Tənha qəbirin nağılı

11:10 10-02-2023 | icon 382 | Mədəniyyət
Tənha qəbirin nağılı

“Onun nə dərdi vardısa, ürəyində qalardı. Əlbəttə ki, bəzi dərdlərini mənə açıb, danışırdı. Ammna bunların hamısını mən sirr kimi saxlayıram”.

 

Rəfiqəsi aktrisa Məsumə Babayeva deyir bu sözləri sonra da bir müddət fikrə gedir.

 

Hə, əslində onun həyatı sirri-xuda kimi bir şey idi. Ucqar bir kənddə anadan olasan, Allah sənə ilahi bir gözəllik bəxş edə, bu gözəllik sənə şan-şöhrət gətirə, sənətdə, həyatda hər şey qazanasan… Və sonucda günlərin bir günü hər şeyi itirəsən. Evsiz, ailəsiz qalasan. Tale səni ev-eşikdən də məhrum edə. Bir rəfiqənin dar bir mənzilinə sığınasan. Dərdinin üstünə dərd gələ. Günlərin bir günü isə ürəyin parçalana. Çox yox, vur-tut 59 yaşında bu həyatdan köçəsən. Geridə isə indi – ruhun bizi bağışlar yəqin – indi heç kimin yadına düşməyən Xalq artisti adın qala, özün isə son mənzil kimi doğulduğun kəndin qəbirstanlığına sığınasan.

 

 

Sən bəlkə də Xalq artisti adı alıb, adi bir kənd qəbirstanlığında uyuyan yeganə sənətkarsan. Elə o qəbirstanlıqda uyuyan yeganə Xalq artisti də sənsən - Xuraman Hacıyeva. 

 

 

O, 7 mart 1945-ci ildə Ucar rayonunda doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Uca boyu, məlahətli səsi, ən əsası isə fövqəladə gözəlliyi ilə ilk illərdəcə müəllimlərinin diqqətini çəkmişdi. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində onu Asya roluna çəkirlər. İnanmarsınız məhz bu rola görə də onu inustitutdan qovurlar. Onu heç rejissor Tofiq Tağızadə belə xilas edə bilmir. 

 

Təəccüblənməyin, çəkilişlər o qədər uzun çəkir ki, Xuramanın dərsə davamiyyəti zəifləyir. Onu sadəcə qovurlar. 

 

1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedir və ordakı dram teatrında aktrisa işləməyə başlayır. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirir. 

 

1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olur.

 

Yeri gəlmişkən Xuramanın atası hüquqşünas, anası isə evdar qadın idi. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman meylli olur. Amma nə olsun? Valideynlərinin xeyir-duasını almır. Onlar qızlarının aktrisa olmasına razı deyillər. 

 

Aktrisa hələ Gəncədə işləyərkən bir nəfərlə tanış olur. Bu qeyri-rəsmi nikahdan onun bir qızı dünyaya gəlir. Tale elə gətirir ki, aktrisa sonradan qızını təkbaşına böyütməli olur.

 

“Xuraman xanımla bizim tanışlığımız 1972-ci ilin oktyabrın 3-də başlayıb. O, Gəncədən Bakıya gəlmişdi. Ona Gəncədə dövlət tərəfindən ev verilmişdi. Həmin evi o, təhvil verdikdən sonra Bakıya gəldi. Gənc tamaşaçılar teatrının 50 illik yubileyində Xuramana ev verildi. Xuraman şikayətlənən biri deyildi”. 

 

 

Bunu da Məsumə xanım Lent.az-a deyir. Birazdan isə onun adını çəkdiyi başı bəlalı evdən də danışacayıq sizə.

 

Çoxları deyir ki, aktrisanın ölümünə səbəb qızı olub. Qızı bir Türkiyə vətəndaşı ilə ailə qurubmuş. Xuraman xanım özü də elə bir müddət qızı ilə bərabər orada qalıbmış. Amma çox da Türkiyədə qala bilmir. Bir müddət sonra geri qayıdır. Bir qədər sonra qızı və əri də onun yanına gəlir. Hansısa biznes qurmaq üçün Xuraman xanıma dövlət tərəfindən verilən evi satdığa qoyurlar. Nəticədə o, evsiz qalır. Bunu da xifət edir. Bir yandan da kürəkəni onu məcbur edirmiş ki, tanıdığı-tanımadığı adamlardan borc alsın. Elə borclar da üst-üstə yığılıbmış, qaytara bilmirmiş. 

 

Aktrisa ürəyi dözmür, infrakt keçirir. Onun küçədə qaldığını görən rəfiqəsi Məsumə Babayeva Xuramanı evinə gətirir. Düz il yarım ona qulluq edir.

 

“Xuraman evini-eşiyini satmışdı. Onun kirayə qalmasına icazə vermədim. Bir il yarım müddətində mənimlə qaldı. Xuramanın dərdi qızını ölkəyə gətirmək idi. Bir müddət sonra qızı və həyat yoldaşı Azərbaycana qayıtdı. Kürəkəni yaxşı evdə qalmaq istəyirdi. Onlar mənim evimi bəyənmədilər. Xuraman qızı üçün 600 dollara ev tutdu. Ordan-burdan pul tapıb onları saxlayırdı, evin pulunu ödəyirdi. O, hər dərdini ürəyində saxlayan biri idi. Elə ürəyindən də öldü”.

 

 

Məsumə xanım deyir ki, çox gözəl əl qabiliyyəti olub:

 

“Dadlı yeməklər bişirməyi, paltar tikməyi bacarrmış. Sirrini çox az adamla bölüşürdü. Heç mənə də açmırdı”.

 

Bəlkə də çox az adam bilir ki, o, ikinci dəfə ərə gedir. Teatrda işləyən və özündən yaşca çox kiçik olan birisi ilə ailə qurur. Amma bu izdivac da çox çəkmir. Həmin adam vəfat edir. Onun vəfatı da Xuramana bir ayrı dərd olur.

 

Amma bəlkə də çox adam bilir ki, onun aktyor, özü kimi Xalq artisti Tariyel Qasımovla isti münasibətləri olub. Sonradan Tariyel Qasımov müsahibələrinin birində deyəcəkdi:

 

“Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”. Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.

 

 

Nə qədər pozitiv insan olsa da sevinə bilmirmiş deyir Məsumə xanım. Son günlər isə əsəbi, qaraqabaq bir adama çevrilmişdi. 2005-ci il fevralın 15-də işdən evə qayıdırdı. Yolda ürəyində sancılar hiss edir. Bir qədər dayanır, səkidə oturur, azca toxdadıqdan sonra qalxıb yoluna davam etmək istəyir. Amma üzü üstə yerə yıxılır. Küçədən keçən insanlar onu xəstəxanaya çatdırırlar. Nə həmin insanlar, nə də elə xəstəxananın işçiləri bilmirlər ki, son nəfəsini onlarla bölüşən Azərbaycan gözəli, Xalq artisti Xuraman Hacıyevadır. /oxu.az/

 

 

Onu iki gün sonra morqdan götürürlər. Anadan olduğu Ucar rayonu, Müsüslü kəndinə aparırlar. Həmin kənddəki qəbirstanlıqda ucqar bir yerdə dəfn edirlər. Biz bilmirik onun qəbrini kimlər və nə vaxt sonuncu dəfə ziyarət edib. Amma görünən odur ki, bu qəbir baxımsızdır. Və hələ də kiminsə yolunu gözləyir…Bəs kimin?

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...