Səddam Hüseyn dönəmindən və İŞİD-dən sonrakı İraq

22:28 03-02-2019 | icon 765 | Cəmiyyət
Səddam Hüseyn dönəmindən və İŞİD-dən sonrakı İraq

 

Bu günün Bağdadı...

 

 

VIII yazı

 

(Əvvəli ötən saylarımızda)

 

İraqa dördüncü dəfədir səfər edirəm. Amma Səddam Hüseyn dönəmindən və İŞİD-dən sonra ilk dəfədir bu ölkəyə gəlirəm. Əslində, İraq mənim üçün yad bir cografiya deyil. Bəlkə də çoxlarına qəribə gələcək, uşaqlıqdan tarix kitablarından oxudugum, maraqlandığım yerləri gözlərimlə görmək, gəzmək, özümü həmin tarixin içində hiss etmək mənə görə elə peşəm, jurnalistika deməkdir. Məsələn, iki çay arasını - Dəclə və Fəratın birləşdiyi yeri, Babil qalasını, Mədain xarabalıqlarını, dünyanın yeddi möcüzəsindən biri olan Asma bağları kim görmək, dünya tarixinə əlləri ilə toxunmaq istəməz ki? Hələ Babildəki qədim amfiteatr, daha nələr, nələr...

 

Yadımdadır, 2003-cü il hadisələri baş verəndə işlədiyim “Yeni Azərbaycan” qəzetində bir məqalə yazmışdım: “Dünya tarixini məhv etməyə nə Səddam Hüseynin, nə də ABŞ-ın haqqı çatır”. Təəssüf ki, savaşlarda, müharibələrdə ən böyük faciələrdən biri də tarixin məhv edilməsidir. Tarixi yerlər təkcə bir ölkəyə, bir coğrafiyaya deyil, bütün dünyaya məxsusdur. Mən və həmkarlarım ilk dəfə bu tarixlə 1999-cu ilin sentyabrında  tanış olmuşduq, İraqa ilk səfərimizdə. Təbii ki, o vaxt ölkə embarqo şəraitində yaşadığı üçün hava yolu qapanmışdı. Yalnız avtobusla səfər etmək olardı. Bakı, İran, daha sonra İraq. Hətta o vaxt da bizi xəbərdar etmişdilər ki, İran, İraq sərhəddinə yaxın dağlıq ərazilərdə, səhv etmirəmsə, Kirmanşah tərəfdə də gecə vaxtı kürd yaraqlılarının hücüm etmə təhlükəsi var. Beləliklə ilk dəfə Azərbaycandan böyük bir jurnalist qrupunun İraqa ilk yolçuluğu başladı. Uzun yolçuluq və iki həftədən artıq səfər. İran sərhəddini keçib İraqa getdik. 50 dərəcədən artıq isti var idi. Bizi yoxlama prosesi gözləyirdi. Hamımızın mobil telefonlarını aldılar, bir də Azərbaycana dönəndə götürə bilərdik. Ölkədə mobil telefonlardan istifadə etmək qadağan olunmuşdu.

 

Embarqo və qapalı ölkə...

 

Əlbəttə, dünyanın ən zəngin, ən yoxsul ölkəsinə səfər etsəniz də  dəyişməyən bir nüans var. Hotellərdə yaşam başqadır, hələ ki, bir ölkəyə gedişin işgüzar səfər sayılırsa, mütləq ən gözəl, 4-5 ulduzlu hotellerdə yerləşdirəcəklər. Və o “ulduzlar” arasından həmin ölkəni olduğu kimi tanıya bilməzsən. Ta ki, hoteldən şəhərə çıxınca, insanların arasında olunca, onlarla söhbət edincə. Bəzən heç söhbət etməyə də ehtiyac olmur, görüntü hər şeyi deyir.

Yadımdadır, biz öncə Babildə bir hotelə yerləşdik. Babillə Bağdad arasındakı məsəfə elə də çox deyil. Buna baxmayaraq, bir gün sonra Bagdadın mərkəzində hotellərdən birinə gəldik. Hoteldən çıxınca, insanlar, çox zaman da uşaqlar “bəxşiş, bəxşış...” deyə yaxınlaşırdılar. Öyrəndik ki, onlara nəsə verməmizi istəyirlər. İllərdir davam edən embarqo öz təsirini hər addımda göstərirdi, amma ölkənin bu vəziyyətə düşməsində Səddam hakimiyyətinin “payı” daha çox idi.

 

Həmin dövrdə İraqda hər il ənənəvi Babil festivalı keçirilirdi. İraqın embarqo şəraitində olmasına baxmayaraq, dünyanın 40-50-dən artıq ölkəsi öz musiqisi, rəqsləri, incəsənəti ilə təmsil olunurdu, təbii ki, Azərbaycanda. Bir məqamı mütləq vurğulamaq istəyirəm. Həmin il siyahı ilə tanış olanda qondarma “Dağlıq Qarabağ respublikası”nın da adına rast gəldik. Uzun yazmayacağam, məhz azərbaycanlı jurnalistlərin, yəni bizim bir neçə saatlıq çalışmalarımız, etirazımız nəticəsində qondarma dqr təmsilçiləri festivaldan uzaqlaşdırıldılar.

O vaxt İraqda qiymətlər kənardan ölkəyə gələnlər üçün münasib görünə bilərdi. Amma bunu yerli əhaliyə aid etmək olmazdı.

 

Səddam dövründə müəllimlərin maaşı 2, ən yaxşı halda 8 dollar idi

 

Təkcə müəllimlər deyil, başqa sahələrdə çalışan əhalinin də maaşı 2-8 dollar arasında idi. Hazırda məktəb müdiri olan Ali Karyağdı deyir ki, ən səfil, yoxsul vəziyyətdə yaşayan təbəqələrdən biri də müəllimlər idi:

“Biz hər ay aldıgımız 2 dollarla necə dolanacagımızı bilmirdik, amma Səddam dövründə nəyəsə etiraz etmək edam demək idi. Hələ səndən sonra ailənin nələr gözlədiyini demirəm. Bu gün isə aylıq əmək haqqımız 1200 dollardır, daha çox alanlar da var. O vaxt evim çox pis vəziyyətdə idi, ev də demək olmazdı. Amma təmir etməyi aglımıza belə gətirmirdik. Hamı yalnız qarnını neçə doyuracagı, necə dolanacagı barədə fikirləşırdi.Ona görə də əlindən başqa iş gələn müəllimlər dərsdən sonra məcbur olub, başqa işlərdə çalışırdılar ki, bəlkə axşam evinə bir quru çörək alıb apara bilsin....”

 

Ali öyrətmənlə söhbət edərkən yadıma İraqa ilk səfərimiz düşür. Eynilə o vaxt bizə bələdçilik edən insanlar da belə deyirdilər. Sakit, az qala pıçıltı ilə bu barədə danışırdılar, hər şeydən ehtiyat edirdilər. Ali müəllim deyir ki, indi ikimərtəbəli, böyük evdə yaşayırlar:

 

“Şükür, heç nədən ehtiyacımız yoxdur, oglum ailə qurub, ikinci mərtəbəni onlara vermişəm. Həyat yoldaşım da müəllimədir, indi əməklidir. Qızlarım da ali təsillidir, nəvələrim var. Elektrik və digər problemlər isə bütün ölkənin problemidir.”

 

Tez-tez belə fikirlər səslənir ki, Səddam Hüseyndən sonra ölkə daha ağır duruma düşdü. Onun dövründə İraqa sabitlik vardı, indi isə bir tərəfdən İŞİD, bir tərəfdən az qala hər gün baş verən terror hadisələri, kimin kim olduğu, kimin nəyi törətdiyi də bilinmir... Yəqin ki, bu sözləri deyən insanlar bilmir ki, Səddam hakimiyyətə gəldiyi ilk gündən on minlərlə deyil, milyonlarla günahsız insanı edam etdirib. Təkcə türkmanlar deyil, ərəblər, kürdlər də onun repressiyalarının, terrorunun qurbanı olublar. Təbii ki, ən böyük zərbəni, faciələri və soyqırımları türkmanlara yaşadıb. İraqlılar özləri deyir ki, Səddam və sabitlik sözləri bir-birinə o qədər ziddir ki... Qonşu ölkələrə açdığı savaşlarda da milyonlarla insan həlak oldu.

 

Kitablardan oxuduğum Bağdad və gerçək olan Bağdad...

 

Hələ uşaqlıqdan oxuduğum kitablarda Bağdad dünyanın, xüsusən də Şərqin ən gözəl, qədim şəhərlərindən biri idi. Amma böyüyüb, bu şəhərə ilk dəfə səfər edəndə də kitablardakı şəhəri görə bilmədim. Demək ki, insanlar kimi torpaqlar da, şəhərlər də yorulur. Hər dəfə İraqı, Bağdadı bir az daha yorğun gördüm. Yuxarıda qeyd etdiyim kimi, ilk dəfə bu qədim şəhərə sentyabr ayında gəlmişdim, 50 dərəcədən çox isti var idi. O vaxt istilərə görə iş axşam saat 6-dan sonra başlayırdı. Bizim də Bağdad rəsmiləri ilə görüşlərimiz, tədbirlər axşam saatlarında olurdu. Bir də sadə insanların 6-dan sonra başlayan işi vardı. Qaldığımız hotelin yaxınlığında böyük bir cadde vardı. Burada çoxlu sayda dükanlar, qızıl mağazaları vardı. Bir də özəlliyi onda idi ki, saat 6-dan sonra əhali yerə həsirlər döşəyib, yeşiklər qoyub üstünə öz düzəltdikləri əl işlərini düzüb satırdılar. Əl əməyi göz nuru olan bu əl işlərinin çoxu o qədər, gözəl, elə incə işlənmişdi ki, qiymətlər də inanılmaz ucuz. Burada yadıma Ali öyrətmənin bir quru çörəyin pulu deyimi düşür. Yəqin ki, insanlar günlərcə üzərində işlədikləri əl işlərini axşam evlərinə bir tikə çörək aparmaq üçün belə uçuz satırdılar. İndi də evimdə o əl işlərindən bir neçəsi var, hələ hər dəfə hədiyyəliklər də alırdım. Həm də onların isti havada necə əziyyət çəkdiklərini görürdüm. Əslində, görmədiyim 15 ildə Bağdadda çox şey dəyişməyib. Bir az da yorğun görünür. Yol boyu yanmış, dağıdılmış, yarı sökülü yerlərə rast gəlirəm. Elə bil ölkənin, Bağdadın simgəsi olan xurma ağacları da azalıb, quruyub. Fikrimdə yanılmıram, öyrənirəm ki, son illərdə xurma ağaclarının sayı kəskin azalıb, bu da xurmanın qiymətinə təsirsiz ötüşməyib. Onların sözləri ilə desəm, yaxşı xurmanın bir kilosu 2 ABŞ dollarından başlayır. Səhər saat 6-dan başlayaraq küçələrdən insanların səsi gəlir, çörək satan kim, çay, şirniyyat satan kim. Küçə ticarəti də elə bu vaxt başlayır, kiçik kafe, dükanlar açılır, taxta arabalarda xırdavatlar satılır, bəziləri də stolların üzərinə düzür. Yerli əhali ilə söhbət edirəm, yolboyu müşahidələr aparıram. Hər yerdə 2003-cü ildən baş verənlərin, İŞİD-in izləri qalmaqdadır. Bu, əhalinin üzündə, yaşamında da hiss olunur. Yəqin ki, bu qədim coğrafiyanın belə demək mümkünsə, özünə gəlməsi, ayaqda durması üçün hələ illər lazımdır. Amma burda da az da olsa, yolumun üstündə bahalı məhəllələrə, bəzi markaların magazalarına rast gəlirəm. Son illərdə super marketlər, bir neçə ticarət mərkəzi, parklar açılıb. Hamısında da çiddi təhlükəsizlik xidmətləri var.

 

Ölkənin hər yerində olduğu kimi, Bağdadda da elektrik problemi var. Elektrik hər gün saatlarla verilir. Axşamdan səhərə qədər isə kəsilir. Dövlət qurumlarında, hotellərdə isə generatorlardan istifadə edirlər. Ötən səfərlərimdə də müşahidə etmişdim. Bağdad elə bir şəhərdir ki, buranın hər rayonunun, bölgəsinin, səmtinin öz uyğunluqları, daha dəqiq ifadə etsəm, qanunları, adət-ənənəsi var. İraqda dini yerlər istisna olmaqla, qadınlar geyimlərində sərbəstirlər, başlarını örtməyə, hicab geyməyə bilərlər. Amma elə səmtlər var ki, qadının orada hicabsız gəzməsi yasaqdır. Deyirlər ki, 1-2 il öncə ilə müqayisə edəndə çox şeylər dəyişib. O vaxt Bağdadın, ümumilikdə İraqın küçələrində günortadan sonra insanlara rast gəlmək olmurdu, hamı evlərinə çəkilirdi. Çünki İŞİD istədiyi vaxt hücum edib, insanları qətlə yetirir, oğurlayırdı. Bir gündə bir neçə terror hadisəsi baş verirdi, yüzlərlə iraqlı həlak olurdu. Şükür edirlər ki, hazırda belə təhlükələr yoxdur. Amma təhlükə tamamilə aradan qalxıb mesajını da vermək olmaz. Örnəyi, geç saatlarında hələ də yola çıxmaq təhlükəli sayılır, elə Bağdad Kərkük yolu. Baxmayaraq ki, yollarda çox az məsafə ilə post patrullar qurulub, təhlükəsizlik tədbirləri, yoxlamalar həyata keçirilir.

 

Onu da deyim ki, hansı ölkəyə səfər edirəmsə, mütləq vaxt tapıb oradakı səfirliymizə baş çəkirəm. Bu görüşlərin də mənim üçün böyük faydası olur. Həm Azərbaycanın oradakı ərazisini, evini ziyarət edirəm, həm də səfirlərimizin, diplomatlarımızın çalışdıqları ölkələr, ikitərəfli əlaqələr , mövcud durum barədə fikirləri maraqlı olur. Bu dəfə isə proqram o qədər sıx idi ki, yalnız Bağdaddan Kərkükə dönəndə yadıma düşdü ki, Azərbaycanın İraqdakı səfirliyinə getməyi unutdum, daha doğrusu, vaxt imkan vermədi.

 

(Ardı var)

Ağanisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”