“Düz 25 il Kərkükə həsrət yaşadım” - MÜSAHİBƏ

15:00 02-02-2019 | icon 663 | Cəmiyyət
“Düz 25 il Kərkükə həsrət yaşadım” - MÜSAHİBƏ

 

Riyaz Sarıkahya: “Səddam dönəmində doğmalarımla kiçik bir əlaqəmin olduğu bilinsəydi, onları sorğu-sualsız edam gözləyirdi”

 

 

VII yazı

(Əvvəli ötən saylarımızda)

 

 

- Riyaz bəy, bir nüans diqqətimi çəkir, özünüz barədə danışmağı heç sevmirsiniz. Bilirəm ki, türkmanların ən böyük nəsillərindən, soyundan gəlirsiniz. Səddam dönəmində dissident hayatı yaşamısınız. Hətta doğmalarınızla, yaxınlarınızla əlaqə saxladığınız ortaya çıxsaydı, onları Səddam Hüseyn hakimiyyətinin edamı gözləyirdi. Buna görə də doğmalarınız məcburən sizdən imtina etməli idi. Və hər addımda Sizin yanınızda, arxanızda olan, mücadilənizdə Sizinlə bərabər addımlayan Yüksəl xanımla bu üzdən düz 9 il nişanlı qalmısınız...

 

- Mən Sarıkahya aşirətindənəm. Bundan 300 il öncə Anadoludan Kərkükə gələn bir ailəyik. Hazırda Kərkükdəki mərkəzi məhəllənin adı da Sarıkahyadır. İlk biz ora yerləşmişik və bu adla tanınıb. Hər halda 300 il öncə ora boş imiş, ilk yerləşən insanların soyadları ilə tanınıb. Hazırda məhəllənin rəsmi adı da Sarıkahyadır və təbii ki, aşirət var, bizim ailədən gəlir. Osmanlı dönəmində bizim ailə daha çox dövlətdə görəv alıblar . Onların arasında paşalar, valilər və sair olub. İraqda ilk hökumət qurulanda, 1921-ci ildə 7 bakan olub. Onlardan 6-sı müsəlman, 1-i yəhudi, maliyyə bakanı idi. Beş Ərəb, bir türkman var idi, kürd yox idi. 1 türkman isə Sarıkahyalardan idi, mənim dədəm İzzət paşa. 1-ci dünya müharibəsində hərbçi idi, hərbdən sonra bölgədə qalır. Bəsrədə də vali olub. Bəsrə də bugünki Bəsrə deyildi, Qətərə qədər Bəsrəyə aid idi. İki il nazir olur, sonra fərqli şeyləri görüncə özü istefa vermişdi. Dövlətdə, idarəetmədə, siyasətdə yüz illərdir hizmət verən bir ailəyik. Belə demək mümkünsə, ticarətdən uzaq olmuşuq. 1956-ci ildə Kərkükün Sarıkahya məhəlləsində dünyaya gəldim. İlk orta liseyi Kərkükdə oxudum. 1975-ci ildə Türkiyəyə getdim, bir il Ankarada qaldım. Bir il sonra Trabzon, Qaradəniz Texniki Universitetində mühəndislik – mexanik fakültəsində oxudum. Məzun olduqdan sonra Türkiyədə Kərkükün, Türkmənelinin, türkmanların gələcəyi üçün özümü daha çox hazırlamağa, oxumaga, öyrənməyə, inkişaf etməyə çalışdım. Əgər Səddam dönəmində sənin evində türkcə də bir kitab tapılardısa, o an ən yaxşı halda həbs gözləyirdi. Fərqi yoxdur bu bir roman, şeir, bədii əsər olsun, əsas olan türkcə yazılması idi. Gerçəkdən də siyasətdən bəhs edən kitab idisə, edam qaçılmaz idi. O vaxt Türkiyədə gənclik hərəkatlarına qoşulduq. Və orada turkmanlara qarşı çox gözəl münasibət var idi. Həmin vaxt Səddam İranla müharibə aparırdı, insanların günahsız yerə qanı axıdılırdı, qeyd etdiyim kimi türkmanları önə vermişdi. Bu Səddamın savaşı idi və biz onun əsgərləri olmaq istəmirdik. Zatən, ölkəyə dönənləri də edam gözləyirdi. Mən Türkiyəyə getməmişdən 3-4 il öncə Kərkükdə gizli bir təşkilata qatılmışdım, “İldırım Ordusu” adlanırdı. Fikirləşdirdim ki, Türkiyədə özümü daha yaxşı yetişdirdikdən sonra Kərkükə qayıdıb, təşkilatı genişləndirərəm. Amma o dövrdə savaş başladı, gənclər hamısı müharibəyə getdilər, həlak oldular. Siyasi heç nə qalmadı. 1980-cı il yanvarın 16-da  Səddam türkman liderlərini edam etdi. Bir neçə ay sonra isə İrana savaş açdı. Biz o edamlara qarşı etiraz etdik, çıxışlara başladıq. Etiraz edincə də, belə demək mümkünsə, Səddam tərəfindən “kəşf edildik”. Bundan sonra Türkiyədə dərnəklər qurduq, xaricdə yaşayan türkmənlər üzərindən, Səddama qarşı rəsmi müxalifət elan etdik. O zaman Türkməneli demirdik, elə Kərkük deyirdik. Mosuldan da, Telaferden de olsan, türkmansan, Kərkük adı gəlirdi. Təbii ki, kürd qardaşlarımız 1991-ci ildə Kürdüstan adı ilə çıxış edib, bizim bəzi bölgələrə də torpaq iddiası irəli sürüncə, 1993-cü Türkməneli ifadəsi işlənməyə başladı. Biz bütün tarixi türkman torpaqlarını Türkməneli adlandırdıq ki, üstündə yaşayan etnik qrup bəlli olsun. Dərnəklərdən sonra 1991-ci ildə Ankarada İraq Milli Türkman Partiyasını qurduq və Səddama qarşı daha çox dirənməyə, mübarizə aparmaga başladıq. Partiyanın Kuzey İraqda ilk bürosunu açmaq mənə nəsib oldu. Şaklava bölgəsində radio qurduq. Kürdlərdə siyasi partiyalar 1946-ci ildən var idi, amma bizdə cəmi bir neçə dərnək var idi. Yalnız 1991-ci ildə siyasi partiya qurduq. Bizdə o vaxta qədər yalnız dərnəklər və camaatlar var idi. Kərkükdə 70-80 arası 2 camaat var idi. Birinin mərkəzi Bagdad, biri Kərkük idi. Kərkükdəki dərnəyə mənim rəhmətlik qayınatam Mehmet İzzət Həttat rəhbərlik edirdi. Bagdaddakına isə, Türkmən Kardaşlık Ocagının əski başkanı Abdullah Abdulrahman rəhbərlik edirdi. Sonra bu insanların hamısını həbs etdilər. Amma partiya qura bilmədilər. Çünki camaat ona rəhbərlik edən kişiyə bağlıdılar. Səddam rejimi onları aradan götürüncə, türkmənlərdə bir durğunluq oldu. Partiyanı Ankarada qurduğumuza görə çox insanlar İraqa gələ bilmədilər. Burada isə əhali arasında siyasəti yaymaq, öyrətmək lazım idi. Ona görə də 1994-cü ildə Türkməneli partiyasını qurdum. O gündən bu günə 25 ildir ki, Türkməneli partiyasının başkanıyam.

 

- Riyaz bəy, Səddamdan sonrakı İraqın ilk parlamentində millət vəkili, həm də Türkmanların səsi oldunuz.

 

- Bəli, 2005-ci ildə birinci dönəm İraq parlamentində millət vəkili oldum. Anayasanın hazırlanması komissiyasında yer aldım. Mən 1994-2003-cü illər arasında yəni, Səddam Hüseyn hakimiyyətdə olarkən xaricdə - Böyük Britanıyada, ABŞ-da və digər dövlətlərdə ona müxalif olan qüvvələrin toplantısına qatılırdım. Yəni İraq ərəbi, kürdü, türkmanı bu toplantılarda birlikdə toplanırdıq.

Qeyd etdiyim kimi, 25 ildir partiyamız fəaliyyət göstərir. Amma indi partiyamızın əsas istiqaməti bir çox projelərin gerçəkləşdirilməsidir. Digər türkman siyasi partiyaları ilə münasibətlərimiz qardaşlıq üzərində qurulub. Bir yerdə toplanırıq, onların da fəaliyytləri barədə geniş söhbətlərimiz, müzakirələrimiz olur. Biz federal sistemin tərəfdarıyıq. Təəssüf ki, bundan hələ ki, kürdlər faydalandı. İraq, kürd-türkman ortaq yönətimi sahəsində də projelərimiz var. Bizim partiyanın bu layihəni həyata keçirmək imkanı yoxdur. Bunu yalnız qurucu güclər edə bilər. İraqlıların da imkanı yoxdur, sanma ki, ərəb istədiyini həyata keçirə bilər. Hazırda İraq başqa güclərin dairəsindədir. Bunların əsasında da yenə Səddam Hüseyn hakimiyyətinin bölgədəki siyasəti, hər kəsə təkbaşına savaş açması durur.  Daha heç kim İraqı təkbaşına buraxmaz. Bunun üstündən uzun bir zaman keçməsi lazımdır. Başqa ölkələrin İraqa dogru işlərdə dəstək verməsində, dogru olmayan addımlarını əngəlləməsində fayda var. Kaş ki, bu Səddam Hüseyn dönəmində də belə olaydı. Ən azından xalqımız bu qədər zərər görməzdi. Biz bu gün Suriyada baş verənlərdən çox narahatıq. Onların torpaq bütünlüyünə saygı ilə yanaşırıq və sabitliyin bərpa olmasını istəyirik.

Yenə qeyd etmək istəyirəm ki, bizim partiya türkmanların haqqının var olması üçün qurulan bir partiyadır.

 

- Bir az türkman davasının liderlərindən biri rəhmətlik Mehmet İzzət Həttatın adını çəkdiniz. Mehmet bəy Səddam rejiminin qurbanı olub, siyasətlə yanaşı çox gözəl şeirlər müəllifidir. Bütün şeirlərində isə türkmanlar, onların mücadiləsi, varlığı, ayakda qalamaları var. O, həm də Sizin qaynatanız olub, həyat yoldaşınız Yüksəl xanımın atası. Yüksəl xanımla tanışlığınız da bu mücadilədən gəlirdi, ya necə?

 

- Bəli, rəhmətlik Mehmet İzzət Həttat həyat yoldaşım Yüksəl xanımın atasıdır. Yüksəl indi rahatsızlığı səbəbilə Ankarada müalicə olunur. Rəhmətlik Mehmet bəy çox gözəl müsəlman və türkçü, eyni zamanda ədəbiyyatçı idi. Bütün İraq üzrə ikinci həttat idi, ərəb dünyasında çox tanınırdı. Türkman gənclərinin müəllimi, fikir babası idi, həyatı, şeirləri, yazıları türkçülük üzərində qurulmuşdu.Səddam hakimiyyətinə qarşı açıq şəkildə belə deyək, mövqeyini ortaya qoyan, hər addımında “Biz türkük, türk də qalacağıq”, “bu torpaqlar türkmanların tarixi torpaqlarıdır” deyən, sözündən dönməyən biri idi. Səddam ilk vaxtlar onun İraqı tərk etməsini istəyirdi, amma o geri çəkilmədi. Belə olan halda 1980 ci ildə Həttatı əbs etdirdi və yeddi il məhbus həyatı yaşadı, çox sıxıntılar çəkdi. Ailənin bütün malı, mülkü əlindən alındı, Səddam hakimiyyətdən getsə də, mal varlıqları geri qayıtmadı. Türkmənelində belə ailələrin sayı çoxur. O və tərəfdarları çox işgəncələr görsələr də, məqsədlərindən dönmədilər, sona qədər kişi kimi mübarizə apardılar, üzümüzü ağ etdilər. Məkanları cənnət olsun, bizə məktəb qoyub getdilər. Biz həm də qohum idik, onun Kərkükdə, məhəllədə gənclərdən bir neçə təmsilçisi var idi, o qrupda olanlardan biri də mən idim. 1972-ci ildə daha yaxından tanış olmuşduq. Təəssüf ki, mən Türkiyəyə gedəndən sonra birlikdə fəaliyyət göstərdiyimiz gənclər  həbs olundular və qrup çalışmalarını dayandırdı.

 

Biz Yüksəl xanımla 1981-ci ildə sözləndik. 1982-ci ildə qapılar qapandı. Yüksəl Kərkükdə, mən Ankarada qaldım. 1990-cı ilə qədər belə davam etdi, o zaman telefon, internet, heç bir əlaqə yox idi. Biz sözlü olaraq bir-birimizi düz 9 il gözlədik. 1990-cı ildə çox qısa müddətə qapılar açıldı, Yüksəl həmən Ankaraya gəldi. Körfəz savaşı başladı, qapılar bağlandı. Biz Ankarada ailə qurduq. Ümumiyyətlə, o zaman bir iraqlının, hələ türkmanın İraqdan başqa bir ölkəyə getməsi çətin məsələ idi.

 

- Yüksəl xanımın atası Türkmanların fikir babası Mehmet İzzət Həttat, həyat yoldaşı türkman mücadiləsinin önündə gedən Riyaz Sarıkahya idi. Düşünmürəm ki, o, belə bir mühitdən kənarda qalmış olsun, bu zatən mümükün deyildi...

 

- Yüksəl də şüurlu şəkildə bu davanın içərisində idi. Bəzən fikirlərini, mövqeyini məndən də sərt ortaya qoyurdu. Bu türkçünün olması gərəkən kimi. Həmişə xalqının, insanların arasındadır, bütün tədbirlərə qatılır, evində oturan, hadisələrə seyrçi qalan biri deyil. Ona görə də heç bir zorluq çəkmədik, o, elə bir ailədən gəlir ki, 9 il sözlü, ayrı qalmagımız problem yaratmadı. Ankaraya gələndən bir həftə sonra, fevral ayında evləndik, bir neçə ay sonra Səddam Küveytə girdi, artıq mən Ankardan da getməyə məcbur oldum. Yəni, gənc ailələr kimi evlilik həyatımız olmadı. Səddam dönəmində də mən Erbildə yaşamalı oldum, yerəl problemim vardı, bu üzdən də Yüksəl Erbilə az gəlirdi. Amma həyat yoldaşım bu davanın bir fərdi olunca, anlayış göstərdi. İndi gündə on kərə, görüntülü danışırıq. O vaxt isə bunların heç biri yox idi. Dava təkcə kişilərin davası deyildi, ümumilikdə xalqın, türkmanların davası idi və onların da yarısı qaın idi. Bu dava da mənim ən yaxın dəstəkçim, uzaqda olsa da belə, hər an yanımda hiss etdiyim həyat yoldaşım Yüksəl oldu.

 

- Ailədə neçə baçı-qardaşsınız? Yəqin ki, Səddam dövründə İraqdan kənarda yaşamanız, onun hakimiyyətinə müxalifətdə dayanmanız Yüksəl xanımla birlikdə ailənizin digər üzvləri üçün də asan olmayıb.

 

- Ailədə 8 övladıq - 4 bacı, 4 qardaş. Amma 8-in toplam 21 cocuğumuz var. İndi ailələrdə keçmişə nisbətən cocuq sayı azalıb. Onlar siyasətə gəlmədilər. Səddam dövründə Quzey İraqda, Erbildə yaşayanda bir-birimizlə bütün əlaqələr kəsildi. Yəni məndən imtina etdilər, təbii ki, məcburi şəkildə. Əgər kiçik bir əlaqəmizin olduğu bilinsəydi, onları böyük sıxıntılar, daha doğrusu, edam gözləyirdi. Bu, Səddam Hüseyn hakimiyyətinin acı gerçəkləri idi. Mən düz 25 il Kərkükə həsrət qaldım, yalnız Səddam hakimiyyətindən sonra doğma torpağıma dönə bildim. 25 ildən sonra Kərkükü nəinki 1 addım irəlidə, əksinə daha da geriləmiş gördüm. Çünki Səddam torpaqlarımızı sömürdü, insanlarımızı edam etdi, mal varlığlarını əlindən aldı, sürgün etdi, dörd bir ətrafına da savaş açdıgından qalanları da müharibədə həlak oldu.

 

- Heç nə vaxtsa, bir anlığa belə peşiman olduğunuz zaman oldumu? Məsələn düşündünüzmü, 25 il torpağınızdan, doğmalarınızdan ayrı düşmək, həsrət qalmaq əvəzinə daha rahat bir həyat yaşaya bilərdiniz?

 

- Gerçəkdən heç düşünmədim. Bir an da olsa, ağlıma gəlmədi. Çünki mənim bu həyatda idealım Həzrəti Peyğəmbərimizdir (S.A.V). O, bir an olsun rahat yaşadımı, biz də belə həyat istəyək. Hər zaman hizmət barədə düşündüm, istirahət mənim üçün deyil.

 

- Riyaz bəy, bu gün vaxtınızı çox aldım. Amma Sizinlə üzbəüz görüşüb, söhbət etməkdən, Sizi yaxından tanımaqdan çox qürur duydum. Təbii ki, bundan öncə də Yılmaz qardaşımın dəstəyi ilə internet üzərindən müsahibələriniz, açıqlamalarınız olmuşdu. Çox təşəkkür edirəm.

 

- Əslində Azərbaycandakı qardaşlarımın belə yüksək milli şüurda olması, Kərküklə, Türkməneli, Telafer, Erbil, Türkiyə ilə maraqlanmaları məni çox mutlu edir. Türk dünyasının gəncləri bu düşüncədə olmazsa, insanları bu düşüncədə olmazlarsa, irəlidə Türk Birliyi geç qurular.

 

- Biz də Szin kimi insanlardan öyrənirik.

 

- Biz də istər Türkmənelində, istər Azərbaycanda, Türkiyədə, Krımda, bütün Türk Dünyasında olan dava adamlarımızdan, liderlərimizdən öyrəndik. Biz bayrağı böyüklərimizdən əmanət alıb, gənclərimizə ötürürük və heç vaxt yerə buraxmayacağıq.

Azərbaycan bizim ən yaxın qardaşımızdır. Çox istərdik ki, Kərkükdə Azərbaycan Kültür Mərkəzi açılsın. Biz burada özümüzü Azərbaycan xalqından, millətindən bir parça sayırıq. Ona görə də Azərbaycanın İraq içərisində türkmanların kültürü, təhsili ilə maraqlanması bizim üçün çox önəmlidir. Qardaşlarımız davamlı olaraq Kərbəla, Nəcəfə gəlirlər. Biz də burada onlara bir xidmət göstərək, rəhbərlik, ev sahibliyi edək. Azərbaycanlı iş adamlarını İraqa, Türkmənelinə dəvət edirik. Son illər İraqdan Azərbaycana çox sayda insanlar gedir, onların arasında türkmanlarla birlikdə ərəblər və kürdlər də var. Deyim ki, Azərbaycanı çox bəyənirlər. İşbirliyimizi, gediş, gəlişimizi artırmaq faydamıza olardı. Azərbaycan Türk dünyası, Müsəlman dünyası arasında bir körpüdür.

Biz uzun illər musiqi, teatr sahəsində çox geridə qaldıq. Bilirik ki, Azərbaycan bu sahədə çox inkişaf edib, musiqisi, incəsənəti bütün dünyada tanınır. Türkmənelindən olan gənclərin bu sahədə Azərbaycanda təhsil almasını çox istərdik. Əgər burada Azərbaycan Kültür Mərkəzi açılarsa, Azərbaycanlı sənətçilər  Türkmənelinə səfər edərlər, bu çox gözəl, yaddaqalan bir hadisə olar. Bildiyim qədər azərbaycanlıların yaşadıqları bütün ölkələrdə kültür mərkəzləri fəaliyyət göstərir. Yenə deyirəm, biz Azərbaycanın bir parçasıyıq və burada açılmasını da çox istəyirik. Biz uzun illər Azərbaycana həsrət qaldıq. Hətta evlərimizdə əski kasetlər var idi. Zeynəb Xanlarovanı, Rəşid Behbudovu, Azərbaycan xalq mahnılarını dinləməkdən doymazdıq. Mən ötən il Bakıda oldum. Bakı çox inkişaf etmiş , gözəl bir şəhər idi. Orada türk olmaq insana daha çox qürur verirdi. Mən qırx ildən artıqdır siyasətdəyəm və ən böyük istəyim də Türk Birliyidir. Kərkük, Türkməneli də bu Türk Birliyinə daxildir. ALLAHIM bizə Türk Birliyini görməyi də nəsib edər.

 

(Ardı var)

 

Ağanisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI