Türkün məğrur qalası – Türkməneli

13:23 28-01-2019 | icon 727 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 

Yorğun və qürürlu şəhərim Kərkük...

 

 

 

AĞANİSƏ SULTANOVA

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf – Erbil

 

III yazı

 

Təzə Hurmatlıdan sonra yolumuz Beşiredir. O Beşire ki, 2015-ci ildə İŞİD bu bölgəni darmadağın edib, yerli əhalini vəhşicəsinə qətlə yetirdi. İŞİD-in yazmaq, demək nə qədər çətin olsa da, qətl üsulları da fərqli idi. Ələ keçirdiyi bütün yerlərdə insanları qurşuna düzür, edam edir, qətlə yetirdikdən sonra ölülərindən də əl çəkmirdi. Bölgənin geri qayıdan insanları ilə söhbət etdikcə, dəhşətə gəlirəm...

 

Beşirin daşını belə daş üstə qoymayıblar. Hər yer dağıdılıb, məhv edilib, su, elektrik bu gün də problemdir. Ümumiyyətlə, İŞİD daxil oldugu bütün yerlərdə öz qaldığı yerlərdən başqa bütün tikililəri məhv edib, partladıb, güllələrdən keçirib. Dədə-baba torpaglarına qayıdan yerli əhali indi-indi dağıdılan, viran qalan evlərinin yerində ev tikməyə, bəziləri sadəcə, içində yaşamaq üçün koma qaraltmağa çalışırlar. Beşirin yaşlı insanları ilə söhbət zamanı bildirirlər ki, təkcə Türkmenelində deyil, bütün İraqda İŞİD-in ən dəhşətli zülmləri ilə qarşılaşan bölgələrdən biri onların torpağıdır. Hələ də çoxunun doğmasının, əzizlərinin, oğlunun, qızının, həyat yoldaşının nə ölüsündən, nə də dirisindən xəbərləri var. Hücum vaxtı insanlar bütün mal- mülklərini buraxıb, canlarını qurtarmaq üçün qaçıblar. Qaçan qaçıb, bəzilərini elə yollarda tutub edam ediblər, əsir götürüblər, diri-diri yandırıblar. Bildirirlər ki, onsuz da, onlar gördüklərini görüblər. Uşaqlıqları, gənclikləri Səddamın dövrünə düşdü, ahıl vaxtlarında da İŞİD zülmü ilə qarşı-qarşıya qaldılar. Heç olmasa bundan sonra Beşirde dünyaya gələn körpələr, uşaqlar bir gün görsünlər. Onlar atalarının, babalarının yaşadıqları müsibətləri yaşamasınlar:

“Onsuz da biz dünyanın yadından çıxmışıq. İndi sizi görəndə sevindik. Görürsünüz ki, xarabalıqda yaşayırıq. Su, elektrik üzünə həsrətik. Axı biz də insanıq, niyə dünya səsimizi eşitmir, vəziyyətimizi görmür?....”

Açığını deyim ki, dözülməz vəziyyətdə yaşayan türkmən qardaşlarımıza cavab verməkdə çətinlik çəkirəm.

Dağıdılmış bölgədəki yolumuza davam edirik. Yılmaz Hüseyn qardaşım qarşıdakı məktəbi göstərib deyir ki, nə qədər ağır şərtlər altında olsa da, İŞİD bu torpaqlardan çıxarılandan sonra ilk işlərdən biri məktəb tikintisi oldu. Cünki köçmənlərin çoxu yavaş-yavaş Beşire qayıtmağa başladı. Gerçəkdən burada məktəbin olması məni çox sevindirir. Bir-birindən gözəl beşirli balalarla görüşüb, söhbət edirəm. Öncə utanıb, ehtiyat etsələr də, sonra heç ayrılmaq istəmirik. Açığını deyim ki, cəmi iki il öncə tamamilə məhv edilmiş bir bölgədə məktəbin, belə gözəl balaların olması istər türkmən qardaşlarımın, istərsə də, iraqlıların gələcəyinə ümidlərimi artırır.

 

İnsanlıq faciəsinin yaşandığı Tavukda bir gün...

 

Türkmanların ən sıx yaşadığı, tarixi ata-baba torpaqlarından biri də Tavuk bölgəsidir. Tavukun həm tarixi, həm strateji baxımdan önəmi böyükdür. Təbiəti gözəl, tarixi, dini yerləri ilə məşhur olan Tavukun Səddam Hüseyn dövründə yaşadıgı zülmlər İŞİD-in hücumları zamanı da davam etdi. Tavukun tarixində ən dəhşətli hadisələrdən biri 2015-ci il oktyabr ayının 21-də axşam saatlarında, daha dəqiq desək, axşam saat 5 - ə 5 dəqiqə işləyəndə baş verdi. İŞİD-in Kərkükə hücum etdiyi bir vaxtda Tavuk mahalının bir kəndinə də koalisiya qüvvələri bombalar yagdırdı. Həmin bombalar İmam Hüseynlə (ə.s) bağlı anma mərasimi keçirilən bir evə yagdırıldı. Nəticədə 20 nəfərdən çox türkman qadın və uşaqlar şəhid oldu, 50 nəfərdən artıq insan yaralandı.

 

Bir ailə isə tamamilə məhv oldu, hamısı da qız cocuqları. Göz yaşlarını tuta bilməyən ailə babası Haydar deyir ki, həmin vaxt həyat yoldaşı agır yaralanıb. Bomba səsi o qədər güclü olub ki, qohumlarının 40 günlük əkiz cocuqları da dünyasını dəyişiblər. Koalisiya qüvvələrinin nümayəndələri isə sadəcə “yanlışlıkla oldu, özür diləyirik....” deməklə kifayətləniblər. Həmin faciəli günlərdə və sonra da Haydar nə qədər yerlərə müraciət etsə də, heç bir nəticə olmayıb. O, səsinin beynəlxalq aləmdə eşidilməsi, faciəyə qiymət verilməsi üçün mübarizə aparıb. Nə yazıq ki, mübarizəsinə görə elə içdən olanlar Haydarı ölümlə təhdid ediblər. Dərdinə şərik çıxmaq əvəzinə susdurmağa çalışıblar, hətta pul təklif ediblər. Bütün ailəsini bir anda itirən Haydar onu qan puluilə susduramayacağlarını bəyan edib. Söhbət zamanı dərdli Haydar bildirdi ki, ona dəstək verən, arxa çıxan, hər şeydən qoruyan yalnız Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahya olub. Bəlkə də onun dəstəyi olmasaydı heç bu gen həyatda yox idi.

 

2015-ci ilin 21 oktyabr Tavuk şəhidlərini ziyarət edib, duhuna dualar oxuduq. Haydara isə səbr dilədik.

Bir nüansı da qeyd edim ki, Tavuk həm də bütün müsəlman dünyasında dini yerləri ilə məşhurdur. Bir neçə imamımızın (ə.s) burada məqamları var. Tavuka gəlmişkən, İmam Zeynalabdinin (ə.s) məqamənə ziyarət etdik.

 

Bir çox tarixi abidələrin, qədim qalaların yer aldıgı Tavukdan ayrılırkən fikirləşirəm ki, əgər Səddam Hüseynin türkmanlara qarşı apardığı soyqırımlar, sonrakı məlum hadisələr baş verməsəydi, Tavuk ən inkişaf etmiş, gözəl bölgələrdən biri olardı. Amma türkmanların yaşadıgı digər tarixi bölgələr kimi Tavuk da Səddam Hüseyn dönəmində şüurlu şəkildə ərəbləşdirilib, kürdləşdirilib və bir çox türk izləri silinib. Hər yerdə oldugu kimi, burada da türkmanlar deyirlər ki, ərəblər də, kürdlər də bizim qardaşlarımızdır. Amma Səddam siyasətinin əsasında türkmanların İraqdakı varlığına, tarixi torpaqlarına, dilinə, mədəniyyətinə son qoymaq dayanırdı. Bu barədə daha ətraflı növbəti yazımda.

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol