1 dekabr – LAÇIN GÜNÜ

15:40 01-12-2022 | icon 423 | Siyasət
1 dekabr – LAÇIN GÜNÜ

Bir sözlə, Laçın öz laçın vaxtlarına qayıdır!

 

Azərbaycan Respublikasının Laçın rayonunun işğalı 28 il çəkdi. 28 il – necə deyərlər, bir igid ömrü! Bu 28 il içində neçə igidlərimiz ərazi bütövlüyümüzü bərpa etmək yolunda şəhid oldu, neçə igidimiz sağlamlığını itirdi, necə ömürlər yarım qaldı, nə təhər diləklər puç oldu... Daha doğrusu, puç olmalar işğala götürən günlərdə, həftələrdəydi: Laçının işğalının qarşısını almağa bəslənən ümidlər Şuşanın işğalından sonra öləzimiş və nəhayət 18 may 1992-ci ildə Laçın qaralara boyanmışdı... – Heç bir işğal rəngli deyil, heç bir işğal yaxşı ola bilməz, heç bir işğal işğalöncəsindən ötə deyil, təbii... Və o gündən Laçın üçün uzun, üzücü, ömüryeyən üçonillik dönəm başlamış oldu... Ta ki iki il bundan öncə - 01 dekabr 2020-ci ilədək Laçına həsrət qaldıq, ömrümüzdən ömür kəsildi, günümüz göy əskiyə büküldü...

 

Laçın rayonunun işğala məruz qalması Ermənistan Respublikası ilə Qarabağın dağlıq hissəsi arasında birbaşa coğrafi bağlantı yaratmış oldu – artıq ermənilər  “Laçın dəhlizi”ndən asılı deyildi – bütün Laçın ermənilərçün “dəhliz”ə çevrilmişdi... Bu isə digər torpaqların taleyini qara buludlar altına alırdı... Şuşa və Laçının necə fövqəladə rola, təsir imkanına malik olduğunu 1992-ci ildə olduğu kimi, 2020-ci ildə də gördük. Şuşa və Laçın bir-biri ilə elə bağlara malikdir, hərdən düşünürsən ki, bu yalnız coğrafi amillərlə bağlı deyil, burada ruhi energetika var, onlar bir yerdə qorunmalı, bir yerdə azad olunmalı, bir yerdə düşünülməliydi – necə ki belə də oldu. Əlbəttə, Laçın, Şuşa ayrılıqda (və bir yerdə) nə qədər fərqlilik, özəllik daşımış olsa da, onlar bir bütövün parçalarıdır. Qarabağ, Şərqi Zəngəzur Azərbaycandır! Və Şərqi Zəngəzur varsa, təbii, Qərbi Zəngəzur da var. Bir yerin şərqi, qərbi o yerin adına köçübsə, deməli, zamanında bir ərazi vahidi olub; deməli, vahidlik pozulub; deməli, Laçın da daxil olmaqla, Şərqi Zəngəzurun, Qarabağın aran hissəsinin işğalı, müvafiq olaraq, Qərbi Zəngəzuru, Qarabağın dağlıq hissəsini unutdurmağa, ikinci plana keçirməyə (də) xidmət edib...

 

İşğalın itkiləri

 

Bəs işğal nəticəsində Zəngəzurla Qarabağın qovuşuq yeri olan Laçın rayonu (Laçının timsalında Azərbaycan) nələr itirdi? – Nələr itirmədi ki? – Əhali etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, itkin düşdü; 79.1 min nəfər insan respublikanın 57 şəhər və rayonuna səpələndi;

 

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı; 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talanıb, məhv edildi...

 

Ümumi sahəsi 1835 km2 olan Laçının 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardı. Rayon 72 min hektar yaylaq sahəsinə, 34 min hektar zəngin meşə massivinə malik idi. İşğal nəticəsində Laçının yalnız insanları, yalnız abidələri deyil, flora və faunası vandallığa məruz qaldı. Ermənilər Laçını tərk edərkən də zərbələr vurdu: yandırdılar, odladılar, dağıtdılar, sökdülər – ermənilik etdilər... Bəli, vandallıq, vəhşilik, talançılıq, barbarlıq, görməmişlik kimi bir sürü sözün, təyinin, “sifət”in yanında sabitləşmiş bir söz daha var – bu, ermənilikdir...

 

Ermənistan hakimiyyətinin hərbi cinayətləri saymaqla bitmir:

İşğalçı Ermənistan məşhur və məlum Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc qaynağına çevrilməsi kimi bəd əməllərlə məşğul olub. Ermənistan Suriya öndə olmaqla, Yaxın Şərqdən, ayrı-ayrı ölkələrdən erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qanunsuz əməlləri aralıqsız sürdürüb. Bilindiyi üzərə, belə bəd əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilib. Və Ermənistanın cinayətləri dünya ictimaiyyətinin gözü qarşısında, bilgisi daxilində baş verib...

 

Və nəhayət!

 

Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdi. 44 günlük müharibədə əldə etdiyimiz tarixi Zəfər nəticəsində Azərbaycan, Ermənistan, Rusiya Federasiyası rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanata əsasən, 01 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Bundan öncə (Şuşa azad olunandan 1 gün sonra) Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndi şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdi. Yəni, siyasi həll yolu, sülh danışıqları xətti ədalətli nəticəyə gətirib çıxarmadığı üçün Azərbaycan dövləti 27 sentyabr 2020-ci ildə hərbi-siyasi yola qərar verməyə məcbur olmuşdu və uzun illərin işğalına cəmi 44 gün içində son verilmiş oldu. Azərbaycan Ordusu öz qüdrətini göstərdikdən sonra, siyasi və ya siyasi-hərbi yol yenidən güncəlləşdi. Cari ilin avqust ayının 26-da Laçın şəhəri, şəhərə yaxın Zabux və Sus kəndləri Ordumuzun nəzarətinə keçdi.

 

“Laçının azad olunmasına görə”!

 

Laçın adı folklorumuzda, poeziyamızda, nəsrimizdə özünəxas şəkildə keçir. 26 noyabr 2020-ci ildən isə ilk dəfə rəsmən bir medalın adında əks olunub: “Laçının azad olunmasına görə”! – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 8397 hərbi qulluqçumuz bu medalla təltif olunub.

 

Laçının yeni dövrü – yeni dövrün adı: İNKİŞAF

 

Laçın da daxil olmaqla, işğaldan azad olunmuş hər bir şəhər, qəsəbə, kəndimiz erməni vandallığından, Azərbaycan quruculuğuna, azadlıqdan abadlığa, abadlıqdan inkişafa keçid etməkdədir. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında önəmli rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun güney bölümünü elektrik enerjisi ilə təmin edəcək. Ərazidə yerləşən digər infrastruktur layihələrinin elektrik enerjisi də buradan təmin ediləcək.

 

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”!

– Ümummilli liderin bu kəlamını mən də, digər müəlliflər də yazılarda tez-tez xatırladırıq. Azərbaycan nəfəsi, Azərbaycan mədəniyyəti, Azərbaycanın inkişaf əli qayıdan Laçının yol-nəqliyyat infrastrukturu da bərpa edilir, yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 km.-dir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər, körpü inşa ediləcək. Habelə yol üzərində 3 tunelin də tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 m. olacaq.

 

İLKlər...

 

Yalnız Laçında deyil, ümumən Şərqi Zəngəzurda, Qarabağda bir çox İLKlərə imza atılıb: Prezidentin müvafiq sərəncamlarına əsasən tikilən yollar, salınan körpülər, qazılan tunellər... nəinki 30 illik işğal dönəmində olmayıb, heç Sovet dönəmində də olmayıb. Sovet dönəmində Füzulidə, Zəngilanda, Laçında hava limanının heç layihəsi olmayıb... İndi bu hava limanlarından ikisi istismara verilib, Laçındakı isə sürətlə, keyfiyyətlə tikilir. Çox keçmədən (2025-ci ildə) Laçının Qorçu kəndinin ərazisindəki hava limanından qanadlanan uçaqlar sürət yığacaq, sərnişinlərə əlverişli, keyfiyyətli xidmət göstərəcək. Özü də, bu hava limanı məhəlli xarakterli (statuslu) olmayacaq – Laçınımız məhz Beynəlxalq Hava Limanına malik olacaq. Bayaq da vurğuladığımız kimi, Füzuli, Zəngilan və eləcə də, Laçında hava limanının (hər biri Beynəlxalq Hava Limanı olmaqla!) tikintisi bölgənin statusunu – beynəlxalq statusunu artıracaqdır, əlbəttə. Əlbəttə, Laçın hava limanı bir neçə önəmli amili ehtiva edəcək: aydındır ki, Laçında hava limanı tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi dizaynını dəyişəcək, inkişafa təkan verəcək, bölgənin turizm imkanlarının böyük ölçüdə artırılmasına səbəb olacaq. Laçın Beynəlxalq Hava Limanının ideyası, layihələndirilməsi, tikintisi... işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərinin üfüqünü və dərinliyini göstərir. Laçınlıların birinci qrupu öz doğma şəhərinə Qorçudakı hava limanı istismara verilməmişdən xeyli öncə - hətta, gələn il içində qayıda bilər. Ancaq artıq ikinci ildir ki, çobanlar sürülərlə, arıçılar arı ailələri ilə doğma Laçına gedib-dönə bilir... Aşıq demiş, “Yayda yaylağımdır, qışda oylağım, yazda seyrangahım bu dağlar mənim” iqlimi qayıtmaqdadır Laçına... Laçın, Kəlbəcər öndə olmaqla, işğaldan azad olunmuş ərazilərimizdə istehsal olunan balın artıq xarici alıcılar üçün satışa çıxarılması mövzusu güncəllik qazanıb. Məhsul boldur, halaldır – torpağın öz əsil sakinlərinin nəfəsi dəyəndən, ayağı toxunandan bəri o torpaqlar cana gəlib, dirilib elə bil... Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu daxil olmaqla bütün rayonlarımız, şəhərlərimiz bərpa olunacaq.

 

Dörd səfər

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçına indiyədək dörd dəfə səfər edib. Hər biri də əlamətdar, hər biri də böyük gələcək müjdəli! –

14.02.2021: -Güləbird kəndində Azərbaycan bayrağı ucaldılıb; -Su elektrik stansiyasının açılışı olub;

16.08.2021: -Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi keçirilib;

26.06.2022: -Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə, -“Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, -“Həkəriçay” su anbarı layihəsi ilə, -Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanışlıq olub;

21.09.2022: -Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq olub; -Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb; -Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi keçirilib.

 

Bir sözlə, Laçın öz laçın vaxtlarına qayıdır! Laçının sabahı işğalöncəsi illərdən daha yaxşı, daha üstün olacaq! İşğal illərinisə heç vaxt unutmayacağıq – unutmayacağıq ki, bir daha yaşanmasın!

  DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...