O, bu dünyasında ŞƏHİD KİMİ yaşayırdı

16:12 24-10-2022 | icon 1653 | Şəhidlər və şahidlər
O, bu dünyasında ŞƏHİD KİMİ yaşayırdı

Sona qədər Şəhidlərimizə olan borcumuzu ödəməliyik

 

Vətən müharibəsi şəhidi əsgər Mirsüleyman Aydın oğlu Süleymanovun (30 mart 1998-ci il Bakı şəhəri, Sabunçu rayonu — 16 oktyabr 2020-ci il Tərtər-Ağdərə) anası Mətanət Süleymanova ilə müsahibə.

 

Hər səhər, hər axşam yeni-yeni günlərə, yeni-yeni sevinclə və qürurla dolu anlara nəfəs qədər yaxın olduğumuz kimi 8 noyabr Zəfər Günümüzə də nəfəs qədər yaxınıq. 8 noyabrdan bəri bizim hər günümüz Zəfər günüdür, hər günümüz — Zəfər bayramıdır. Çünki biz zəfər çalmış ölkəyik və bizim müzəffər ordumuz qələbəni canıyla, qanıyla əldə edən, qazanan ordudur. Ali Baş Komandanının əmrini yerinə yetirməklə işğal altında olan torpaqlarımızı azad edərək mənfur düşmən üzərində möhtəşəm qələbə çalan orduya qələbəni təntənəli surətdə qeyd etmək yaraşar.

 

Ancaq... Bunu da unuda bilmərik ki, biz bu Zəfəri havadan-sudan qazanmamışıq. Heç kəs bizə bu qələbəni, 30 ildir, biraz da tarixi vərəqləsək, 200 ildir həsrətində olduğumuz, zaman-zaman bizdən qoparılmış torpaqlarımızı, Qarabağımızı qızıl sinidə verməmişdir. Biz bu Zəfəri dişimizlə, dırnağımızla, canımızla-qanımızla qazanmışıq. Bu Zəfər üçün biz hər şeydən keçmişik. Cəmi 44 gün davam edən bu savaşın içində həm sevinib, həm ağlamaqdan, necə deyərlər, “dəli” olmuşuq. Biz bu Zəfəri qazanmaq üçün təkcə erməni faşizmi ilə yox, bütün dünya faşizmi ilə müharibədə olmuşuq. Həm fiziki, həm mənəvi, həm də zehni əməyimizi sona qədər sərf etmişik. Analarımız, bacılarımız bir daha görməməyi belə gözə alaraq öz ərlərini, ər oğullarını odun-alovun içinə yollayıb. Biz bu yolda canımızı Vətənə fəda etməyə hər an hazır olmuşuq və etmişik də. 44 günün içində ömür boyu Zəfəri şad-xürrəm qeyd etmək üçün 3000 igid oğlumuzu, qızımızı, körpəmizi torpağa vermişik ki, torpaq da bizə Zəfəri versin, alnımızdan “öz yurdunda qaçqın olan, bir qarış torpağını qurtara bilməyən, 200 il doğma vətən torpaqlarını itirə-itirə bu günlərə çatan, məğlub olan” damğalarını silsin, bəxtimizə gün doğsun, taleyimiz üzümüzə gülsün. Onu da unutmayaq ki, Zəfərimiz uğrunda bu canlarımızı hələ də fəda etməkdəyik. Lakin bu canların hesabını, qisasını üç misliylə düşmənlərdən almışıq və alacağıq da.

 

Onu qeyd etmək istəyirəm ki, Zəfər çalmış, qalib olmuş bir ölkəyik. Ancaq həm də Şəhidlərini və Qazilərini unutmayan, vəfa borcunu ödəyən, andına sadiq qalan bir ölkəyik. Bu şərəfli adın bizdə qalması üçün sona qədər Şəhidlərimizə olan borcumuzu ödəməliyik. Bu vəsilə ilə daha bir Şəhidimizi oxucularıma təqdim etməyi özümə borc bilirəm. Bu Şəhidimiz “Ağdərənin ikinci Mübarizi” ləqəbi ilə tanınan, anasının təbirincə desək, bu dünyasını da şəhid kimi yaşayıb sağlığında cənnəti qazanan, Vətən müharibəsi şəhidimiz əsgər Mirsüleyman Aydın oğlu Süleymanovdur. Gəlin onun şərəfli ömür yolunu onu qəhrəman kimi böyüdüb vətəninə ərməğan edən və onun özü kimi qəhrəman olan qəhrəman anası Mətanət anadan eşidək.

 

Salam. Xahiş edirəm, əvvəlcə özünüzü oxucularımıza təqdim edəsiniz.

 

— Mən Vətən müharibəsi şəhidi Mirsüleyman Aydın oğlu Süleymanovun anası Mətanət Süleymanovayam.

 

Vətən müharibəsi şəhidi Mirsüleyman Süleymanov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? O, uşaqlığında və yeniyetmə dövrlərində necə biri idi?

 

— Mirsüleyman hələ körpəliyindən həyat dolu bir uşaq idi. Çox mehriban, gülərüz, səmimi idi. Öz xasiyyətinə görə hamı tərəfindən hər yerdə çox sevilirdi. O, böyüyə, kiçiyə, valideynlərinə, qohumlara, dostlara, həmyaşıdlarına həddən çox diqqətcil və qayğıkeş idi. O, bu dünyasında Şəhid kimi yaşayırdı.

 

Şəhidimiz Mirsüleyman Süleymanovu Ağdərəninin ikinci Mübarizi, ümumiyyətlə isə elə ikinci Mübariz adlandırırlar. Bu adı qazanması ilə əlaqədar onun döyüş yoldaşlarından nə eşitmisiniz, bu barədə deyə bilərsinizmi?

 

— Onun döyüş yoldaşları deyirlər ki, Mirsüleyman ayaq üstə düşmənin üzərinə gedirdi və deyirdi: “Ya rəbbim, mən düşmənləri öldürməmiş, qisasımızı almamış məni şəhid etmə”. Bir də deyirdilər ki, o, göydən yağan od-alova əhəmiyyət vermədən şəhidləri, yaralıları döyüş meydanından çıxarırdı, ona görə də Mübariz deyirdik ona. Ona bu adı döyüş yoldaşları bu xarakterinə görə veriblərmiş.

 

Şəhidimizin humanistliyi, alicənablığı barədə nə deyə bilərsiniz?

 

— Mirsüleyman çox yardımsevər, humanist, ürəyiyuxa insan idi. Heç kimə zərrə qədər də əziyyət vermək, incitmək istəməzdi. Əksinə, özü hamının əziyyətini çəkmək, qayğısına qalmaq, yardım etmək, əl tutmaq istəyərdi. Ona görə onu çox sevirdilər.

 

Zəhmət olmasa, Şəhidimizin hərbi xidmətə necə yollanmasından və əsgərlik həyatından danışa bilərdinizmi?

 

— Mirsüleyman ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırıldı. İlk gündən manqa komandiri idi. Hələ uşaqlıq vaxtlarından o çox cəsur, qorxmaz, zalımlara qarşı amansız, köməksizlərə isə arxa-dayaq olan biri idi. Vətəninə xidmət etməyi özünə şərəf bilirdi.

 

Şəhidimizin gələcəklə bağlı nə kimi arzuları, planları, düşüncələri var idi?

 

— Onun qeyri-adi heç bir planı, arzusu, istəyi yox idi. Ən əsas ülvi arzusu torpaqlarımızın işğaldan azad olunmasında, düşməndən şəhidlərimizin qisasının alınmasında yaxından iştirak etmək, hamı kimi hərbi xidmətini şərəflə başa vurmaq, işğaldan azad etdikləri torpaqlarda işləmək, ailə qurmaq, ailəsinə, vətəninə layiqli övlad, vətəndaş kimi yetişməkdən ibarət idi.

 

Şəhidimizin Vətən Müharibəsində iştirak etməsindən xəbəriniz var idi, bu barədə nə vaxt xəbər tutdunuz və hansı hissləri keçirdiniz?

 

— Vətən müharibəsi başlayanda hamı kimi mən də televiziyada xəbərlərdən eşidib-bildim. Qürur hissi keçirdim ki, nəhayət, torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən müharibəsi başlamışdır. Vətən müharibəsi başlayandan bir həftə sonra özü bizimlə əlaqə saxladı. Biz narahat olmayaq deyə döyüşlərdə olduğunu bizdən gizlətdi.

 

Vətən müharibəsi zamanı Şəhidimizlə əlaqə saxlaya bilirdinizmi?

 

— Onunla telefonla əlaqə saxlayırdıq. Sonuncu dəfə 2020-ci ilin 15 oktyabrında mənə zəng etdi. Bir həftə zəng edə bilməyəcəyini dedi. 16 oktyabrda könüllü olaraq Ağdərə döyüşlərinə qoşulub erməni postuna 13 nəfərlik qrupda olan döyüş yoldaşlarıyla girərək düşməni məhv ediblər. Uzaqdan düşmən öz heyətinin məhv olduğunu görəndən sonra minaatanla Mirsüleyman və döyüş yoldaşları olan yeri atəşə tutublar.

 

Qəhrəmanımızın şəhid olma xəbərini nə vaxt, kimdən aldınız?

 

— 2020-ci ilin 19 oktyabrında onun döyüş yoldaşları zəng edib bizə Mirsüleymanın neytral ərazidə olduğunu dedilər. Ondan sonra biz Mirsüleymanı çox axtardıq. Yalnız 20 noyabr 2020-ci ildə Mirsüleymanın nəşini gətirdilər. Bu, onun şəhadətindən 35 gün sonra olmuşdu.

 

Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasından, Mirsüleyman Süleymanovun şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?

 

— Qələbə qazandığımızdan sonra mən elə hiss etdim ki, Mirsüleymanım bütün o, zəfər tədbirlərini izləyir və ruhu şaddır. Sözsüz ki, onun ruhu şaddırsa, biz də şadıq. Amma hələ onun yolunda canını fəda etdiyi torpaqları ziyarətə gedə bilməmişəm. Yəqin, inşəAllah, bir gün həmin yerləri ziyarət edəcəyəm.

 

Son olaraq Vətən müharibəsi şəhidi Mirsüleyman Süleymanovun anası kimi şəhid ailələrinə və biz gənclərə nə deyərdiniz, hansı məsləhətləri verərdiniz?

 

— Şəhid ailələrinə Allahdan səbir diləyirəm. Bundan sonra nəinki Azərbaycanda, bütün dünyada sülh və əmin-amanlıq olmasını arzulayıram. İndən sonra heç bir ana-ata övladsız, bacı-qardaş qardaşsız, yar yarsız, övlad atasız qalmasın. Amin! Siz gənclərə isə vətənə layiqli övlad olmağınızı arzu edirəm. Sevindik, mənim balam! Sənin kimi Azərbaycan gəncləri ilə fəxr edirəm. Uğurlarınız bol olsun.

 

Biz Sizinlə fəxr edirik, əziz Ana! Siz öz oğlunuzla birlikdə xalqımızın Zəfər yolunu çəkdiniz. Bu yolda oğlunuz canını, qanını, Siz isə göz yaşlarınızı, dualarınızı əskik etmədiniz. Zəfər yolunun qurtaracağında isə yeni bir yol başladı: Mirsüleyman yolu. O yolu çəkməyi biz öz üzərimizə götürmüşük, Şəhidlərimizə olan borcumuzu ödəməyə çalışmaqla, Şəhidlərimizin nurlu xatirəsini yad etməklə biz o yolu çəkirik, çəkəcəyik və o yolu çəkməyin, o yolda yeriməyin məsuliyyəti, çətinlikləri bizi qorxutmayacaq. Əksinə, bizə şərəf verəcək və biz nəinki Mirsüleymanın, eləcə də Mirsüleyman kimi neçə-neçə şəhid olmuş Vətən oğullarımızın yolunu davam etdirib onların xatirələrini əbədi olaraq qəlbimizdə saxlayacağıq.

 

Onu da qeyd edim, şəhidimiz Mirsüleyman Süleymanov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə və Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Cəsur döyüşçü""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Sonda Mirsüleyman qardaşımız da daxil olmaqla bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir neçə ay əvvəl Şəhid Mirsüleyman Süleymanova həsr etdiyim “Ağdərənin ikinci Mübarizi” adlı şeirimi dəyərli oxucularımıza təqdim edirəm.

 

AĞDƏRƏNİN “İKİNCİ MÜBARİZİ”

Şəhid Mirsüleyman Aydın oğlu Süleymanovun (30 mart 1998-ci il Bakı şəhəri, Sabunçu rayonu — 16 oktyabr 2020-ci il Tərtər-Ağdərə) əziz xatirəsinə həsr olunur.

 

Şərəfli millətin şərəfli oğlu,

Mətin addımladın Zəfər yolunda.

Camalın təmizdi, amalın doğru,

Canın verdin Ana Vətən uğrunda.

 

Qələbəyə canınla töhfə verdin,

Yüksəltdin şərəflə bayrağımızı.

Səninlə fəxr edir xalqın, millətin,

Baş əyir qarşında oğlanı, qızı.

 

İgidliklə yerə sərdin düşməni,

Baban Koroğlutək çəkdin nərəni,

Səninlədir Vətənin hər ərəni,

Yaşadacaq bil ki, qəlbində Səni.

 

Həyatımız boyu borcluyuq Sənə,

Borcluyuq qisas alovlu qəlbinə,

Yad edirik Səni qəbrin önündə,

Borcumuzu ödəyəcəyik yenə.

 

Sən yurdumuzun Mirsüleymanısan,

Qəhrəmanımızsan, yaxşı ki, varsan,

Ölməzsən, həmişə bizimlə varsan,

İgidliyinlə sevindirdin bizi.

 

Vətən üçün vaxtsız soldun, saraldın,

Şəhid kimi zirvələrə ucaldın,

Sən Mübarizin qisasını aldın,

Ağdərənin “İkinci Mübariz”i.

 

 

Sevindik Nəsiboğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin