- Qarabağ və Şərqi Zəngəzurun bərpa - yenidənqurulması intensiv şəkildə həyata keçirilir. Ötən il daha çox vəsaitin xərcləndiyini nəzərə alsaq,  son 3 ildə bu istiqamətə ayrılan vəsitin həcmi 8 milyadrddan çoxdur. Təbii ki, büdcə, Azərbaycanın maliyyə imkanları, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üçün vəsitin ayrılmasını təmin edir. Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərmizin bərpasına, ancaq öz daxili maliyyə mənbələri hesabına vəsit ayırır. Nəzərə alsaq ki, bir sıra digər ölkələrdə beynəlxalq yardımlar və ya bir sıra ölkələrin ayırmaları xüsusi paya malikdir. Bərpa – yenidənqurma, məskunlaşma üçün  lazımdır. Birinci qayıdış proqramında da 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzura 40 minə yaxın ailənin qayıtması nəzərdə tutulur. Artıq bu ilin sonunda ilkin qayıdışı müşahidə edəcəyik. Ötən il bu qayıdış Zəngilanda baş verdi, bu il Laçında və digər yaşayış məntəqələrində proses həyata keçiriləcək. Bütün bunlar ondan xəbər verir ki, bərpa, yenidənqurma bizim məcburi köçkünlərimizin 30 illik həsrətdən sonra öz ata-baba yurdlarına qayıtmasına imkan yaradacaq.  Növbəti mərhələdə işğaldan azad olunmuş ərazilərdə 10 il müddətinə vergi güzəştləri tətbiq olundu.

Kifayət qədər geniş güzəştlər sistemi var. Bu, xüsusən də investisiyanın cəlb edilməsi baxımından vacibdir. Gözlənilir ki, bu məskunlaşma genişləndikcə, investisiyanın daha çox Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsinə imkan verəcək.

Təbii ki, burada təhlükəszilik çox önəmlidir. Azərbaycan Ordusu həmin ərazilərimizin təhlükəsizliyini təmin edir. Həm infrastruktur, həm güclü ordu baxımından təhlükəsizliklə bağlı məsələlər prioritetdir. Məskunlaşma prosesində də bu, əsas prioritet məsələlərdən biridir. Ona görə də praktik olaraq həm təhlükəsizliyin genişlənməsini, həm də bərpa-yenidənqurma prosesini daha intensiv şəkildə müşahidə edirik.

 

– Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı yüksək qiymətləndirən Avropa, Qərb ekofəalların Laçın-Xankəndi yolundakı aksiyası fonunda ədalətli qərarların verilməsində nə dərəcədə obyektiv mövqe sərgiləyir?

 

– Azərbaycan Avropa İttifaqının enerji təhlükəsziliyinə xüsusi töhfə verir. Xüsusən 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan mavi qazı Avropa bazarına çıxır və 2022-ci ildə Azərbaycanın Avropa İttifaqına mavi qaz ixracatı 40 faiz artdı – 11,4 milyard kubmetrə çatdı. Bu ilin ilk ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 25 faiz artıb, aylıq olaraq 1 milyard kubmetr mavi qaz Avropaya ixrac edilib. O baxımdan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolunun artması müşahidə olunur.

Təbii ki, ekofəalların birbaşa təbii ehtiyatlarımızın qeyri-leqal mənimsənilməsi, ətraf mühitin qorunmasına yönələn bu aksiyanın tələbləri bəllidir. Bununla bağlı rəsmi Bakı da öz mövqeyini təqdim edib. Nəzərə alsaq ki, Ermənistan Haaqa  Məhkəməsinə Laçın yolunun bağlı olması ilə bağlı iddia təqdim edib, amma məhkəmə həmin iddianı rədd etdi. Eyni zamanda məhkəmə “Avronest”in Moldovada sonuncu keçirilən iclasında da Ermənisan tərəfindən Laçın yolunun bağlanması ilə bağlı qətnamə təqdim olunmuşdu. Avropa Parlamentinin üzvlərinin də iştirak etdiyi plenar iclasda bu qətnamə rədd edildi.  Ona görə də Azərbaycan özünün haqq işini, həqiqətləri beynəlxalq  müstəvidə təqdim edir. Xüsusən də cənab Prezidentin Münhendə Milli Təhlükəsizlik Konfransında çıxışı və eləcə də Qafqazla bağlı paneldə qeyd etdiyi məsələlər Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmasına imkan yaratdı. Bu baxımdan Azərbaycan Prezidentinin rəhbərliyi altında həqiqətlərin sistemli şəkildə qlobal dünyaya təqdim edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi davam etdirilir. Bu, xüsusən Laçın yolu ilə bağlı daha obyektiv məlumatların verilməsi baxımından vacibdir.

 

– Qeyri-neft sektorun inkişafından danışırıqsa, kənd təsərrüfatı sahəsi necə inkişaf etdirilir və iqtisadiyyatımıza hansı gəlirlər gətirir?

 

– Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün həmişə prioritet olub.  Azərbaycan iqtisadi baxımdan Cənubi Qafqazın ən güclü ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatının 65 faizindən çoxu Azərbaycanın payına düşür. Qeyri-neft sektorunun inkişafı mərhələli şəkildə genişilənir və xüsusən son 5 ildə qeyri-neft gəlirlərimizin və eləcə də sektorun inkişafını müşahidə edirik. 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracatı 3 milyard dollara çatdı. Bu, müstəqillik dövrünün ən böyük rəqəmidir və artım tempi davam edir.  Qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı da artıq 50 faizdir.  Bu o deməkdir ki, fiskal gəlirlərimizin yarısı qeyri-neft sektorunun payına düşür. 2015-ci il fiskal gəlirlərinin cəmi 20 faizi qeyri-neft sektorunun payına düşürdü. Məqsəd həm də ixracatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Bu istiqamətdə də işlər genişləndirilir.

Aqrar sektor da prioritetdir. Azərbaycan mövcud torpaq, eləcə də məhsuldar torpaq ehtiyatları çərçivəsində aqrar məhsulların istehsalını genişləndirir. Fərqli məhsullara yanaşma da fərqlidir. Bunların bazarının olması, istehsal xərcləri, rəqabət məsələləri nəzərə alınmaqla məhsul istehsalı həyata keçirilir. Azərbaycan aqrar sektorda xüsusən tərəvəz,  bostan məhsullarına, eləcə də meyvəyə görə keçmiş SSRİ, xüsusən Rusiya ilə müqayisədə üstünlüyə malikdir, rəqabət aparma imkanları daha çoxdur. Strateji ərzaq məhsullarınln, o cümlədən kənd təsərrfatı məhsullarının yetişdirilməsi və istehsalı daha prioritetdir. Ona görə də  Azərbaycan 2023-cü ildə aqrar sektorda birbaşa ərzaq təhlükəsizliyi ilə bağlı istiqamətlərin daha çox dəstəklənməsini  həyata keçirəcək ki, bu da xüsusən ərzaq ehtiyatlarının, təminatının artırması baxımından vacibdir.

 

– Ölkədə əməkhaqları, müavinətlər, pensiyalar –ərzaq, kommunal xidmətləri – qaz, su, elektrik enerjisində, nəqliyyatda davam edən qiymət artımlarına nə dərəcədə adekvatdır? Mövcud balans əhalinin sosial-iqtisadi durumuna hansı təsirini göstərməkdədir?

 

- Sosial paket daimi olaraq dərinləşir. Cənab Prezident yerli jurnalistlərlə görüşündə  qeyd etdi ki, minimum əməkhaqqındakı artımdan sonra mövcud minimum əməkhaqqı məbləği qənaətedici hesab olunmasa belə, proses davamlıdır. Yəni burada ölkə Prezidentinin  qeyd etdiyi kimi, prosesin davamlılığı çox vacib məqamlardan biridir. Biz həm əvvəlki illərdə, həm 2023-cü ildə artıq yanvar ayından etibarən sosial paketin dərinləşməsini müşahidə etmişik. Təbii ki, burada bir tərəfdən də büdcə imkanlarını  nəzərə almaq lazımdır. Azərbaycan yalnız 2023-cü ildə dövlət büdcəsindən Qarabağın, Şərqi Zəngəzurun bərpasına, ən azı, 3 milyard manat vəsait ayıracaq. Eyni zamanda təhlükəsizliyimizlə bağlı xərclər də kiçik deyil. Qarabağa və Şərqu Zəngəzura istifadə olunan xərclərimiz  ümumi büdcə xərclərinin 4,1 faizindən çoxdur.  Büdcə xərclərinin 47 faizi məhz sosial xərclərdir. Yəni ən böyük istiqamət sosial istiqamətdir. Ona görə də davamlı, həm də mərhələli şəkildə fərqli sektorlarda əməkhaqqı və pensiyaların artımlarını müşahidə edirik.  Bu ilin əvvəlində pensiya məbləğlərinə yardım əlavə olunduqdan sonra, bütün əmək pensiyalarının  indeksikasiyası baş verdi. Əmək pensiyalarında 14,7 faiz artım qeydə alındı. Bu proses davam edəcək, biz gələn il də pensiyaların indeksikasiyasını müşahdə edəcəyik. Eləcə də digər sosial proqramlara ayrılan vəsaitlərin də həcmində artımlar müşahidə edilir. Xüsusən də 2023-cü ildə ilk dəfə olaraq ehtiyac meyarı ilə yaş, yaşayış minimumunun bərabərləşməsini müşahidə etdik ki, bu da ünvanlı sosial yardım proqramına daha çox vəsaitin ayrılmasına imkan yaradacaq.

Təbii ki, 2023-cü ildə Azərbaycanda son illərin ən yüksək  qiymət artımları müşahidə olundu.  Bu da birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi ki, regionda və dünya iqtisadiyyatının qiymət artımları idxal infilyasiyasının sürətlənməsinə və daxili bazarda  qiymətlərin daha çox artmasına gətirib çıxardı.

Sosial paket vasitəsilə bu təsirlərin azaldılması əsas hədəfdir.   

 

- Bir çox ekspertlər qeyd edir ki, indiki reallıqda, yəni iri transmilli korporasiyaların bütün qitələrdə və ayrı-ayrı dövlətlərdə filiallarının yaradılması və uğurla idarə olunması ofşor şirkətlərin saxlanılmasına heç bir lüzum görmür. Azərbaycanın bu şirkətlərlə əlaqələri hansı səviyyədədir?

 

– Ofşar şirkətlərlə əməkdaşlığın minimuma endirilməsi əsas hədəflərdəndir. Azərbaycan iqtisadiyyatının ağardılması, leqallaşdırılması və liberallaşdırılması ilə bağlı islahatlar dərinləşir.  Bu islahatların əsas məqsədi də ofşar əməliyyatların azaldılmasıdır. Bu gün xüsusən də ölkə xaricindən köçürülmələrlə bağlı monitorinqlər var. Məqsəd “çirkli pullar”ın yuyulmasına qarşı mübarizənin genişləndirilməsidir. Bir müddət öncə  Milli Məclisdə də “çirkli pullar”ın yuyulması ilə bağlı qanunvericilik təkmilləşdirildi və beynəlxalq standartlara uyğun olaraq qanunvericilikdə düzəlişlər oldu. Ona görə də Azərbaycan üçün “çirkli pullar”a qarşı mübarizə bütövlükdə iqtisadiyyatın daha da ağardılması prioritetdir. Bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Son illərin nəticələri də göstərir ki, iqtisadiyyatın ağarması həm də məşğulluğun rəsmiləşməsinə təsir göstərir.  Bu istiqamətdə  daha çox islahatları müşahidə edirik. 2022-2026-cı illəri əhatə edən strategiyada da bu istiqamtlər əsas prioritet olaraq götürülüb.

 

– İqtisadçılar hesab edir ki, dövlət və özəl  bankların ən çox gəlir götürdükləri sahə dövriyyədə olan pensiya kapitalıdır. Qeyd olunur ki, bu boşluq hər cür maliyyə fırıldaqları üçün zəmin yarada bilər. Bu sahədə hansı islahatlara ehtiyac var?

 

– Pensiya kapitalının daha səmərəli istifadə edilməsi ilə bağlı Milli Məclisdə təkliflərimiz olub. Xüsusən pensiya kapitalının bir hissəsinin varisə verilməsi, pensiya kapitalının digər istiqamətlər üçün, o cümlədən səhiyyə xidmətləri, kommunal xərclərin ödənilməsi və ya kredit fazilərinin qaytarılması üçün istifadə imkanlarının yaradılmasını təklif etmişik. Pensiya sahəsində islahatların dərinləşməsi müşahidə olunur. Bu gün əslində formalaşan pensiya kapitalı hazırda pensiya alan vətəndaşlarımızın pensiyalarının ödənilməsi üçün istifadə olunur. Artıq qanunvericiliyə edilən son dəyişikliklərdən sonra əgər hər hansı bir sərbəst qalıqlar, vəsaitlər olursa, onlar investisiya edildikdən sonra pensiya təminatının, o cümlədən pensiya kapitalının optimallaşdırılması üçün istifadə olunacaq. Yəni o vəsaitlərdən əldə olunan gəlirlər pensiyaçıların sosial təminatının yaxşılaşdırılmasına yönəldiləcək. Bu baxımdan xüsusən də digər ölkələrdəki təcrübələri nəzərə alaraq biz pensiya islahatlarının dərinləşməsini müşahidə edirik.  Bu da bütövlükdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından vacibdir. Amma sözsüz, biz bu istiqamətdə mütəmadi olaraq təkliflərimizi təqdim edirik. Xüsusən pensiya kapitalı ilə bağlı təkliflərimi Milli Məclisdə, o cümlədən komitə iclaslarında təqdim etmişəm. İneksasiya ilə bağlı yeni təkliflərimiz var. İndeksasiyada diferensial yanaşmanı məqsəduyğun hesab edirik. Yəni hazırda pensiyalar orta aylıq əməkhaqqının  artımı ilə indefikasiya olunur. Pensiya kapitalı infilyasiya səviyyəsinə indeksasiya. Bizim təklifimiz ondan ibarətdir ki, hansı göstərici daha yüksək olursa pensiya məbləğləri, eləcə də pensiya kapitalları həmin göstəriciyə indeksasiya olsun. Son dəyişikliklər də ondan xəbər verir ki, ümumiyyətlə pensiya sisteminin təkmilləşdirilməsi əsas hədəfdir və sistemdə islahatların genişləndirilməsi ilə bağlı tədbirlər də davam etdiriləcək. (Həftə-içi)

 

Tahirə Qafarlı
Versus.az