Evin tək oğlu, ikiqat ölkə çempionu, döyüş yoldaşlarını xilas edərkən şəhid olan qəhrəman...

11:00 08-05-2023 | icon 1318 | Şəhidlər və şahidlər
Evin tək oğlu, ikiqat ölkə çempionu, döyüş yoldaşlarını xilas edərkən şəhid olan qəhrəman...

“Nicat bizim bu dünyadakı ən böyük mükafatımız, arzumuz idi...”

 


Torpaqlarımızın azadlığı uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca tutan qəhrəmanımızın yüz, min illərə sığacaq 29 illik həyat hekayəsini mart ayında yazmalı idim. Müəyyən səbəblərdən anası Yeganə xanımla, atası Ayaz bəylə mayın ilk günlərində görüşdüm...

 

29 il.... daha doğrusu 29 yaşına cəmi 12 gün qalmışdı... Oktyabr onun ayı idi... dünyaya gəlişi ilə ailəsinə, yaxınlarına sonsuz sevinc bəxş etmişdi. Adını da Nicat qoymuşdular... Onda heç kimin ağlına gəlməzdi ki, balaca, möcüzə körpə bu xalqın, bu millətin doğrudan da Nicatı, xilaskar oğullarından biri olacaq...

 
Bayılın küçələri, dar məhlələri ilə qəhrəmanımızın ocağına yol alıram. Girişdə Nicatın portreti, bir az irəlidə gül-çiçəklərlə əhatə olunan barelyefi, məhlənin yuxarısındakı fotosu düz ünvana doğru aparır... Və... acı da olsa, tanış mənzərə... Qarşımda ağ saçlı, qara paltarlı şəhid anası....

 


Yeganə müəllimə Nicatın bu evdə anadan olduğunu, iməklədiyini, addım atdığını, dil açdığını, məktəbə, idmana, hərbi xidmətə, universitetə, işə, müharibəyə getdiyini deyir... Amma hara getsəydi, yenə də axşam evə qayıdardı... Son gəlişində isə... doğmalarına elə bu evdə vida edib, dönüşü olmayan yola çıxdı...


Bir az sonra Ayaz bəy də gəldi... Nicatın xatirələrinin işığında yaralı, həm də qürurlu ata-ana ilə söhbət etmək çox ağırdır...

 

Yeganə xanım Tovuz hadisələrindən, general Polad Həşimov şəhid olandan sonra Nicatın özünə yer tapmadığını bildirir:

 

“Hələ o vaxt ilk könüllülərdən olmuşdu. Bunu biləndə bütün analar kimi təbii ki, narahatlıq hissi keçirdim, evin tək oğlu idi, ümidlərimizi ona bağlamışdıq. Məni sakitləşdirmək, təsəlli vermək üçün müharibənin olmayacağını deyirdi. Savaş başlayan gün isə səfərbərlik idarəsinə gedib "əgər məni cəbhəyə göndərməsəniz, özüm gedəcəyəm" deyib, təkid edib”.

 


Bir gün sonra Nicat arzusuna çatır, vətənin müdafiəsinə yollanır. Həmin gün valideynləri işə getmişdilər. Bacısı Nigar atasına zəng edib, qardaşının evə gəldiyini, əynini dəyişib, hərbi biletini götürüb, onunla görüşüb çıxdığını deyir. Ayaz bəyin iş yeri evin yaxınlığında idi, oğlunun maşınla getdiyini görüb, ona yaxınlaşır. Nicat isə ofisə gedəcəyini və geri dönəcəyini bildirir. Atanın sözlərinə görə, bir az sonra qayıdıb gəlir və cəbhəyə yollanacağını etiraf edir:

 

“Özümdən asılı olmayaraq, səsimi yüksəltdim, “bizi qoyub hara gedirsən, sənsiz nə edərik?” dedim. Sakit təbiətli idi, heç kim onun ucadan danışdığını eşitməmişdi. Sualıma yavaşca “ata, məni belə yola salırsan” cavabını verəndə susdum. Nicat artıq qərarını vermişdi. Onunla birlikdə 49 saylı orta məktəbə getdik, oradan yola düşəcəkdilər”.

 


Yeganə xanım da işdən qayıdanda oğlunun getdiyini öyrənir. Məktəb yaxınlıqda olduğundan, Nigar anası ilə gəlib görüşmək üçün qardaşına zəng edir. Ana isə heç yerə sığmırdı, ürəyi qan ağlayırdı. Torpağı, vətəni oğulların qorumalı oduğunu deyən Yeganə müəllimə, müharibənin həm də ölüm, itki, ayrılıq gətirdiyini söyləyib, ah çəkir:

 

“Evə gələndə üzümü çevirdim, bir neçə dəfə o baş-bu başa gedib, çiyinlərimi sığalladı. Bilirdi ki, getməyini istəmirəm. Yola salanda sarıldı mənə, içimdə bir ayrılıq havası var idi. “Ana belini niyə bükmüsən, başını dik tut, mənimlə fəxr elə, qürur duy” dedi. O sözlərdə belə ayrılıq hissini özümdən kənarlaşdıra bilmirdim. Oğlum getdi...”

 


1991-ci il oktyabrın 23-də Bakıda dünyaya göz açıb Nicat. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində yerləşən 49 nömrəli məktəb-liseydə orta təhsil alıb. Dərslərini yaxşı oxuyurdu, müəllimlərinin, sinif yoldaşlarının sevimlisi idi. Uşaqlıqdan yaşıdlarından fərqlənirdi. Sakit, ağıllı, düzənli, intizamlı, təmizkar, dürüst idi. İdmanı çox sevirdi. Kiçik yaşlarından karate ilə məşğul olurdu. Yeganə müəllimə Nicatın ən böyük xüsusiyyətlərindən birinin ədalət olduğunu deyir:

 

“Uşaqlıqdan çox ədalətli idi. Həmişə zəifin yanında yer alardı. Böyük birinin özündən yaşca kiçiyə güc göstərdiyini görəndə seyriçi qala bilməzdi, tanımasa belə, əziləni müdafiə edərdi, əlindən tutardı. O qədər səliqəli idi, təmizliyinə, geyiminə, atdığı hər addıma diqqət edərdi. Ona görə də Nicatdan arxayın idim...”

 


Ayaz bəy 1990-cı ilin 20 Yanvar hadisələrinin şahidi olub. Həmişə övladları ilə bu barədə söhbət edirdi, o dəhşətli gecəni, insanların əliyalın tankların üzərinə getdiyini, xalqımızın o günlərdə verdiyi azadlıq mücadiləsindən danışardı. Qarabağı, torpaqlarımızın işğalını anladardı:

 

“20 Yanvar faciəsi baş verəndə ailə qurmamışdım. Amma illər sonra gördüklərimi övladlarıma danışırdım. İstəyirdim ki, olanları həm də məndən duysunlar. Eyni zamanda, rayonlarımızın bir-birinin ardınca işğalından, 1-ci Qarabağ müharibəsindən söz açırdım. Yadımdadır, Nicat məni çox diqqətlə dinləyirdi. Onda hələ məktəbli idi və söylədiyi sözləri indiki kimi xatırlayıram. “Ata, siz böyüklərin bacarmadığını biz mütləq bacaracağıq, düşməndən torpaqlarımızı geri alacağıq...” dedi. Bir də Tovuz hadisələrindən sonra tez-tez “Polad Həşimovun, şəhidlərimizin qisasının düşməndən alınacağı gün uzaqda deyil” söyləyirdi...”.

 

2009-cu ildə hərbi xidmətə yollanır. Əsgərlikdə də valideynlərinin başını uca etdi, nümunəvi xidmətinə görə dəfələrlə Şükürlülər ailəsinə təşəkkür məktubları ünvanlandı. 2011-ci ildə hərbi xidmətini başa vurub evə qayıtdı. Həm işləyirdi, həm də universitetə hazırlaşırdı. Gününü hər zaman planlı keçirərdi Nicat. Səhər yuxudan duranda neçə saat işləyəcəyinə, ali məktəb hazırlığına, idmana, dostları ilə görüşə və s. nə qədər vaxt ayıracağını artıq bilirdi. Universitetə hazırlaşdığı müddətdə əslində, işləməsinə ehtiyac olmasa da, Nicat ailəsinə kömək etməkdə israrlı idi.

 

2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinə daxil olur.

 

HAŞİYƏ: Bu cümlələri yazarkən düşünürəm ki, Nicatla həm də həmkar olmuşuq. Əminəm, jurnalistika sahəsində çalışsaydı, yenə də seçilənlərdən olacaqdı...

 

BSU-nun fərqlənən tələblərindən biri idi. Universitetin ictimai həyatında yaxından iştirak edirdi. Məsuliyyəti, davranışı, təhsili ilə seçilidi. Həm də ali məktəbin idman tarixinə öz töhvələrini verirdi. Karate üzrə ikiqat ölkə çempionu idi, müxtəlif nüfuzlu beynəlxalq idman turnirlərində iştirak edirdi.
2019-cu ildə universiteti bitirib, tanınan şirkətlərdən birində işə düzəlir. Nicat harada olurdusa, orada uğur var idi. Amma heç vaxt özündən danışmağı, öyünməyi sevməzdi. Doqquzuncu sinifdə oxuyandan İbadət edirdi, namaz qılırdı, oruc tuturdu, amma bu barədə heç kimə bir kəlmə də deməzdi. Ailəsi sonradan dostlarının söhbətlərindən öyrənəcəkdi ki, Nicat illərdir öz halal qazancı ilə ehtiyacı olan ailələrə yardım edib, bayramlarda, özəl günlərdə onların qapılarını döyüb, yanlarında olub...

 


Cəbhəyə yollandığı ilk gündən manqa komandiri təyin edilib. Yeganə müəllimə bu təyinatdan bir az da narahat olub:

 

“Oğlum olduğuna görə demirəm, təhsilində, işində, idmanda həmişə fərqlənib, ön sırada yer alıb. Buna görə də qazandığı uğurlara təəccüblənmirdim, bilirdim ki, Nicat hər şeyə haqqı ilə nail olur. Manqa komandiri vəzifəsini eşidəndə açığı narahat oldum, çünki oğlumu hamıdan yaxşı tanıyırdım, onun tabeliyində olanları göz bəbəyi kimi qoruyacağına, onlardan ötrü canından belə keçəcəynə əmin idim. Elə də oldu...”

 

Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdi. Hər gün bir neçə dəqiqə olsa da, ailəsi ilə telefonda danışırdı. Ata, ana, bacı Nicatın səsini duyduqdan sonra şükür edirdilər. Ardınca cəbhədən gələn xəbərlər, yuxusuz gecələr və gözləri telefonda həsrətlə gələcək növbəti zəngi gözləyirdilər...


Yeganə müəllimə ilk günlər küskün idi. Nicat onları dinləməyib, “ata, ana vicdanı, qeyrəti olan hər bir oğul bu gün cəbhədə olmalıdır, torpaqlarını düşməndən geri almaq üçün döyüşməlidir, evdə oturub izləmək bizə yaraşmaz” deyib, getmişdi...

 


Atasının, anasının onunla bağlı bitib-tükənməyən arzuları vardı... Nicatın nişanı, toyu olacaqdı, Ayaz müəllimin, Yeganə xanımın ocağına gəlin gələcəkdi... Heç nədən ehtiyacları yox idi. Hətta Yeganə müəllimənin oğlu üçün bəyəndiyi, yanına yaraşdırdığı bir qız da vardı. Nicat cəbhəyə yola düşən gün ana oğlu ilə gəlini kimi görmək arzusunda olduğu qızı tanış etmək üçün plan qururdu:

 

“Düşünürdüm ki, sabah onları bir araya gətirim, sadəcə tanış olsunlar, sonrası qismət... Demə mən nişan, toy, düyün istəyərkən balamın qismətinə şəhidlik yazılıbmış... Nə vaxt ailə qurması ilə bağlı söhbət açırdıqsa, Nicatdan səs çıxmırdı. Evi, işi, maşını, hər şey var idi, biz də onun mürvətini görməyi arzulayırdıq. Elə bil oğlum hər şeyi qabaqcadan bilirdi, kiminsə qızının bədbəxt olmasını, yarım qalmasını istəmirdi...”

 

Oktyabrın 9-da axşam son dəfə ailəsi ilə telefonda danışır... Ata, ana, bacı sağollaşmaq, telefondan ayrılmaq istəmirdilər o axşam... Nicatla danışdıqca danışmaq, səsini, nəfəsini duymaq istəyirdilər... Saniyələr, dəqiqələr isə sona, ayrılığa doğru işləyirdi... Ana da özünə yer tapmırdı, elə bil hər şey ona öncədən ayan olmuşdu...


Həmin gün bacısı Nigar işə qəbul edilmişdi. Yeganə xanım da telefonda oğluna bu xəbəri verir:

 

“Dedi ki, “ana gözün aydın, təbrik edirəm, qızın məktəbə işə qəbul olub”. Mən ona “gün o gün olsun, qələbə xəbəri ilə geri dönüb, hamımızı sevindirəsən, biz də səni təbrik edək" dedim. Sonra da “oğlum, niyə məni yuxusuz qoymusan, gecəm-gündüzüm yoxdur, bütün fikrim cəbhədə, sənin yanındadır" deyə soruşanda, ilk dəfə elə bil səsində bir narahatlıq, həsrət hiss etdim. Nicat uşaqlıdan heç nədən çəkinməzdi, həmişə öndə olardı, özündən əmin, ədalətli, dürüst idi, qarşısına qoyduğu bütün məqsədlərə nail olmuşdu. Mən də ona çox güvənirdim, elə bilirdim oğluma heç nə olmaz. İlk dəfə "ana, bizə çoxlu dua et" dedi. Danışırdıq, amma özümdən asılı olmayaraq, onun narahatlığı, səsindəki həsrət mənə də keçmişdi. Elə bil o telefon söhbəti ayrılıq, son idi.... Telefonun enerjisinin bitdiyini bildirəndə, "oğlum, heç olmasa, gündə bir dəfə zəng edib, "mən burdayam" de, bizi xəbərsiz qoyma" dedim.... Bu Nicatlmızla, tək oğlumuzla son söhbətimiz, son zəngimiz oldu...”

 

Nicat isə qarşıda onları Hadrut uğrunda ağır döyüşlərin gözlədiyini bilirdi.... Ayın 10-u gözləri telefonda olsa da, zəng gəlmədi. Ayın 11-də isə...

 

Ayaz bəy də oğluna çox inanırdı. Həm idmançı olduğuna görə, həm də Nicatın bütün situasiyalarda özünü qoruyacağına əmin idi. Amma o da həyat yoldaşı kimi bilirdi ki, Nicat dostları, döyüş yoldaşları uğrunda göz qırpmadan canını belə qurban verər...

 

Ata deyir ki, hər gün olduğu kimi, səhər işə getdim:

 

“Mən də oğlumdan zəng gözləyirdim. Telefonum çalanda, tez baxdım, tanımadığım nömrə idi.... Bir az kənara çəkilib, cavab verdim. Şükürlü Nicatın atasının nömrəsi olduğunu soruşudular. Özünü təqdim edən prokuror oğlumun tanınması üçün Füzuli rayonu diaqnostika mərkəzinə getməli olduğumuzu bildirəndə içimdə nəsə qırıldı, telefon əlimdən düşdü, hönkürtümü eşidən qonşu Anar, insanlar başıma toplaşdı. Başıma daş düşdüyü, həyatımda ən çarəsiz qaldığım an... Telefonda verilən o suala, ardınca deyilən sözlərə hazır deyildim, belə bir zəngi gözləmirdim... Mən oğlumun qayıdacağı günü gözləyirdim... Bir atanın həyatında bundan ağır, dəhşətli heç nə ola bilməz. Üzünə deməsəm də, Nicatımla qürur duyurdum, uşaqlıqdan bizə baş ucalığı gətirmişdi. Bu dünyadakı ən böyük mükafatım Nicatın atası olmağım idi, dünyam dağıldı... Nicat bizim arzumuz, yaşam səbəbimiz idi... Handan hana Füzuliyə getmək üçün dostu Vüsala zəng etdim. Demə, əvvəl dayıları, əmilərinə xəbər gəlib və onlar Füzuliyə gediblər. Məni geri qaytardılar...”

 

Nicat həmin gün son dəfə Füzulidən Bakıya yol gəlirdi...

 

Hadrut uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Azərbaycan oğulları qədim torpağımızı işğaldan azad etmək üçün canları, qanları ilə döyüşürdülər. Onların arasında Nicat da vardı... O, minamyotlar, güllə yağışları altında irəli atılıb, yaralı əsgəri çiyninə alıb, döyüş meydanından çıxarır. Vəziyyət çox təhlükəli idi, hər an ölüm saçırdı, yoldaşları onu fikrindən yayındırmağa çalışsa da, daha bir əsgərin həyatını xilas edir... Üçüncü dəfə isə... Döyüş yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gəlir... Ayaq üstə dayanıb, “məni vurdular...” deyir... Əsgərləri onu döyüş meydanından çıxarmaq istəsə də, onlara son sözü “siz irəli gedin...” olur...

 

Bütün bunları isə ailə sonradan öyrənəcəkdi... Qəhrəman Nicatın çiyin-çiyinə döyüşdüyü dostları onun ocağını ziyarət edib, atasına, anasına oğullarının qəhrəmanlığından danışacaqdılar... Nicat ağır yaralanır. Onu təcili yardımla hospitala çatdırmaq istəsələr də, təəssüf ki, mümkün olmur... “Məni evimizə aparın” deyib, can verdiyi torpaq uğrunda şəhidlik zirvəsinə ucalır...

 

Yeganə müəllimənin göz yaşları, Ayaz bəyin sözləri qarşısında o qədər çarəsizəm, nə deyəcəyimi, necə təsəlli verəcəyimi bilmirəm...

 

... Oktyabr onun ayı idi... dünyaya gəlişi ilə ailəsinə, yaxınlarına sonsuz sevinc bəxş etmişdi. Adını da Nicat qoymuşdular... Onda heç kimin ağlına gəlməzdi ki, balaca, möcüzə körpə bu xalqın, bu millətin doğrudan da, Nicatı, xilaskar oğullarından biri olacaq... Oktyabr ayı həm də Nicatın alın yazısı idi...Doğumla ölüm arasındakı məsafənin başlanğıcı da, sonu da oktyabr oldu .. Amma Nicatın ölümü son deyildi, şəhidliyin, sonsuzluğun, əbədi yaşamaq haqqının ilk günü idi... 29 yaşına cəmi 12 gün qalmış qəhrəmanlığı ilə min illik yol qət etdi... Dünyaya gələndə ailəsi, yaxınları sevinmişdi... Bu dünyadan gedəndə bir elin, bir məmləkətin, bütöv bir xalqın Oğluna, qürur yerinə çevrildi...

 


Oktyabrın 12-də Badamdar Şəhidlər Xiyabanında can verdiyi torpağa tapşırıldı, torpağa dönüb Vətən oldu Nicat...

 


Prezident İlham Əliyevin Sərancamları ilə şəhid Nicat Şükürlü “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə”, “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 


Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür