Praqa MESAJLARI

11:53 11-10-2022 | icon 359 | Siyasət
Praqa MESAJLARI

Bu görüşlərdə ölkəmizin milli maraqları prinsipial olaraq təmin olundu


QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət Komitəsinin sədri/

 

Prezident İlham Əliyev oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşdü. Qeyd edək ki, bu görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutdu. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdi.

 

Bəlli olduğu kimi, “Avropa siyasi birliyi” qitədə yerləşən ölkələr arasında siyasi əlaqələndirmə platformasıdır. Bu birliyin əsas məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu, işbirliyini inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini, rifahını gücləndirməkdən ibarətdir. Bu anlamda, sözügedən dördtərəfli görüş də, Azərbaycan Prezidentinin keçirdiyi digər görüşlər, apardığı muzakirələr də, “Avropa siyasi birliyi”nin fəlsəfəsinə, barış, işbirliyi ruhuna tam uyğun görüş və müzakirələrdir. Bunu Azərbaycan Prezidentinin Praqada Azərbaycan jurnalistlərinin suallarına verdiyi cavablardan da aydın görmək olur.

 

Avropa İttifaqı ilə əməkdaşlıq

 

Azərbaycan Respublikası Avropa İttifaqı ilə bir çox əməli fəaliyyət istiqaməti üzrə fəal şəkildə əməkdaşlıq edir. Belə əməkdaşlıq ilk növbədə, enerji sahəsi ilə sıx bağlıdır. Bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu həmin əməkdaşlığa dair mühüm örnək olaraq göstərilə bilər. Prezident İlham Əliyevin bundan öncə - cari ayın ilk günündə Sofiya şəhərində “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru”nun açılış mərasimində iştirakı və çıxışı bir daha göstərmişdi ki, hazırda Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə, eləcə də, Xəzər sahillərində, bütövlükdə respublikamızda bərpaolunan enerji növlərindən istifadə olunması, enerji təsərrüfatı səmərəliliyinin artırılması baxımından böyük işlər görülür, deməli, avtomatik olaraq, ölkəmizdə böyük həcmdə təbii qaz ehtiyatı yaranmış olacaq. Həmin əlavə qaz həcmi ixrac potensialımızı da artıracaqdır. – “Növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir”. Neft və qazdan başqa, iqtisadiyyatın digər mühüm sahəsi – daşımaçılıqda da əməkdaşlıq üçün yeni imkanlar meydanı açılıb. Gündoğardan Günbatara, Quzeydən Güneyə keçən əsas nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan Respublikasının coğrafi durumu, çağdaş tələblərə cavab verən nəqliyyat infrastrukturu bütün tərəfdaşlar, o cümlədən Avropa üçün çox böyük önəm kəsb edir. Əlbəttə, bu faktorların üzərinə siyasi iradə, “Bizim sözümüz imzamız qədər keçərlidir” qətiyyəti gəlincə, Azərbaycan örnəyi, Azərbaycan modeli təcalla edir və bu təsirli örnək, cəlbedici model Avropa üçün əvəzedilməz amilə çevrilir. “Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”.

Təsadüfi deyil ki, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Məsələn, Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkə Avropa İttifaqının aparıcı üzvlərindən olan İtaliyadır. Ümumən, dünyadakı mövcud geosiyasi durum və bu durumun Azərbaycanın resurslarına tələbatı kəskin artırması danılmaz faktdır. Əlbəttə, iqtisadi, ticari sahədəki əməkdaşlıq yeganə əməkdaşlıq platforması deyil; bu, bizim Avropa İttifaqı ilə digər sahələrdəki əməkdaşlıqlarımızla bir-birini tamamlamaqdadır. Ən vacib istiqamətlərdən biri, təbii ki, siyasi dialoqdur: “Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb”. Əgər siyasi dialoqdan danışırıqsa, o zaman bizimçün ən ilk sıralarda gələn mövzu da səmərəli müzakirə olunmalıdır - müvafiq sahədə Avropa İttifaqının ədalətini görməliyik. Bu, əlbəttə, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni gerçəkliklərin tam qəbulunu və Ermənistanın sülhdən yayınması cəhdlərinin qarşısının alınmasını, başqa sözlə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmısana dəstəyi də ifadə edir.

 

Azərbaycan-Ermənistan münasibətləri

 

30 illik ağır işğal aradan qaldırıldıqdan, Ermənistan haqq etdiyi məğlubiyyətə uğradıqdan sonra sülhə nail olmaq, əlbəttə, asan baş verən proses deyil. Bununla belə, Azərbaycan gələcəyə baxır. Praqa görüşündən bir gün öncə Prezident Ağdamda bu sözləri demiş, bütün maraqlı tərəflərə öz ismarıclarını vermişdi. Bu, xalqımızın mövqeyidir: “İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. Əmin deyiləm, amma ən azından biz bu istiqamətdə irəliləyirik”.

 

Bəlli olduğu kimi, 44 günlük müharibənin ardından – 2021-ci ildən başlayaraq Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Brüssel Sülh Gündəliyi, necə deyərlər, alternativlərin ən yaxşısıdır və sülhə gedən yolda bütün tərəflər siyasi iradə, etibar nümayiş etdirməldir. Önəmli məsələlərin müzakirə olunduğu dördtərəfli Praqa görüşünü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron təşkil etmişdi. Azərbaycan sülh gündəliyinə sadiqdir və sülhün Brüssel, Moskva, Soçi, Praqa... və ya başqa şəhərin adı ilə birgə çəkilməsindən asılı olmayaraq, öz ədalətli, haqlı mövqeyini bildirir, qarşı tərəfdən də beynəlxalq hüquq normalarına uyğun davranış tələb edir. Sülh üçün Azərbaycanın irəli sürdüyü 5 prinsip məlumdur: - ölkələrin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, -gələcəkdə ərazi iddialarından qəti şəkildə çəkinmək, -güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, -dövlət sərhədlərinin müəyyən edilməsi, kommunikasiyaların açılması. Beləliklə, formatından asılı olmayaraq, görüşlərin bir əsas məqsədi var: tezliklə Ermənistanla Azərbaycan arasında Sülh Müqaviləsi imzalansın. Artıq Praqada sülh prosesinə təkan verilmiş oldu. Bundan sonra müvafiq İşçi qrupu Sülh Müqaviləsinin mətnini hazırlamalıdır. Bu proses bütün parametrlər üzrə irəliləməli, dəstəklənməlidir. Bu planda, ən önəmli məsələlərdən biri Ermənistanın mina terrorundan bir an öncə tam və qəti şəkildə əl çəkməsidir. 44 günlük müharibədən sonra ermənilər mina basdırmaqdan əl çəkməyib və ən azı 1400 yeni mina basdırıblar. 250-dən çox azərbaycanlı müharibədən sonra (!) minalar üzündən həlak olub, yaxud, sağlamlığını itirib. Ermənistan bu cinayətləri, terroru ilə kövrək sülh inamına zərbə vurdğunun fərqində olmalıdır. Və “Minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycandır! Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir”!

 

Fikirlərimizi toparlayaraq, görüşlərin nəticələri yığcam şəkildə ifadə etməyə çalışaq: - Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir. Praqadakı dörtərəfli görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə Bəyanat qəbul edilib; - Dörtərəfli Bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınır. Bu isə Ermənistanın Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıması deməkdir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildirib ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir"; - Sərhədlərin delimitasiyasına razılıq əldə olunub.

 

Bir sözlə, Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları prinsipial olaraq təmin olundu. Azərbaycana növbəti dəfə təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası, siyasi iradəsi, qətiyyəti nəticəsində alındı.

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin