Metronun iş qrafiki dəyişiləcək
“Bakı Metropoliteni” QSC Novruz bayramı ilə əlaqədar qrafiklərə dəyişiklik edib.
Versus.Az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Belə ki, bayram günləri metropoliteninin iş rejiminə müvafiq dəyişikliklər olunacaq.
Martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Ayın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.
“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqatda keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"