Altınkörpü bir gecənin içində türkmənlərin məzarlığına döndü

21:52 08-02-2019 | icon 688 | Cəmiyyət
Altınkörpü bir gecənin içində türkmənlərin məzarlığına döndü

 

Xocalı və Altınkörpü soyqırımları arasındakı bənzərlik...

 

 

XII YAZI

 

 

(Əvvəli ötən saylarımızda)

 

Altınkörpü Kərküklə Erbil arasında yerləşən bir türkman qəsəbəsidir. Altınkörpü deyərkən ilk ağıllara gələn Səddam Hüseyn rejiminin 1991-ci ilin 28 martında türkmənlərə qarşı vəhşicəsinə törətdiyi soyqırım olur. 1959-cu il Kərkük qətliamından sonra yaşanan ən dəhşətli soyqırıma Səddam qanlı imzasını atdı.

 

Kərkükdən Erbilə gedərkən Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahya, Yılmaz və Omər qardaşımla Altınkörpü şəhidlərinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyuruq. Riyaz bəy Altınkörpü şəhidlərinin xatirəsinə ucaldılan abidənin yanındakı şəhidlərin adları olan lövhəni göstərir. Deyir ki, bu soyqırımda eyni ailədən olan bir neçə nəfəri və ya ailənin bütün üzvlərini qətl etdilər, qurşunlara düzdülər. Lövhədə şəhid isimlərini oxuyunca dəhşətə gəlirəm. Bir ailənin iki, üc, dörd üzvü eyni vaxtda vəhşicəsinə öldürülüb.

 

Qeyd edim ki, soyqırımın baş verdiyi vaxt Ramazan ayı idi. Ağzı oruclu insanlar qətl edildi. Həmin vaxt türkmənlərin cəlladı, kabusu olan Səddam Körfəz savaşında məğlubiyyətə uğramışdı, Küveytdən geri çəkilməyə başlamışdı. Kürdlər isə İraqın şimalında mövcud durumdan faydalanmaq üçün üsyan adı altında Kərkükə girdilər. Türkmənlərə aid evləri yandırdılar, avtomobilləri, türkmənlərin əziyyətlə qazandıqları pulları, qızıl, zinət əşyalarını əllərindən aldılar. Gözəl Kərkükü az qala xarabalığa çevirdilər. Cənubda isə şiələr üsyan edirdilər. Səddamın qüvvələri daxildə baş verən üsyanların qarşısını almaq üçün şimala dogru hərəkət etməyə başladılar. Bu zaman Kərkükü, Türkmənelini talayan kürdlər Türkiyə sərhədlərinə doğru qaçmağa başladılar. Beləliklə, üsyan edən peşmərgə də, şiələr də Səddam rejimindən heç bir zərər görmədilər.

 

Türkmənlər üsyana qatılmamışdılar, İraqın ərazi bütövlüyünə qarşı çıxmamışdılar. Əsrlərdir yaşadıqları Altınkörpünü, dədə-baba torpaqlarını tərk etmələri üçün heç bir səbəb də yox idi. Qardaşlarımız onları nələrin gözlədiyindən xəbərsiz idilər. Təəssüf ki, Altınkörpü Səddamın sərhəd tanımayan zülmü, vəhşiliyi ilə türkmənlərin məzarlığına çevriləcəkdir. Türkmənlərə qarşı kin və nifrətini gizlətməyən Səddam Hüseynin cəllad qrupları 1991-ci il martın 28-də Altınkörpünü mühasirəyə aldılar. Peşmərgənin talanlarından, zülmlərindən hələ tam qurtulmamış altınköylülər o axşam hər şeydən xəbərsiz iftar hazırlığı görürdülər. Qapıları bir-bir döyməyə, təpikləməyə başladılar. Qapılar açıldıqda iftar süfrələrini hazırlayan türkmənlərin qarşısında Səddamın əliqanlı vəhşi əsgərləri dayanırdı. Yaşlı, gənc, uşaq, kişi, qadın demədən 107 nəfər günahsız insanı gözaltına aldılar. Hamısının gözlərini və əllərini bağlamışdılar, bir çoxunu yerlə sürüyərək aparırdılar. Hara götürdükləri məlum deyildi. Bir müddət sonra 102 nəfəri Dibis kəndinə gətirdilər. Kəndin girəcəyində qaniçən Səddamın edam dəstəsi günahsız insanları gözləyirdilər. Sonra onları avtobusa mindirib, məzarlığa gətirdilər. Üç dəstədən ibarət olan edam qrupu türkmən qardaşlarımızı sorğu-sualsız qurşuna düzdülər, şəhid etdilər. Qətl edilən türkmənlər üst-üstə yığılmış, Altınkörpü qan gölünə çevrilmişdi. Səddamın cəlladları güllələrə düzüb, vəhşicəsinə öldürdükləri  insanların yenidən başlarına güllə sıxırdılar.

 

Qeyd edim ki, həmin vaxtlar Səddam ordusunun qorxusundan Təzə Hurmatıdan, Tuz Hurmatıdan, Kərkükdən olan insanlar da ailəlikcə Altınkörpüdəki qohumlarının yanlarına gəlib, sığınmışdılar. Amma bilmirdilər ki, onları daha böyük faciələr gözləyir. Soyqırımın qurbanları arasında müvəqqəti Altınkörpüdə yerləşən ailələrin bir neçə üzvü də vardı.

 

Riyaz bəy soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə - kompleksində olarkən bildirdi ki, Altınkörpü şəhidlərini Səddamın cəlladları toplu məzarlığda basdırırlar. Yəni böyük bir yer qazıb, güllələdikləri türkmənləri ora töküb üstlərini torpaqladılar. Üstündən xeyli müddət keçəndən sonra toplu məzarlığın yeri aşkarlanır.

 

İraqda yaşayan türkmənlər, altınkörpülülər faciənin acılarını hələ də unuda bilmirlər. Altınkörpüdə isə soyqırımın, dəhşətli gecənin şahidləri olan dərdli ailələr yaşayır. Bu gün də gözləri yollarda, doğmalarını axtarırlar.

 

Yetmişdən artıq yaşı olan Sıdıka Tarık 1991-ci ildə İraqdakı daxili savaşa, peşmərgınin hücumlarına görə, Kərkükdən Altınkörpüyə, qohumlarının yanına gəliblər. İki uşağı, qaynı və həyat yoldaşının dayısının uşaqları soyqırımın qurbanları arasındadır. Evdə oturduqları vaxt Səddamın əsgərləri içəri giriblər. Heç nə demədən, açıqlama vermədən ailə üzvlərini, uşaqları aparıblar. Onların isə çarəsizlik içində doğmalarının, kiçik yaşlı uşaqlarının aparılmasını izləyiblər. Neçə saat gözləsələr də, heç bir xəbər ala bilməyiblər. Daha sonra bir adam gəlib və deyib ki, bütün insanları güllələyiblər. Sıdıka Tarıkın ailəsindən 11 nəfər şəhid olub. Bir tək suçları vardı, o da türkmən olmaq. Qeyd etdyim kimi, şəhid ailələrinin, soyqırımı gözləri ilə görən, yaşayan insanların torpağıdır.

 

Qeyd edim ki, Altınkörpü qəsəbəsi miladdan 250 il öncə salınıb. Kərkük və Kərkükdən 40, Erbildən 50 kilometr uzaqlıqdadır. Keçmişdən bəri qəsəbəyə axan Kiçik Zap çayı Altınkörpüyə girmədən öncə ikiyə bölünür və qəsəbəyə girərkən onu üç bölgəyə ayırır. Bu bölgələr – “Böyük Yaxa”, “Orta Yaxa” və “Kiçik Yaxa”dır. Kərkükə yaxın böyük yaxa “Sılahiyyə”, orta səmt “Orta Yaxa”, Erbilə yaxın hissə isə “Tisin” adlandırılır. Altınkörpü yaxalarını bir-birinə bağlayan 54 metrlik Sılahiyye və 116 metrlik Tisin körpüləridir. Səddam rejimi dönəmində Altınkörpüyə girmədən öncə Zap çayı üzərində tikilən üçüncü körpü isə qəsəbənin qəsəbənin daha çox türkmənlərdən ibarət olan əhalisinə ticarət baxımından zərər vermək üçün salınmışdı. Bu körpü Cənubdan Şimala, Şimaldan isə Cənuba gedən avtomobillərin qəsəbənin içinə girməmələrinə səbəb olmuşdu. Bununla da Altınkörpüdə yaşayan türkmənlərin ticarət, kənd təsərrüfatı, turizimdən gələn maddi gəlirlərinin qarşısını kəsmişdi.

 

Altınköy məzarlığını, Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən, yadıma Xocalı soyqırımı düşür. Nə qədər açı da olsa, iki faciə bir-birinə çox bənzəyir. Xocalı faciəsini ermənilər törədib, Altınköy soyqırımını isə türkmən xalqının ən böyük düşməni, vəhşilikdə ermənilərdən fərqlənməyən Səddam Hüseyn və onun cəlladları.

ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

 

(ardı var)

 

Aganisə Sultanova
Versus.az
Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI