Türkün məğrur qalası – Türkməneli

22:12 06-02-2019 | icon 621 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 

Yorğun və qürürlu şəhərim Kərkük...

 

 

XI YAZI

 

(Əvvəli ötən saylarımızda)

 

Kərkükdə tarixi məkanlardan biri də Osmanlı Kışlasıdır, yəni Osmanlı kazarması. Bina 1863-cü ildə Osmanlı dövlətinin Bağdad valisi olan Mehmet Namık Paşa tərəfindən tikdirilib. Kışla 1985-ci ilədək İraq ordusunun hərbi hissəsi kimi istifadə edilib. 1985-ci ildə Müdafiə Nazirliyinin balansından çıxarılaraq İraq Mədəniyyət Nazirliyinin sərəncamına verilir. Kışlanın bir hissəsi yağan güclü yagmurlar zamanı uçub-dağılıb.Əslində, kışla Türkmənelinin, Kərkükün mədəni tarixi və mədəni irsidir. Təəssüf ki, burada dövlət səviyyəsində heç bir təmir – bərpa işləri görülmür.

 

Kışlanın həyətindəki muzey binasında əvvəllər Kərkükün tarixini əks etdirən qədim eksponatlar yer alıb. Amma Peşmərgə və PKK birlikləri şəhərdə olarkən buranı talayaraq, bir-neçə iri küpdən başqa hər şeyi Kürdüstana aparıblar. Ona görə də rəfləri boş qalan muzeyin əvəzinə kışlanın əskidən kazarma kimi istifadə olunan binasının ikinci qatında yeni muzey yaradılıb. Burada Kərkükün keçmişdən bəri milli adət-ənənələrini özündə əks etdirən bölmələr yaradılıb. Muzeydə olarkən bir anlığa özünü Kərkükün qədim dövründə hiss edirsən: bir tərəfdə dulusçular, o tərəfdə dəmirçilər, başqa bir yanda dərzilər öz işlərini görürlər. Burada ictimai hamamdan, toy səhnəsindən bərbərxanayadək hər şey fiqurlar vasitəsilə obrazlaşdırılıb. Hətta salonun yuxarı başındakı guşədə əsrlər boyu Kərkükdə bir arada yaşayan türkmən, ərəb və kürd ziyalılarının hərəsindən birinin fiqur obrazı yaradılıb. Bu da türkmənlərin ölkədə, bölgədə qardaşlıga nə qədər önəm verdiklərindən, barış, sülh şəraitində yaşama istəklərindən irəli gəlir. Ötən yazılarımada “Tarixi Kayseri Çarşısı” nın geçə saatlarında müəmmalı şəkildə yandırılıb, külə dönməsi barədə yazməşdəm. Buradan yüzlərlə yerli sakin hər gün evlərinə bir parça halal çörəklərini aparırdılar. Eyni zamanda da, tarixi bir yer idi, dükanların çoxu yerin altında yerləşirdi. Ən çox da qızıl magazaları var idi. Hər şey yanıb kül olmuşdu, o da müammalıdır ki, yanğın söndürüləndən sonra onlarla qızıl mağazasından bir əşya belə tapılmayıb. Yandırılan Kayseri Çarşısına baş çəkirəm, artıq hadisənin qəsdən törədilməsi heç kim də şübhə doğurmur. Bu tikili Kərkük, türkman tarixinin bir parçası idi. Qardaşlarımızla söhbət zamanı bildirirlər ki, Səddam reşimi dönəmində də Türkmənelindən, Kərkükdən türkmən izlərini silmək üçün qədim yerlər dağıdılır, yandırılır, məhv edilirdi, örnəyi tarixi Kərkük qalası kimi. Kayseri Çarşısı da türkman izlərini silmək üçün yandırıldı. Amma onu da öyrənirəm ki, bu yaxınlarda Türkiyədən gələcək mütəxəssislər və qrup “Tarixi Kayseri Çarşısı”nı yenidən bərpa edəçəklər. Əlbəttə, bu çox gözəl xəbər oldu. Kayseri Çarşısının, Kərkük qalasının yaxınlığında böyük, üstü açıq, çoxlu sayda dükanların, açıq piştaxtaların qoyulduğu Kərkük bazarı var. Burada geyim, ayaqqabı, qab-qacaq, xalılar, gündəlik məişət malları, ərzaq məhsulları, ədviyyatlar, meyvə tərəvəz, bir sözlə hər şey var, belə demək mümkünsə, iynə-sapa qədər. Bazar axşam saatlarına qədər işləyir, təkcə yerli məhsullar deyil, xarici məhsullar da satılır.

 

Bura Kərkükün həm tarixi yerləri, həm də mərkəzi sayılır. Şəhidlər körpüsünə tərəf yol alırıq. Körpüyə 1959-cu ildə baş verən etiraz aksiyalarında qətlə yetirilən şəhidlərin xatirəsini yaşatmaq üçün Şəhidlər adı verilib. Bu körpü həm də şəhərin qədim və müasir səmtlərini birləşdirir. Hər iki səmt gözəldir, xüsusilə də axşamlar. Amma cəmi il yarım əvvələ qədər türkmənlər axşam saatlarında ailələri, övladları ilə belə rahat gəzə bilməzdilər. Özünüz vəziyyəti bir anlığa təşsvver edin: Bir tərəfdən İŞİD, digər tərəfdən peşmərgə və PKK təhlükəsi. Bəzən baş verən terror hadisəsini, qətlləri, cinayətləri hansı dəstənin törətdiyi məlum olmurdu. Bir az öncəyə nəzər salsaq, indi gəzdiyimiz Kərkük küçələri beton istehkamlar, tikanlı məftillər sarılan çoxsaylı keçidlərlə dolu idi, hər an təhlükə vardı və bu bu təhlükənin haradan, nə vaxt gələcəyi də bəlli deyildi.

 

Təzə Hurmatı, Beşir də gördüklərimdən sonra Kərkükdə, bu qədim türkmən şəhərində qardaşlarımızın sabitlik, əminamanlıq şəraitində yaşamalarına Şükür edirəm. Çünki bu şəhərdə kimin qapısını döysən, hamısı şəhid ailələridir, ən yaxın qohumlarını şəhid verən insanlardır. Söhbət yaxın keçmişdən – son iki, üç ildən gedir. İndi-indi rahat nəfəs almağa, gəzməyə çalışırlar.

 

Sabitliklə birlikdə hər birinin istəyi Türkməneli, Kərkük haqqında ədalətli siyasi qərarların verilməsi və onların həyata keçirilməsidir. Ölkənin ərəb və kürd etnik qruplarına göstərilən münasibətin, verilən hüquqların, İraqın bərabərhüquqlu vətəndaşı olmaq statusunun onlara da kağız üzərində deyil, gerçəkdən aid olmasıdır. Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahyanın, görüşdüyüm digər siyasi partiya və qeyri-hökumət təşkilatı rəhbərlərinin söylədiyi kimi, nədən dönüş müddətinə, yəni iki illiyə də olsa, Kərkükün valisi türkmən olmasın?

 

Kərkük də Türkmən Karar partiyasının başkanı Kerim Zeynel və digər qardaş partyaların nümayəndələri, qeyri-hökumət təşkilatları rəhbərləri ilə görüşdüm, fikirlərini aldım. Təbii ki, hər yerdə olduğu kimi, onlar da öncə Azərbaycana salam və sevgilərini göndərdilər. Kerim bey deyir ki, onların əsas məqsədləri türkmən xalqının parlaq gələcəyidir:

 

“Eyni zamanda da, İraqdakı bütün etnik qruplar arasında İraqın birliyini əsas götürərək, haqların, hüquqların bərabər olmasının tərəfdarıyıq. Nədən mövcud İraq hakimiyyətində türkmənlər təmsil olunmasın? Ərəb, kürd qardaşlarımıza olan münasibət bizə də olmalıdır, Anayasa da təsbit edilən haqlarımızın icra ediləsini istəyirik. Hətta bununla baglı partiya olaraq, bir layihə də işləyib hazırlamışıq. Bütün haqların qardaşlıq, bərabərlik üzərində qərar tutması İraqın xeyrinədir”.

 

Əlavə etdi ki, Karar partiyası olaraq, gənclərin də fəaliyyətinə geniş yer veririk. Çox istedadlı, bacarıqlı türkmən gənclərimiz var. Bir xalqın, millətin gələcəyi onun gənclərindən asılıdır.

 

Bir faktı da qeyd edim ki, İraqın neft ehtiyatlarının 20 faizi Kərkükün payına düşür. Amma bilmirdim ki, Kərkük həm də vaxtilə İraqın ən çox pambıq əkilən bölgələrindən biri olub. Hətta Kərkük pambığı Yaxın Şərqin bir çox ölkələrinə satılıb. Şəhərdə tekstil fabriki də fəaliyyət göstərib. Bu gün isə məlum səbəblərdən nə pambıq yetişdirilir, nə də fabrik var. Həm yeraltı, həm də yerüstü sərvətlər məkanı olan Kərkük təəssüf ki, heç vaxt onlara sahib ola bilməyib. Bu gün isə ən önəmlisi Kərkükün statusudur və türkmənlərin qardaşlıq, barış üzərində qurulan mövqeləri, istəkləri məlumdur. Bu insanlar öz tarixi torpaqlarının sahibi olmaq, federal bölgünün tərəfdarıdırlar.

 

Yolum Kərkükdən Erbilədir. Bu yolun üstündə Səddam Hüseyn rejiminin türkmənlərə qarşı 1991-ci ilin 28 martında törətdiyi ən dəhşətli soyqırımın ünvanı Altınkörpü qəsəbəsi var. Bu barədə növbəti yazımda.

 

(Ardı gələn sayımızda)

 

Ağanisə Sultanova
Versus.az

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı