvvəlcə Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində olublar.
Bildirilib ki, təməli 2021-ci il oktyabrın 17-də qoyulan 35/0,4 -luq 2x2500 kVA gücündə olan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.
Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyası ilə tanışlıq olub. Təməli 2021-ci il oktyabrın 9-da qoyulan, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə səfər zamanı bildirilib ki, 2022-ci il mayın 10-da istismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4kV-luq 2x2500 kVA gücündədir. Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib. Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır. Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır.
İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir. Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpa olunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub. Ümumilikdə isə inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək. Qeyd edək ki, görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqləri müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kV-luq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir.