Səddam Hüseyn dönəmindən və İŞİD-dən sonrakı İraq

00:11 05-02-2019 | icon 680 | Cəmiyyət
Səddam Hüseyn dönəmindən və İŞİD-dən sonrakı İraq

 

Bu günün Bağdadı...

 

IX YAZI

 

(Əvvəli ötən saylarımızda)

 

Ötən yazılarımda qeyd etmişdim ki, İraqda elektrik və qaz problem olaraq qalır. Bizdə illər öncə İran istehsalı olan qaz sobaları vardı, yerli əhali elektriklər kəsilən kimi evində bənzər sobalardan istifadə edir. Maraqlanıram ki, elektrik pulunu neçə ödəyirlər. Deyirlər ki, ildə bir dəfə çox cüzü su və elektik pulu ödəyirlər. İllərdir ki, parlament səviyyəsində dəfələrlə gündəliyə çıxarılsa belə, həllini tapmayıb, milyardlarla pul xərclənsə belə. Yerli əhali ilə söhbətdən məlum olur ki, qışda elə də böyük problem yaşamırlar. Qaz sobalarından alternativ olaraq istifadə edirlər. Yayda dözülməz olur, İraq isti ölkədir və tempratur 50 dərəcəni üstələyir. Elektrik yoxdursa, evdə istidən nəfəs almaq olmur, təbii ki, kondisionerlərin soyuducuların, yəni, buz dolablarının işləməməsi insanların həyatını çətinləşdirir.

 

Bagdadın tikinti sektorunda da durğunluq müşahidə edirəm. Elə bir hər şey 15 il öncə səfər etdiyim kimidir. Amma Bağdadı sevməmək mümkün deyil, bu şəhərin qəribə bir aurası var və səni özünə çəkir.

 

Yolumuz Bağdaddakı “Türkmen Kardeşlik Ocagı”nadır. 1960-cı ildə qurulan Ocagda 16 yanvar Türkmen Şəhidləri Günü ilə bağlı anım toplantısı düzələnib. Toplantıda İraq türkman ziyalıları, keçmiş millət vəkilləri, jurnalistlər, yazarlar, Bağdaddakı türkman ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Toplantıda həm də 20 yanvar 1990-cı il faciəsinin qurbanları, Azərbaycan şəhidləri də yad olundu.

 

Öncə qeyd edim ki, Səddam hakimiyyəti dövründə, 1980-ci ilin 16 yanvarında “Türkmen Kardeşlik Ocagı”nın üzvləri olan türkmen hərəkatının dörd lideri edam olundu.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, ruhlarına dualar oxundu.

 

Çıxışlarda bildirildi ki,1979-cu ildə Səddam Hüseynin göstərişi ilə həbs edilən “Türkmən Kardeşlik Ocağı”nın başkanı əməkli albay Abdullah Abdurrahman və dava arkadaşları edama məhkum edildilər. Eyni vaxtda da Mosul, Kərkük, Erbildə yüzlərlə universitet tələbələri həbs olundu və Bağdada göndəri. Abdullah Abdulrrahman, ocağın digər üzvləri doktor Neçdet Koçak, Tüccar Adil Şerif 1980-ci ilin 16 yanvarında edam edildilər. Amma doktor Riza Demirçinin bu günə qədər nə cənazəsi təslim edildi, nə də edam olunduğu barədə yaxınlarına heç bir xəbər verilmədi. Türkmən xalqının, türkmən davasının öndə gedən oğullarının edamı əslində, Səddam rejiminin türkmən varlığının məhv edilməsinə, susdurulmasına yönəlmişdi. Yüzlərlə türkmən insanına Səddam zindanında olmazın əzablar verilirdi. Həbsdən çıxanlar belə içəridə çəkdikləri əzab-əziyyətlərin nəticəsi olaraq müxtəlif xəstəliklər üzündən az müddət sonra dünyalarını dəyişirdilər.

 

Haşiyə: Türkmən dərgiləri ilə tanış olarkən dəhşətli faktlara rast gəlirəm:

“Səddamın adamları 15 yanvar 1980-ci ildə gecədən keçmiş Necdet Koçakın qapısını döyürlər. Həyat yoldaşı Ayten Koçaka deyirlər ki, sabah həbsxanaya görüşə gələ bilər. Səhər Aytən xanım Bağdad yaxınlığındakı “Ebugarib” həbsxanasına gedir. Bir insanın çox zor sığabiləcəyi üç dəmir hücrədə Necdət Koçak, Abdullah Abdurrahman və Adil Şərif yan-yana idilər. Onlara qarşı insanlığa sığmayan işgəncələr nəticəsində çox bitkin və orgun idilər. Abdullah Abdurrahman şəkər xəstəsi idi. Dərmanları verilmədiyindən gözləri tutulmuşdu, acılar içində qıvrılırdı. Hər üçünün bədənini yaralar basmışdı. Bir neçə saat sonra asılacaq Neçdət Koçak ailəsini və onu son saatlarında yalnız buraxmayan dava arkadaşlarına müraciətində deyirdi ki, “arkadaşlar, ağac budandıkca yaşıllaşır. Sizdən ricam bu davanı buraxmayın və fəaliyyətinizi davam etdirin. Mən indi hər zamankından daha huzurluyam. ALLAHIN hüzuruna könülrahatlığı ilə çıxıram. Bayrağı sizə təslim edirəm. Bu bayrağı şərəflə daşıyacağınızdan əminəm. ALLAHIN Yolundan və doğruluqdan əsla şaşmayın. ALLAHA Emanet Olun”.

Bu qısa və anlamlı çıxışından bir neçə saat sonra dava arkadaşları ilə birlikdə edam olunaraq, şəhid oldu.

 

Sözügedən toplantıda çıxış edənlər də 1980-ci ilin 16 yanvarında Səddam rejiminin türkmən xalqına qarşı həyata keçirdiyi dəhşətli repressiyalardan söz açdılar. İraq parlamentinin keçmiş millət vəkili Fevzi Ekrem Terzioğlu bildirdi ki, biz milli kimliyimiz, torpaqlarımız uğrunda son qanımıza qədər mücadilə aparmışıq, on minlərlə şəhid vermişik, amma mücadiləmizdən bir addım geri atmamışıq. Bu gün varlığımız üçün şəhidlərimizə borcluyuq”. 20 Yanvar 1990-cı il Bakıda törədilən facədən də danışan Fevzi bəy – “onlar da bizim qardaşlarımızdır, ruhları şad olsun” dedi.

 

Toplantıda 16 yanvar şəhidlərinin yaxınları, qohumları da iştirak edirdilər. Onların bir neçəsi ilə həmsöhbət oldum və bu barədə yazacağam. Qardaşlarımızın dərdinə şərik olmaqla, eyni zamanda, 20 Yanvar faciəsi barədə danışdım, qəzet və televiziyada çalışan həmkarlarımın suallarını cavablandırdım.

 

İraq parlamentinin keçmiş deputatı, gözəl türkmən xanımı Fehya Beyatlı, tanınmış jurnalist Nərmin xanımla maraqlı söhbətim oldu. “Türkmən Kardeşlik Ocağı”nın hansı kutsal təməllər, şəhid qanları üzərində qərar tutduğundan danışdılar. Bildirdilər ki, bura bütün türkmənlərin evi, ailəsi, ocağıdır. Ən önəmli günləri bu ocağın işığına yığılaraq qeyd edirlər, anım günləri keçirirlər. Çalışırlar ki, bu günün türkmən gəncləri də dünənlərini, tarixlərini olduğu kimi öyrənsinlər, bilsinlər. Dədələrinin, babalarının yolunu davam etdirsinlər. Nə qədər ki, türkmənlərdə milli ruh var, onlar da gələcəkdən ümidlidirlər. Dillərini, mədəniyyətlərini, ədəbiyyatlarını, adət - ənənələrini, milli varlıqlarını hər şeyə rəğmən qoruyub saxlamaq, inkişaf etdirmək fədakarlıqdır.

 

Bağdadda Türkmənelinin bir parçası olan “Türkmən Kardeşlik Ocağı”ndakı dostlarımı görməkdən, onlarla söhbət etməkdən çox məmnun oldum. Bir daha bir-birimizə nə qədər yaxın, əslində bizim bir olduğumuzu anladım. 16 yanvar şəhidlərinə, türkmən mücadiləsinə, Türkmən milli davasına həsr olunan dərgiləri, kitabları özümlə götürürəm. Açığını deyim ki, indiyə qədər türkmən qardaşlarımız, onların yaşamı, bu gün barədə çox məlumatlı olduğumun fərqində idim. Amma bu səfərdən, görüşlərdən, söhbətlərdən sonra daha çox öyrənməyə, araşdırmağa ehtiyac duyuram.

 

Qardaşlarımızla sağollaşıram, Bakıda görüşmək üzrə ayrılıram. Bununla Bağdad səfərim də başa çatır. Yuxarıda qeyd etdiyim kimi, Bağdad hər şeyə rəğmən gözəldir. Bağdad tarixlərə, sivlizasiyalara şahidlik edən bir torpaqdır. Bu şəhərin öz ruhu var. Axşama yaxın küçələrində, yollarında bir sakitlik var. Ən çox diqqət çəkən köhnə, sarı taksilərdir, bir də yad olmayan bu yollar. Yolumuz isə Bağdaddan Türkmənelinə, Kərkükədir...

 

(Ardı var)

 

Aganisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı