Türkün məğrur qalası – Türkməneli

09:07 06-02-2019 | icon 1111 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 

Kərkükün, türkmənlərin böyük, umacaqsız Azərbaycan sevgisi....

 

 

X YAZI

 

(Əvvəli ötən saylarımızda)

 

Tez-tez belə sual verirlərr ki, İraqda türkmanların durumu neçədir? Təbii ki, söhbət maddi durumdan gedir. Əlhəmdülillah, Türkmənelində, Kərkükdə türkmən qardaşlarımızın daha çox mənəvi, mədəni dəstəyə ehtiyacları var. Hamısı istəyir ki, Azərbaycanla insani, mədəni, təhsil sahəsindəki əlaqələr daha da yüksəlsin. Azərbaycan sevgisi o qədər böyükdür ki, hər birinin evində, avtomobilində Azərbaycan musiqiləri səslənir.

 

Birinci yazımda da qeyd etmişdim, Kərkükə getdiyim ilk gün yolda Yılmaz kardeşimin avomobilində Azərbaycan musiqisi səslənirdi. Dedi ki, bu musiqiləri mənə görə qoymayıb, davamlı olaraq dinləyirlər və çox sevirlər. Təbii ki, İraqda baş verənlər Türkmənrlinə də təsiriz ötüşmür. Amma diqqətimi çəkən gənclərin daha çox təhsilli olmasıdır. Elə Kərkük universitetində 28 mindən artıq tələbənin təhsil alması da kiçik rəqəm deyil. Və bu gün minlərlə türkmən gənclər Türkiyənin ali məktəblərində, az sayda da olsa, Azərbaycanda təhsil alırlar. Özləri də təsdiq edir ki, bütün çətinliklərə baxmayaraq, həmişə təhsilə böyük önəm veriblər. Təsadüfi deyil ki, İraqın ən böyük etnik qrupları - ərəblər, kürdlər və türkmanlar arasında təhsil, mədəniyyət, elm sahəsində türkmənlər hər zaman öndə olublar. Səddam Hüseyn rejimi on minlərlə türkmən ziyalısını həbslərə atsa da, minlərlə insanı edam etsə də, yüz minlərlə insan repressiyalar nəticəsində öz dədə-baba yurdunu tərk edib, xarici ölkələrə üz tutsalar da, təhsil, türkmən dilini qoruyub saxlamaq prioritet olub.

 

İraq qanunlarına görə, ölkədə çoxevlilik (çoxarvadlılıq) mövcuddur. Ərəb və kürdlərdən fərqli olaraq, türkmənlər bir dəfə ailə qururlar. Təbii ki, istisnalar var. Müasir türkmən ailələrində isə, uşaqların sayı beş, dörd, bəzən isə üç, iki, hətta bir nəfərdən ibarətdir. Olduğum bütün ailələrdə 18-20 yaş arasında olanların hamısı universitet tələbəsi idi və deyim ki, aralarında qızlar daha çoxdur.

 

Türkmən ailələri, qadınlar arasında Azərbaycan ailələri, qadınları arasında o qədər bənzərliklər var ki, fərqli nəsə görə bilmədim. Qadınlar ailədə olduğu kimi, ictimai işlərdə də çox fəaldırlar. İraqın ilk parlament dönəmindən türkmən qadınlar millət vəkili olaraq yer alıblar, bütün seçkilərdə namizədliklərini veriblər.

Siyasi partiyalarda da rolları əhəmiyyətli dərəcədə çoxdur. Böyük əksəriyyəti də müxtəlif sahələrdə çalışırlar, aralarında universitet, orta məktəb müəllimləri, həkimlər var. Avtomobili də özləri idarə etməyi sevirlər. Gənc qızların bəziləri universitetə avtomobilləri ilə gedirlər. Kərkükdəki qardaşlarımız demək olar ki, müstəqil evlərdə, yəni, həyət evlərində yaşayırlar, böyük əksəriyyəti də iki, bəziləri üç mərtəbəlidir. Bütün evlərdə müsafir odaları, yəni qonaq otaqları var. Bu da evinə gələn qonağın türkmənlər üçün necə əziz olduğunun göstəricisidir. Əlbəttə, bunun canlı şahidi oldum, hətta o qədər müsafirpərvərdirlər ki, necə təşəkkür edəcəyindən belə utanırsan. Hamı səni qonaq çağırır, süfrə açır, səni ailədən biri kimi görürlər. Dəyərli Yılmaz, Ömer, Ali qardaşlarımın, Məlahət ablamın, gözəl dostum Fatimənin, anası Zeynəb bacımın evində olduğum müddətdə türkmən qonaqpərvərliyi qarşısında gerçəkdən heyrətdə qaldım. İnsan özünü öz evində, ailəsindəki kimi hiss edir. Pqoqram sıxlığından, görüşlərin çoxluğundan dəvətini qəbul edə bilmədiyim bütün arkadaşlarıma, dostlarıma təşəkkür edirəm. Gerçəkdən hər birinizin Azərbaycan sevgisi qarşısında baş əyirəm. Bunu bilirdim, amma bir daha azərbaycanlıların və türkmənlərin nə qədər yaxın, olduğunu gördüm. Bir neçə evdə Türkman bayrağı ilə Azərbaycan, Türkiyə bayraqları yanaşı dururdu.

 

Kərkükün, Erbilin qədim hissəsində, suvenirlər, hədiyyəlik əşyalar satılan dükanlarında Azərbaycan muğamları, xalq mahnılarımız səslənir. Açığını deyim ki, bu böyük sevgiyə ad tapa bilmirəm. Bu, umacaqsız, içdən, ürəkdən gələn bir sevgidir. Hər kəs Azərbaycandan gəldiyini bilincə, səninlə min ilin doğması kimi görüşür, evinə dəvət edir.

 

Ali Mehdi Sadik: “Bizim üçün Türkməneli, Kərkük nə deməkdirsə, Azərbaycan, Türkiyə də odur....”

 

Kərkükdə İraq Türkmən Cəbhəsinin sözçüsü Ali Mehdi Sadik bəylə görüşümüzdə də Səddam rejimindən sonra İraq türkmanlarının vəziyyətindən danışdıq. Ali Mehdi bəy bildir di ki, uzun müddət Səddam Hüseyn hakimiyyətinin zülmlərindən əziyyət çəkən türkmənlərin 2003 –cü ildən sonrakı yaşamı da asan olmadı:

 “Hər zamankı kimi yenə də üstünlük ərəb və kürdlərə verildi. Biz onların əleyhinə danışmırıq. Tarix boyu xalqlarımız yanaşı yaşayıb, biz qardaşıq. Amma söhbət bu ölkənin bərabərhüquqlu vətəndaşı olmagımızdan, ədalətdən gedir”.

 

- Bu ölkənin ərəb və kürdlərdən sonra üçüncü etnik qrupu türkmənlərdir. Təəssüf ki, son parlament seçkilərində də türkmənlərə qarşı haqsızlıq oldu.

 

- Biz türkmənlər həmişə İraq dövlətinin yanında olmuşuq, müharibələrdə, savaşlarda ən çox türkmənlər döyüşüblər, şəhid veriblər. İraq Anayasasında yer alan hüquqlarımızın gerçəkləşməsini istəyirik. 2003-cü ildən sonra qurulan hökumətlərdə ərəblər, kürdlər təmsil olunsa da, bu illər ərzində bir nəfər türkman hökümətdə yer almadı. Amma bu bizim haqqımız, Anayasa ilə təsbit olunan hüququmuz idi. Son parlament seçkiləri də bura daxildir. Bizim səslərimiz əlimizdən alınıb, digərlərinə verildi, böyük haqsızlıq oldu. Bilirsiniz, bununla əlaqədar günlərlə etiraz aksiyaları keçirdik. Səslərin yenidən sayılmasını tələb etdik. İstəyimiz odur ki, türkmən varlığı, türkmən kimliyi bu torpaqlarda tanınsın. İllərdir mücadilə aparırıq, şəhidlər veririk.

 

- Təəssüf ki, İŞİD hücumlarının da ən böyük zərbələri türkmən qardaşlarımıza dəydi. Təzə Hurmatı, Beşir, digər bölgələrdə gördüklərimdən dəhşətə gəldim. Amma elə türkmən torpaqlarında da İŞİD sıxışdırıldı, qəhrəman türkmənlər canları bahasına onları geri addım atmağa məcbur etdilər.

 

- İŞİD-in Türkmənelinə hüçümları nəticəsində onminlərlə şəhid verdik, türkmənləri edam etdilər, əsir götürdülər, çox sayda insanlarımız öz torpaqlarından didərgin salındı, yurdlarımızı xarabalığa çevirdilər. İraqın digər bölgələrinə, Türkiyəyə, xarici ölkələrə səpələndilər. Türkmən bölgələrində böyük faciələr yaşandı. Elə bölgələrimiz var ki, aylarla mühasirədə qaldılar, amma təslim olmadılar. Əgər türkmənlər İŞİD-ə əks-zərbələr endirməsəydilər, qəhrəmancasına mücadilə verməsəydilər faciələrimizin miqyası daha böyük ola bilərdi. Bizə tək yardım edən, yanımızda olan dövlət qardaş Türkiyədir. İŞİD-ə döyüşlərdə yaralanan insanlarımız da Türkiyədə müalicə olundular. Şükür ki, o günlər arxada qaldı. Biz türkmənlər bu ölkədə huzur, barış, bir də öz hüquqlarımızı istəyirik. Üç ən böyük etnik qrupdan biri kimi bu dövlətdə təmsil olunmaq hüququmuz var. Türkmənlər hər zaman öz üzərlərində işləyiblər, min bir çətinliklə də olsa, oxuyublar, təhsil alıblar, özlərini çox gözəl yetişdiriblər. Bura elm, mədəniyyət, səviyyə də daxildir. Bu gün gənclərimiz Kərkük universitetində, Türkiyənin ali məktəbləridə təhsil alırlar. Azərbaycanda da tələbələrimiz var. Çox istəyərdik ki, Azərbaycandakı tələbələrimizin sayı artsın. Ümumiyyətlə, qardaşlarımızla, Azərbaycanla müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək ən böyük arzumuzdur. Təhsil, mədəniyyət sahəsində  birlikdə dərnəklər də qura bilərik.

 

- Səhv etmirəmsə, iki dəfə Azərbaycanda olmusunuz?

 

- Bəli, iki dəfə olmuşam. Azərbaycan bizim də vətənimizdir, sizləri, qardaşlarımızı çox sevirik. Çox gözəl, inkişaf etmiş bir ölkədir. Təbii ki, Azərbaycanın inkişafı bizi də sevindirir. Millət vəkilləri, yazıçılar, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşdüm, gözəl söhbətlərimiz oldu. Yuxarıda da qeyd etdiyim kimi,qardaş Azərbaycanla mədəni, təhsil sahəsində, bir olan xalqlarımız arasındakı əlaqələrimizi inkişaf etdirməyi istəyirik. Özünüz də gördünüz, Türkmənelinin, türkmənlərin qardaşlarımıza olan sevgisini. Azərbaycanda olarkən Şəhidlər Xiyabanını ziyarət etdim. İnanın, Qarabağ torpaqlarının ermənilər tərəfindən işğal olunması sizin qədər bizi də ağrıdır. Bu dərd bizim də dərdimizdir. İnşALLAH, yaxın vaxtlarda Azərbaycanın torpaqları işğaldan azad edilər. Bizim üçün Türkməneli, Kərkük nə deməkdirsə, Azərbaycan, Türkiyə də odur.

 

(Ardı var)

 

Ağanisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi