Qoşa "BEŞ"-in mübarək

08:56 28-11-2022 | icon 480 | Mədəniyyət
Qoşa "BEŞ"-in mübarək

Onu yaxından tanıyıram, aramızda haqq-salam var. Sadə, təvazökar, şən və mehriban adamdır. İnsanlarla ünsiyyət qurmağı, isti münasibət yaratmağı bacarır. Maraqlı həmsöhbətdir, onunla hansı mövzuda istəsən dərdləşmək olar. Qeyrətli kişidir, təəssübkeşliyi, mərdanəliyi də öz yerində. Ağayana hərəkətləri çoxdur, saymaqla qurtarmaz...

 
Deyir ki,- “Mən Ceyranbatanda doğulmuşam. Atam əslən Yardımlıdan, anam tərəf isə Cəlilabaddandır. Böyük əmim İkinci Dünya Müharibəsindən əvvəl Bakıya gəlib. O vaxtlar rayonlarda yaşayış yaxşı olmayıb. Çətinlik, aclıq və s.. Babam 1942-ci ildə elə savaşda həlak olub. Nənəmiz isə hələ savaş başlamazdan öncə, atamın iki yaşı olanda rəhmətə gedib. Atam uşaq yaşlarından atasız-anasız qalıb. Müharibə bitəndən sonra əmim onu Bakıya gətirib. Bir müddət Bakıda, hazırki 5 nömrəli xəstəxana ilə üzbəüz ərazidə yaşayıblar. Atam məktəbi bitirəndən sonra hərbi xidmətə gedib. O, əsgərlikdən qayıdana kimi böyük əmim rayona köçübmüş.
O vaxt Ceyranbatan təzə tikilirmiş. Ortancıl əmim Ceyranbatanda məskunlaşmışdı. Atam hərbi xidmətdən birbaşa Ceyranbatana qayıdıb və iki qardaş orada yaşayıblar. Atam bir az gec evlənib, 30 yaşında. Sürücülüklə dolandırıb ailəsini. Ceyranbatan qəsəbəsində anadan olmaq mənim qismətim olub. Sovet dili ilə desək, fəhlə ailəsində doğulmuşam. Anam evdar qadın idi. Bakıda anadan olsaydım, ola bilərdi ki, tam fərqli bir həyat yaşayardım. Bəlkə də, heç aktyor da olmazdım. Yəqin ki, qəsəbənin abu-havası və evimizlə üzbəüz yolun o tayındakı Mədəniyyət evi aktyor olmağıma səbəb olub. Mədəniyyət evində dərnəklər, xalq teatrı vardı. Məhz o dərnək mənim aktyor olmağıma bir stimul oldu, mənə yol açdı. Uşaqlığımın Mədəniyyət evində keçməsi, musiqi məktəbinə getməyim bugünkü aktyoru yaratdı. Bəlkə də, şəhərdə, məsələn, Sovetskidə, yaxud Kubinkada yaşasaydım, başqa cür ola bilərdi...”
 
 
Haqqında söhbət açdığım əməkdar artist İlqar Cahangir 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəsində anadan olub. 1994- cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetini bitirib. İlk dəfə teatr fəaliyyətinə Kamera Teatrında başlayıb və 2009-cu ilə qədər orada çalışıb. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. və daha sonra müstəqil "Oda" teatrının aktyoru olub. Uzun müddətdir ki, işsizdir, dram və kino aktyoru kimi yalnız film, serial və reklamlarda çəkilir...
 
 
“Orta məktəbi yaxşı oxumadığıma görə ana dilim çox zəif idi. Xəttim də pis idi. Yazdığımı iki saatdan sonra özümə versəydiniz oxuya bilməzdim. Evdən aktyor olmağımı istəmirdilər. Mən təkid edirdim. Gəldim ilk dəfə 1984-cü ildə imtahan verdim. İxtisasdan iki 3, bir 4 aldım. Yazılıdan kəsildim. İkinci il də ixtisasdan iki 4, bir 3 aldım, yenə yazılıdan kəsildim. Yaşımın ay fərqinə görə iki dəfə imtahan vermək imkanım olmuşdu. Sonra hərbi xidmətə getdim. 1985-1987-ci illərdə hərbi xidmətdə oldum. Altı ay Ukraynada oldum. Tank sürürdüm. Sonra Çexoslovakiyaya göndərdilər. İl yarım da orda xidmət etdim. 1987-ci ilin noyabrında əsgərlikdən gəldim. 1988-də Qarabağ məsələləri başladı. Sumqayıt hadisələrindən sonra məndə milli kimliyimiz haqda daha dərin məlumat almaq istəyi yarandı. Başladım axtarmağa, oxumağa. 1988-ci ilin noyabrında 11 gün mitinqdə iştirak etdim. Noyabrın 30-da bacım rəhmətə getdi. Mitinqdən çıxdım. 1988-ci ildə də imtahana girdim. Yenə yazılıdan kəsildim. Dayımın imkanı yaxşı idi. Adam tapdı ki, məni institututa qoydursun. Dedim yox ey, mən bu institututa özüm imtahan verib girməliyəm. 1989-da institututa qəbul olundum. İnstitututa qəbul olduqdan sonra vəziyyətin gərginliyi daha artıq hiss olunmağa başladı. 1990-cı ilin 20 Yanvar günü biz də küçələrdə idik. İki gün idi evə getmirdim. İndiki 20 Yanvar metrostansiyasından şəhərə çıxdım. O vaxt oranın adı “XI Qızıl Ordu” adlanırdı. Gördüm, indiki “Azərsu”nun qabağında ocaq qalayıblar. Hamı yığışıb ora. Əlimizi bir az isidib qalxdıq piyada “Şamaxinka”ya. Yollar bağlanmışdı, yoxlayıb maşını buraxırdılar. Bir az da oralarda dayandıq. Hardasa saat axşam səkkizə işləyirdi, üç-dörd nəfər idik, piyada düşdük dəmiryolu körpüsünə qədər. Bir “Jiquli” saxladı, bizi Xırdalanın dairəsinə kimi apardı. Ordan da avtobusla evə getdim ki, azca istirahət edim. Güllə səsləri evdə eşidilirdi. Yola tərəf gedəndə ağsaqqallar qoymadılar ki: “Yola çıxma!”. Həmin gecə Bakıda qanlı hadisələr oldu. Səhərisi də valideynlərimiz bizi eşiyə buraxmadı. Əslində, bu hadisələr mənə bir həqiqəti anlatdı – türk olduğumu! 1992-ci il idi. Bir gün anam dedi ki, evdə olarsız, atanız sizinlə söhbət edəcək. Evdəydik, atam bir az gec gəldi. Anam dedi ki, ata sizi çağırır. 5 otaqlı evimiz vardı. Atam zalda oturmuşdu. Girdik, gördük ki, atam oturub. Anam içəri girəndə ona dedi ki, sən hələlik otaqdan çıx. Xeyli bizə baxdı, 5-10 dəq ayaqüstə dayandıq. Sonra başıyla işarə etdi ki, oturun. Oturduq. Atam başladı danışmağa. O vaxt mən tələbə idim. Ortancıl qardaşım da nişanlıydı. Rəhmətlik kiçik qardaşım durdu ayağa. Əvvəl duruxdum. Mən, sonra da ortancıl qardaşım ayağa qalxdıq. Atam- “Biriniz!”- deyə, dilləndi. Başqa heç nə demədi. Kiçik qardaşım 1972-ci ildən idi. Mən 1967, ortancıl qardaşım isə 1969. Kiçik qardaşım- “Ata, Azad nişanlıdı, İlqar da tələbədi, mən gedirəm.”-dedi. Onda hazırlaş!- deyə, atam fikrini bildirdi.
 
 
Beləcə, qardaşım getdi müharibəyə. 1993-cü ildə mən də hərbi komissarlığa gedib:- Tankçıyam, ehtiyac varsa, mən də gedə bilərəm.-deyə müraciət etdim. Qeyd elədilər, yazdılar. Dedilər ki, lazım bilsək, xəbər edərik. Müharibənin sonlarıydı. 1994-cü ildə qardaşım şəhid oldu.”- söyləyir.
 
 
Çox istedadlı aktyordur. Bir dəfə Yardımlıda görüşünü təşkil etmişdim. Görüş qabağı rayon mərkəzində, çayxanalardan birində əyləşib, çay içirdik. İnsanlar ona hörmətlə yanaşıb, salamlaşırdılar. Birdən biri yaxınlaşıb, müraciət etdi ki, biz ailəlikcə “Yuxu kimi” serialına baxırıq. Xahiş edirəm deyəsiniz, filim necə qurtaracaq? İlqar həmin serialda kriminal rol oynayır. O ərəfədə canlandırdığı “Maks” obrazı həbsxanaya düşmüşdü. Gülümsəyərək, sual verənə- “Məni içəri salıblar, çöldən xəbərim yoxdur.”- deyə cavab verdi...
Deyir ki,- “Tam səmimi deyirəm, çəkildiyim serialların necə davam edəcəyindən xəbərsiz oluram. Məsələn, on gün çəkilişdə olmalıyıq. Doqquzuncu gündür, hələ bilmirəm ki, onuncu gün yenə çəkiliş var, on birinci gün yeni serial başlamalıdı. Bilmirəm ki, filim hansı səmtə yönələcək. Türkiyədə bu xəttdən istifadə edirlər. Yəni, sonradan görürlər ki, ssenarinin içində müəyyən bir xəttə tamaşaçılar daha çox meyl edir. Başlayırlar əsas xətti qoyub, məhz həmin xətii genişləndirməyə. Tam deməzdim ki, sonda nə olacağını bilirəm. Bircə onu bilirəm ki, hadisələr 60 seriyaya qədər gedəcək. Ondan sonra nə olacağından xəbərsizəm. Serial gedə-gedə yazılır ssenari. Doğrudur, aktyor bütün hadisələri əvvəlcədən bilməlidir, oxumalıdır ki, həmin əhvala köklənə bilsin. Olub ki, ssenari müəllifi ssenarini gecə saat 01:00-da atıb. Gecə səhərədək oxumuşam ki, sabah nə edəcəyimi bilim...”
 
 
Bəli, istedadlı aktyor olduğu kimi, həm də gözəl insandır. Yoldaşlıqda mükəmməl, dostluqda sədaqətlidir. Ətrafında baş verən hadisələrə biganə qala bilmir. Əsl ziyalı kimi münasibət bildirməyə tələsir. Bəlkə də işsiz qalmasının səbəbi də bundadır, cəzalandırılır. Əslində, bəzən mən onu Fuad Poladova bənzədirəm. Şəxsiyyət kimi şəxsiyyət, aktyor kimi aktyor...
 
 
“Mən “Pərvanələrin rəqsi”ndən sonra populyar oldum. Bu seriala qədər teatrda çox mükafatları almışdım. Teatrda çox adamın arzusunda olduğu rolları belə oynamışdım. 12 il Otellonu oynamışam. Səkkiz il Ezop oynamışam. 2 il Şah Edip oynamışam. Con Steynbekdən “Adamlar və siçanlar”da oynamışam. Deyirəm ki, 22 illik teatr təcrübəmdə “Tarqovı”dan başqa heç yerdə tanımadılar. Amma, iki aylıq televiziyadan sonra “Tarqovı”dan başqa hər yerdə tanıdılar. Televiziya adamı populyarlaşdırır. Rövşən İsaxla tələbə yoldaşıyıq. Seriallar çəkilməyə başlayan vaxtlar idi. Yeddi-səkkiz nəfər tələbə yoldaşları görüşmüşdük. Rövşən işini bilən rejissordu. O vaxt seriallara 5 milyon manat pul ayrılmşdı. O vaxt 16-ya yaxın serial çəkilib. Üzdə olan iki-üç dənəsi oldu. “Sirr”, “Məhkumlar” kimi. Sonra “Sonuncu fəsil” çəkildi. Lider TV-də bir layihə oldu. Asif Abramov çəkdi. Orda müstəntiqi oynayırdım. Axırıncı da “Ögey ana” oldu. “Dəfnə ağacı” serialında da oldum. Xəzər TV-də də bir layihə başlandı. Amma, o, çox getmədi, yarımçıq qaldı.”- söyləyir.
 
 
Öz üzərində işləməyi, mütaliə etməyi xoşlayır. Rabindranat Taqoru, Selencerin hekayələrini sevir. Əvvəllər onları çox oxuyub. Son vaxtlar az mütaliə etdiyini söyləsə də, “Norveç meşələri”ni, Xalid Hüseyninin “Çərpələng uçuran”ı, “Min möhtəşəm günəş”i və s. müəlliflərin kitablarını oxuduğunu bildirir...
 
 
Deyir ki,- “Bizim serialları türk serialları ilə müqayisə etmək lazım deyil. Aradakı fərq uçurum kimidi. Serial da belədir ki, bir müəyyən məbləğ var. Bu məbləğə 10 seriya çəkilməlidi. Bu da 1 ay vaxt istəyir. 40 nəfər də işçi var. Çay verənindən tutmuş, layihənin rəhbərinə qədər. O verilən məbləğ aşağıdan yuxarıya bölünməlidir. Yəni, artıq müəyyən nizam var. Məsələn, bir dəfə bir aktrisanı çağırdılar. O, deyiləndən ikiqat artıq istədi. Geri çəkildilər ki, imkan yoxdu. Onu çəkmədilər. Mən də elə, artıq desəm, məni çəkməzdilər. Mən deyirəm ki, son nədi? Onu deyirlər, razılaşıram. Burda maaş da aylıqdır. Qane edir hələ ki. Bu gün Azərbaycan reallığında budur. Maliyyə ancaq sponsordan gəlir. Bizdə də əsas serial işləyən ATV və Xəzər TV-di də. Serialdan gəlirim təxminən 1000-1500 manat arası olur...”
 
 
İllər öncə “Əməkdar artist” fəxri adına layiq görülsə də, İlqar Cahangirə bir idtededlı aktor kimi, hələ də əsl dəyəri verilməyib. İnanıram ki, nə vaxtsa həmin “DƏYƏR” öz ünvanına yetişəcək…
 
 
İlqarın 55 yaşı tamam olur. Necə deyərlər, ömrün 55-ci təntənəsini qeyd edəcək. Yəni əladan da əla…
Bu münasibətlə onu təbrik edirəm, Allahdan uzun ömür, firəvan həyat və yaradıcılıq uğurları diləyirəm. Yanındayıq, gözəl insan, qoşa "BEŞ"-in mübarək!..
 
 
Elman Eldaroğlu
/Təzadlar.az saytının köşə yazarı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...