Əsgərlərini övladları kimi sevirdi, Polad Həşimovun qisasını alacağına söz vermişdi, oğlu Uğur hələ də atasını dağlarda, işdə olduğunu bilir - Şəhidimiz - səngər zabiti

18:01 17-10-2022 | icon 1378 | Şəhidlər və şahidlər
Əsgərlərini övladları kimi sevirdi, Polad Həşimovun qisasını alacağına söz vermişdi, oğlu Uğur hələ də atasını dağlarda, işdə olduğunu bilir - Şəhidimiz - səngər zabiti

Cəmi 35 il yaşadı, amma şərəflə yaşadı, torpağı uğruna can verib, ölümə də şərəf gətirdi...

 

Daha bir qəhrəman şəhidimizin evinin yolunu tuturam. Həyat yoldaşı telefonda ünvanı deyərkən, məni qarşılayacağını bildirir. Onu narahat etmək istəmirəm. Bir qədər sonra qarşıma şəhid İlkin Əhədzadənin adı yazılan küçə çıxır. Bilirəm ki, bu yol məni qəhrəmanımızın evinə doğru aparacaq...

 

 

Bütün şəhid ünvanlarında olduğu kimi, qapının önündə  qəhrəman mayorun ətrafı gül-çiçəklə əhatələnən, divara həkk edilən dik duruşlu fotosu, daha doğrusu, barelyefi ilə qarşılaşıram.... Onun min bir zəhmətlə, halal qazancı ilə tikdiyi, tam başa çatdıra bilmədiyi, arzuları kimi yarımçıq qoyub getdiyi və içində çox az yaşadığı evi... İlkin şəhid olduqdan sonra evin tikintisi başa çatıb. Gülsüm xanım atalarının adına verilən pulu mənzilin yarımçıq qalan təmiri üçün istifadə edib ki, İlkinin övladları burada rahat yaşasın, onun da ruhu şad olsun.

 

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan tabor komandirinin müavini, Aprel döyüşlərinin iştirakçısı 35 yaşlı mayor İlkin Əhədzadənin həyat yoldaşı... Həm də yol yoldaşı, illərlə onunla çiyin-çiyinə addımlayan, Bakıda rahat həyatı qəbul etməyib, İlkinin xidmətdə olduğu ən çətin nöqtələrdə birlikdə yaşamağa qərar verən qara paltarlı, gənc, gözəl, eyni zamanda qürurlu Gülsüm xanımla həmsöhbət oluram. İlkinin şəxsi əşyalarının, hərbi geyiminin, botinkasının, çantasının, təltiflərinin, saatlarının, hətta işlətdiyi odekalon şüşələrinin, darağının, ən son üzərində olan, sonradan ailəsinə təhvil verilən  yadigarlarının.... yer aldığı otaq....

 

Gülsüm xanım hər səhər yerindən qalxdıqdan sonra bu otağa keçdiyini, tez pəncərəni açıb havalandırdığını, İlkinin nəfəsini, özünü, qoxusunu burada hiss etdiyini deyir. Botinkalarını götürüb, sığal çəkir.... Vaxtilə İlkin işdən qayıdanda Gülsüm xanımın ən vacib işlərindən biri bu ayaqqabıları təmizləyib, silib, yerinə qoymaq olub.... İndi də yerindədir.... Qəribə mistikası var bu otağın.... Elə bil qəhrəmanımız harasa gedib, qayıtdıqda  xidməti paltarını, ayaqqabısını geyinəcək, çantasını götürəcək və işə yollanacaq.... O işin adı isə, torpağın, vətənin müdafəsi idi. İlkinin 35 illik ömrünün 17 ilini həsr etdiyi, elə uğrunda çanını qurban verdiyi  vətəni qorumaq borcu....

İlkin adət-ənənələrinə çox bağlı olan, mənəvi dəyərləri qoruyub saxlayan bir ailədə dünyaya gəlib. Əslən Qubadan olsalar da,1985-ci ilin 26 iyununda Bakıda anadan olub. 26 iyun.... bilmirəm burada bir təsadüf var, ya yox, qəhrəmanımız  Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün gözlərini açıb bu dünyaya....  Ailədə üç övlad olublar, üç qardaşın birincisi idi İlkin.... Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq idi. 1992-ci ildə, torpaqlarımızın işğal olunduğu ağrılı, acılı dönəmdə 51 saylı orta məktəbin birinci sinfinə gedib. 2000-ci ildə səkkizinci sinfi bitirdikdə, artıq qərarını vermişdi. Həmin il Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Hələ orta məktəbdə oxuduğu illərdən ən böyük istəyi torpaqların işğaldan azad olunması idi.... 2003-cü ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2007-ci ildə təhsilini başa vurduqdan sonra, bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirir  və ona leytenant hərbi rütbəsi verilir.

 

ARAYIŞ: Gəncəyə "N" saylı hərbi hissəyə göndərilir. 2009-2014-cü illərdə Ağdam rayonunda "N" saylı hərbi hissədə xidmət edib.


2010-cu ildə İlkin Əhədzadə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlib.


2014-2015-ci illərdə Naftalan şəhərində "N" saylı hərbi hissədə xidmətini davam etdirib.


2015-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlir.

 

2015-2016-cı illərdə Goranboy rayonunda "N" saylı hərbi hissədə xidmət edib.


2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.


2016-2017-ci illərdə Qazax rayonunda "N" saylı hərbi hissədə xidmət edib.


2017-ci ildən 2019-cu ilin dekabr ayına qədər Şəmkir rayonunda həmlə batalyonunda xidmət edib.


2019-cu ildən 2020-ci il oktyabr ayının 1-nə qədər Şəmkir rayon "N" saylı hərbi hissədə xidmət edib.


2020-ci ilin iyun ayında kapitan rütbəsindən mayor rütbəsinə yüksəlib.

 

Bu siyahını uzatmaq da olar. İlkin Əhədzadə həm təhsil aldığı illərdə, həm də hərbçi kimi xidmət etdiyi dövrdə hər zaman örnək olub.Ömrünü hərbi sahəyə həsr edən İlkinin taleyinə işğal altındakı torpaqları düşməndən xilas etmək missiyası yazılmışdı...

 

Hər dəfə xidmət etdiyi bölgələrdən Gəncəyə, ailəsinin yaşadığı hərbi şəhərciyə gələndə övladları, Gülsüm xanım çox sevinirdi. 2020-ci il, sentyabrın 13-ü qızının ad günü idi. İlkinin maaşını almasına az qalmışdı. Gülsüm xanım ona maaşını aldıqdan sonra gəlməsini desə də, ayın 13-ü artıq Gəncə də idi:

 

“Uzaq yol olduğuna görə, iki dəfə gəlib, qayıtmasını istəmirdim, ona qıymırdım. Çünki maaşını alanda yenə gələcəkdi. Uzaq yol, dağ başı, çox çətin idi. Amma gəldi, birlikdə gedib qızımıza hədiyyə aldıq, onu təbrik edib, gözəl bir gün keçirdik. İlkinlə olan hər günümüz gözəl idi.... Ayın 17-si yenidən Gəncəyə gəldi. Bəzən iş ilə bağlı ayda bir dəfədən artıq gələndə səbəbini soruşurduq. İlkin nə qədər ciddi görünsə də, bir o qədər zarafatçıl idi. Biz “niyə gəlmisən?” sualını verəndə, o da zarafatla “elə buradan keçirdim, dedim gəlim sizi də görüm” cavabını verərdi. Onun bu sözlərinə həmişə gülürdük. 18-də də Gəncədə qaldı. Nəsə təcili yardım maşınları ilə bağlı gəldiyini dedi, tam anlaya bilmədim”.

 

Hər zaman olduğu kimi, ailəsi, övladları ilə görüşüb, işinin başına dönür. Sentyabr ayının 24-də İlkin yenidən Gəncəyə, evlərinə gəlir. Gülsüm xanım onu görəndə çox narahat olur. Bu gəliş digər gəlişlərə bənzəmirdi:

 

“Özümdən asılı olmayaraq, içimdə qəribə bir hiss, narahatlıq vardı. İlkindən niyə gəldiyini soruşsam da, yenə zarafat etdi, məni, uşaqları görməyə gəldiyini dedi. Amma gözləri elə demirdi, həsrət dolu baxışları vardı.... İndi də öz-özümə deyirəm ki, kaş açıq söyləməsən də, bir işarət verərdin, bir söz deyərdin....Ona hərbi vəsiqəsini qoymaq üçün kiçik qovluq almışdım. Verdiyimdə vəsiqəni çıxarıb içinə saldı, cibinə qoydu, əlini sinəsinə aparıb “Gülka, nə yaxşı bunu almısan” dedi....  İlkini yola salanda uşaqlarla birlikdə xeyli ardınca baxdıq. O da dönüb bizə baxdı, gülümsədi, əl elədi və getdi. Haradan biləydim ki, bu İlkinlə son görüşümüz, son vidamızdır...”

 

Böyük Vətən yolçuluğuna çıxmazdan öncə ailəsi ilə son görüş, son vida.... Dönüşü olmayan yolçuluğa doğru.... Sonradan Gülsüm xanıma deyəcəkdilər ki, həmin gün onları ailələri ilə vidalaşmaq üçün göndərmişdilər...

 

Elə yerlərdə xidmət edirdi ki, uzun müddət evə gəlib, uşaqları görə bilmirdi deyən Gülsüm xanım, övladlarının bu vəziyyətdən şikayətçi olmadığını bildirir:

 

“Dağlarda, yüksəkliklərdə, aşırımlarda xidmət edirdi, səngərdə olurdu, ona görə də, evə gec gəlirdi. Xüsusilə qışda, qar  yağdığı vaxt o yollar keçilməz olurdu. Bir dəfə Daşkəsəndə hava şəraiti imkan vermədiyindən 5 ay yüksəklikdə qalmışdılar. Uşaqlar  ondan ötrü çox darıxsalar da, bilirdilər ki, ataları dağlardadır, işdədir, vətəni düşmənlərdən qoruyur.  İlkin gələndə isə toy-bayram olurdu. Bilirdim, işi ağıdır, həm də məsuliyyətli və şərəflidir. Amma İlkin bir dəfə də olsun, yorulduğunu deməzdi. Çox vaxt cəmi bir günlük gəlirdi. Divanda oturanda ayaqlarını suya qoyub, yuyurdum. Bəzən yarım saat da olsa, başını divanın qoltuğuna qoyub, gözlərini yumurdu. Deməsə də, xidməti ilə bağlı botinkanın günlərlə ayağından çıxmadığını bilirdim. Az müddət  olsa da, ailəsi, uşaqları ilə vaxt keçirməyi sevirdi. Ancaq yenə də fikri işdə, əsgərlərinin yanında qalırdı. Onları çox sevirdi, bacardığı qədər diqqət və qayğı göstərirdi. Yeməkləri, içməkləri, geyimləri, səhhətləri, ən kiçik nüansa qədər maraqlanırdı. Onlar da İlkini çox istəyirdilər, böyük hörmətləri vardı. İlkin hər zaman səngər zabiti, dağlar zabiti oldu, kabinetdə, stol arxasında oturmadı. Bundan da qürur duyurdu...”

 

İlkin Şəmkirdə, Qazaxda, Daşkəsəndə xidmət etdiyi zaman artıq qızları orta məktəbə gedirdi. Qohumlar, yaxınlar  Gülsümə Bakıda, evlərində qalmalarını, uşaqarın da rahat məktəbə getmələrini məsləhət görsələr də, o razılaşmır, İlkindən uzaqda olmaq istəmir. Övladları tez-tez məktəb dəyişməsin deyə, qərara gəlirlər ki, Gəncədə hərbi şəhərcikdə yaşasınlar. İlkin də da ayda bir dəfə ailəsinin yanına gəlib, onlara baş çəkər. “Bakıda qalsaydıq, İlkinlə aradakı məsafə uzaq olacaqdı, bəlkə də onu ildə bir dəfə görəcəkdik, nə yaxşı ki, elə o altı ili Gəncədə yaşadıq” deyir, Gülsüm xanım...

 

Söhbət  zamanı illər öncəyə qayıdırıq... Həyat yoldaşı, can yoldaşı İlkinlə bağlı xatirələri vərəqləyir, göz yaşları ilə “onunla keçirdiyim bir gün, min ilimə yetər” deyir...

 

Hər iki ailə bir-birini tanıyırdı, İlkinin anası xaçmazlı idi. Gülsümgil də Xaçmazda yaşayırdılar. İlkn Gülsümü görsə də, o İlkini yaxından tanımırdı. Tanışlıqları isə Bakıda olur. Gülsüm ali təhsil alırdı, müəllimə olacaqdı. Bir gün qaldığı evin qapısı döyülür, açanda qarşısında uca boylu, yaraşıqlı, hərbi geyimdə, əsl kişi duruşlu İlkini görür. Gülsüm çox utancaq olsa da, elə həmin gün dənizkənarı parkda xeyli söhbət edirlər. İlk baxışdan, ilk görüşdən İlkinə aşiq olduğunu deyir:

 

“Onu tanıdıqca, xarakterinə, duruşuna, bütün xüsusiyyətlərinə heyran qalırdım. Hərbi geyim çox yaraşırdı. Geyimi ilə kimliyi bir-birini tamamlayırdı. Yanımda, mənimlə birlikdə addımlayan igid Azərbaycan oğlu var idi. Getdikcə əmin olurdum ki, İlkin vətən, millət üçün doğulub...”

 

Bir neçə ay nişanlı qaldıqdan sonra 2008-ci ildə toyları olur. İlkin on beş gün sonra Gəncəyə dönür, xidmətinə davam edir. Gülsüm də bir müddət sonra onun yanına yollanır. 2009-cu ildə İlkin xidmətinə Ağdamdakı “N” saylı hərbi hissədə davam edir. Orada vəziyyət gərgin olduğu üçün  Gülsümü aparmaq istəməsə də, o, israr edir, İlkinin yanında olmaq istədiyini bildirir:

 

“Ağdamda beş il qaldıq.  Atəşkəs düşmən tərəfindən tez-tez pozulurdu. Çox çətin illər idi. Bəzən düşmənlə aramızda cəmi 20-30 metr məsafə olurdu. Elə evlərdə yaşayırdıq ki.... İlkin də mənə qıymırdı, Bakıya göndərmək istəyirdi, amma razı olmurdum. Apardığımız əşyaları açmaq imkanı da yox idi, qutularda da qalırdı. Üç ay bir kənddə, iki ay başqasında qalırdıq, tez-tez yer dəyişirdik. Hətta bəzən İlkin oturduğum yerdən durmağımı istəyirdi, çünki oranı güllə tuta bilərdi... Ağdamda yaşadığımız beş ildə nələrə şahid olmadıq.... O ağrı, acıları, düşmənin adiliyini, vəhşiliyini gözlərimizlə gördük, yaşadıq.... Amma yanımda İlkin olduğu üçün heç nə məni qorxuda bilməzdi...”

 

Gənc Əhədzadə ailəsi çiyin-çiyinə, birlikdə yol gedirdi.... O yol vətən yolu, torpaqların bütövlüyünə doğru aparan yol idi....

2016-cı ilin Aprel döyüşləri.... İlkin yenə də öndə yer alırdı. Gəncə təşviş içində idi, hərbi şəhərcik hospitalın yaxınlığında olduğu üçün təcili yardım maşınlarının bitməyən səsini eşidir, gətirilən yaralıları görürdülər. İlkin həm ön cəbhədə idi, həm də yaralılar üçün qan verirdi. Maxe-si Nahid Şıxəliyev ağır yaralanmışdı. Gülsüm xanımın sözlərinə görə, tabeliyində xidmət edənlərin adi başı ağrıyanda belə İlkin narahat olurdu:

 

“Nahidi çox istəyirdi, qorxmaz, mərd olduğunu deyirdi. Elə bil İlkinin sağ əli idi. Çox üzülmüşdü, hospitalda gedib Nahidi görəndə sarsılmışdı. General Polad Həşimovu da yaxından tanıyırdı, Aprel döyüşündə qəhrəmanlıq göstərdiyini, vətən üçün onun kimi oğulların çox qiymətli, əvəzedilməz olduğunu deyirdi...”

 

2020-ci ilin iyulunda Polad Həşimov və İlqar Mirzəyev qəhrəmancasına şəhid olduqda İlkin özünə yer tapa bilmir, bu xəbərdən çox sarsılır. Onların, bütün şəhidlərimizin qisasını alacaqlarına and içir...

 

2020-ci il, 27 sentyabr... İlkin ayın 24-ü ailəsi ilə vidalaşıb gedəndən sonra Gülsüm xanımın gecəsi-gündüzü olmur, tez-tez İlkinə zəng edir, o da həmişəki kimi hər şeyin qaydasında olduğunu bildirir... 27 sentyabr səhər Gəncə tanklarla, zirehli texnika ilə dolu idi, təcili yardım maşınlarının ardı arası kəsilmirdi. Gülsüm xanım uşaqlarla birlikdə məktəbə gedəndə artıq hamı müharibənin başladığından danışırdı. Təlaş içində tez  İlkinə zəng edib, harada olduğunu soruşur:

 

“Mənə işdə olduğunu, çay içdiyini desə də, bilirdim ki, müharibədə, həmişə olduğu kimi öndədir. Evə gəlib, axşamüstü  halva bişirib, payladım. Müharibədə olan bütün oğullara, İlkinə dua etdim. Sonrakı günlər müharibədə olduğunu gizlətmədi. Dedim ki, “qurban nəzir etmişəm, müharibə bitsin, sağ-salamat dön, kəsib paylayarıq”. Cavabı, “Gülka, mən də qurban nəzir demişəm. İnşALLAH, torpaqlarımızı düşməndən azad edəcəyik, işğal başa catacaq, qələbə qazanacağıq. Qurbanlarımızı birlikdə kəsərik” oldu.

Ayın 30-u İlkinlə danışanda sözümü yarımçıq qoydu, telefonun o başından “Gəl belə təsəvvür edək ki, mən haradasa başqa bir ölkədəyəm. Qızımız universitetdə, oğlumuz doqquzuncu sinifdə oxuyur...” deyəndə, elə bil ürəyimdə nəsə qırıldı... “Bu nə sözdür, niyə belə danışırsan?” dedim, o da “sadəcə təsəvvür edək” cavabını verdi...”

 

Oktyabrın 1-i səhər Gülsüm xanım uşaqlarla məktəbə getməyə hazırlaşanda İlkinə telefon açır. O da “nə yaxşı ki, zəng etdin” deyir, qızlarını, oğlunu soruşur. Son sözü “Gülka, özündən də, uşaqlardan da muğayat ol, özünüzə yaxşı baxın” olur:

 

“Vəssəlam... sonuncu zəng, sonuncu danışıq, telefonla sonuncu vida... Həmin gün saat on ikidə, günorta, axşamüstü zəng etsəm də, telefonuna zəng çatmırdı... Axşam saat 9-a işləyəndə elə bil ürəyim üzülürdü, qolum, qanadım sınmışdı, sanki mənə ölüm yuxusu gəlmişdi. Ayaq üstə dura bilmirdim, uşaqlara dedim ki, mən gedib yatıram... Heç vaxt onları tək qoymazdım, üçü də yerinə girib yuxulayandan sonra mən də yatardım. O axşam isə ayaq üstə dayanmağa gücüm çatmırdı...”

 

Sonradan İlkinin əsgərləri qəhrəman komandirləri haqqında danışarkən Gülsüm biləcəkdi ki, ona ölüm yuxusu gəldiyi vaxt, oktyabrın 1-i axşam canından çox sevdiyi həyat yoldaşı vətən, torpaq uğruna şəhid olub...

 

Gülsüm xanım gecə yarısı ayılıb yenə İlkinin nömrəsini yığır:

 

“Artıq oktyabrın 2-si idi. Zəng çatmırdı, səhər üzü yenə də qısa aralarla  yığırdım,  taqətim qalmamışdı. Amma uşaqları da hazırlayıb, məktəbə getməliydik. Uğuru bağçaya, Fidanla Ləmanı məktəbə apardım, heç nədən xəbərim yox idi. Demə hamı İlkinin şəhid olduğunu bilirmiş. Hələ Rahiyə müəlliməni gözlədim ki, dərsdən çıxsın, çünki onun oğlu İlkinlə birlikdə Daşkəsəndə xidmət edirdi, maxe idi. Ondan “Xəyaldan bir xəbər var, bəlkə İlkini görüb” deyə soruşmaq istəyirdim... Rahiyə müəllimə heç sual verməmiş mənə dedi ki, “qızım Xəyaldan da bir xəbər yoxdur, nə olursa olsun, başını dik tut”... Sonra biləcəkdim ki, Xəyal bir gün öncə onlara zəng edib, İlkinin şəhid olduğunu deyib... 7 nömrəli orta məktəbdə hamı bilib, amma heç kim bu xəbəri mənə verməyə ürək etməyib. Özümü o qədər inandırmışdım sağ-salamat qayıdacağına... Yenə zəng edirdim, telefonu bağlı idi...”

 

Gülsüm evə qayıdıb, qapıdan içəri girəndə, onlarla üzbəüz qonşu olan, tək yaşayan orta yaşlı qadın da arxasınca gəlir. Bacısı oğlunun müharibədə yaralandığını deyir, sonra ondan uşaqlarıı üçün yemək bişirməsini xahiş edir... Qonşunun rabitəsiz, şübhəli danışığını görən Gülsüm fikirləşir ki, görəsən ona nə olub:

 

“Ürəyimdə deyirəm ki, axı neçə ildir qonşuyuq, burada bizə həyan olub, indi niyə bir-biri ilə əlaqəsi olmayan sözlər işlədir, heç susmur. Beş dəqiqə keçmədi telefonuma dayanmadan zənglər gəlməyə başladı. Heç illərlə zəng etməyən adamlar İlkini soruşurdular. Mən də hamıya salamatlıq olduğunu, sadəcə İlkinə zəng çatmadığını deyirdim... Həmin vaxt İlkinin dayısı da zəng edib, bir az kəskin səslə “Qaynanan komaya düşüb, xəstəxanada yatır, niyə gəlib onu yoxlamırsan” dedi. Ardınca atam, anam, başqa yaxınlar da zəng çalıb, qaynanamın yanına gəlməmi istədilər. Hamısına cavabım “mən İlkinsiz gələ bilmərəm, onu gözləyirəm, qayıtsın, birlikdə gələcəyik” oldu...”

 

Sonra Gülsüm getməyə qərar verir. Birdən iraq olsun, anama (İlkinin anasına da ana deyir) nəsə olar, mən də, uşaqlar da nənələrini görsünlər fikri ilə ayağa qalxır. Bir də görür ki, həmin qonşu artıq çantasını hazırlayıb, taksi çağırıb, hərbi şəhərcikdə hamı onları yola salmaq üçün həyətə düşüb. Qızı dərsdən çıxanda müəlliməsi onunla görüşür və deyir ki, “Fidan bizi unutma, səni bütün müəllimlərin çox sevir...”. Yolda Gülsüm Bakıya getdiklərini xəbər vermək üçün İlkinə bir neçə dəfə zəng edir, telefon qapalı olur...

 

Evə çatıb, qaynanasının ailəsi ilə birlikdə oturduğunu  görəndə fikirləşir ki, yəqin artıq sağalıb. Bir qədər sonra İlkingilin maşınının vurulduğunu, özlərinin pusquya düşdüklərini, meşədə gizləndiklərini deyirlər. Sonra isə İlkinin ağır yaralı olduğunu, xəstəxanaya çatdırmaq üçün yola çıxdıqları xəbərini verirlər...

Əslində, İlkinin şəhid olduğunu qardaşı Elvinə zəng edib demişdilər. Ailədə yalnız Elvin və kiçik qardaşı, sonra da dayıları qara xəbəri bilir və gizlədirdilər...

 

Sonradan döyüş yoldaşları, əsgərləri ailəyə Kəlbəcər istiqamətində mühasirəyə düşəndə onların həyatını İlkinin xilas etdiyini, düşmənin isə çox sayda canlı itki verib, hərbi texnikasının sıradan çıxarıldığını deyəcəkdilər... Oktyabrın 1-də gedən ağır döyüşlərdə İlkinin komandanlığı ilə bir neçə kənd və üç post düşmən işğalından azad edilmişdi. İkin isə axşam əsgərlərə isti yemək aparmaq üçün yola çıxır. Hansı vəziyyətdə, şəraitdə olur olsun, əsgərləri öncəliyi idi. Həmin gün yeməyi başqa biri aparmalı olsa da, İlkin o yerlərin təhlükəli olduğunu yaxşı bildiyindən hərbçiyə zarafatla “sən kilolusan, üç nəfərlə burada rahat olmazsan” deyib, maşından düşürür. O isə İlkinin bronjiletsiz və kaskasız olduğunu görüb, tələsik gedir ki, geyimləri götürüb komandirə gətirsin. Amma qayıdanda maşının artıq getdiyini görür...

 

Onlar aşağıda gedərkən, yüksəklikdə pusqu quran düşmən minamyotlardan mərmilər yağdırmağa başlayıb... İlkin və hərbçi yoldaşları elə orada şəhid olublar...

 

Oktyabrın 3-ü səhər Gülsüm qaynanası olan otağa keçmək istəyəndə, qaynatasının ona “qonağımız gəlir” dediyini eşidir....

 

İlkin sonuncu dəfə evlərinə gəlirdi... Gülsüm pilləkənləri düşmək istəyəndə həyətdə stolun üstünə xalça sərildiyini, hər yana gül-çiçək düzüldüyünü görür:

 

“Həmin an ALLAHDAN səbr istədim. Dedim birdən İlkin gələndə onu qarşılaya, yola sala bilmərəm. Elə bil yerlə deyil, göylərdən gəlirdi, heç kim onu gətirmirdi, yüksəklərdən gəldi, qapısndan içəri endi... Nə üzünü görə, nə də qoxusunu ala bildik... Bu dəfə həmişəlik vidalaşdı...”

 

Səhərdən sakit ağlayan, göz yaşları yanaqlarına süzülən Gülsüm xanım elə hönkürür ki....

 

Qəhrəman mayor İlkin Əhədzadə ikinci Fəxri Xiyabanda torpağa tapşırılır. Ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

 

“Hərdən dalğalanan bayrağımıza baxanda, orada İlkinin, bütün şəhidlərimizin duruşunu görürəm... Biz Şuşada olanda Azan verilirdi, mən o səsdə şəhidlərimizin, İlkinin nəfəsini duyurdum....” deyir Gülsüm xanım...

 

İlkin şəhidlik zirvəsinə ucalanda oğlu Uğurun dörd yaşı olub. Ən böyük arzularından biri Uğuru hərbçi kimi görmək idi.... Uğur isə hələ də elə bilir ki, qəhrəman atası dağlarda, işdədir.... Onun yolunu gözləyir....

 

Cəmi 35 il yaşadı, amma şərəflə yaşadı, torpağı uğruna can verib, ölümə də şərəf gətirdi.... İlkin və onun kimi bütün şəhidlərimiz qəhrəmanlıqları ilə doğrudan da, dağların ən uca zirvəsində, yüksəklərdədilər.... O zirvəyə qalxmaq isə hər kəsin işi deyil. Ora yalnız torpaqlarımızın azadlığı uğruna ölümü yaşamaq eşqindən qat-qat uca tutan İlkin kimi oğullar yüksələ bilər...

 

 

Ağanisə Əliqaraqızı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı