“20 Yanvar – Ümumxalq Hüzn Günü” Azərbaycan Tarix Muzeyində də anılıb

10:15 21-01-2019 | icon 636 | Mədəniyyət
“20 Yanvar – Ümumxalq Hüzn Günü” Azərbaycan Tarix Muzeyində də anılıb

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub.

 

Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir açıq elan olundu.

 

Tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin tarixi kökləri haqqında gənclərə məlumat vermək idi. YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov çıxış edərək, bildirdilər ki, 20 yanvar faciəsinin kökü Rusiya imperiyası tərəfindən Azərbaycanın işğalı ilə başlamışdır. Lakin Azərbaycan xalqı daim işğala qarşı mübarizə aparmışdır. 20 yanvar hadisəsi də xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev vermiş, SSRİ hakimiyyətinin cinayətkar əməllərini ifşa etmişdir. Həmçinin, Ümummilli Liderimiz qanlı 20 yanvar hadisələrinə etiraz olaraq, Kommunist Partiyasının üzvlüyündən imtina etmiş, ən ağır günlərində xalqımızın müdafiəsində durmuşdur. Azərbaycan xalqı SSRİ hakimiyyətinə inandığı üçün 20 yanvarda Sovet Ordusunun qarşısına əliyalın çıxdı. Amansızlıqla qətl edilsələr də, bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir sıra rayonlarında yüzlərlə dinc insanın ölümü ilə nəticələnən qanlı hadisədə SSRİ hakimiyyəti bilavasitə günahkardır. Heydər Əliyev bu faciəvi hadisələrə ilk dəfə öz siyasi mövqeyini ortaya qoymuş, sovet hökumətinin günahını rəsmi şəkildə ifadə etmişdir. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Çıxış edənlərin hər biri gəncləri bu tarixi hadisələrdən ibrət almağa səsləyərək, dövlətimizin ətrafında sıx birləşməyə çağırdı. Çünki, dövlətimizin gələcəyi bu gənclərdən asılıdır.

Sonda 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. 7 saylı tam orta məktəbin şagirdi Həsən Hüseynov isə “Ya Qarabağ, ya ölüm!” adlı mahnı ifa edib. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq Muzeyin fondlarında qorunur. Bunlar qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.

 

Tədbirdə 20 yanvar faciəsini əks etdirən rəsm əsərləri də nümayiş etdirilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı