"Belə hadisələrdə vacib davranış qaydaları ilə bağlı təlimatlanmaya ehtiyac var"
Yeni Yol Partiyasının (YYP) Mərkəzi Aparatının növbəti iclasında partiyanın sədri Ramil Hüseynov ölkədəki ictimai - siyasi vəziyyətlə bağlı fikirlərini Mərkəzi Aparatın üzvləri ilə bölüşüb.
Bu barədə Versus.Az-a partiyanın Mətbuat Xidmətindən bildirilib.
Bildirilir ki, Ramil Hüseynov YYP-ın qarşısında duran vəzifələr haqqında danışıb, təşkilati məsələləri müzakirə edib.
YYP sədrinin birinci müavini Nurəddin Quliyev təklif edib ki, Mərkəzi Aparat üzvlərinin hər biri rəhbərlik etdiyi sahənin iş planını hazırlayıb növbəti toplantıda rəhbərliyə təqdim etsin.
Toplantı zamanı eyni zamanda qardaş Türkiyədə baş verən böyükmiqyaslı fəlakətdən və onun fəsadlarına da diqqət çəkilib. Bildirilib ki, Azərbaycan və Türkiyə xalqı hər zaman - istər xoş, istərsə də çətin günlərdə birlik nümayiş etdirib:
"Bu çətin zamanda da çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövləti və xalqı genişmiqyaslı yardım kampaniyasını həyata keçirir. Aydındır ki, zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur. Bu günlərdə insanlar yaşadıqları evlərin və binaların zəlzələyə nə dərəcədə dayanıqlı olması ilə bağlı narahatlıq hissi keçirirlər. Ona görə də ölkədəki tikililərin keyfiyyəti və zəlzələyə davamlılığına məsuliyyətli olan dövlət qurumu yəni, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi vətəndaşları məlumatlandırmalı, və bundan sonra tikiləcək binaların tikinti normativləri daxilində inşa edildiyinə ciddi nəzarət etməlidir"- deyə, çıxışçılar bildirib.
Eyni zamanda Türkiyədə baş verən bu zəlzələdən sonra insanlarda yaranmış təşviş hallarının aradan qaldırılması üçün vətəndaşların düzgün maarifləndirilməsi işlərinin aparılması vurğulanıb. Qeyd edilib ki, fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimatlandırma işlərinin gücləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
SEVDA
Versus.Az