Bakıya meydan oxuyan “sülhməramlılar”

13:51 01-12-2022 | icon 508 | Siyasət
Bakıya meydan oxuyan “sülhməramlılar”

"Məqsədi bölgədə Rusiya hərbi missiyasının vaxtını uzatmaqdır"

 

Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyasının sülhməramlı kontingentinin yaydığı məlumatlarda Azərbaycan yer adlarının erməni dilində deyilməsi, "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi, atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı yalan məlumatların yayılması ilə bağlı təxribatçı çıxışlara son qoyulması tələbi hələ ki, cavabsız qalır. Regionda müharibə vəziyyətini yenidən alovlandırmaqda maraqlı  görünən Rusiya sülhməramlılarının erməni mövqeyi, dəhliz vasitəsilə qeyri-qanuni silahlı birləşmələr üçün daşınan hərbi və “humanitar” yüklər, Laçın dəhlizindən təyinatı üzrə istifadə edilmədiyini ortyaya qoymaqla, hansı zəruri addımlartın atılmasını tələb edir? Rusiya sülhməramlılarını Azərbaycana qarşı danışdıran nədir?

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi qısa müddət ərzində neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingenti”nin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirir:

“Amma ruslar Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovuşanı “Madagiz” adlandırmaqda davam edirlər. Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl də ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, Xankəndini heç vaxt öz adı ilə yazmayıblar. Kreml sahibi Vladimir Putin bircə dəfə hərbçilərinə desə ki, Qarabağla bağlı yazışmalarda və açıqlamalarda Azərbaycan qanunlarına riayət edin, “sülhməramlı kontingenti” şəhər, qəsəbə və kəndlərimizin adlarını olduğu kimi vurğulayar. Bunu etmirlərsə, demək, Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar”.

 

Onun sözlərinə görə, separatçıları Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər və təlimatı Moskvadan alıblar. Onun sözlərinə görə, təxribatın məqsədi bölgədə Rusiya hərbi missiyasının vaxtının uzadılmasıdır:

“Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac olacaq. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır ki, sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir, üç ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”.

 

E.Şahinoğlu qeyd edir ki, erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək, Azərbaycan Ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar. Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər:

“Bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək, “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, “separatçıların postu” olmamalıdır, bu, Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət, separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var”.

 

Ekspert  bütün bunlarla yanaşı hesab edir ki, bu gün söhbət Laçın yolunun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir:

“Məqsəd həmin yolda nəzarət postları yaratmaqla Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşların ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır. Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır”.

 

“Təkamül” partiyasının sədri Teyyub Qənioğlu bildirib ki, kapitulyasiyaya imza atan Ermənistan, ona vasitəçilik edən Rusiya öhdəliklərini yerinə yetirmir.

 

Onun fikrincə, Ermənistanın II Qarabağ müharibəsindən keçən iki il ərzində yenidən revanşist çıxışlar etməsinin arxasında üçtərəfli sazişlə regiona daxil olub öz öhdəliklərini yerinə yetirməyən Rusiya sülhməramlılarının fəliyyətsizliyi və yaxud ermənipərəst fəaliyyəti dayanır:

“Danışıqlar prosesində ermənilər atəşkəsi pozur, rus sülhməramlıları isə regionda  Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd edir, yaydıqları məlumatlarda “Dağlıq Qarabağ” ifadəsini işlətməklə ölkəmizin suverenliyinə hörmətsiz və təhdid dili ilə danışırlar. Əgər bu missiya regionda gərginliyi yaratmaqda maraqlıdırsa, erməniləri ölkəmizə ayaq basdığı bütün sərhədlər bağlı saxlanılmalıdır. Heç şübhəsiz, Zəngəzur dəhlizini açmaqda maraqlı deyilsə və sülhə qarşı təhdid yaradırsa, Laçın dəhlizi dərhal bağlanmalıdır. Əks halda, ermənilərin həyasız davranışları, eləcə də rus sülhməramlılarının onlarla birləşərək Azərbaycana qarşı təhdid dili ilə danışmaları davam edəcək”.

 

Hərbi ekspert Elxan Şıxəliyev bizimlə söhbətində ermənilər tərəfindən atəşkəsin pozulmasının iki istiqamətdə baş verdiyini qeyd edib:

“Atəşkəs Arazdan Tovuza qədər olan ərazidə Ermənistan silahlı qüvvələri ilə birbaşa təmasda olan şərti sərhədlərdə pozulur. Digər pozuntu isə Qarabağ iqtisadi bölgəsində atəşkəsin pozulmasıdır. Şərti təmas sahəsində atəşkəs Avropa Birliyinin, ATƏT-in 400 nəfərlik mülki missiyanın hazırlayacağı hesabatlara yönəlik olaraq pozulur ki, gələcəkdə Azərbaycana qarşı siyasi sanksiyalarda istifadə edə bilsinlər. Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə atəşkəsin pozulması isə Rusiyanın özünün fəaliyyəti və fəaliyyətsizliyi ilə baş verir”.

 

Hərbi ekspert bildirib ki, atəşkəsin pozulmasının davamlı hal alması və daha sonra KTMT-yə daxil olan rəhbərlərindən verilən mesajlar Ermənistanı Qarabağ üzərində xəyal qırıqlığına uğratdı. Onun fikrincə, məhz Soçi görüşündən sonra Ermənistanın mətbuat vasitəsi ilə rus sülhməramlıların fəaliyyətinin vaxtının 20 ilə uzadılması Rusiya ilə Ermənistanın razılaşdırılmış bir planı idi. Lakin Ermənistan və Rusiyadan gələn bu cür mesajların cavabı Azərbaycan tərəfindən verildi:

“Prezident mesaj verdi ki, Rusiya sülhməramlılarının nəzarətində olsanız da belə  təhlükəsizliyin təminatı yönündə həvəslənməyin, çünki rus sülhməramlılarının müddəti 2025-ci ildə bitəcək. Rusiyanın Ruben Vardanyanla bağlı layihəsinə də Azərbaycanın açıq cavabı oldu. Hesab edirəm ki, ermənilərin aqressivləşməsinin bir hissəsi də bununla bağlıdır. Digər tərəfdən, Rusiya sülhməramlıları elə bir şərait yaradıb ki, konflikt böyüsün. Ermənilər atəşkəsi pozmaqla sülhmərmlıları atəş altında qoymağa çalışır. Bu da ermənilərin gizli planlarıdır: ərazidə münasibəti gərginləşdirmək üçün atəşkəsi pozub sülhməramlıların arxasında gizlənib Rusiyanı atəş altında qoymaq. Erməni qeyri-qanuni birləşmələri bizim üçün ciddi təhlükə deyil. Amma bizi sülhməramlılarla qarşı-qarşıya qoya bilərlər. Hesab edirəm ki, bizim birinci eşalon bunun fərqindədir. 360 dərəcə perimetrdə siahlı qüvvələrimiz elə yerləşib, o bölgədə olan erməni silahlı qüvvələrinin qeyri-qanuni hərəkətlərini vizual olaraq izləyə bilirik. Nə qədər əlisilahlı var, mövqeləri nədən ibarətdir. Yeri gələrsə, biz nöqtə zərbələri həyata keçirməklə sülhməramlılara heç bir xətər törətmədən terrorçuları zərərsizləşdirmək imkanımız var. Ermənilər  bu yöndə bizim hərbi qüvvələrimizin səbrini test edirlər. Lakin sülhməramlıların fəaliyyətsizliyi və qeyri-qanuni silahlı birləşmələrin atdığı addımlar antiterror əməliyyatını sürətləndirə bilər”.

 

E.Şıxəliyev bildirir ki, üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlıları bölgəyə daxil olan kimi, erməni qeyri-qanuni birləşmələri dərhal çıxarmalı idilər. Onun fikrincə, əslində bu gün Qarabağda Azərbaycana hörmətsiz yanaşan sülhməramlıların fəaliyətlərini düzgün icra etməməsinin başlanğıcı onda oldu:

“Rus sülhməramlıları bugünkü atəşkəsin pozulması faktının toxumunu o zaman əkdilər, indi cücərtilərini görürük. Xatırladaq ki, müharibədə iştirak edən erməni ümumqoşun ordusunun iki diviziyası var idi – biri cənubda 18-ci, şimalda 10-cu diviziya. Bunlar müharibədən sonra indiki ərazilərdə – Xocalıda, Ağdərədə, Xocavənd, Xankəndi bölgəsində yerləşdi. Rusiya sülhməramlıları bunları yenidən təşkilatlandırıb bir hərbi birləşmə vəziyyətinə gətirib. İndi onlar onun adını “Qarabağ müdafiə ordusu” qoyublar. Təxminən, 6 minə yaxın əlisilahlı heyətin orada olmasını təşkilatlandırdılar. Rusiya bunu ona görə etdi ki, özünün strateji planlarında münaqişənin bitməsini istəmir. Hələ  2020-ci il 10 noyabrda bizim silahlı qüvvələr Laçın dəhlizindən çıxanda, Xankəndidə ümumiyyətlə erməni qalmamışdı. Ermənilər ərazini tərk edirdilər, Laçıq dəhlizi boyunca tıxac yaranmışdı. Şimal cəbhəsində də erməni alayları mühasirəyə düşürdülər. On min yaxına erməni hərbçisi mühasirəyə düşə bilərdi. Ermənilər kapitulyasiyaya imza atmaqla, həmin o qruplaşmaları xilas etdi. Buna isə Rusiya şərait yaratdı. Rusiya düşünür ki, bura gəlişləri əbədidir və strateji plan olaraq Azərbaycanda da bir baza yaratmaq istəyirlər. Planlar Soçi görüşündən sonra pozuldu. Azərbaycan elan etdi ki, 2025-ci ilin sonrakı mərhələsində burada sülhməramlı olmayacaq. Soçi görüşündən sonra bizim siyasi iradənin verdiyi mesaj yerinə çatıb.  İndi qeyri-qanuni birləşmələr, erməni siyasi rəhbərliyi yol xəritəsini 2025-ci ilə qədər hesablayır və qalmaq üçün variantlar axtarmağa başlayıb. Onlar anladılar ki, Laçın dəhlizini onlara ona görə rəva bilmişik ki, gələcəkdə onlar da Zəngəzur  dəhlizini rəva bilsinlər. Birtərəfli qaydada Ermənistan Zəngəzur dəhlizinin olmamasına qərar verəcəksə, biz Laçın dəhlizini niyə açıq saxlamalıyıq? Xüsusən də məlumdur ki, Laçın dəhlizi təyinatına görə istifadə olunmur. Ona görə də Azərbaycanın həm Rusiyadan, həm də Ermənistndan tələbi odur ki, öhdəlikləri yerinə yetirsin”.

 

Hərbi ekspert növbəti yol xəritəmizə diqqət çəkib. Onun fikrincə, birinci dinc yolla – Qarabağda olan ermənilərə Azərbaycan vətəndaşları olmalarını qəbul etdirməkdir. İkinci variant isə güc yolu ilə yol xəritəsini sonlandırmaqdır. Ekspert hər iki yolu Azərbaycanın legitim hüququ sayır:

“Biz səbir edirik, çünki imzamıza hörmət edirik. Əgər üçtərəfli sazişə imza atmışıqsa, 2025-ci ilə qədər danışıqlar yolu ilə qarşı tərəfin sülhə gəlməsinə çalışacağıq. Yox əgər Azərbaycanı təhrik edəcəklərsə, “Fərrux”, “Qisas” əməliyyatları növbəti dəfə keçiriləcək. Rusiya sülhməramlıları 2025-ci ildən o tərəfə çox da həvəslənməsin”.

 

YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bilirib ki,  Azərbaycan Müdafiə Nazirliyi Qarabağ İqtisadi Zonasında müvəqqəti yerləşən sülhməramlı kontingentinin rəhbərinə dəfələrlə müraciət, xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya tərəfi hələ də buna məhəl qoymur. Ərazi adlarına özünün keçmiş sovet xəritələri, ərazi prinsipi əsasında yanaşır.

 

A.Əsgərli qeyd edir ki, Qarabağda Ağdərə rayonu inzibati olaraq mövcud deyil, coğrafi olaraq Ağdərə şəhəri var. Onun fikrincə, bu şəhərə Mardakert deyilməsi, şübhəsiz ki, təxribatdır və Azərbaycan qanunvericiliyinə, Azərbaycan qanunlarına Rusiya tərəfinin hörmətsiz yanaşmasıdır:

“Bu, eyni zamanda Rusiya rəsmisinin fikirlərinə hörmətsiz münasibətdir. Rusiya dövlət başçısının iştirak etdiyi danışıqlarda, səsləndirdiyi fikirlərdə "Dağlıq Qarabağ" ifadəsi işlənmir. Soçi görüşündə bildirildi ki, Azərbaycan-Ermənistan münasibətlərindən söhbət gedir, "Dağlıq Qarabağ" deyilən münaqişə yoxdur. Azərbaycan qanunlarına görə, 14 iqtisadi rayonlardan biri də Qarabağ iqtisadi rayonudur. Təbii ki, buna uyğun olaraq adlar, coğrafi ərazilər qeyd olunmalıdır”.

 

Politoloq bildirir ki, Rusiya sülhməramlıları öz missiyalarına uyğun olmayaraq, Laçın dəhlizindən ermənilərin silahlı birləşmələri üçün hərbi vasitələrin, terrorçu, separatçı qrupların daşınması “missiyasını” icra edir:

“Yəqin ki,  Azərbaycan Laçının boşaldılması və digər məsələlərlə bağlı qarşı tərəfə vaxt qoyub, konkret addımlar atmalı olacaq. Rusiya sülhməramlılarının missiyası bölgədə sülh yaratmaqdır. Dəhlizə nəzarət onların fəaliyyətinə daxil deyil. Dəhlizə ciddi nəzarət Azərbaycanın əlində olmalıdır. Yəqin ki, Azərbaycan həmin ərazilərə giriş-çıxışa öz nəzarətinin qoyulması tələbini irəli sürəcək. Sülhməramlılar öz fəaliyyətindən əl çəkməsə, konkret addımlar atılacaq”. /"həftə içi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol