Əziz Zəngilan!
Azadlıqdan abdlığa sürətli və keyfiyyətli keçid...
QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/
Zəngilan Ermənistan silahlı qüvvələrinin (habelə siyasi-hərbi, iqtisadi dəstəkçiləri olan dünya erməniliyinin, havadarlarının) işğalına məruz qalıncayadək rayon ərazisində onlarla milli, dini-tarixi abidə vardı. İşğalların heç biri yaxşı deyil, işğalı bəyənmək, təqdir etmək olmaz lakin söhbət Ermənistanın işğalından gedirsə, burada isğalın ən, ən son həddindən söhbət getdiyi məlumdur: Ermənistanın işğalçılıq siyasəti kiminsə işğalçılıq siyasəti ilə müqayisə edilə bilməz. – Erməni hər şeyi dağıdır, hər yeri özününküləşdirir; onlar XXI yüzil mədəni səviyyəsi, beynəlxalq hüquq normaları ilə düşünə, insanca davrana bilmir. Bu sözlərin təsdiqi Zəngilanda, Gündoğar Zəngəzurda, Qarabağda, erməni işğalçılarının ayağı, nəfəsi dəymiş hər yerdə görünür... Erməni vandalizminin ağır fəsadlarını yaşamış Zəngilan bütün tarixi və dini memarlıq abidələrinin dağıdılmasının şahididr.
Zəngilanda vandalizmə məruz qalmış tarixi-dini abidələr:
İmam Hüseyn məscidi (XVII yüzil), Məscid (XIX yüzil) – Malatkeşin kəndi; Məscid (XIX yüzil) – Qırıq Muşlan kəndi; Məscid (XIX yüzilı) – Muşlan kəndi; Məscid (XIX yüzil) – Rəzdərə kəndi; Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri;
Ziyarətgahlar:
Səkkizguşəli türbə (XIV yüzil) – Məmmədbəyli kəndi; Ziya Baba ocağı – Ağkənd kəndi; Xanazur türbəsi – Bartaz kəndi; Xanazor piri – Bartaz yaxınlığı; Soltan Heydər piri – Bartaz dağı; Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi; Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi; Buqakar piri – Leyfaz kəndi; Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi; Veysin piri – Pirveyis kəndi; Seyid Musa ocağı – Sobu kəndi; Qaradağlı piri – Şəfibəyli kəndi; Yal piri, Yel piri – Vejnəli kəndi; Soltan ocağı, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi; Dəvəcüneyt piri – Zəngilan şəhəri; Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
Tarixi memarlıq abidələri:
Şərifan abidələri (IX-XVI yüzillər) – Şərifan kəndi; Şəhri Şərifan yaşayış yeri (orta yüziliklər) – Hacallı kəndi; Ağca Aşıq yaşayış yeri (orta yüzilliklər) – Qumlaq kəndi; Qız qalası (orta yüzilliklər) – Qumlaq kəndi; Qəsr qalası (orta yüzilliklər) – Oxuçuçayı; Sərdabə (XIII yüzil) – Şərikan kəndi; Sərdabə (XIV yüzil) – Yenikənd kəndi; Hacallı dairəvi bürcü (XIV yüzil), Körpü (XIX yüzil) – Hacallı kəndi; Hacalı qülləsi (XIV yüzil) – Məmmədbəyli kəndi; Nekropol (b.e.ö. VI-IV yüzillər) – Quyudərə Xəştab kəndi; Küp qəbirlər (b.e.ö. IV-II yüzil¬lər) – Yeməzli kəndi; Koroğlu daşı (VII-VIII yüzillər) – Ağ oyuq düzü; Bartaz Qız qalası (XIV yüzil) – Bartaz kəndi; Şərifan sərdabəsi (XII yüzil) – Şə¬rifan kəndi; Tağlı körpüsü (XVI yüzil) – Sobu kəndi; Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.
Göründüyü kimi, Zəngilan işğala qədər zəngin mədəni irsə malik olub. “İşğala qədər” yazırıq, çünki adıkeçən tarixi-dini abidələr, zyarətgahlar, tarixi memarlıq abidələri ya Yer üzündən silinib ya ciddi dağıntıya məruz qalıb ya da özgələşdirilmiş – erməniləşdirilmiş durumdadır... İndi onları yalnız köhnə şəkillər, yaşlı nəslin şahid ifadələri və digər qaynaqlar, o cümlədən elmi-metodik tətbiqatla, modelləşdirmə ilə bərpa etmək mümkün ola bilər... Bu yerdə minnətdarlıqla vurğulayaq ki, Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunmaqdadır. Layihə Zəngilan məscidinin bərpasına həsr olunub.
Bəli, Zəngilan hər anlamda zəngin bölgələrimizdəndir. Rayonda bir sıra faydalı qazıntılar (qızıl yatağı, qara mərmər yatağı, tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı) vardır. Ərazidə çöküntü süxurları, bundan başqa vulkanik materiallar (yura, təbaşir çöküntüləri) yayılıb. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi dörd önəmli çay keçir. Bu çaylar da Zəngilanın zənginliyinə əlavə imkanlar qatır. Zəngin Zəngilanın ərazisində 6 dəmir yol vağzalı, 21 dəmiryol müəssisəsi fəaliyyət göstərib. Respublikamızın dağətəyi ərazisində yerləşən Zəngilan, iqtisadi yöndən əsasən kənd təsərrüfatı istiqamətli olub, İşğaladək 29 kolxoz və sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ermənistan silahlı qüvvələri Zəngilanı 30 oktyabr 1993-cü ildə işğal edib. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. O vaxt rayon əhalisi 45 mindən çox, sahəsi 730 km2 olub. İşğaldan sonra Zəngilanın əhalisi məcburi olaraq respublikanın bölgələrinə səpələnib, əsasən 43 rayonda məskunlaşıb.
Zəngilan rayonunun azad olunması Azərbaycanın şanlı Silahlı Qüvvələri iki il bundan öncə - 18 oktyabr 2020-ci ildə Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlayıb. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Zəngilan rayonunun gündoğarında yerləşən Cəbrayıl rayonunda işğalçı qüvvələrə sarsıdıcı zərbə vurulması, 30-dan çox yaşayış məntəqəmizin azad edilməsi artıq növbəti qurtuluşun ünvanını nişan verirdi: sırada Zəngilandı! Zəngilan döyüşləri Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının komandanlığı altında aparıldı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və nəhayət Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi! Zəngilan döyüşləri sonucunda Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan tam azad edildi. Əlbəttə, nəinki bir şəhərin, rayonun, hətta bir kəndin də azad edilməsi önəmliydi, ancaq Zəngilanın işğaldan azad olunması bir sıra strateji amillərlə sıx bağlıydı. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sınırı tam bərpa edildi, habelə silahlı qüvvələrimiz güney xətti boyunca Ermənistanla sınıra yetişmiş oldu. İranla Azərbaycan Respublikası arasındakı 132 km sınır tam bərpa edildi və müharibədən dərhal sonra sınır boyunca bütün gərəkli istehkam, qoruma işləri görülməyə başlandı.
6972 təltif
Məlum 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatından az sonra – noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 6972 hərbi qulluqçumuz bu medalla təltif olunmuşdur. Zəngilan uğrunda canını qurban vermiş şəhidlərimizi dərin sayğılarla anır, ruhları önündə əyilir, yaralı qazilərimizə şəfalar diləyir, müharibənin iştirakçısı olmuş bütün qardaşlarımıza ən xoş arzularımızı yetiririk!
“Böyük Qayıdış”ın ağıllı Ağalısı
Artıq iki ildir ki, Zəngilanın işğal gününü deyil, qurtuluş gününü qeyd edirik. İşğal sona yetdikdən sonra Zəngilanın yeni dönəmi, o cümlədən yeni inkişaf dönəmi başlamış oldu. Bu sırada, əlbəttə, “Böyük Qayıdış” layihəsini özəllikə vurğulamalıyıq. İşğaldan azad edilmiş digər şəhər və rayonlarımızda olduğu kimi, Zəngilanda da quruculuq işləri sürətlə davam edir. Üstəlik, ilk pilot layihə məhz Zəngilanda – Ağalı kəndində icra edilib. Bu ilin may ayından başlayaraq Ağalıya qayıdış təmin edildi. Bu yalnız Ağalının, yalnız Zəngilanın deyil, bütövlükdə Azərbaycanın ən yeni tarixində ən əlamətdar hadisələrdəndir. Bu il Ağalı məktəbliləri öz doğma kəndlərində - abad və “ağıllı” məktəbdə dərslərə başladı. Bəli, uşaq bağçası, məktəb, məşğulluq, tibb məntəqəsi, zəruri xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri artıq Ağalıda mövcuddur. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən çağdaş kəndlərindən biri, Qafqazın isə şübhəsiz ən çağdaş kəndidir. Kənddə 200 ev tikilib. Ağıllı Ağalının genişləndirilməsi, əlavə olaraq daha 150 evin tikilməsi, eləcə də, iki, üçqatlı evlərin tikilməsi nəzərdə tutulur. Başqa nələri vurğulamaq olar? – Zəngilanda Günəş enerjisinin böyük potensialı mövcuddur. Qarabağın “yaşıl enerji” bölgəsinə çevrilməsi prosesində Zəngilanın özünəxas yeri və rolu var.
Zəngilandan keçən logistik layihələr Yuxarıda vurğuladıq ki, vaxtilə Zəngilanın ərazisində 6 dəmir yol vağzalı, 21 dəmiryol müəssisəsi fəaliyyət göstərib. İşğaldan sonra Zəngilanın logistik imkanları bərpa edilir, yenilənir, böyüdülür. Məsələn, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisinin böyük strateji önəmi var. Bu dəmir yolu azad edilmiş torpaqlara əhalinin gəlişi, həm də yüklərin daşınması üçün çox ciddi önəm daşıyacaq: necə deyərlər, həm yükdaşıma baxımından həm də mənəvi, psixoloji baxımdan önəm daşımaqla Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun bir başqa yerə sahib olacağı şəksizdir. Bəli, Zəngilandan dəmir və avtomobil yolları keçəcək və o yollar Naxçıvanadək uzanacaq. Ümumi uzunluğu 124 km olan, 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolu da özünəxas strateji önəmə malik olacaq. Naxçıvanadək uzanacaq yoldan danışırıqsa, təbii, Zəngəzur dəhlizinə toxunmamaq olmaz. Ölkəmizin iki bölgəsini – Zəngilanla Naxçıvanı cəmi 40 km Zəngəzur dəhlizi ayırmaqdadır. Bu dəhlizin açılması yeni iqtisadi-ticari perspektivlər yaradacaq, habelə 30 ildən artıqdır blokadada olan Naxçıvan Muxtar Respublikasını blokadadan çıxaracaq: Zəngilan Ordubad üzərindən Naxçıvanla və oradan da qardaş Türkiyə ilə dəmir yolu, avtomobil yolu ilə birləşmiş olacaq. Bu fövqəladə tarixi uğurumuz olacaq! Mütləq olacaq! Və əlbəttə, Zəngilan Beynəlxalq Hava limanı! – Hava limanı bütövlükdə bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ayrı bir imkanlar topluluğu yaradır. Zəngilan qurtuluşunun ikinci ildönümünü Beynəlxalq Hava limanı ilə qeyd edir. Zəngilanın qurtuluşunu onlarla Zəngilanlı öz doğma kəndində qeyd edir! Zəngilanın indiki halı işğalla azadlığın, yadellilərlə doğmaların fərqini açıqara göstərir. Zəngilanın bu günü azadlıqdan abdlığa sürətli və keyfiyyətli keçidi parlaq şəkildə əks etdirir.
Ali dövlət rəhbərliyinin azad Zəngilana səfərlərini, baş vermiş önəmli hadisələri xatırlayaq:
23.12.2020 – Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırıldı; 14.02.2021 – Görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi aparıldı; 21.10.2021 – Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərlə, DSX-nın Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq oldu; “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışında iştirak oldu; Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi keçirildi; Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüş baş tutdu; 26.10.2021 - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyuldu; Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq baş tutdu; 27.05.2022 – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə, Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə, Zəngilan məscidinin tikinti işləri ilə, Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanışlıq oldu; Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu.
Biz bu sətirləri yazarkən, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidən Zəngilanda səfərdədir. Prezidentin və birinci xanımın oktyabrın 19-da Zəngilan rayonuna səfəri də önəmli açılış, təməlqoyma və görüşlərlə zəngin olub: Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.
DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"