Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı?

11:11 10-10-2022 | icon 312 | Geopolitika
Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı?

Elxan Şahinoğlu: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir”

 

Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər. İkinci görüşün 5 saat çəkməsi onu göstərir ki, müzakirələr gərgin keçib və ortaq razılaşmaların əldə olunması asan başa gəlməyib.

 

 

Praqada qəbul olunan ortaq bəyanat gərginliyə son qoyacaqmı? Sülhə yaxınlaşdıqmı?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar.

 

Onun sözlərinə görə bu, 30 ildən sonra İrəvanın “Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum” tələbindən imtina etməsi deməkdir:

 

““Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsi bəyanata 1991-ci ilə istinad Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi əsasında salınıb. Ancaq önəmli olan cümlənin birinci hissəsində BMT Nizamnaməsinin əsas götürülməsidir. BMT Nizamnaməsi və 1991-ci Alma-Ata bəyannaməsi sərhədin delimitasiyası üçün əsas olacaq. Delimitasiya üzrə komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək”.

 

Politoloq Praqadakı ortaq bəyanatın vacib bəndlərindən biri kimi Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərəcəyi ilə bağlı məsələni qeyd edib:

 

“Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron istəyirdilər ki, bu komissiya hər iki tərəfdə fəaliyyət göstərsin. Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan sadəcə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Missiyanın tərkibinin necə formalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz”.

 

Politoloq Ermənistan və Fransanın bəyanata Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı bir cümlə belər saldıra bilməməsini müsbət amil kimi qeyd edib:

 

“Rusiyadan sonra Fransa da Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf edib. Bunun əvəzinə İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır. İlham Əliyev görüşdən sonra mətbuata verdiyi açıqlamada onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar, əks halda ölkəni tərk etməli olacaqlar. Təmaslarda Qarabağın erməni əhalisi kimlər təmsil edəcək? Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir”. 

 

E.Şahinoğlu hesab edir ki, Praqada dördlü format çərçivəsində görüşün nəticələrini müsbət qiymətləndirmək olar:

 

“Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bu siyasətinə sadiq qalarsa Ermənistanın Qərbi Zəngəzurla bağlı qorxusuna əsas qalmayacaq.

İkincisi, iki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi yaranıb.

Üçüncüsü, Praqadakı razılaşmaların yerinə yetirilməsi halında ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq”.

 

Politoloq eyni zamanda bildirib ki, bütün bunların heç də iki ölkə arasında gərginliyin azalması demək deyil. Onun sözlərinə görə, bu kimi görüşlərdən sonra təmas xəttəində təxribarlar baş verir, Azərbaycan ərazisi atəşə tutulur və Azərbaycan ordusu əks-həmlələr həyata keçirmək məcburiyyətində qalır.

 

Digər tərəfdən E.Şahinoğli hesab edir ki, Praqadakı razılaşmalar, o cümlədən Brüssellə yanaşı Parisin də vasitəçiliyinin gücləndirilməsi Kremlin xoşuna gəlməyəcək:

 

“Rusiya ümumi prosesi pozmaq üçün müxtəlif “planlarını” hərəkətə gətirə bilər. Ancaq Rusiya danışıqlar prosesindən kənarlaşdırılmır. Avropa İttifaqı və Fransa Azərbaycanla sülh sazişinin mətni və sərhədin müəyyənləşməsi məsələsində vasitəçilik edirlər, Rusiya isə Zəngəzur dəhlizinin mexanizminin müəyyənləşməsində əsas vasitəçidir”. 

 

E.Şahinoğlu qeyd edib ki, İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər:

 

“Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızı dəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir”.

 

E.Şahinoğlu Avropa Siyasi Birliyinin Praqa sammitində Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşə də diqqət çəkib.

 

E.Şahinoğlu qeyd edib ki, Praqada liderləri bir araya gətirən Avropa Siyasi Birliyi ideyası Fransa prezidenti Emmanuel Makrona məxsusdur:

 

Paris Ukraynanın Avropa İttifaqına qısa müddətdə üzvlüyünün əleyhinə olduğu üçün bu ölkəni və digərlərini bir araya toplamaq üçün Avropa İttifaqı nəzdində Avropa Siyasi Birliyi təsis edilməsini lazım bilib, Brüssel bu ideyanı dəstəkləyib. Tədbirə 44 dövlət dəvətlidir, bunlardan 17-i Avropa İttifaqının üzvü deyil. Avropa Siyasi Briliyinin konkret nə ilə məşğul olacağı hələlik bəlli deyil, ancaq hiss olunur ki, bu format ATƏT-ə bənzər quruma çevrilə biləcək. ATƏT Azərbaycanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüklərinin qorunması məsələlərində sinifdə qaldı, eyni zamanda Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı da işlək mexanizmə çevrilmədi. Yeni təsisatın işlək olması üçün imkanlar var. Misal üçün Praqadakı toplantı çərçivəsində, Serbiya-Kosovo, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Türkiyə-Yunanıstan dialoqunun genişlənməsinə şərait yaradılacaq. Heç bir nəticə olmasa belə Avropa Siyasi Birliyi platforması ölkə liderlərinin görüşüb fikir mübadiləsi aparması üçün münbit müstəvidir”.

 

E.Şahinoğlu hesab edir ki, yeni platforma Rusiyanın xoşuna gəlməyəcək. Ancaq Ukraynada gücünü itirən Rusiyanın diplomatik zəmində prosesə mane olacağı ehtimalı azdır:

 

“Azərbaycan və Ermənistanın Avropa İttifaqına üzvlük hədəfləri yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan Brüssellə dialoqun genişlənməsində maraqlıdırlar. Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəilk götürərsə danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur.  Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı