Toyuna hazırlıq gedən, ürəyindən vurularkən son sözü “Anama....” olan, nişanlı Şəhidimiz...

16:04 04-11-2022 | icon 1809 | Şəhidlər və şahidlər
Toyuna hazırlıq gedən, ürəyindən vurularkən son sözü “Anama....” olan, nişanlı Şəhidimiz...

24 illik ömrünə iki müharibə sığışdıran qəhrəman....

 

Daha bir şəhid ünvanına üz tuturam.... Evimə çox yaxın, qonşu deyə biləcəyim qədər məsafə var aramızda.... Yenə tanış mənzərə ilə qarşılaşıram. Küçənin başında, qəhrəmanımızın evinin divarına barelyefi vurulub və gül-çiçəklə əhatələnib.

 

Qəhrəman şəhidimiz Murad Qurbanovun evi.... Bəlkə də onunla nə vaxtsa qarşılaşmışam, bəlkə də bir neçə dəfə görmüşəm.... Küçədə, marketdə, avtobus dayanacağında.... Bəlkə də.... 24 yaşlı qəhrəmanımızın qara paltarlı, saçları ağappaq olan anası Mehriban xanım... Bilirəm, yenə də bir ananın, bir bacının qaysaq bağlamayan yarasının sızıltısına, ağrısına, göz yaşlarına  səbəb olacam.... Mehriban ana “mən nə qədər  yaşayıram o yara heç sağalmayacaq, qaysaq bağlamayacaq, ilk günkü kimi göynəyir, ağrıyır, Muradımın acısı heç keçməz ki....” deyir....

 

2020-ci il oktyabrın 10-u və11-də Hadrut uğrunda qanlı döyüşlər gedir. Qəhrəman oğullar düşmənlə döyüşdə ölüm qalım savaşı verirlər, torpaqları işğaldan azad edirlər. Muradın əsgər  yoldaşlarından biri vurulur. O irəli atılıb, sürətlə qan itirən Ağarəhim adlı yoldaşını döyüş meydanından çıxarır, ona kömək etməyə, yarasını basdırmağa, qanını durdurmağa çalışır. Bir anın içində isə yerindən qalxıb, düşmənə tərəf güllələr  yağdırmağa başlayır. Ağarəhimin vurulmasından sarsılan Murad düşmənin üzərinə gedirdi. Döyüş yoldaşları ona nə qədər aşağı yatıb, oradan nişan almasını desələr də, Muradın gözü dönmüşdü. Getdikləri yerə çatmağa isə çox az qalmışdı....

 

 Bütün bunları Mehriban anaya sonradan qəhrəman Muradın döyüş yoldaşları Nahid, Hüseyn, Fərhad danışacaqdılar....

 

Min bir əziyyətlə, atasız böyütmüşdü Muradını. Boyuna, yaraşığına baxb, qürur duyduğu oğlunun toyuna hazırlaşırdı:

 

“Balamı 2020-ci ilin avqustunda özünün sevib, seçdiyi qızla nişanladıq. Muradı və bacısı İlahəni tək böyütmüşdüm. Məhlədə, orta məktəbdə, kollecdə, iş yerində hamının sevimlisi idi Murad. Elə bir xarakterə sahib idi ki, Muradı tanıyıb, sevməmək mümkün deyildi. Uşaqlıqdan qorxmaz, çox cəsarətli idi. Hərbi xidmətdə də Tərtərdə olmuşdu. Aprel döyüşlərində iştirak etmişdi. Müharibə başlayan gün gedib könüllü olaraq yazılmışdı. Elə tələsirdi, elə tələsirdi savaşa getmək üçün.... Mən, bacısı, nişanlısı, qonşular ona “Aprel döyüşlərində iştirak etmisən, getmə, sənin toyuna hazırlaşırıq....” deyəndə, “Xocalının qisasını alıb, torpaqlarımızı işğaldan azad edib, 15 günə qayıdacağam” cavabını verdi. Balam elə söz verdiyi vaxt qayıtdı, amma şəhid kimi qayıtdı....”

 

Murad şəhid olduqdan sonra onun seçilmiş olduğunu anladığını deyən Mehriban ana, 24 illik ömürünə iki müharibə sığışdıran, ölümün gözünə dik baxan oğlunun qısa, amma əsrlərə yetəcək, gələcək nəsillərə örnək olacaq, mərdlik, qəhrəmanlıq hekayəsinin başladığı gündən danışır.... Muradın, möcüzə körpənin dünyaya gəlişindən.... Sənədlərdə Muradın 23 mart 1996-cı ildə anadan olduğunu yazdırsalar da, əslində o Novruz bayramı günü – 21 martda bu dünyaya göz açmışdı....

 

Mehriban xanım Neft Akademiyasını bitirmişdi, böyük arzuları vardı. Ailə qurduqdan sonra ona işləməyə icazə vermirlər. Yeni ailəsi “qadın nədir, işləmək nədir, qadının işi ərinə, uşaqlarına, evinə  baxmaqdır” deyib, istəklərinin üstündən xətt çəkirlər. 1992-ci ildə qızı İlahə, dörd il sonra isə Murad dünyaya gəlir. Amma həyat yoldaşı ailəsinə, uşaqlarına baxmırdı. Ona görə də, gənc Mehriban Murada hamilə olanda ailəsi iki uşaqla çətin olacağını deyib, aldırmasnı istəyirlər. Mehriban həkimə getmək üçün pulu olmadığını utandığından deyə bilmir. Bir müddət sonra anası ona pul verir və bacısı ilə birlikdə hamiləliyi sonlandırmaq üçün həkimə müraciət edirlər. Həkim isə məhərrəmlik ayında bu əməliyyatı edə bilməyəcəyini  deyir. Ay bitdikdə yenidən xəstəxanaya gedirlər. Həkim müayinə etdikdən sonra bunun mümkün olmadığını, körpənin artıq inkişaf etdiyini, dırnaqlarının, saçlarının olduğunu, ürək döyüntülərinin eşidildiyini bildirir.

 

Mehriban xanım çox çətin hamiləlik dövrü keçirir:

“Adi hamilə paltarım belə yox idi. Qonşulardan paltar alıb, ona əlavə parça tikib, genişlədib geyinirdim. ALLAH mənə Muradı çəkdiyim əzab, əziyyətlər qarşısında  mükafat olaraq göndərdi. Bir neçə dəfə onu aldırmaq cəhdinə baxmayaraq, gözəl oğlum gözlərini bu dünyaya açdı. Muradımın adını qardaşım qoyub. Axşam qardaşım baş rolunu Cüneyt Arkının oynadığı “Kara Murat” adlı türk filminə baxarkən xəbər gəlir ki, Mehribanın oğlu olub, o da “adını Murad qoyaq” deyir. Çətin, əziyyətli günlər davam edirdi. Amma iki övladıma görə hər şeyə dözürdüm. Muradın iki yaşı tamam olmamış atası Rusiyaya işləməyə getdi. Elə orada da rus qadınla evləndi, bir daha geri dönmədi....”

 

Atası Mehribanın uşaqlarını da götürüb, evlərinə qayıtmasını istəyr və onlara baxacağını deyir. O ata ki, bütün övladlarına ali təhsil vermişdi, onları xalqa, cəmiyyətə layiqli övladlar kimi yetişdirmişdi. Tale ailə həyatında sevimli qızı Mehribanın üzünə gülmədi... O iki övladı ilə Salyana, ata evinə qayıdır. Ali təhsilli Mehriban işləməyə, çörək qazanmağa başlayır. Gündüzlər işləyirdi, axşamlar papaq, əlcək,köynək, şarf toxuyub satırdı, paltar  tikirdi. Ən böyük işi isə İlahə və Muradına diqqət, qayğı göstərmək idi. İlk olaraq övladları üçün geyimlər  toxuyurdu, geyindirirdi, onları xoşbəxt görmək üçün əlindən gələni edirdi....

 

Artıq Muradın beş yaşı vardı, gələn il məktəbə gedəcəkdi. Sünnət etdirmək vaxtı gəlmişdi, ata adlanan şəxs tapılmırdı. Mehriban ailəsi ilə birlikdə onu Salyanda məhkəmə yolu ilə axtarışa verir:

 “Altı il axtarış aparılsa da, tapılmadı. Sonunda məhkəmə mənə “ölmüş hesab edilməsi” barəsində şəhadətnamə verdi. Muradı isə beş yaşında sünnət etdirmək üçün qardaşım dəllək gətirdi. O vaxt rayonda həkimə aparmırdılar.  Seyid  vardı, ona dəllək deyirdilər. Həmin seyid gəldi, Murada baxıb onun anadangəlmə sünnətli doğulduğunu, peyğəmbəri olduğunu dedi. Bu da balamla bağlı daha bir möcüzə idi”.

 

2002-ci ildə Murad Salyanda 2 nömrəli orta məktəbin 1-ci sinifinə gedir. Sonra Mehriban xanım işi ilə əlaqədar olaraq Bakıya köçür. Ailəsi ilə yaşadığı müddətdə işləyib yığdığı pulla ev alır. Bakıda ana və iki övladı yeni bir həyata başlayırlar. Mehriban xanım Səbael rayonu səfərbərlik və hərbi xidmətə çağırış idarəsində çalışır, uşaqlar isə 51 nömrəli orta məktəbdə təhsillərinə davam edirlər. Ana yenə də gündüzlər işləyir, axşamlar əlavə pul qazanmaq üçün yorğan sırıyır, döşək salır, mürəbbə bişirib satırdı.... “Əlimdən gələn, bacardığım hər şeyi balalarım üçün edirdim, yorulsam da, məcbur idim. Bu həyatda onlar üçün yaşayırdım” deyir ürəyi yaralı ana....

 

 İlahə qardaşından cəmi dörd yaş böyük olsa da, dərsdən qayıdandan sonra Murada da baxırdı. Mehriban xanımın sözlərinə görə, Murad bir yerdə duran deyildi, qaynayırdı. Dəcəl idi, amma mərd dəcəl idi:

 

“Bəzən uşaqlarla məhlədə futbol oynayanda topu hansısa qonşunun pəncərəsinə, qapısına vurardılar, hamı çəkilərdi bir qırağa, Murad “mən atdım” deyərdi. Bir də görərdim, kiminləsə dalaşıb, düymələri qırılıb, üstü-başı tökülüb, “nə olub, oğlum” soruşanda, “heç nə olmayıb, yolda yıxıldım, ana” deyərdi. Orta məktəbdə də, kolecdə də bütün müəllimləri onu sevirdi. Uşaqlıqdan hər kəsin əlindən tutardı, kim dara düşsə, Murad onun yanında idi. Bir sinifdə oxuduğu qızlara heç kim gözünün ucu ilə baxa bilməzdi. Həmişə “ay bala sənin nəyinə lazımdır” deyib danlayanda, “olmaz ana, onlar bizim sinifin qızlarıdır, gərək onda qarşılarında məni görələr” cavabını verirdi. Ürəyi çox böyük, mərhəmətli, tikəsini hamı ilə yarı bölən, xeyirxah, istiqanlı idi mənim balam”....

 

Murad böyüdükcə, Xocalı soyqırımı ilə bağlı daha çox oxuyurdu, məlumatlar  toplayırdı, ən yaralı yerinə çevrilmişdi Xocalı... Mehriban xanımla bu barədə saatlarla danışardı, “ana, Xocalı həm də bizim namus məsələmizdir. Mütləq Xocalının qisasını düşməndən almalıyıq” deyərdi... Hələ o zaman Murad orta məktəbdə oxuyurdu....

2012-ci ildə orta məktəbi bitirib, Maliyyə İqtisad kollecinə daxil olur. Kollecdə də həm müəllimlərinin, həm də qrup yoldaşlarının sevimlisi idi Murad.

 

Kolleci bitirdikdən sonra bir müddət işləyir. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanır. Tərtər rayonu Qaradağlı kəndində xidmət edir. Mehriban xanım oğlundan ötrü çox darıxır. Hər ay Muradın xidmət etdiyi Tərtərə, onu görməyə gedir. Hərbi xidmətdə də xeyli dostlar qazanmışdı. 2016-cı ilin Novruz bayramında, həm də Muradın doğum günündə Mehriban ana oğlunu görməyə gedir: “Hər dəfə gedəndə Muradın orada da özünə hörmət qazandığının, sevildiyinin şahidi olurdum. Novruz bayramı olsa da, bütün valideynləri gələ bilmirdi. Uzaq yerlərdə yaşayanlar  var idi, məsələn Lerikdən Tərtərə gəlmək elə də asan deyildi. Həm bayram, həm də Muradın doğum günü olduğu üçün, hərbi hissə rəhbərliyindən valideyni yanına gələ bilməyən on nəfər əsgərə də cəmi bir neçə saatlığa icazə istədim. Hərbi hissənin yerləşdiyi  kənddə restoran vardı, onları apardım ora. Kabab çəkdik, tort kəsdik, Muradla birlikdə uşaqlar da yeyib, içdilər, şəkil çəkdirdilər, evlərinə zəng etdilər, bəziləri hətta çəkmələrini də çıxarmışdılar. Çox gözəl, yadımdan heç vaxt çıxmayacaq bir gün oldu. Balamla bağlı yadımdan heç nə çıxmaz ki.... Uşaqlar da sevinirdilər, Muradın ad gününü başa vurub, onları aparıb hərbi hissəyə qoyub, geri döndüm....”

 

Bayılda Mehriban xanımın işlədiyi idarə ilə 5 nömrəli doğum evi üzbəüz idi. Təsadüfən Muradın komandirlərindən biri ilə rastlaşır, söhbət  zamanı məlum olur ki, doğum evində övladı dünyaya gəlib. Sonra Muradın aprel döyüşlərində olduğunu deyir, Mehriban xanımın bu barədə bilmədiyini görən də təəccüblənir:

 

“Deyirdi ki, “ana komissiya gəlib, mənə zəng etməyin, özüm imkan olanda yığacam”. Əgər komandirlə qarşılaşmasaydım, o bunu deməsəydi, biz Muradın aprel döyüşlərində iştirakından xəbərsiz olacaqdıq. Zəng edəndə elə sakit qarşıladı, “ana niyə narahat olursan, bir-iki günə döyüş başa çatacaq, hər şey ordumuzun nəzrətindədir, düşmən qorxaqdır, bizə heç nə olmaz” deyib mənə ürək dirək verirdi. Elə bil, tikan üstündə oturmuşdum, yuxum ərşə çəkilmişdi. Aprel döyüşləri bitdikdən sonra İlqar Mirzəyevin imzası ilə Murada cəsurluğuna görə təşəkkürnamə təqdim edilmişdi. Döyüşlərdə iştirakından çox məmnun idi....”

 

Murad aprel savaşında  Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə ön sırada yer alıb.Top komandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və 3 canlı qüvvəsini məhv edib.

 

HAŞİYƏ: Murad təkcə döyüşdə deyil, həyatda da qəhrəman idi. Kolleci bitirdikdən sonra böyük şirkətlərin birində işə düzəlir. Çalışırdı, pul qazanırdı, ailəsinə kömək edirdi. Bir gün şirkətdə işçilərin ixtisarı başlayır. İxtisar edilənlər arasında Bakıda kirayədə yaşayan, yaxın günlərdə övladı dünyaya gələcək bir nəfər əməkdaş da vardı. Murad onun neçə məyus olduğunu, hansı vəziyyətə düşdüyünü görür və yaxınlaşıb həmin əməkdaşın yerinə onu işdən çıxarmalarını istədiyini deyir. Hamı təəccüblə Murada baxır. Murad isə bu fədakarlığı ilə bir nəfər gənc ailənin, yeni doğulacaq körpənin həyatını xilas edir.... Evə gəlib anasına işdən çıxdığını, ixtisara düşən şəxsin 300 manat kirayə pulu verdiyini, vəziyyətinin çətin olduğunu, övlad gözlədiyini deyir.... Bir neçə ay sonra isə hərbi xidmətə yollanır.

 

Murad əsgərlikdən qayıtdıqdan sonra işə başlayır. İstəklərindən biri isə biznes qurmaq, ticarətlə məşğul olmaq idi. Dostu ilə birlikdə iş qururlar. Mehriban xanım isə həyatının mənası olan, ərköyün, yaraşıqlı oğlunu evləndirmək istəyirdi. Ürəyindən bir neçə qız keçsə də, bilirdi ki, oğlu ancaq öz sevdiyi ilə ailə qura bilər. Anası ilə həm də dost  idi Murad, sirrini, sözünü onunla bölüşər, məsləhət alardı....  Mehriban xanıma bir qızdan xoşu gəldiyini, Bakıda yaşadıqlarını, NəzrininTexniki universitetin son kursunda təhsil aldığını deyir. Öncə gedib qızı istəyirlər, söz kəsirlər, avqustda nişan edirlər. Ana oğul birlikdə pul yığıb aldıqları maşınla nişan aparırlar. Murad çox təmizkar, özünə, geyiminə fikir verən, hər şeyi seçən biri idi. Nişanda da özünə 300 manata parfüm almışdı, toyunda da istifadə edəcəyini demişdi....

 

Mehriban xanım oğlunun toyuna hazırlaşırdı.... Sentyabrın 27-ni Azərbaycan vətən müharibəsi xəbəri ilə açdı. 30 illik işğala son qoyulacaq günün başlanğıcı.... Murad elə həmin gün gedib könüllü olur. Fikirləşir ki, anası səfərbərlik idarəsində işləyir, birdən onun getməməsi üçün nəsə edər, odur ki, Müdafiə nazirliyində də onlayn qeydiyyatdan keçir. Ayın 27-dən başlayaraq hər gün Mehriban xanımın iş yerinə gəlir, “məni niyə aparmırlar” deyə soruşur: “Deyirdim ki, ay bala vaxtı çatanda aparacaqlar. Amma narahat idim, bir oğlum vardı. Heç kim onu fikrindən döndərə bilmədi. Sentyabrın 29-u işdə başımı qaldıranda gördüm əlində hərbi bilet qarşımda dayanıb. Bir qədər  yüksək səslə “əgər o sonuncu avtobusla məni müharibəyə göndərməsəniz, 102 xidmətinə zəng edib bildirəcəm ki, anam səfərbərlik idarəsində işlədiyi üçün yollamaq istəmirlər. Sonra da avtobusun arxasınca taksi ilə gedəcəm...”dedi.  Nə qədər növbəsinin çatmadığını desəm də, razı olmadı. Əlimlə Muradın səfərbərlik sərəncamını yazdım və avtobusa mindi. Öpmək istəsəm də, “ay ana mən uşaq deyiləm. Gedənlərin hamısının anası çöldədir, sən isə içəridəsən, işdəsən, görürsən məni...” deyib getdi. Dua etməkdən başqa əlimdən heç nə gəlmədi....”.

 

Murad getdiyi gündən anası, bacısı, nişanlısı ilə telefonla əlaqə saxlayır. Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edir. Mehriban xanıma hər şeyin yaxşı olduğunu, torpaqları işğaldan azad etdiklərini deyirordudakı yüksək əhvaldan, düşmənin qorxaqlığından, onlarla bacarmadıqlarından danışır.... Ana balasının zəngini, səsini eşidəndə az da olsa, rahatlıq tapır.

 

Oktyabrın 10-da səhər Murad başqa bir nömrədən Mehriban xanıma “ana mən yaxşıyam, narahat olma. Uşaqlara yaxşı bax”(bacısının uşaqlarının nəzərdə tuturdu) mesajını göndərir. O da düşünür ki, yəqin konturu yoxdur, başqa nömrədən mesaj yazıb. Bir saatdan sonra həmin nömrəni yığır, zəng çatmır. Muradın da telefonu qapalı idi....Fikirləşir ki, bəlkə olduqları yerdə enerji yoxdur, ya da telefon tutmur...

 

Sonradan döyüş yoldaşlarından eşidəcəkdi ki, oğlu həmin vaxt Hadrutda qanlı döyüşlərdə olub. Ayın 11-də döyüşlər davam edib və....

 

Dördüncü batalyonda döyüşən, Bibiheybətdə yaşayan Nahid adlı əsgər  Mehriban anaya deyib ki, onlar az əvvəl, sonradan Muradgilin də gələcəyi ərazini keçib, lazımi yerə çatıblar. 20 dəqiqə sonra eşidirbər ki, yüz metr aralıda Muradın da tərkibində olduğu beşinci batalyon vurulub, çox sayda şəhid var. Nahid tez Muradı soruşur. Deyirlər ki, sağ qalanlar azdır, onların içərisində Muradın adı yoxdur.... Nahid uzun müddət özünə gələ bilmir, “kaş ki, Murad da bizim batalyonda olsaydı” deyir....

 

Bakıda isə anasının, bacısının, nişanlısının gecəsi, gündüzü yox idi. Mehriban ana, İlahə, xalası, yaxın qonşular durmadan Muradın telefonuna zəng edirdilər.... Oktyabrın 13-ü Mehriban xanım işə gəlir. Sonradan anlayacaqdı ki, həmin gün iş yoldaşları arasında bir gərginlik vardı, hərəkətləri də qəribə idi.... Onlar artıq Muradın şəhid olduğunu bilirdilər, amma heç kim sonuna qədər Mehriban xanıma qara xəbəri verməyə ürək etməyəcəkdi.....

 

Həmin gün İlahə Muradın nömrəsini tez-tez yığır, birdən telefona cavab verirlər, amma Murad deyildi, yad səs idi.... İlahə də “bu mənim qardaşımın nömrəsidir, siz kimsiniz, Murad haradadır?” sualını verir. Telefonun o başından “sizə şəkillər göndəririk, görün tanıyacaqsınız” deyib, bir-bir fotoları yollayırlar, sonra silirlər, səkkizinci şəkildən sonra İlahə görür ki, Muraddır. Gözləri açıq, gülür, alnı qan içindədir. “Qardşıma nə olub” deyəndə, “yaralıdır” cavabını verirlər. “Axı yaralının gözləri belə baxmır, anam, biz hamımız narahatıq, qardaşıma nə olub?”..... Ananıza deyin ki, qardaşınız  şəhid olub, evinizə yola salırıq.....”

 

Mehriban ana qara xəbəri qızından eşidir. “O gün mənim faciəmin başladığı gün oldu” deyir. Məhləyə çatanda artıq hər yerə bayraqlar asıldığını, təmizlik işləri aparıldığını, izdihamın Muradı qarşılamağa hazırlaşdığını görür.... Həmin gün 20-ci sahə sakinləri iki şəhidini gözləyirdi, Muraddan iki saat öncə müharibəyə gedən, ondan iki saat əvvəl evlərinə gələn Əli Tağıyevi və Murad Qurbanovu....

 

Sonradan döyüş yoldaşları Muradın oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu deyəcəkdilər.... Qanlı döyüşdə Murad heç nəyə baxmayıb, irəli gedirdi, düşmənin canlı qüvvəsini, hərbi texnikasını məhv edirdi.... Birdən.... ürəyindən vurulur  Murad.... son sözü “vuruldum, anama....”davamını gətirə bilməyib..... Qollarının, ayaqlarının damarları güllələrdən kəsik-kəsik olub.... Bir gün neytral zonada qalıblar. Həmin yerə canlı qüvvə göndərilib, onlar şəhidlərə keşik çəkiblər.... Gəlib aparana qədər düşmən əlinə keçməsinlər.... Şəhidlərimizi qoruyan əsgərlərdən biri 20-ci sahədə yaşayan Fərhad olub. Sonradan o Mehriban anaya deyəcəkdi ki, təsadüfən telefonun işığını yandırıb yerdə yatan şəhidə baxanda çox tanış gəldiyini, Murad olduğunu görüb....

 

Oktyabrın 13-u Murad son dəfə evlərinə doğru yol alır.... Anası, bacısı, nişanlısı.... onu sevən çox sayda insanla vidalaşmaq üçün.... Ürəyi bala dağlı ana Muradını görəcəyini, balasına toxunacağını,onu oxşayacağını  deyir.... Xəstəxanaya gedirlər.... “Balamın, canımın əli, ayağı yerində idi. Çənəsinə toxundum, çox az tük çıxmışdı. Axı balam müharibəyə gedəndə onun saqqalını, saçını qırxmışdılar. Çənəsindən bildim ki, Muradımdır, məni bu dünyada tək qoyub gedən Muradım....”

 

Mehriban ana Muradının çənəsinə toxunanda özündən gedir.... Yanında həkimlə evə göndərirlər. Səhər saat onda Murad yenidən evlərinə gəlir.... İzdiham əlindən addım atmaq mümkün deyildi.... Hər kəs son dəfə sevimli Murada vida edirdi....

 

Oktyabrın 14-də qəhrəman Murad Badamdar şəhidlər xiyabanında uğrunda canından keçdiyi torpağa tapşırılır.

 

“Muradım muradına çatmadı” deyir, ürəyi bala dağı ilə alışıb yanan ana.... Oğlunun nişan üzüyünü, toyuna saxladığı parfümü, son dəfə üstündən çıxan şəxsi əşyalarını göstərir: “Ürəyimə daş bağlayıb, balamın əynindəki hərbi geyimini, üzərindəki əşyaları almaq üçün Daşburuna getdim. Amma geyimini vermədilər. Dedilər ki, veriləsi halda deyil.... ələ gələn deyildi geyimi....”.

 

Döyüş yoldaşlarının Murad haqqında xatirələri bitib, tükənmir. Onun qəhrəmanlığından, heç bir şeydən qorxmadığından, ürəkli olduğundan, cəsarətindən danışırlar. Neçə dəfə ölümü gözə alaraq, yaxın kəndlərə ərzaq gətirməyə gedib, döyüş yoldaşlarını aclıqdan qurtarıb Murad....

 

Ailəni ziyarət edən Hüseyn Muradın müharibədə onlara mənəvi güc verdiyini deyir:

“Murad o qədər  şən, zarafatçıl idi, elə bil döyüşdə deyildi. Heç nədən qorxmurdu, cəsarətinə heyran qalmışdıq. Zarafat edirdi, düşmənin qorxaq olduğunu deyirdi. Şəhid olmamışdan bir gün əvvəl yenə zarafatlarından qalmadı, bizi güldürürdü. Muradın müsbət enerjisi bütün batalyona bəs edirdi...”

 

Başqa bir döyüş yoldaşı Nahid isə Muradın anasından ötrü darıxdığını deyir:

“Bilirəm, anam da indi məndən ötrü çox darıxır, gözü yolda qalıb. O, məni görməyəndə rahat ola bilmir. Evdə olsaydım, indi ən çox sevdiyim kartof qızartması bişirirdi....”  

 

Mehriban ananın göz yaşları dayanmır, səbəb olduğum üçün üzr istəyirəm. Deyir ki, hər gün belədir, Muradsız hər şey mənasını itirib:

Muradı çox ərköyün böyütmüşdüm, atasızlığı hiss etdirməmişdim. Nə istəyirdi, onu da edirdim.Amma Murad sonuncu gün gedəndə mən istədim, o yerinə yetirmədi. Ana idim, evin tək oğlu idi, mən də istəyirdim ki, balam yanımda olsun, toyunu görüm. İndi Murad yoxdur, yaşamağımdan belə utanıram....”

 

Murad 44günlük müharibədə göstərdiyi qəhrəmanlığa görə, şəhid olduqdan sonra “Vətən uğrunda medalı”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

HAŞİYƏ: Murad şəhid olduqdan sonra ömründə bir gün onlara atalıq etməyən, arayıb, axtarmayan, bir ay aliment verməyən, məhkəmə qətnaməsi ilə “ölmüş hesab edilən” mənşəyi bəlli olmayan canlı türü asif rus arvadı ilə birlikdə “peyda” olur. Muradın şəhidliyi ilə bağlı ailəyə verilən aylıq 500 manata ortaq olub, qan pulundan ona çatmasını tələb edir. Təsəvvür edirsiniz.... demək ki, şərəfsizliyin həddi olmur.... 500 manatın aylıq 250 manatını alıb, rus arvadı ilə xərcləyir. İlahi ədalət.... Bir müddət sonra insult keçirib, əlil arabasına bağlı qalır. Amma yenə də Muradın qan pulundan əl çəkmir. Hazırda iş məhkəmədədir. Ata adına layiq olmayan bir canlı türünün adiliyindən o qədər dəhşətə gəldim. Məni böyüdən, əminəm ki, indi cənnətdə olan atamın timsalında elə bilirəm ki, bütün atalar müqəddəsdir. Demək ki, yanılmışam.... Hər övlad dünyaya gətirənə ata adı verilməməlidir, örnəyi asiflər kimi....

 

Muradgilin evindən ayrılıram, hava qaralsa da, 24 yaşlı qəhrəmanın divardakı nurlu rəsmi ətrafı da işıqlandırır. Muradın ruhu qarşısında baş əyirəm, təşəkkür edirəm:

 

“Sənin kimi qəhrəman Oğullar olmasydı, alnımızdakı 30 illik işğal ləkəsi silinməyəcəkdi. Torpaqlarımızla birlikdə şərəfimizi, namusumuzu özümüzə qaytaran igid, rahat uyu....”

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin