HƏQİQƏT YAĞIŞI: AĞDAMDAN BÜTÜN DÜNYAYA...

13:01 08-10-2022 | icon 379 | Siyasət
HƏQİQƏT YAĞIŞI: AĞDAMDAN BÜTÜN DÜNYAYA...

Revanşistlərə vurulan güclü siyasi-diplomatik zərbələr

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/

 

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işbirliyi, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib. Mövzusu “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” olan Forum Ağdamda keçirilib.

 

Bu, Ağdamda keçirilən ilk böyük beynəlxalq tədbir kimi tarixə düşəcək. Ola bilsin, yalnız işğaldan azad edildikdən sonra deyil, ümumən Ağdam şəhərinin tarixində belə miqyas, format və məzmunda tədbir ilk dəfə keçirilirdi: söhbət 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə 400 nəfərdən çox insanın qatıldığı mühüm Forumdan gedir. Rəmz də öz yerində: 44 günlük müharibənin nəticələrinə uyğun olaraq azad edilmiş Ağdam şəhəri və 44 ölkədən nümayəndələrin iştirakı ilə beynəlxalq Forum! Bəs bu miqyas, format və məzmunda keçirilən tədbir – Azərbaycan Milli Şəhərsalma Forumu bizə nə verir, beynəlxalq birliyə hansı ismarıclar ötürür, ümumən faydaları nələrdən ibarətdir? Yuxarıda qeyd olunanlarla yanaşı, onu da vurğulayaq ki, Forumun məhz Ağdamda və məhz BMT-nin strukturu ilə birgə keçirilməsi, həmin strukturun rəhbərinin Forumda çıxış etməsi dünya erməniliyinə, revanşistlərə növbəti güclü siyasi-diplomatik zərbədir.

 

Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli işbirliyi üçün yeni imkan yaradacaq. Rəsmi açıqlamada da bildirildiyi kimi, Ağdam Forumu şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyənləşdirilməsi, uyğun həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün önəmli bir platforma rolunu oynayacaq. Ermənistanın basdırdığı çoxsaylı minalar mövzusu, Ağdamın müharibə gedərkən deyil, atəşkəs dönəmində talan edilməsi istər-istəməz, tədbir iştirakçılarının gələcək nitqində, yazısında təzahür edəcək: işğaldan azadlığa, azadlıqdan abadlığa gedən yolun izlənilməsi ilə meydana çıxan Ağdam nümunəsi, Ağdam gerçəkliyi və problemlərdən çıxış yollarının necə tapılması çox söhbətlərə mövzu olacaq. Forum şəhərsalma sahəsində müxtəlif coğrafiyalarda yerləşən ölkələrdən olan müvafiq sahə bilicilərinin təcrübəsinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün işbirliyinin genişləndirilməsi baxımından da nadir platformadır. Məhz bu özəlliklərinə, malik olduğu imkan və perspektivlərinə görə platforma artıq uğur platforması olaraq dəyərləndirilməkdədir. Yəni bir tərəfdən beynəlxalq təcrübə Ağdama (Azərbaycana) gəlir, digər tərəfdən Ağdamın yenidən təməlinin qoyulması, sürətli və keyfiyyətli quruculuq təcrübəsi dünyaya ötürülür. Ağdam Forumundan 100 gün öncə - 27 iyun 2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzulu XI sessiyasında videoformatda çıxış edən Azərbaycan Prezidenti respublikamızın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusunu və buna hazır olduğumuzu bildirmişdi. Budur, “Bizim sözümüz imzamız qədər keçərlidir” deyən Prezident İlham Əliyevin açılış nitqi söylədiyi Azərbaycan Milli Şəhərsalma Forumu uğurla baş tutdu. Ölkəmiz onlarla fərqli foruma evsahibliyi etmiş olsa da, Milli Şəhərsalma Forumu bizimçün ilk təcrübədir. Bu ilk təcrübənin məhz Ağdam şəhərində - daha doğrusu, şəhər yerində qazanılması özlüyündə bir uğurlu hadisədir. Necə deyərlər, gəldilər, eşitdilər, gördülər...

 

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin Ağdamdakı Forumda çıxışına diqqət edək: “Zati-aliləri Prezident İlham Əliyevin himayəsi altında Azərbaycan hökumətinin təşkil etdiyi ilk Milli Şəhərsalma Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir.

 

...Cənab Prezident, Ağdamda keçirilən birinci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvətiniz məni çox məmnun etdi. Bu konfrans zalı, Füzuli Hava Limanı və tikinti layihələri Sizin hökumətinizin postmünaqişə ərazisində şəhərlərin bərpası istiqamətində səylər göstərmək əzmini və fədakarlığını nümayiş etdirir. Siz vətəndaşlarınız üçün daha yaxşı gələcək qurursunuz. Təbrik edirəm”. Girişdə də vurğuladığımız kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumda çıxış edib. Dövlət başçısının çıxışı öz dərin məzmunu, informativliyi, beynəlxalq aləmə ismarıcları, ehtiva etdiyi qətiyyət və iradə ilə seçilir. “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb” kimi cümlələrlə başlayan bu çıxış Ağdamın işğalöncəsi və işğal illərini, işğalsonrası dönəmi yığcam şəkildə çatdıran çox təsirli çıxış kimi yaddaşlarda qalacaq: “Artıq qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

 

...Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”. Beləliklə, Ağdam böyük bir Foruma evsahibliyi etdi. Dünyaya bir daha duyuruldu ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğal dönəmində ərazilərimizə 1 milyondan çox (!) mina basdırılıb. Odur ki, işğala son vermiş Azərbaycanın qarşısında yalnız genişmiqyaslı bərpa proqramı durmur, eyni zamanda, ərazilərin minalardan təmizlənməsi, Ağdama böyük qayıdışın, hələliksə işçilərin təhlükəsizliyini təmin etmək vəzifəsi durur. 44 ölkədən olan 130-dan çox nümayəndə, onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə bir daha duyuruldu ki, müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların qurbanı olub. Təəssüf ki, 250 hələ son rəqəm deyil, az qala hər həftə yeni mina qurbanları olur. Yəni Ermənistanın Azərbaycana, mülki əhaliyə qarşı sürünən terror siyasəti hələ də davam edir. Bəli, Forumun keçirildiyi “Ruhlar şəhəri”, başqa bir deyimlə, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərinə, ümumən işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalının çox acı sonuclarını öz gözləri ilə görür: “Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”...

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı