“DÖVLƏT MƏNƏM” PRİNSİPİYLƏ ÖLDÜRÜLƏN SEVGİ

11:23 03-11-2017 | icon 735 | Köşə
“DÖVLƏT MƏNƏM” PRİNSİPİYLƏ ÖLDÜRÜLƏN SEVGİ

İGİD TEYMURLU

Bağışla məni, Vətən! Mən bu halımla, bu acılarımla heç zaman və heç yerdə Səni təmsil edə bilmərəm. Çünki Sənin surroqat uşaqların məni və mənimkiləri diriykən ölü halına salıblar. Sənə olan Sevgimin içimdə dəfn edilməsinə göz yumma, Vətən!! Onsuz da indi mən özüm boyda qəbiristanlığam, bəslədiyin surroqat uşaqlarınsa kaftar, goreşən, qatil timsalında Sənə olan sevgimi içimdəcə öldürürlər. SƏNSƏ SUSURSAN!!!!!!!…

Ələbaxımlılığın “cəlbediciliyi” o həddə qədər yüksəlib ki, artıq digər kateqoriyadan olan İnsanlar da düşdüyümüz labirintdən çıxış yolunu arayanda “keşgə biz də qaçqın, məcburi köçkün olaydıq” formatındakı dəhşət saçacaq istəklərdə bulunurlar. Əbu-əcdadının xromosomlarını söydürən “alim”sə çıxış yolunu “balalamayın” deməkdə görür… Belə surroqat “alimlər”i öz bətnində böyüdən Sənsən, Vətən!… Evimizdən, eşiyimizdən didərgin salınsaq da, sonucda millət olaraq öz boğazımızdan kəsilən parayla bir-birimizə həyan olduq, problemlər qismən həll olundu….

Həll olunubmu!?

Yox, Vətən, yox!!! Sənin surroqat uşaqların problemlərin tam şəkildə yerinə yetirilməsinə imkan vermir.

Kağız üzərində “açılan iş yerləri”, qadınların qul bazarları, çəkilməyən yollar, çəkilməyən su, qaz, işıq, telefon xətləri, olmayan kanalizasiyalar, əhaliyə verilməli olan qazın parniklərə ötürülməsi, marşrutların monopoliyası, məmur özbaşınalıqları, tayfabazlıq prinsiplərilə idarəetmə, məhkəmələrdə tapdalanan insan haqları, daha nələr, nələr….nəyin göstəricisidir!?

Harınlaşmış təbəqə özünə “dövlət mənəm” prinsipini seçib. Nazir və komitə, şirkət rəhbərləri özlərini dövlət içində dövlət kimi aparırlar… Bütün bunları çözmək üçün kimə güvənəcəksən, Vətən????

Harınlamışların boğazına təpik dirədikləri xalqamı!? Qul bazarlarında nəinki əməyi, şərəfi, ləyaqəti alçaldılan insanamı!?

Sənə əsgər doğacaq hamilə Anaların qul bazarlarındakı ah-zarınamı!?

AUTİST UŞAQLARın boynubükük valideyinlərinin gözü qarşısındaca ömür boyu bu sindromdan əziyyət çəkməyinəmi!?

Övladları Avropanın göbəyində isti bucaq tapan, qoluna 230 min dollarlıq saat taxıb fora verən, itinin boynuna Azərbaycan bayrağını dolayan bank oğrularının , məhkəmə dəllalarının harınlamış övladları Sənin köməyinə çatacaqmı!?

YOX. YOX VƏ YENƏ DƏ YOX!!!

Sənin köməyinə çatacaq bu gün səsini eşitmədiyin, halını görmədiyin, problemlərinə şərik çıxmadığın dərdləriylə baş-başa qalan İNSANLAR olacaq, Vətən!!!!

Bizdən olmayanların əməllərinə göz yummaqdan bezmədinmi, Vətən!!!

Bizi Səndən iyrəndirməyə çalışanların əməllərindən usanmadınmı, Vətən!!!

Gözəl Vətənim, artan qaz pulu, işıq pulu, su pulu, benzin pulu, ərzaq məhsullarının qiymətinin istənilən anda və istənilən formatda qalxması, idarə və təşkilatlarda olan dərəbəylik, rəhbər strukturlarda olan qohumbazlıq, baş alıb gedən ……lıq, baş alıb gedən ……lik, günbəgün artan intiharlar, sayı durmadan yülksələn boşanmalar və daha nələri, nələri doğrudanmı Sənin yuxarı eşalonunda görən yoxmu!?

Axı texnologiyanın inkişaf etdiyi indiki dönəmdə klaviaturanın bircə düyməsini basmaqla bütün bu rəzilliklərdən hali olmaq mümkündür… Bizim hali olduğumuz nəsnə budur ki, bəli, Azərbaycan müasir dünyanın siyasi və iqtisadi düzənində özünəməxsus layiqli yer tutmaqdadır. Bəli, Azərbaycanın yerləşdiyi mühüm geopolitik məkan bizə bir dövlət olaraq müxtəlif manevrlər etməyə gözəl stimul verir.

Bəli, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan neft və qaz ölkəsi olaraq ehtiyat rıçaqlara malikdir…. Səd heyif ki, qaza, suya, işığa, telefon xətlərinə, ümumiyyətlə sosial təminatımızla bağlı digər məsələlərə cavabdeh olan səlahiyyətlilər deyəsən deyilənlərlə razılaşmır, bizi qaz ölkəsinin qaz vətəndaşları sanaraq atlarını da yallama çapmadadılar, Vətən!!!!!

Onların məntiqiylə bəli, biz Qaz Ölkəsinin Qaz vətəndaşlarıyıq!!!

Kasıb təbəqə o kəslərin əliylə yolunmaqdadır, Vətən, fərqindəsənmi!??

Vətən, Sən fərqindəsənmi ki, Sənin insanını bir qarın çörəkdən ötəri yazılası mümkün olmayan hallarla gününü itələməyə məcbur ediblər!?

Vətən, Sən fərqindəsənmi ki, xəstə övladıyla baş-başa qalan biçarə atanın, biçarə ananın göz yaşından süni göllər yaradıblar!? Sənin yolunda, Sənin uğrunda döyüşməyin sonu budurmu, Vətən!?..

Yetişən nəslə, gənclərə bütün bunları necə örnək göstərək!?… Bugünkü məmurlarımızın tam əksəriyyətinin əməllərindən cəmiyyətə ancaq “Vətəndaşına sahib çıxa bilməyən Vətən” eskizi təqdim edilməkdədir….. Yetmədimi qara durnalar tək yumurtadan çıxan kimi bir-birimizin başımıza döyəcləməyimiz!? Yetmədimi bizdən olmayanların istəyincə bu taleni Bizə yaşatmaq, Vətən!?…

Bu suallar çox yordu bizi. Yorulan Biz, Əhdi kəsilmişlərin dərdinə şərik olmayanlarsa külli-ixtiyar sahibi olan məmurlardır…

Bağışla məni, Vətən! Mən bu halımla, bu acılarımla heç zaman və heç yerdə Səni təmsil edə bilmərəm. Çünki Sənin surroqat uşaqların məni və mənimkiləri diriykən ölü halına salıblar. Mən Sənə olan Sevgimi içimdə dəfn etdim. İndi mən özüm boyda qəbiristanlığam, Sənin surroqat uşaqlarınsa kaftar, goreşən, qatil timsalında Sənə olan sevgimi içimdəcə öldürürlər. SƏNSƏ SUSURSAN!!!!!!!….

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol