Çirkli pulların yuyulmasına qarşı yeni mübarizə planı

09:35 02-03-2023 | icon 431 | İqtisadiyyat
Çirkli pulların yuyulmasına qarşı yeni mübarizə planı

“Azərbaycanda çirkli pulların əsas sahibləri məmurlardır, ona görə də...”

 

Fevralın 28-də Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı” və onun icrasının əhatə edəcəyi Tədbirlər Planını təsdiqləyib.

 

Sənədə əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin mart-avqust ayları ərzində terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına, həbsinə və müsadirəsinə dair hüquqi və metodoloji bazanın hazırlanmasını, tətbiqini, eləcə də ona nəzarəti təmin etməlidir.

 

Milli Fəaliyyət Planında qeyd olunur ki, ölkə iqtisadiyyatları, xüsusilə maliyyə sistemləri arasında asılılığın güclənməsi, habelə maliyyə texnologiyalarının tətbiqi imkanlarının hədsiz artması, yeni növ rəqəmsal iqtisadiyyat elementlərinin meydana çıxması ümumi iqtisadi inkişafa təkan verməklə yanaşı, qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi üçün də əlverişli zəmin yaradır.

 

Digər tərəfdən, maliyyə axınlarının ölkələrarası hərəkətinin genişlənməsi, müxtəlif növ texnoloji vasitələrdən istifadə edilməklə anonim maliyyə əməliyyatlarının aparılması imkanları, habelə maliyyə xidmətlərinin texnoloji əlçatanlığının artmasından qaynaqlanan risklər bu proseslərin tənzimlənməsini, xüsusilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində effektiv monitorinq mexanizmlərinin yaradılmasını çətinləşdirir.

 

Bu baxımdan, dünya iqtisadiyyatında baş verən struktur dəyişiklikləri, habelə qlobal səviyyədə iqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində son illərdə artan çoxtərəfli təşəbbüslər dünya iqtisadiyyatına dərin inteqrasiya yolunu seçmiş ölkəmiz qarşısında iqtisadiyyatın, xüsusilə bank-maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi istiqamətində yeni vəzifələr qoyur.

 

Sənədə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması müasir dövrdə iqtisadi fəaliyyət sahəsində mütəşəkkil cinayətkarlığın ən geniş təzahür formalarından biridir: “Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, bir sıra mühüm ictimai dəyərlərə mənfi təsir göstərir, mütəşəkkil cinayətkarlığın maliyyə bazasını formalaşdırır və qeyri-leqal iqtisadi fəaliyyəti pərdələyir. Maliyyə sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin iqtisadi təhlükəsizlik üçün problemlər doğurmasından əlavə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılaraq rəsmi maliyyə-iqtisadi sistemə daxil edilməsinə imkan verilməsi ictimai nizamın və qanunun aliliyinin pozulması ilə nəticələnə bilir”.

 

Milli Fəaliyyət Planının əsas məqsədi Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması və yeni keyfiyyət meyarları əsasında davam etdirilməsidir: 

 

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər qlobal dəyişikliklərə çevik adaptasiyanın təmin edilməsi istiqamətində bundan sonra da məqsədyönlü və əlaqələndirilmiş fəaliyyəti şərtləndirir. 2021-2022-ci illərdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə üzrə ikinci risk qiymətləndirilməsi həyata keçirilmiş, bu sahədə mübarizə sisteminin müxtəlif komponentləri, habelə ölkəyə xas struktur və kontekstual amillər təhlil edilərək, başlıca təhdid və zəiflik mənbələri müəyyən edilmişdir. Risk qiymətləndirilməsində müəyyən edilən başlıca təhdidlərin neytrallaşdırılması, zəifliklərin isə aradan qaldırılması məqsədilə qəbul edilən bu Milli Fəaliyyət Planı konseptual olaraq risk əsaslı nəzarət və yüksək səviyyədə əlaqələndirilmiş mübarizə mexanizmlərinin formalaşdırılmasını özündə ehtiva edir”.

 

Planın həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər arasında bir sıra diqqətçəkən məsələlər var. Bunların arasında benefisiar mülkiyyətçinin müəyyən edilməsinə dair metodologiyanın təkmilləşdirilməsi (Maliyyə Monitorinqi Xidməti bu ilin martında qədər icra etməlidir), qanunvericiliyin yeni tələblərinə və təkmilləşdirilmiş metodologiyaya uyğun olaraq müştərilərə münasibətdə benefisiar mülkiyyətçinin müəyyən edilməsi mexanizminin formalaşdırılması (Ədliyyə Nazirliyi və MMX), benefisiar mülkiyyətçilər barədə mlumatlara əlçatanlığın təmin edilməsi, benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması və 2024-cü ilin sonunadək benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının fəaliyyətinin təmin edilməsi, IP ünvanlar üzrə məlumatlardan şel (kağız üzərində mövcud olan, irihəcmli vəsaitlərin leqallaşdırılması üçün istifadə edilən şirkətlər-red.) və riskli şirkətlərin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsində istifadə olunması, hüquqi şəxslərin dövlət reyestrində toplanmış məlumatlara əsasən (hüquqi şəxsin adı, hüquqi ünvanı, təsisçi, direktor, təsisçi v ə direktorun ünvanı, əlaqə telefonu və s.) hüquqi şəxslərin eyni benefisiar mülkiyyətçi ilə bağlılığını müəyyən etməyə imkan verən təhlillərin aparılması daxildir.

 

Nəzərə alsaq ki, təbii sərvət ölkələrində dövlət sifarişlərini alan, dövlətə məxsus müəssisələrdən bəhrələnən şirkətlərin son benefisiarlarının açıqlanması 10 ilə yaxındır beynəlxalq qurumların diqqətindədir,  onda bu addımların nə qədər əhəmiyyətli olduğunu təsəvvür etmək mümkündür.

 

Tədbirlər Planında nəzərdə tutulan daha mühüm iki məsələ aldadılaraq adına hüquqi şəxs yaradılmış təsisçilərə məxsus hüquqi şəxslərə dair müraciətlərin uçotu sisteminin qurulması, elektron qaimə-fakturalar üzrə təhlillər apararaq hesabına dövlət büdcəsindən vəsait daxil olan sahibkarlıq subyektlərinin müəyyən edilməsidir.  Azərbaycanda yüzlərlə şəxs var ki, özlərinin xəbəri olmadan adlarına onlarla şirkət yaradılıb, həmin şirkətlər irihəcmli dövlət tenderlərində “qalib” çıxarılıb, çoxu üzrə külli miqdarda vergi borcu yığılıb. Bu borca görə çoxları hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Hökumət belə halları üzə çıxarmaqla dövlət büdcəsi vəsaiti üzrə sahibkarlıq subyektləri tərəfindən aparılan əməliyyatların şəffaflığını təmin etmək niyyətindədir.

 

Hökumət həmçinin öhdəlik daşıyan şəxslərin qeydiyyat, icazə və lisenziyalaşdırma prosesində və nəzarət yoxlamaları zamanı öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payı sahibinin və benefisiar mülkiyyətçinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin, habelə onlarla yaxın münasibətdə olan şəxslərin vətəndaş qüsursuzluğu tələblərinə cavab verib-verməməsini müəyyənləşdirmək üçün MMX-nin məlumatlarından istifadə edilməsi mexanizmini yaradacaq. Tədbirlər Planında həyata keçirilməsi nəzərdə tutulan çox maraqlı fəaliyyətlərdən biri də maliyyə institutlarının fəaliyyətinə dair icazələr və lisenziyalar verilməsi zamanı nizamnamə kapitalının mənbəyinin müəyyən edilməsi, mühüm iştirak payının sahibinin, benefisiar mülkiyyətçinin və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin, habelə onlarla yaxın münasibətdə olan şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik şəxs meyarlarına cavab verməsinin müəyyən edilməsi üzrə qanunvericilik əsaslarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu işi Nazirlər Kabineti həyata keçirəcək. Bu fəaliyyətin yekun nəticəsi olaraq sənəddə  “məqbul və lazımi keyfiyyətlərə malik olmayan şəxslərin maliyyə institutlarında mühüm iştirak payına malik olmasının, onların benefisiar mülkiyyətçisi olmasının və ya idarəetmə funksiyalarını yerinə yetirməsinin qarşısının alınmasının təmin edilməsi” göstərilir.

 

Nəhayət, Tədbirlər Planında nəzərdə tutulur ki, qeyri-hökumət təşkilatları və dini qurumlar üzrə terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün zəruri məlumatlar toplanacaq və təhlil ediləcək, habelə müəyyən edilmiş risklərin aradan qaldırılması məqsədilə tədbirlər görüləcək.

 

Planda kiçik bir bənddə kölgə iqtisadiyyatı səviyyəsinin makroiqtisadi, monetar və vergi nəzarəti aspektindən qiymətləndirilməsi, müvafiq təhlillər əsasında kölgə iqtisadiyyatının azaldılması üçün təkliflər hazırlanması da qeyd olunub.

 

Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

Əkrəm Həsənov

 

Təsdiqlənən fəaliyyət planını şərh edən hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda ötənlərdə belə sənədlər bir qayda olaraq beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərin icra oldunduğunu onlara göstərmək üçün qəbul edilib:

 

“Məsələn, biz 2005-ci ildə BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına qoşulmuşuq, həmin il iki qanun qəbul etmişik. Biri korrupsiyaya qarşı mübarizəni, digəri dövlət məmurlarının gəlir bəyannamələrinin təqdim olunmasını nəzərdə tutur. Nəzərdə tutulurdu ki, Nazirlər Kabineti iki ay ərzində məmurların özləri və ailə üzvlərinin gəlir və əmlakına dair məlumatlarını əks etdirəcək bəyannamə formasını təsdiq edəcək. 200 aydan çox keçib, hələ də bu sənəd ortaya çıxarılmayıb. 2020-ci ildə dövlət başçısı Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiqləyib. Orada 4-cü bənddə bu bəyannamənin tətbiqinin təmin olunması tapşırılmışdı - 2 il müddətində icra olunmalıydı. Hanı? 2022-ci ilin aprelin 4-də Prezident Korrupsiyaya qarşı mübarizə üzrə növbəti Milli Fəaliyyət Planını təsdiqləyib. Orada 2026-cı ilədək məmurların öz gəlirlərinə dair bəyannamələri elektron qaydada təqdim edilməsinin təmin olunması nəzərdə tutulur. Ümid edirsinizmi ki, bu bənd icra olunacaq? Düşünürəm ki, belə planları icra etməli olan məmurların mühüm müddəaları gözardı etdiklərini dövlət başçısına çatdırmaq lazımdır”.

 

Hüquqşünas bildirir ki, fevralın 28-də təsdiqlənən fəaliyyət planında nəzərdə tutulan çirkli pulların yuyulmasına qarşı mübarizə Azərbaycanda 2008-ci ildən bəri aparılır: 

 

“Maliyyə Monitorinqi Xidməti yaradılanda bu mübarizənin aparılması da nəzərdə tutulurdu. İndiyədək çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində neçə nəfər həbs olunub? Mübarizənin nəticəsi nə olub? Bu suallara əslində yeni fəaliyyət planında aydınlıq gətirilməli, növbəti hədəflərin nə olduğu qeyd olunmalı idi. Amma təsdiqlənən sənəddə biz bunu görmürük. Azərbaycanda çirkli pulların əsas sahibləri elə məmurların özləridir. Ona görə də belə sənədlər kağız üzərində qalır. Sual yarana bilər ki, icra olunmayan sənədlər niyə qəbul olunur? Ona görə ki, hökumət belə sənədləri qəbul etməyə məcburdur - əks halda, Azərbaycan banklarının xaricdəki hesabları dondurular. Beynəlxalq qurumlara belə sənədləri təqdim edib mübarizə görüntüsü yaratmasalar, xarici ticarət əməliyyatlarını maliyyələşdirmək mümkün olmaz, Azərbaycan mənşəli maliyyə əməliyyatlar qara siyahılara salınar və sair”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu