Vətənə xidmətin İLHAM ƏLİYEV ÖRNƏYİ
Dövlət başçımızla, dövlətimizlə qürur duyuruq
QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/
Azərbaycan Respublikasının Prezident İlham Əliyev bu şərəfli və məsuliyyətli ali vəzifəyə ilk dəfə bu gün - 2003-cü il oktyabrın 15-də seçilib. Bu ali vəzifədən öncə də, ölkənin ictimai-siyasi, iqtisadi, ümumən əməli fəaliyyət sahələri ilə sıx bağlı olan mühum vəzifələr daşıyan İlham Əliyev, Prezident vəzifəsində ölkənin ən taleyüklü məsələlərini (mümkün olan ən əlverişli şəkildə və ən uyğun zamanda!) həll etmək üçün var qüvvəsi ilə çalışıb. Dövlətin dayanıqlı inkişafını təmin etmiş mühüm addımlar, Ordunun gücləndirilməsi, milli müdafiə sənayesinin inkişafı, konstruktiv beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəni irsə həssas münasibət, gənc nəslin təlim-tərbiyəsi, milli donor institutlarının təşkili və b. onlarla fəaliyyət sahəsi İlham Əliyevin prezidentliyi dövründə fövqəladə dərəcədə inkişaf etdi.
İlham Əliyev ilk gündən bəyan etdi ki, o, Ümummilli liderin siyasi kursunu davam və inkişaf etdirəcək; əlbəttə, bu günkü uğurların əsasında məhz bu amil əsas faktor, istinadgah kimi önplana çıxır. Cəmi iki hadisəni xatırlatmaqla fikrimizi təsdiq etmiş olarıq. Bunun biri, Şuşanın azad olunmasını duyuran Müzəffər Ali Baş Komandanın o məşhur, o duyğulu sözləriydi: "Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları"! İkincisi, 2023-cü ilin Heydər Əliyev İli elan olunması haqqında Sərəncamdır: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir". - Bəli, yalnız iki hadisə və sitat gətirdiymiz bu cümlələr belə İlham Əliyevin prezidentliyi dövründə qazanılmış uğurlarımızın təməllərini dəqiq ifadə etməyə yetir.
İlham Əliyev ölkəmizdə sabitliyin, siyasi varisliyin, inkişafın təmin edilməsinin, dövlət müstəqilliyinin möhkəmləndirilməsinin qarantı, torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandanı olaraq, sədaqətin, peşəkarlığın, alovlu vətənpərvərliyin nəyə qadir olduğunu sübut edib. Sübut edib ki, Ümummilli lider xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətindəki "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" sözləri əminliyin, etibarın, uzaqgörənliyin dəqiq ifadəsiydi. Doğrudan da, Ümummilli liderin axıra çatdıra bilmədiyi işləri İlham Əliyev böyük uğurla yerinə yetirdi və sədaqətlə yerinə yetirməkdə davam edir.
Ölkə həyatının elə bir sahəsi yoxdur ki, İlham Əliyevin şəxsi nəzarəti, mühüm töhfələri, tarixi xidməti orada özünü göstərməmiş olsun. İlham Əliyev qurucu prezidentdir. Doğrudan da, hayana baxsaq, görərik ki, "İnkişaf məqsədimizdir". Paytaxt Bakıda, bölgələrdə tikilən körpülər, qazılan tunellər, müxtəlif yol qovşaqları və ötürücülərdən tutmuş, nəhayət işğaldan qurtarılmış torpaqlarımızdaki böyük infrastruktur layihələrinə qədər hər yerdə İlham Əliyevin yola, quruculuğa, abadlığa, bir sözlə tərəqqiyə verdiyi önəmi aydın görə bilərik. Görə və təsdiq edə bilərik ki, "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" (H.Əliyev). Məhz İlham Əliyevin təkidli tələbi ilə, məlum 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına salınmış 9-cu -sonuncu maddə də, geniş mənada Yol ilə bağlıdır. Bəyanatın bu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Bənddə ikinci cümlə Azərbaycanın materik hissəsi (başqa sözlə, qərb rayonları) ilə və Naxçıvan arasındakı nəqliyyat əlaqəsinin təşkilinə və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanətinə həsr olunub.
Ümumən, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin ətraf dünyaya çıxışını təmin edib. Bu gün, obrazlı desək, "bütün yollar Azərbaycandan keçir": Sərq-Qərb, Cənub-Şimal... Buraya böyük neft, qaz infrastruktur layihələrini - ixrac boru kəmərlərini də əlavə etsək, danılmaz və möhtəşəm mənzərə alınır.
İlham Əliyevin prezidentliyi dövründə minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin çağdaş dövrün çağırışlarına, tələblərinə uyğun qurulmasına çox önəmli töhfələr verib. Məktəbi, təhsili ona görə vurğulayırıq ki, bütün sahələrin nümayəndələri, biz hamımız məhz məktəbdən, təhsildən keçmişik, keçirik və ya kecəcəyik. Azərbaycan ən yaxşı məktəblərə layiqdir və belə məkəbləri qurmağa qadirdir!
* İlham Əliyev respublikamızın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və təfəkkürə, sağlam təhlilə əsaslanan, pozitiv, milli, xəlqi məqsədlərə xidmət edən - siyasi realizmə dayanan fəaliyyət örnəyi gətirdi. Məhz İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimizlə, mentalitetimizlə, eləcə də, İslam sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər olduğunu sübut etdi. Sübut etdi ki, intellektual əsaslarda yeni demokratik çağdaş toplum formalaşdırmaq nəinki arzudur, o, mümkündür və alternativlərin ən yaxşısıdır. Azərbaycançılıq fəlsəfəsi ilk vaxtlardan başlayaraq, Prezident Əliyevin siyasətinin əsas mənəvi dayaqlarndan birinə çevrildi.
Milli qürur, ləyaqət beynəlxalq uğurlarımızın əsas şərtlərindən oldu. Bu gün Qalib Azərbaycanın vətəndaşları olaraq, dünyanın dörd tərəfində məhəbbət, qibtə, hətta həsəd gordüyümüzü deyə bilərik. Milli maraqlar, peşəkarlıq, prinsipiallıq və siyasi iradə Azərbaycan Respublikasının inkişafını təmin edən ən əsas amillər sırasındadır. Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Qüdrətli Azərbaycan Respublikası bütün Dünya Azərbaycanlılarının, Azərbaycanın qardaşlarının, dostlarının qürur mənbəyidir. Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İqtisadi Əməkdaşlıq Təşkilaında, Türk Dövlətləri Təşkilatında, üzv və ya qurucularından, ilk dəstəkçilərindən olduğumuz digər qurum və quruluşlarda ləyaqətlə təmsil olunur. Hazırda Qoşulmama Hərəkatına Azərbaycan Prezidenti uğurla, ədalətlə sədrlik edir.
Ölkəmizin beynəlxalq nüfuzunu artıran “Yumşaq güc amili”ni də unutmaq olmaz. İstər Birinci xanım, istər Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri və 21 fevral 2017-ci ildən Birinci vitse-prezident olaraq Mehriban xanım Əliyevanın timsalında “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik.
Nəhayət, 44 günlük müharibədə qazanılmış tarixi Zəfərdən sonra iki mühüm hadisəni vurğulayaq. Bunlardan biri Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi "Şusa Bəyannaməsi"dir ki, onun haqqında bir söz yetər: sadəcə analoqu yoxdur! İkincisi, "Böyük Qayıdış"in ilk vacib addımlaının atılmasdır. Bütün digər konkret işlər, əməli fəaliyyətlərlə birgə bu iki hadisə Prezident İlham Əliyevin müdrikliyini, uzaqgörənliyini, qətiyyətini, peşəkarlığını bir daha təsdiq edir.
Dövlət başçımızla, dövlətimizlə qürur duyuruq.
DÖVLƏTİMİZİN BAYRAĞI UCA OLSUN!