“Azərbaycan birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır”

13:36 01-12-2022 | icon 314 | Siyasət
“Azərbaycan birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır”

Razi Nurullayev: "Paşinyanı sülhə imza atmağa Fransa qoymadı"

 

30 ilə yaxın müddətdə işğal altında olan Azərbaycan torpaqlarını ilhaq etmək üçün cinayətlər, soyqırımlar, lokal müharibələr törədən Ermənistan, nəhayət 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks – hücum əməliyyatına 44 gündən artıq duruş gətirə bilmədi. Erməni ordusunun  hərb meydanında məğlub edilərək ərazilərimizdən çıxarılması düşmənin 2020-ci il 10 noyabr üçtərəfli sazişində kapitulyasiyaya imza atması və ərazilərin bir qismini döyüşsüz təslim etməsi və son olaraq dekabrın 1-də Laçının erməni quldurlarından boşaldılması ilə yekinlaşdı. Digər tərəfdən, Üçtərəfli sazişə əsasən erməni hərbi quldurları rus sülhməramlıları bölgəyə daxil olan kimi sıxışıb qaldıqları – Xankəndi, Xocalı, Ağdərə – bir sözlə bütün ərazilərimizdən çıxarılmalı idi. Həmin sazişdən 2 il ötməsinə baxmayaraq nə ruslar, nə də separatçılar icrası nəzərdə tutulan ötəlikləri yerinə yetirmir, əksinə erməni revanşizmi xarici havadarlarının dəstəyi ilə dirçəldilir. Rusiya sülhməramlıları isə Qarabağda “rus operası” yaratmaqla məşğuldur. Laçının bir güllə atılmadan boşaldılmasının növbəti ildönümündə “dəhlizlə” bağlı hansı “sürprizlər” ortaya çıxa bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bir çox qaranlıq məsələlərə aydınlıq gətirib.

 

- Razi bəy, Azərbaycan dövlət lideri Ermənistanın Fransanı danışıqlar prosesinə qatmaq şərtinə cavab olaraq dekabrın 7-də keçirilməsi nəzərdə tutulan V Brüssel görüşündən imtina etdi. Ermənistan və havadarları bu dəfə kimin “musiqisi”nə oynayır və necə hesab edirsiz, Avropa İttifaqı bundan əvvəlki danışıqlara söykənərək Ermənistanı “Fransa sevdası”ndan əl çəkməyə sövq edə bilərmi və ermənilərin sülh masasına otuzdurulması üçün Avropa İttifaqından hansı təsirlərin göstərilməsi mümkündür?

 

- Birinci növbədə qeyd edim ki, Fransanın danışıqlar prosesinə təsiri və onun Azərbaycan üçün yarada biləcəyi təhlükə o qədər də güclü deyil. Fransanın Ermənistanı birtərəfli qaydada müdafiə etməsi, Ermənistanın tərəfini açıqca tutması danışıqlar prosesinə zərbə vurmaqla yanaşı, həm də sülh prosesini ləngidir, Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamaqdan uzaqlaşdırır. Əslində Fransa Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olmasına çalışsaydı, Ermənistana birtərəfli qaydada dəstək verməməli idi. Çünki Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamağa hazır idi. Paşinyan, ümumiyyətlə erməni siyasətçiləri içərisində daha doğru düşünə və reallığı görə bilən siyasətçi idi. Amma onu bu yoldan Fransa daşındırdı. Paşinyanı sülh yolundan daşındırmaqla həm də Ermənistana problem yaratmış oldu. Və birinci zərbəni Ermənistan 12-13 sentyabr tarixlərində aldı. Bu günə qədər də orada həlak olan erməni əsgərlərinin tam sayı bilinmir və cəsədləri də Ermənistan tərəfə tam olaraq ya verilməyib, ya tapılmayıb. Yəni Qafqazlardan min kilometrlərlə uzaqda yerləşən Fransanın bu gün Cənubi Qafqaza bu şəkildə müdaxilə etməsi Cənubi Qafqazdakı stabilliyi bütövlükdə pozur. Fransa bu niyyətlərindən nə qədər tez geri çəkilsə, bir o qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin və stabilliyin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, həm də Rusiya bu məsələlərə maneçilik edir. Rusiya sülhməramlılarının Qarabağda hansı fəaliyyətlər göstərdiyinin, birtərəfli qaydada Ermənistanın tərəfini tutduğunun da şahidi oluruq. Təbii ki, bütün bunların hamısının cavabı olacaq. Bu gün Azərbaycan elə zəif ölkə deyil ki, nə Rusiyanın, nə də ki, Fransanın önündən çəkilsin. O baxımdan Fransa və Rusiya Azərbaycanla Ermənistan arasında sülh istəyirsə, ümumilikdə Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkinməlidir. Çünki birtərəfli qaydada Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu gün onların Azərbaycana qarşı bu cür hərəkətləri həm də öz öhtəliklərinə əməl etməmək və Beynəlxalq Hüququ da ayaqlar altına alıb tapdamaq anlamına gəlir.

 

- Ermənistan silahlı qüvvələri sərhəddə atəşkəsi pozmaqda davam edir. Laçın şəhərinin üçtərəfli sazişə əsasən güllə atılmadan azad olunmasının növbəti ildönümü ərəfəsində Ermənistanın Azərbaycanla sərhəddə yaratdığı gərginlik prosesin hansı istiqamət almasından və hansı reallıqdan xəbər verir. Vəziyyət müharibə-antiterror əməliyyatı və Laçın yolunun bağlanmasını, nəzarətə götürülməsini nə dərəcədə zəruri edir?

 

- Laçın dəhlizi 2020-ci il 10 noyabr razılaşmasından irəli gələn məsələdir. Bu gün Ermənistan Azərbaycanın humanitar dəhliz kimi onlara təqdim etdiyi Laçın dəhlizi vasitəsilə xain məqsədlər üçün seperatçı qüvvələrə silah daşıyır. Onların Azərbaycanın suveren ərazisi olan Xankəndiyə bu humanitar dəhlizdən silah daşımaq üçün istifadə etməsi Azərbaycana tam hüquqi əsaslar verir ki, Laçın dəhlizini bağlasın. Hələ ki, Rusiya tərəfi buna təzyiq göstərir və razılaşmır. Amma Rusiyanın da Laçın dəhlizindən silah daşımaq, orada olan qanunsuz hərbi birləşmələrinin güclənməsi üçün bir resusrs kimi istifadə etməsi də Azərbaycan tərəfinin gözündən qaçmır. Bu da rus sülhməramlılarını və Rusiyanı bir vasitəçi kimi gözdən salır. Ona görə də Azrəbaycanın hətta deyərdim ki, bu gün, bu saat, bu dəqiqə və bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var. Ümid edirəm ki, Azərbaycan bu hüququndan istifadə edəcək. Bizim bilmədiyimiz məqamlar ola bilər. Azərbaycanın prezidenti bu məsələlərlə bağlı daha çox məlumatlıdır, bilir. Ümid edirəm ki, Azərbaycan xalqının və siyasi qüvvələrinin dəstəyini alaraq, bu qərarı da verəcək. Bu qərarı verdiyi zaman da biz bir nəfər kimi cənab prezidentin yanında dayanıb onu müdafiə edəcəyik.

 

- Erməni silahlılarının rus sülhməramlıları ilə birgə Qarabağ iqtisadi zonasında sərgilədiyi özbaşına davranışları azmış kimi, bir yandan da Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırması, Qarabağda Azərbaycan toponimlərini erməniləşdirməsi və sair manevrlər Avropanın Ermənistanda olan texniki missiyasına hansı “pas”ı ötürmüş olur və yaxud bu, sülhməramlıların davranışlarına qarşı hansı alternativləri ortaya çıxarır?

 

- Rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti bizi qane etmir. Onların özbaşına hərəkət etməsi, bu əraziyə bir rus ərazisi kimi baxması, orda seperatçı qüvvələrin tərəfini tutması təbii ki, Azərbaycan insanlarını, Azərbaycan tərəfi narahat edir. Hətta Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı məlumatlar yayılan zaman Qarabağda yerləşən və halhazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ermənilərin yaşadıqları ərazilərin ermənilərin qoyduğu uydurma erməni adları ilə yox, Azərbaycan toponimləri, adları ilə adlandırılmasını tələb etməsi də qulaqardına vurulur. Rusiya Müdafiə Nazirliyinin bu hərəkəti başa düşülən deyil, Azərbaycan tərəfində qəzəb doğurur və bizi birtərəfli addım atmağa vadar etmək məqsədi daşıyır. Rusiya bilsin ki, Azərbaycan heç də tək deyil. Azərbaycan prezidentinin də dediyi kimi, Türkiyə ordusu Azərbaycan ordusudur, Azərbaycan ordusu da Türkiyə ordusudur. Bizim ordularımız eynidir. Ona görə də Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Ən azından Rusiya prezidenti Vladimt Putinin “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində müharibə aparır” sözünü də unutmamalıdır. Bu gün də Rusiya Azərbaycanın ərzi bütövlüyünü tanıyır. Və Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın qəbul etdiyi toponimlərdən istifadə eləməlidir. Bu gün onlar çox mədəniyyətsiz, qabiliyyətsiz hərəkət edir, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanın toponimlərindən istifadə etmək istəmir. Bu bizə əsas verir ki, bu gün həssas durumda olan, qanunsuz hərəkətlər edən və müxtəlif millətlərin respublikalarından ibarət olan Rusiyaya analoji addım atsın. Bu gün Rusiya elə bir vəziyyətdə deyil ki, Azərbaycana qarşı təpik atsın. Azərbaycan ona qarşı bu addımı atarsa, Rusiya təbii ki, bundan xoşlanmayacaq. Hörmət hörmətə bağlıdır. Rusiya bizə hörmət etməsə, biz də Rusiyaya hörmət etməyə borclu deyilik.

 

- Üçtərəfli sazişə əsasən kapitulyasiyaya imza atan Ermənistan bir çox məsələlərlə yanaşı, Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhtəlikləri yerinə yetirmir. Bu istiqamətdə İranın təsirlərini ölkəmizə qarşı sərgilədiyi aqressiyanı necə dəyərləndirmək olar. Azərbaycanı -cəsus şəbəkəsi, dini-ideoloji, narkotik müharibələri, indi də hərblə təhdid edən İran, bu gün işğalçıya hansı stimulu verir, Azərbaycanla bağlı dərdi nədir?

 

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməsə, Azərbaycan da birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır. Yəni bunun çək-çevirə ehtiyacı yoxdur, bunun suala ehtiyacı yoxdur. Azərbaycan tərəfi halhazırda bu məsələləri düşünür, götür-qoy edir. Hələ də Laçın dəhlizini bağlamaması müəyyən obyektiv və subyektiv səbəblərə bağlıdır. O obyektiv və subyektiv səbəblərin aradan qalxması ilə bağlı müəyyən işlər aparılır.

Sonra ermənilər üçün gec olacaq. Bu gün onlar hələ ki, rus sülhməramlılarına güvənib bu cür təxribatlara əl atır və Zəngəzur dəhlizini də açmaq istəmirlər. Təbii ki, Ermənistan əl-qolunu sallayıb Qarabağa gələ bilməz. Bu, Azərbaycanın müstəqilliyinə həqarətdir, Azərbaycan xalqına təhqirdir. Məndən olsa bax elə bu saniyyə Laçın dəhlizini bağlayaram və Xankəndidə olan seperatçıların həbs olunması üçün genişmiqyaslı antiterror əməliyyatlarına başlayaram. Orada olan bütün seperatçıları əl-qolu bağlı Bakıya gətirərək müttəhimlər kürsüsündə əyləşdirib, onlara layiq olduqları cəzanı verərəm. Heç bir güzəşt ola bilməz. Azərbaycan da bu gün imkanı var ki, Ermənistanın ərazisinə hücum edib Köyçə gölünü götürsün, Zəngəzuru, ümumiyyətlə öz qədim ərazilərinin hamısını işğaldan azad etsin. Azərbaycanın buna hərbi gücü də var, siyasi iradəsi də var. Bu, təbii ki, Ermənistanın və onu müdafiə edənlərin xoşuna gəlmiyəcək. Azərbaycanın da xoşuna gəlmir ki, işğalçı Ermənistan Azərbaycanın ərazisini işğalda saxlasın, seperatçılarını, terroristlərini Azərbaycanın ərazisində, Xankəndidə saxlasın. Bu, birmənalıdır. Ona görə də Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur.

İrana gəlincə, İranın müsəlman kimi yox, xristian kimi hərəkət etməsi, Paşinyanı Quranın altından keçirməsi, Quranla qarşılaması İslam dininə təhqirdir. Bütün bu hərəkətləri “İran-İslam Respublikasına” bağlanmayacaq. Azərbaycan dövləti İrana hörmətlə yanaşıb, İranın milli maraqlarına hörmət edib, İranla dostluğunu davam etdirmək istəyib. Amma İran Azərbaycanla bütün körpüləri yandırdı, yandırır və yandırmağa davam edir. Bizim də başqa yolumuz yoxdur, əgər onlar o körpünü yandırdısa, bizim o körpünü bərpa etmək niyyətimiz yoxdur. Çünki biz 30 ildə onu çox bərpa etmişik, İran isə yenidən yandırıb. Və artıq bu xərci çəkmək niyyətimiz də yoxdur. Qoy İran o körpüləri yenidən tiksin. Tikmək istəyəcəksə, barış əlini uzadacaqsa, günahını boynuna alacaqsa və bir İslam dövləti, müsəlman dövləti kimi hərəkət edəcəksə, o zaman biz bu barədə düşünə bilərik. İranın bu gün Azərbaycana təsir etmək imkanları, Azərbaycanı işğal etmək, Azərbaycana hücum etmək imkanları sıfıra bərabərdir. İran bu kimi ağılsız hərəkət edərsə, qarşısında Azərbaycan ordusunu görəcək və bütün dünyanı görəcək, İsrailin F-16-larını, F-35-lərini görəcək. İsraildən İrana olan məsafə 2000 kilometrdir, Bakıdan İrana olan uçuş məsafəsi 550 kilometrdir. Bu gün İsrail də İranın nüvə obyektlərinə F-16 və F-35-lə zərbə vurub yenidən öz bazasına qayıtmaq üçün bir məkan axtarışındadır. Ümid edirəm İran elə səhv etmiyəcək ki, Azərbaycan bu imkanı İsrailə tanıtsın.

 

- Razi bəy, necə hesab edirsiz, Azərbaycanın daxilində ictimai-təşkilatların dialoqu və yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində atılan addımlar mövcud şəraitlə nə dərəcədə adekvatdır? Xaricin ölkəmizdəki “kolon”ları nə dərəcədə izlənilir və yaxud təsir gücləri nə dərəcədə tənzimlənir?

 

- Təəssüfedici haldır ki, Azərbaycandakı ictimai-siyasi qüvvələrdən müxtəlif düşmən qüvvələr istifadə etməyə çalışıb və buna nail də olub. Birinci növbədə Azərbaycandakı ictimai-siyasi təşkilatlardan, siyasi partiyalardan istifadə edən, onları öz tərəfinə çəkə bilən İran və Rusiya olub. Mən deyərdim ki, artıq Azərbaycanın Hüquq Mühafizə orqanları tərəfindən bu cür cəhdlərin qarşısı alınıb. Təbii ki, Azərbaycanda Siyasi partiyalar və qanunvericilik orqanları ilə iş şöbəsinin yaradılması da bu məsələlərdə nizam-intizamın yaradılmasına səbəb olub. Bu şöbə Azərbaycandakı vətənpərvər, dövlətçi qüvvələri, eyni zamanda, xain qüvvələri də aşkara çıxartdı. Mən deyərdim ki, artıq biz bu gün kimin azərbaycançı, dövlətçi olduğunu, kimin də xarici qüvvələrin əlində bir alət olduğunu bilirik. Biz bu gün görürük ki, hansı qüvvələr İranın və digər ölkələrin Azərbaycana qıcadığı dişini sındırmağa çalışır, onlara qarşı çıxış edir, onları tənqid edir, hansı qüvvələr isə kənarda qalır, ikili oyun oynayır və yaxud birbaşa dəstəyini həmin düşmən qüvvələrə ifadə edir. Bu o deməkdir ki, onlar azərbaycançı qüvvələr deyil, Azərbaycanı sevmirlər və onlar doğrudan da “5-ci kolon”dular. Bax bütün bu məsələlərin aşkara çıxarılmasının təbii ki, yeni yaranan siyasi konfiqurasiyanın rolu oldu. /"həftə içi"/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür