“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

19:52 27-03-2023 | icon 294 | Siyasət
“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Bəhruz Məhərrəmov: “İstənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür”

 

Ermənistan müharibə ritorikasından əl çəkmir. Son vaxtlar Qarabağda qalan qeyri-qanuni erməni tör-töküntüləri hərbi təxribatlar törətməklə sülh danışıqlarına əngəl yaratmaqla gərginliyi daha da artırır. Belə ki, martın 5-də qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları atəşkəsi pozmaqda davam edib. Nəticədə Azərbaycan tərəf şəhidlər verib. Eləcə də martın 20-də törədilən erməni təxribatları nəticəsində Zəngilan ərazisində azərbaycanlı hərbçi yaralanıb, itkilər var.

 

Görünən budur ki, Ermənistan sülhə gəlmir, əksinə, alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvənin daşınmasını davam etdirir. Ermənistanın Azərbaycan ərazilərində yaratmaq istədiyi gərginlik nədən xəbər verir və məsuliyyət kimin üzərindədir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, son dövrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimallarının artması ilə bölgədə sülh və sabitlikdə marağı olmayan güclər aktivləşməyə başlayıb. Onun sözlərinə görə, Fransa və İrandan, o cümlədən Avropa Parlamentindən gələn təhrikedici dəstək fonunda erməni tərəfinin daha çox hərbi ritorikaya üz tutması, revanşist mövqeni sərtləşdirməsi müşahidə olunur.

 

Deputat proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlılarının da öz töhfələrini verməkdə davam etməsini təəssüflə qeyd edib:

 

“Rus sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sülhməramlıların birbaşa nəzarəti altında Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməyə başlanması, habelə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların himayəsində döyüş mövqelərinə hərbi daşımaları davam etdirməsi məhz sülhməramlı missiyanın proteksiyasında reallaşan açıq təxribatdır və bölgədə gərginliyi artıraraq yeni hərbi qarşıdurmaya rəvac verir.

Nəticədə martın əvvəllərində Xankəndi-Xəlfəli-Turşsu yolunda qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları ilə atışma nəticəsində iki şəhidimizin olması, dörd gün öncə Zəngilanda hərbçimizin yaralanması bölgədə situasiyanın kritikləşməsindən xəbər verir. Üçtərəfli bəyanatla bu kimi fəaliyyətlərin qarşısını almalı olan sülhməramlılar isə əksinə, alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvə daşınması və xüsusi texnika cəlb edilməklə yeni yolun tikintisinə rəvac verərək qeyri-adekvat davranışlar nümayiş etdirir. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquqa zidd fəaliyyətlər həyata keçirməsi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmasıdır. Sülhməramlı komandanlığının və Rusiya Müdafiə Nazirliyinin bu davranışı təəssüf doğurur və ilk növbədə Rusiya dövlətinin özünün imzasına hörmətsizlikdir”.

 

B.Məhərrəmov vurğulayıb ki, Rusiya sülhməramlılarına Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil. Onun sözlərinə görə, bu cür qeyri-adekvat davranışlar isə sülhməramlıların əsl “məramı” ilə bağlı haqlı suallar ortaya çıxarır:

 

“Üstəlik nəzərə alaq ki, sülhməramlıların bölgəyə gəlişinin hüquqi bazisi olan üçtərəfli bəyanatın 4-cü maddəsinin özünün legitimliyi barədə mübahisəli məqamlar var. Belə ki, sənədin 4-cü maddəsində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Aktın imzalanmasından təqribən iki il yarım keçməsinə baxmayaraq üçtərəfli razılaşmanın bu bəndinin şərtləri hələ də icra olunmayıb. Digər tərəfdən Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hələ də Ermənistanın fərari ordusunun hissələri, habelə qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur və faktiki olaraq yeni təcavüzkar hərbi aktlara hazırlaşırlar. Üçtərəfli Bəyanatın qarantoru olan Rusiyanın sülhməramlı kontingenti isə bu təhlükəli tendensiyaya göz yummaqla, habelə ermənilərə açıq dəstək verməklə bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Rusiya sülhməramlıları missiyası bu tip davranışlarla özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparmaqdadır. Lakin hər kəs anlamalıdır ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil olan Azərbaycan 90-cı illərin Azərbaycanı deyil və 44 günlük savaş, sonrakı dövr bunun əyani sübutudur”.

 

Deputat bir daha qeyd edib ki, Azərbaycan bütün dünya dövlətləri, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu tərəfdaşıq və bu ölkə ilə münasibətlərimizin inkişafı və dərinləşməsində maraqlıdır.

 

B.Məhərrəmov həmçinin qeyd edib ki, ölkəmiz istər Vətən müharibəsi dövründə, istərsə də sonrakı dönəmdə Rusiya prezidentinin tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyi də çox yüksək qiymətləndirir:

 

“Lakin sülhməramlıların Rusiya ilə Azərbaycan arasında mövcud yüksək səviyyəli münasibətlərin ruhuna daban-dabana zidd olan davranışlarına dözümlü yanaşmaq kimi bir öhdəliyimiz yoxdur. Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir və biz öz suveren ərazilərimizə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Əgər sülhməramlılar öz missiyalarının öhdəsindən gəlmirsə, yaxud daha dəqiq desək, qanunsuz prosesin bir hissəsinə çevrilirsə, Azərbaycan özü bu problemi həll etməyə məcburdur. İndiki halda bölgədə sülh perspektivlərinə zərbə vuran bu cür təxribatlara birdəfəlik son qoymaq üçün isə ilkin çıxış yolu Azərbaycan ordusu tərəfindən alternativ yolları nəzarətə götürmək və Laçın-Xankəndi yolunun Ermənistanla şərti sərhəd hissəsində buraxılış məntəqələri quraşdırmaqdır. Bu bizim beynəlxalq hüquqla tanınan haqqımızdır və bu prosesdə istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin