Mehriban Vəzir Günel Mövludu QINADI

14:00 14-10-2022 | icon 305 | Cəmiyyət
Mehriban Vəzir Günel Mövludu QINADI

"Əli kitablı bir qadından danışmaq nə deməkdir... bilirsənmi?!

 

Mehriban Vəzir Günel Mövludu Ağabəyim ağa haqqında ağlına gələni yazmaqda qınayıb. Bu barədə o, şəxsi "facebook" hesabında yazıb.

 
 
Versus.Az Mehriban Vəzirin həmin paylaşımını təqdim edir:
 
 
"Günel Mövlud Ağabəyim ağa haqqında ağlına gələni yazır. Aləmə car çəkib ki, öz tarixindən, öz milli qadın tarixindən, öz milli qadın inkişaf tarixindən xəbərsizdir.
 
 
Ağabəyim ağa İbrahim xanın böyük qızıdır. İrana 200 nəfərlik atlı dəstə - öz vəziri, vəkili, katibi, hətta aşpazı, bağbanı, çalançı dəstəsi ilə gedib.
 
 
Fətəli şah Ağabəyim ağa ilə gələn hər kəsə - bu 200 atlıya - yüksək heyətə xəzinəsindən ömürlük maaş kəsib, xüsusi status verib. Şah Şuşaya elçiliyə və gəlin gətirməsinə ən ağır məmurlarını, qohumlarını göndərib. Təkcə toya gələn Şuşa camaatının və kasıbların başına tökmək üçün çuval-çuval qızıl göndərib. Salnamələr bu qızıl parşalarının kəpənək şəklində kəsildiyindən belə yazır.
 
 
Mənbələr yazır ki: "hələ Tehrana bu şövkətdə gəlin gəlməmişdi"
 
Salnamələr onun haqqında "Qarabağlı İbrahim xanın alim qızı" deyə yazırlar.
 
 
Günelin şübhə etdiklərini də salnamələr yazır və digər tarixi mənbələr dönə-dönə təkrar edir. Sən də istəyirsən inan, istəyirsən inanma.
 
 
Ağabəyim ağa 18 yaşında Qarabağdan İrana - Tehrana gəlin köçüb. Nəhəng bir hərəmxanaya, o hərəmxana ki, rəhbəri Fətəli şahın anası idi, şahın bacıları, qızları, gəlinləri, xanımları o məkanda bir yerdə idilər. Bir fransız araşdırcısı bizim hərəmxana deyib güldüyümüzü araşdırmış və "qadın akademiyası" adını vermişdi bu təsisata. Çünkü həm Osmanlı, həm İran-Qacar xanədanlarında hərəmxanalarda həm də məktəb, təlim, tərbiyə, davranış, sənət, fəlsəfə dərnəkləri olurmuş.
 
 
Ağabəyim ağa özü Şuşada ən mötəbər hocalardan dərs almışdı. Yeri gəlmişkən deyim, mənim babalarımdan biri olan Şahməhəmməd ağa Sofuoğlu - Vəzir babamın oğlu Ağabəyim ağanın lələsi (mürəbbi, tərbiyəçi) olmuş, eləcə xanqızı Gövhər ağanın, yəni İbrahim xanın iki mötəbər, alim qızının müəllimi olmuşdur... etibara, etimada bax!
 
 
Ağabəyim ağa o çoxarvadlı şah sarayında tarixdə ilk dəfə ŞAHBANU seçildi. Yəni kraliça. O, ən mötəbər xanımlar arasından, Qacar qızları arasından seçildi.
 
 
İslamda çoxarvadlılıq məqbul olduğundan qadınlar arasında ayrı-seçkilik günah sayılırdı, ona görə də kəbinli arvadların heç birinin hüququ o birindən çox ola bilməzdi (əlbəttə, zümrə bərabərdirsə). Bu səbəbdən İslamda kraliça ənənəsi yoxdur.
 
 
Lakin 19-cu yüzildə yeni çağ yeni tələblər gətirmişdi. Avropadan gələn səfirlər xanımları ilə gəlir, hətta ingilis kralı xanımı ilə İrana gəlib və bu müsafir xanımlarla görüşəcək bir nəfər baş xanım olmalı idi. Bu yeni tələb divanda müzakirə edilir və Ağabəyim ağa kraliça seçilir. Mənbələr yazır: "çünkü o, alim idi, natiq idi, mərifət sahibi idi, çox dil bilirdi".
 
Ağabəyim ağa dörd dildə yazır və danışırdı, Türk, fars, ərəb, fransız... musiqi və ifaçılıq sənətində ustad idi. Özü də dünya gözəli idi.
 
Qonşu dövlətlərin kraliçaları ilə məktublaşırdı. Şah bu səlahiyyəti tək ona vermişdi. Və tarixdə ilk dəfə Şərqdə qadına belə bir səlahiyyət verilmişdi. Rus çariçasının Ağabəyim ağaya yazdığı məktub hətta dərs kitablarımıza düşüb.
 
 
Ağabəyim ağanın Napoleona göndərdiyi məktub bir müəllifin araşdırmasına görə Luvr muzeyində saxlanır. Gücün çatırsa araşdır. Öz irsini öyrən. Məktubun məzmunu Napoleona müraciət etməklə Tiflisə girmiş rus qoşunlarının qarşısını almaq idi. Ağabəyim ağa İranın daxili və xarici siyasətində söz sahibi idi və bunu öz kamalı ilə qazanmışdı. 200 hərəmin içində öz mərifəti ilə başa keçmiş, taxt-tac sahibi olmuşdu.
 
 
O, həm də şair idi... bəstəçi idi... alim idi, dövlət adamı idi...
 
İki misrası ilə ədəbiyyat tarixində adı qalmış bir ədibdir:
 
 
Əfsus ki yarım gecə gəldi, gecə getdi...
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
 
 
Təkcə bu misralarına neçə-neçə nəzirələr yazılıb. Hələ də yazılır, oxunur...
 
 
Qədirbilənlik alicənablıqdandır. Belə bir qadın hansı millətin tarixində olsa idi, onu baş tacı edərdi.
İranın ilk kraliçası olmuş bir soydaşı ilə fəxr edərdi, ona kəniz deməzdi. Kənizlər saraya 200 atlı ilə, vəzir-vəkillə gəlmirlər.
 
 
Ağabəyim ağa İrana elə bir mötəbər heyətlə gəlin getmişdi ki, onun vəziri sonrakı illərdə İranın ilk baş naziri olmuşdur.
 
 
Faktlar çoxdur. Dediklərimdən çoxunu "Ağabəym ağa Cavanşir" kitabımda yazmışam. Lakin yazdıqlarım bu xanımın həyatının, xidmətlərinin, maarifə, təhsilə, xeyriyyəçiliyə verdiyi töhfələrin hamısı deyil. Ağabəyim ağanın həyatı araşdırılmayıb, çünkü bu araşdırma üçün İranda münasib siyasi mühit yoxdur. Elm siyasətin köləsi olaraq qalır. Bir türk xanımın ehtişamı qara qəlbləri rahatsız edir...
 
 
Günel Mövluda niyə belə ağlına gələni və bilmədiyini yazırsan demək fikrim yoxdur. Bilməmək və bilmədiyini də bilməmək bir ayrı bəladı, çarəsi yoxdu...
 
 
Bunları da qeyd edim:
 
Ağabəyim ağa İranda yazdığı şeirləri Ağabacı təxəllüsü ilə yazırdı. Ağabacı!
 
Bu təxəllüsü ona Fətəli şah vermişdi.
 
 
 
 
Bu miniatürə diqqət et: rəssam belə onu əlində kitabla çəkib...
 
Əli kitablı bir qadından danışmaq nə deməkdi... bilirsənmi?!"
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol