“Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın maraqlarının müdafiəsi və haqlı mövqeyinin beynəlxaq ictimaiyyətə çatıdırlması baxımından olduqca əhəmiyyətli idi”.

 

Versus.az xəbər verir ki, bunu  açıqlamasında politoloq Rəşad Bayramov  Münhen görüşündə Azərbaycan liderinin Paşinyana verdiyi tutarlı cavablar kontekstində bildirib.

 

Onun sözlərinə görə, konfransda iştirak edən Prezident İlham Əliyevin ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışları təbii ki, ölkəmizə olan marağın göstəricisi kimi qəbul oluna bilər:

 

“Konfrans bizim üçün bir sıra məqamlarla yadda qaldı ki, onlardan da ən önəmlisi Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrdə bir araya gəlməsidir. Prezidentin də qeyd etdiyi kimi bu bir tarixi hadisə idi, çünki Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada ilk dəfə idi ki, görüşürdülər”.

 

Politoloq bildirib ki, “keçirilən görüşlər sülhə hər hansı bir töhfə verəcəkmi” -sualına cavabı zaman özü göstərəcək:

 

“Amma debatlar zamanı erməni baş naziri Paşinyanın yenə də Qarabağdakı ermənilərin blokadası, humanitar böhran və s. sərsəmləmələri onu göstərir ki, Ermənistan nə 44 günlük müharibədən, nə də ondan sonrakı dövrdə düşdüyü vəziyyətdən hələ də nəticə çıxarmayıb.

Odur ki, düşüncəmə görə Münhen konfransının Azərbaycan üçün nəticələrini məhz prezident İlham Əliyevin verdiyi bəyanatlar əsasında şərh etmək daha düzgün olar. Prezidentin çıxışında ən önəmli maqamalrdan biri təbii ki, Rusiyanın “Vardanyan layihəsi” ilə bağlı oldu. Ölkəmizin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazır olduğunu deyən prezident bu istiqamətdə danışıqların yalnız Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparılmasının mümkünlüyünü qeyd edərək Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş heç kimlə danışıqların aparılmayacağını deməsi faktiki olaraq “Vardanyan layihəsinə” vurulmuş zərbə kimi qiymətləndirilə bilər. Prezident Vardanyanla bağlı bu şəkildə qəti mövqe sərgiləməklə əslində rəsmi Bakını Qarabağ erməniləri ilə danışıqlar aparmağa dəvət edən Amerika və Avropa ilə yanaşı Rusiyaya da mesaj vermiş oldu. Yəni başqa sözlə desək bu adam orada ola-ola heç bir danışıqdan söhbət gedə bilməyəcəyini açıq şəkildə hər kəsin diqqətinə çatdırmış oldu”. 

 

Politoloq digər vacib məqam kimi nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələni önə çəkib. Onun fikrincə, Prezidentin “Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” bəyanatı faktiki olaraq ermənilərin “miatsum” layihəsinin tamamilə məhv edilməsi istiqamətində çox mühüm addım kimi qiymətləndirilə bilər:

 

“Laçın yolu üzərində müvafiq buraxılış məntəqəsinin olması bir tərəfdən separatçı rejimə silah-sursat daşınmasının, ayrı-ayrı üçüncü ölkə vətəndaşlarının ərazilərimizə qeyri-qanuni səfərlərinin, təbii sərvətlərimizin istismar olunaraq daşınmasının qarşısını alacaqsa digər tərəfdən də, Qarabağda qalan separatçı tör-töküntülərin nə zamansa Ermənistana birləşəcəkləri ilə bağlı xülyalarına da son qoymuş olacaq. Plenar görüşdə həmçinin sülh danışıqlarının uzanmasının acı nəticələri ilə bağlı Azərbaycanın rəsmi xəbərdarlığının da şahidi olduq. “Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi” deyən prezident bununla həm Ermənistana, həm də beynəlxaq vasitəçilərə bundan artıq səbr etmək, Ermənistanın nazı ilə oynamaq fikrində olmadığının mesajını vermiş oldu”. /hafta.az/

 

TAHİRƏ
Versus.az