Türkmənelinin qəhrəman övladı Riyaz Sarıkahya

20:03 30-01-2019 | icon 685 | Cəmiyyət
Türkmənelinin qəhrəman övladı Riyaz Sarıkahya

 

Qismətdə onunla qədim Kərkükdə görüşmək də vardı...

 

 

V yazı

 

Əslində Türk dünyasına onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Türk Birliyi sevdalısı, bütün ömrünü Türkmən milli davasına həsr edən Riyaz bəyi hər kəs yaxından tanıyır. Bir neçə il idi ki, dəyərli Riyaz bəylə internet üzərindən müsahibələr alırdım, müxtəlif məsələlərə münasibətini öyrənirdim. Çünki Türk dünyasında baş verən hər bir hadisə Riyaz bəyin diqqətindədir.

 

Onunla qismətdə Kərkükdə görüşmək vardı. Bir maraqlı nüansı qeyd edim ki, türkmanlarla bağlı hər şeyə vaxt ayıran, ən kiçik ayrıntıları belə diqqətə alan, onların problemlərini, narahatlıqlarını yerində həll etməyə çalışan Türkməneli Partiyasının genəl başkanı Riyaz bəydən yalnız Bakıya dönməmişdən bir gün öncə müsahibə ala bildim, daha doğrusu söhbət etdik.

 

Haşiyə: Burada bir haşiyəyə çıxmalı olacağam. Riyaz bəylə müsahibədən əvvəl istər Kərkükün içində, istərsə də ətrafındakı torpaqları göstərən Yılmaz qardaşım demişdi ki, vaxtilə bu torpaqlar, evlər Riyaz bəyin dədə-babasına, nəslinə aid olub. Burada yalnız türkmənlər yaşayıblar, bütün infrastruktur inkişaf edib, həm də bərəkətli torpaqlar olub. Səddamın göstərişi ilə torpaqların hamısı Sarıkahyaların əlindən alınıb, evlər yıxılıb, yerli əhalini sürgün edib, əvəzində ərəbləri və kürdləri yerləşdiriblər. Yer adları da dəyişdirilib, Səddam Hüseynin bu siyasəti türkmənlərin tarixi torpaqlarından türkmən izlərini silməyə yönəlmişdi.

 

 

İraq parlamentində türkmanların sıx yaşadıgları bölgələrdə türkcənin rəsmi dil kimi işlənməsinə nail olan insan – Riyaz Sarıkahya

 

Ötən yazım da bununla bağlı anons vermışdim. Özü biz deyə cəm halında danışıb, mütavazi olsa da, bunu altını cızaraq deməliyəm ki, Səddam Hüseyn dönəmindən sonra İraq parlamentində yer alan Türkməneli partiyasının başkanı Riyaz Sarıkahya bu tarixi hadisəyə nail olub. Həmin vaxt Riyaz bəy parlamentdə İraq Anayasasının hazırlanması komissiyasın da fəaliyyət göstərib. Onun gecə-gündüz apardığı fəaliyyət nəticəsində tarixi Türkməneli torpaqlarında, türkmanların sıx yaşadığı yerlərdə türkcənin rəsmi dil kimi işlədilməsi, istifadə edilməsi Anayasa da təsbit olunub. Bu gün Türkmənelinin, Kərkükün kücələrini gəzərkən bütün adların, ünvanların hərəbcə ilə bərabər türkcə də yazıldıgının şahidi olursan. Eləcə də, türkman cocuklar türkcə okullarda təhsil alirlar. Səddam dönəmində bunun xəyalını belə qurmaq mümkün deyildi.

 

- Dəyərli Riyaz bəy, bu gün deyə bilərəm ki, mənim Türkməneli, Kərkük həsrətimə son qoyuldu. Bir həftədir Sizlərin, qardaşlarımın arasındayam. Səddam Hüseyn hakimiyyətinin bu torpaqlara, onun insanlarına vurduğu zərbələrin yeri hələ qalsa da, İŞİD hücumlarının ağrısını, acısını yaşasanız da, qardaşlarımla birlikdə olmaqdan şərəf duydum. Təbii ki, bəzi yerlərdə olanda göz yaşlarımı tuta bilmədim. Yaxın keçmişdə Türkman qardaşlarımızın davamlı olaraq yaşadıqları faciələr çox ağrılıdır...


-
Öncə onu deyim ki, Azərbaycandan hər bir qardaşımızın bura gəlməsi bizi çox mutlu edir. Təbii ki, bu Türk torpağına olan bir həsrətin, bir milli duyöunun ifadəsidir. Yoxsa, bir azərbaycanlı daha fərqli yerlərə getməyi arzu edər. Ancaq Kərkükə, Türkmənelinə gəlməyi istəyənlər milli duyğuya, milli şüura sahib olanlardır. Biz də şərəf duyduq, hər şey qarşılıqlıdır. Biz eyni millətin parçalarıyıq. Yüz illər öncə aramıza sərhədlər çəkildi, ondan əvvəl isə sərhədlər yox idi. Burdan avtomobillə gözəl Azərbaycana, Bakıya 10 saatlıq bir yol var. Məsafəcə də çox uzaq torpaqlar deyil. Amma təbii ki, keçmiş Sovet dönəmi, İraqdakı Səddam dönəmi olsun, bu qardaş xalqları bir-birindən uzaq saldılar. Hansı ki, biz eyni xalqıq, özümüzü Azərbaycan türkünün, Anadolu türkünün bir parçası olaraq görürük. Hamımız Oğuz türkləriyik, soyumuz, kökümüz, qanımız, inanclarımız, adət-ənənələrimiz, mədəniyyətlərimiz  eynidir. Təəssüf ki, tarixin ayrı-ayrı dönəmlərində hamımız fərqli fəlakətlərlə üzləşdik, soyqırıma məruz qaldıq, şəhidlər verdik.

 

Həmd olsun ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini əldə etdi. Biz Türkmanlar isə uzun illərdir mücadilə aparırıq, maalesəf, öz bağımsızlığımıza tam nail ola bilmirik. Amma qardaşlarımızın mutlu olması elə bizim mutlu olmamız deməkdir. Azərbaycanın, eləcə də, keçmiş Sovetlər Birliyinin tərkibində olan digər türk ölkələrinin öz müstəqilliklərini elan etmələri bizi çox sevindirdi. Ən böyük istəyimiz isə Türk Birliyidir. Bu bizim hədəfimizdir, həyatda ikən Türk Birliyinin qurulmasını dünya gözü ilə görmək istəyirəm.

 

- Riyaz bəy, qurucusu və genəl başkanı olduğunuz Türkməneli Partiyasının qurulmasından danışaq. Bildiyim qədər o dövr həm İraq, həm də Türkmanlar üçün çox ağır bir dövr idi. Səddam Hüseyn repressiyaları, türkmanlara qarşı soyqırımlar, edamlar ara vermirdi. Belə bir çətin dövrdə Türkməneli Partiyasını qurmağa qərar verdiniz.


- Türkməneli Partiyası 1994-cü ildə Erbil şəhərində quruldu. İraqda ilk Türkman siyasi partiyasıdır. Artıq 25 yaşımız tamam oldu, 25 ildir ki, fəaliyyətdəyik. Partiyamızın təməlində milli dəyərlər, türklük və İslami dəyərlər dayanır. Biz İslam partiyası deyilik, amma o dəyərlərə önəm veririk, sayğı ilə yanaşırıq. Başda da insanı dəyərlərə çox önəm veririk. Təbii ki, partiyamızın həm İraq, həm Türkməneli, Kərkük, Telaferlə bağlı farklı, lokal və bir yerdə projelərimiz var. Bu layihələri həyata keçirmək, gerçəkləşdirmək üçün qurulan partiyayıq. Hazırda Kərkük ilk məclisində bir təmsilçimiz var. İraqın ilk parlamentində ( Səddam Hüseyndən sonrakı dönəm nəzərdə tutulur – A.S) mən millət vəkili oldum. Həmin vaxt parlamentdə Anayasanın hazırlanması üzrə Komissiya yaradıldı. Mənə də Türkmanların təmsilçisi kimi sözügedən komissiyada təmsil edilmək qismət oldu. Qeyd edim ki, indiki İraq Konstitusiyasından məmnunuq. Federal bir Anayasadır. Türkmanlar üçün siyasi haqlar, idarəetmə, kültür, təhsil hamısı İraq Anayasasında öz əksini tapıb. Bunun yanında da Türkman bölgələrində, eləcə də türkmanların çoxluq təşkil etdiyi ərazilərdə Türkcənin rəsmi dil olması təsbit olunub. Özünüz də bunun şahidi oldunuz, dövlət idarələrinin, məktəblərin, küçələrin, digər obyektlərin adı ərəb dili ilə yanaşı türkcə də yazılıb.

  

 Səddam Hüseyn dönəmində türkman olmaq, türkcə danışmaq belə yasaq idi...


Təsəvvür edin ki, Səddam Hüseyn dövründə türkman olmaq, türkcə danışmaq belə yasaq idi. Ancaq bu gün dövlət qurumlarının lövhələrinə belə türkcə də adlar, ünvanlar yazılırsa bu bizim varlığımız, dilimiz deməkdir, bu ölkənin bərabərhüquqlu vətəndaşı oldugumuz anlamına gəlir. Hazırda fərqli problemlərimiz, sıxıntılarımız olsa da, türkmanlara basqı, təzyiq yoxdur. Amma problemlərdən də zərər görürük. İnsanın üzərinə uyğun olmayan toz atılanda ən çox zərəri həssas olan gözümüz çəkər. Türkmənelini, türkmanları da İraqda bir göz kimi həssas bölgə saymaq olar. Bir sıxıntı olduğunda ərəb, kürd daha az zərər görər, ən böyük zərbə türkmanlara dəyər. Bölgəmiz çox kritik bir yerdə yerləşir. İŞİD-in İraqa hücumları nəticəsində 100 minlərlə türkman öz torpaqlarından pərən-pərən salındı, köçmənə çevrildi, dədə-baba torpaqlarını, evlərini qoyub getmək məcburiyyətində qaldılar. 10 mindən artıq şəhid verdik və şəhidlərimizin çoxu gənclər idilər, insanlarımız edam olundu. Köç edənlər ölkə xaricinə,     İrana, Türkiyəyə üz tutdular, çox böyük faciələr yaşadılar. Özəlliklə də türkmanlar Mosul və Telafer bölgəsindən köç etməyə məcbur qaldılar. Səddam Hüseyn dövründə Türkmənelində, Kərkükdə ərəbləşmə siyasəti, sonra isə kürdləşmə siyasəti həyata keçirilirdi. Az bir müddətdir ki, türkmanlara qarşı basqı yoxdur. Biz bu torpaqlarda, bu bölgədə insanca yaşamaq istəyindəyik.

Ağanisə Sultanova
Versus.Az
Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf – Erbil

 

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”