“Ermənistan sabit mövqeyə malik dövlət deyil. Sabah hansı fərqli reaksiya verəcəklərini gözləməliyik. Sülh danışıqları istiqamətində proses gedir və yəqin ki, çox da uzaq olmayan vaxtda daha aydın nəticələrə gələ biləcəyik”.
Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Münhen Təhlükəsizlik Konfransında baş tutan üçtərəfli görüşdən sonra Ermənistanın Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təkliflərə və sərgilədiyi mövqeyə hansı cavabı verəcəyi ilə bağlı açıqlamasında bilıdirib.
Onun sözlərinə görə, indi Ermənistan hökuməti Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə Qarabağla bağlı bir bəndin də əlavə olunmasını istəyir:
“Ermənistan çalışır ki, həmin müqavilədə beynəlxalq mexanizmlərlə bərabər "Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları" qeyd olunsun. Təbii ki, bu, Azərbaycan tərəfindən birmənalı olaraq qəbul olunmur.Əslində danışıqlar prosesini düyünə salan da budur. Azərbaycan heç bir halda Qarabağda yaşayan ermənilərə status vermək niyyətində deyil və yaxud beynəlxalq mexanizmlərlə onlara hər hansı təhlükəszilik qarantiyası vermir. Azərbaycan Qarabağda yaşayan ermənilərlə öz vətəndaşı kimi danışıqlar aparmağa hazır olduğunu bildirib. Bu məsələ sülh danışıqlarına salına bilməz”.
Ümumilikdə Münhen Təhlükəsizlik Konfransını təhlil edən politoloq konfransı həm müzakirə olunan mövzular, həm də format baxımından olduqca vacib sayıb. O, bildirib ki, Azərbaycan hər dəfə bu konfransda yüksək səviyyədə iştirak etməyə çalışır:
“Azərbaycan Prezidenti Münhen konfransında hər dəfə iştirak edərkən müxtəlif məsələlərlə bağlı ölkəmizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır. Yəni bu konfrans bizim üçün həm də bir platformadır, öz mövqeyimizi dünya ictimaiyyətinə çatdırmaq baxımından bir formatdır. Diqqət çəkən digər məsələ Azərbaycan Prezidentinin Ermənistan və Gürcüstan liderləri ilə birlikdə panel müzakirələrinə qatılması idi. Orda da cənab Prezident ölkəmizin Cənubi Qafqaz mühiti ilə bağlı fikirlərini ifadə etdi, Azərbaycan-Ermənistan arasında davam edən sülh, danışıqlar prosesi ilə bağlı fikir və mövqelərini bildirdi. Ölkə başçısının bu Konfransda iştirakı ölkəmiz üçün kifayət qədər səmərəlidir”.
M.Məmmədli Konfrans çərçivəsində Azərbaycan Prezidentinin ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan baş naziri ilə görüş keçirtdiyini vurğulayıb. Onun sözlərinə görə, görüşdə hər hansı real nəticə əldə olunmasa da, bu formatda görüşlərin keçirilməsi iki ölkə arasında danışıqların aparılmasına müsbət dinamika gətirə bilər:
“Hər halda Münhendə Azərbaycan və Ermənistan liderlərinin görüşü yaxın müddətdə iki ölkə arasında danışıqlar prosesinin intensivləşməsinə səbəb olacaq”-deyə, politoloq qeyd edib".
TAHİRƏ
Versus.az