“Gənclik təhsildən kənarda qalmamalıdır” – MÜSAHİBƏ
“Şagirdlərimiz öz təsəvvürlərində LAÇIN deyilən bir VƏTƏN canlandırıblar”
Laçın rayon 37 saylı tam orta məktəbin direktoru Səxavət Məmmədovun Versus.Az -a müsahibəsi.
– Səxavət müəllim, öncə məktəbiniz haqqında qısa məlumat verərdiniz.
– Bildiyimiz kimi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir neçə rayonumuz işğal altındadır və artıq neçə illərdir ki, vətəndaşlarımızın bir qismi qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycan dövləti erməni separatçılığına qarşı kəskin mübarizə aparır, torpaqlarımızın sülh yolu ilə qaytarılması yönündə bütün gücünü ortaya qoyur. Eyni zamanda didərgin kimi yaşamağa məcbur olan vətəndaşlarından qayğı və diqqətini əsirgəmir. İşğal olunmuş digər rayonlar kimi, Laçın rayonunun əhalisi də Azərbaycanın bir çox bölgələrində müvəqqəti yerləşdirilib. Əhalinin həyat şəraitini, gələcəyə inamını təmin etmək üçün dövlət səviyyəsində bir çox işlər görülüb. Bunun önündə dayanan əsas məsələ isə təhsilə olan diqqətdir. Yetişən gənclik təhsildən kənarda qalmamalı, öz tarixini bilməli, gələcəyinə əzmlə baxmalıdır.
“37 saylı məktəbdə də bu keyfiyyətlər var”
Laçınlıların bir qismi burada – Taxta Körpü qəsəbəsində yerləşdirilib. Qəsəbədə 37 ailə məskunlaşıb. Elə bu saya uyğun olaraq 2007-ci ildə burada Laçın rayon 37 saylı tam orta məktəb fəaliyyətə başlayıb. Mən bu məktəbə 2015-ci ilin sentyabr ayından direktor təyin edilmişəm. Elə həmin ildən başlayaraq məktəbdə bir sıra yeniliklərə nail olmuşam. İlk növbədə məktəbimizdə şagirdlərin sayı artırılıb. Təbii ki, bu, müsbət nəticələr əldə olunduqca baş verib. Belə ki, mənə qədər şagirdlərin sayı 160 idi. Hazırda isə məktəbimizdə 270 şagird təhsil alır. Məktəbimiz inkişaf etdikcə, şəraiti yaxşılaşdırıldıqca şagirdlərin də sayı artdı. Çünki hər valideyin istər ki, övladı şərait rahat olmaqla yanaşı, keyfiyyətli təhsil verən bir məktəblə təmin olunsun və savadlı müəllimlərdən dərs alsın. 37 saylı məktəbdə də bu keyfiyyətlər var.
Məktəbimizdə daxili imkanlar hesabına əlavə üç sinif otağı tikilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsinə uyğun olaraq məktəbimizin həyətində kiçik bir hissə ayrılaraq oraya hər il yeni-yeni gül kolları əkilir. Eyni zamanda məktəbin bağ hissəsində müxtəlif meyvə tinkləri əkilib. Yəni yaşıllaşdırma və iməcilik işləri fəsillərə uyğun aparılır. Bizim məktəbimizdə nizam-intizam, tərbiyə, təhsil, sağlam düşüncə və təbiətə bağlılıq bir-biri ilə zəncirvari şəkildə inkişaf edir. Çünki nizam-intizam, tərbiyə olmasa, verilən təhsilin heç bir effekti olmaz və dövlətə layiqli vətəndaşlar yetişməz.
Bununla yanaşı, öz hesabıma məktəbimizin həyətində şagirdimiz şəhid Ülvi Məmmədovun xatirəsinə bulaq düzəltdirmişəm. O bulaqdan su içən hər bir müəllim, şagird, hətda məktəbin yaxınlığından keçən yolçular da Ülvi Məmmədova rəhmət diləyir, onun adını hörmətlə anırlar.
“Balaca şagirdimizdən də soruşsanız ki, haralısan, deyəcək laçınlı”
– İşğalda olan bir məcburi köçkün məktəbinin direktoru olaraq məsuliyyət yükünüz ağır deyil? Laçınlı uşaqların görmədikləri rayonları ilə bağlı onlara vətən sevgisi necə aşılanır?
– Belə bir məktəbdə direktor vəzifəsini icra etmək şərəfli olduğu qədər həm də məsuliyyətlidir. Laçınlı uşaqlar üçün Laçını təsəvvür etmək mən deyərdim ki, ağrılıdır. Bu uşaqların öz ata-analarının, baba-nənələrinin böyüyüb boya-başa çatdığı o yerlər haqqında yalnız evlərində valideynlərinin, qohumlarının dilindən eşitməsi ilə kifayətlənmirik. Məktəbdə də az qala günümüzün mövzusu vətənimiz Laçın haqqında olur. Bizim məktəbdə ibtidai sinif şagirdindən də soruşsanız ki, haralısan, deyəcək laçınlı. Çünki Laçın haqqında istər evlərində, istər məktəbdə, istər televiziyada verilən məlumatlardan, bir sözlə, düzgün təbliğatımız nəticəsində görmədikləri o yurd haqqında artıq təsəvvürlərində LAÇIN deyilən bir VƏTƏN canlandırıblar. Şagirdlərimiz mütəmadi olaraq Laçının kəndləri, flora və faunası, milli qəhrəmanları haqqında bilgilərlə məlumatlandırılırlar. Eyni zamanda, müəyyən tarixlərdə məktəbimizdə Qarabağ döyüşçüləri, şəhid ailələri ilə görüşlər keçirilir. Rayonumuzun qabaqcıl ziyalılarını məktəbə dəvət edərək dəyirmi masa təşkil edirik. Şagirdlər onların Laçın haqqında söylədiklərindən də geniş məlumatlar əldə etmiş olurlar. Bütün bunların şagirdlərimizdə vətənpərvərlik hissinin aşılanmasında böyük rolu olur.
– Səxavət müəllim, dediniz ki, Laçın rayon 37 saylı məktəbə rəhbər seçildiyiniz vaxtdan indiyədək xeyli yeniliklərə imza atıbsınız? Hazırda məktəbinizdə nə kimi yeniliklər var?
– Məktəbimizdə müəllimlərin açıq dərslərini təşkil etmişik. Açıq dərslərə rayonumuzun təhsil şöbəsinin müdiri başda olmaqla inspektorları, metodistləri dəvət edirik. Qeyd edim ki, ibtidai sinifdən tutmuş, yuxarı sinifədək ümumilikdə 27-yə yaxın açıq dərsimiz “Youtube”-da yerləşdirilib. Riyaziyyat fənnini tədris edən Gözəl Hüseynovanın açıq dərsində rayonumuzun təhsil şöbəsinin keçmiş müdiri, hazırda Tərtər 10 saylı Hesablama Mərkəzinin direktoru vəzifəsində çalışan Malik Vəliyev şəxsən iştirak edib və dərsi yüksək dəyərləndirib.
Digər yenilik yeni tədris ilindən müəllimlərimizin vahid geyimdən istifadə etməsidir. Baxmayaraq ki, məktəbimizin kollektivi əsasən gənc müəllimlərdir, vahid geyimlə bağlı təklifimi yüksək dəyərləndirdilər.
“Qocaman və təcrübəli müəllimlərə hər zaman ehtiyac var”
– Məlumdur ki, hər məktəbin qocaman və qabaqcıl müəllimləri olur. Sizin məktəbdə bu göstərici necədir?
– Məktəbimizdə Minayə müəlliməni nümunə göstərə bilərəm. O, ibtidai sinif müəlliməsidir, hardasa 64 yaşı olar. Siz onun sinif otağında şagirdləri necə hazırlaşdırdığını görsəniz, sual edərsiniz ki, bu ruh yüksəkliyi, bu həvəs, bu enerji hardandır belə. Minayə müəllimənin üç açıq dərsi “Youtube”-də yerləşdirilib. Keçən il 9 Noyabr – Dövlət Bayrağı günü ilə bağlı keçdiyi açıq dərsin videosunu izləsəniz inanmazsınız ki, o uşaqlar 1-ci sinif şagirdləridir.
Məktəbimizdə təcrübəli müəllimlər çoxdur. Misal üçün Səadət müəllimənin adını qeyd edə bilərəm. O da ibtidai sinif müəlliməsidir və açıq dərsi “youtube”-də yerləşdirilib. Onun dərsini də izləyənlər təcrübəsindən dolayı necə həvəsli, enerjili olduğunu görərlər. Bu cür savadlı, təcrübəli, öyrətməkdən bezməyən, öz biliyini şagirdlərə böyük həvəs və məmnuniyyətlə ötürməyə çalışan müəllimlərə hər zaman ehtiyac var.
“Ağcabədidən Hacıqabula qədər olan məktəblər üzrə Laçın təhsili öndədir”
– Yəqin ki, məktəbinizin necə deyərlər üzünü ağ edən, sizin də onlarla fəxr etmənizə səbəb olan şagirdləriniz də var?
– Həqiqətən də fəxr edəsi şagirdlərimiz var. 2015-ci ildən bu yana ali məktəblərə qəbul edilən şagirdlərimizin sayı nəticə etibarıyla ürəkaçan olub. 2015-2016-cı tədris ilini 22 nəfər şagirdimiz bitirmişdi ki, onlardan da 18-i tələbə adını qazanmışdı. 2016-2017-ci tədris ilində də 11-ci sinifi bitirənlər arasında yüksək balla ali məktəbə qəbul olan fəxrlərimiz var. Keçən il bir şagirdimiz Qırmızı ATTESTAT almaqla məktəbimizin adını yüksəltdi. Eyni zamanda üç nəfər qabaqcılımız Fərqlənmə Diplomuna layiq görülüb. Bütün bunlar mənim direktor olduğum qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərdir. Çalışacam ki, bu yöndə uğurlarımız daha da artsın.
Onu da qeyd edim ki, bölgədə – Ağcabədidən Hacıqabuladək olan ərazidə yerləşən məktəblər sırasında respublika göstəricisində Laçın təhsili öndədir. Həm 9-11 buraxılış imtahanlarında, həm ali məktəblərə qəbul imtahanlarında yüksək göstərici əldə olunub. Qaçqın məktəbi olmasına baxmayaraq, illərdir bu göstərici Laçın təhsilində diqqəti çəkir və bu gün də birinciliyi qoruyub saxlamaqdadır. Bu göstərici bir laçınlı, bir məktəb direktoru kimi məni qürurlandırır.
“Onların vətənpərvər ruhda böyüməsi üçün tədbirlərin böyük rolu var”
– Səxavət müəllim, bildiyimiz kimi, tədris və vətənpərvərlik mövzusu orta məktəblərdə öndə dayanan məsələdir. Laçın məktəbi olaraq bu mövzuya diqqət hansı səviyyədədir?
– Qəsəbəmizin yaxınlığında yerləşən hərbi hissələr var. Məktəbimizin şagird və müəllim kollektivi ilə həmin hərbi hissələrdə mütəmadi görüşlər keçiririk. Eyni zamanda, hazırlıq sinifindən tutmuş 11-ci sinifədək bütün şagirdlərin Ağcabədi şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyalarını təşkil edirik. Burada şagirdləri ulu öndərin həyat və fəaliyyəti, keçdiyi şərəfli yoluyla tanışlıqları üçün 45 dəqiqəlik tarix dərsləri keçirilir. O cümlədən, Ağcabədi şəhərində yerləşən Bayraq Muzeyinə ekskursiya təşkil edirik, Azərbaycanın müxtəlif dövrlərdə dəyişən bayraqlarıyla bağlı onları məlumatlandırırıq.
Erməni əsirliyində olan torpaqlarımızın işğal tarixlərində şagirdlərə həmin günün acı tarixindən bəhs edən faktlardan danışırıq. Hər il Xocalı Soyqırımının ildönümündə şagird və müəllim kollektivimiz məktəbin həyətindən başlayaraq İcra hakimiyyətinin qarşısında qoyulan abidəyədək yürüş edir. Şagirdlərimizin vətənpərvər ruhda böyüməsi üçün bu tədbirlərimizin böyük rolu var.
– Məktəbinizdə Şəhid və əlil ailələrindən olan uşaqlar varmı və onlara nə kimi güzəştlər edilir?
– Bəli, var və biz həmin uşaqlara xüsusi diqqət ayırırıq. Hər il sentyabrda birinci şəhid və əlil ailələrindən olan şagirdlərimizi kitab və dərs ləvazimatları ilə təmin edirik. Çalışırıq tədrislə bağlı problemləri yaranmasın.
– Səxavət müəllim, bildiyiniz kimi Azərbaycan təhsilinə müəyyən dəyişiklər olundu. Həmin dəyişiklikləri bir məktəb direktoru olaraq necə qarşıladınız?
– Təhsilimizdə baş verən yeniliklər məktəbimiz tərəfindən yüksək dəyərləndirilir. Ali məktəbə qəbulda qruplarda edilən dəyişiklikləri, kursların ləğv olunmasını alqışlayıram. Təhsil nazirimiz hər zaman yeni layihələrə imza atır. O cümlədən gənc kadrlara xüsusi önəm verir. Müsabiqəylə məktəblərə müəllimlərin qəbulu çox müsbət haldır. Bu il bir nəfər biologiya müəllimi də müsabiqə yolu ilə məktəbimizə işə qəbul olunub. Təhsil Nazirliyinin bu cür yeniliklərinin davamlı olmasını istərdik.
– Laçın şəhər icra hakimiyyətinin məktəbinizə nə kimi dəstəyi var və əməkdaşlıq əlaqələriniz necə qurulub?
– İcra hakimiyyəti ilə əməkdaşlığımız yüksək səviyyədə qurulub. İcra başçısı təhsilə xüsusi diqqət ayırır. Məktəbimizin, şagird və müəllimlərimizin problemləri ilə hər zaman maraqlanır. Məktəbimizdə müəyyən tədbirlərdə millət vəkilimizlə birlikdə şəxsən özü, yaxud nümayəndəsi iştirak edir. Hər il olduğu kimi, bu il də 15 Sentyabr Bilik günündə 1-ci sinif şagirdlərinə dərs vəsaitləri hədiyyə edib. O cümlədən ali məktəbə 600-dən yuxarı bal toplayaraq qəbul olan məzunlarımıza xüsusi hədiyyələr təqdim edib. İcra başçısının diqqətinin hər zaman məktəbimizdə olmasını yüksək dəyərləndiririk.
“… torpaqları işğalda olan bir ölkə üçün o verilişlər çox azdır”
– Səxavət müəllim, qeyd etdiniz ki, hər bir ailədə və məktəbdə uşaqlara vətənpərvərlik hissinin aşılanması mütləq və vacibdir. Sizcə televiziyalarda buna necə riayət edilir?
– Efirlərdə verilişlər heç ürəkaçan deyil. Torpağı işğal edilən bir ölkənin televiziyalarında əslində vətənpərvərlik mövzularına daha çox önəm verilməlidir. Amma görünən nədir? Baxın, şou adamları milli mentalitetimizə zidd verilişlərini efirdən evimizə qədər gətirirlər. Adam ailəsiylə birgə televiziyaya baxmaqdan da çəkinir, utanırsan. Boşanmış ailələri efirdə müzakirəyə çıxarırlar, gəlinlə qaynananı qarşı-qarşıya qoyacaq yarışlar keçirirlər. Qaynanayla gəlin yemək bişirir, oğula bu yeməklərdən daddırıb deyirlər hansı yaxşıdı, o da nə bilsin hansı yeməyi kim bişirib? Bəyəndiyi yemək anasının olsa həyat yoldaşı inciyir, həyat yoldaşının olsa anası inciyir. Yaxud, milli mentalitetimizdən kənar hallar baş verir. Tutaq ki, oğula sual verərlər ki, həyat yoldaşını çox istəyirsən, yoxsa ananı. Heç nədən ailə daxilində mübahisə yaradırlar və guya tamaşaçının bu əyləncələrə ehtiyacı var. Ər efirdən arvadı üçün qeyri etik ifadələr işlədir, arvad əri üçün o cür danışır. Nəyə lazımdır bunlar? Mən deyərdim ki, boşanmaların 90 faizinə o cür verilişlər səbəb olur. Gənclərin təfəkkürünü zədələmiş olurlar. Bir də görürsən hansısa rayonun işğalı günündə musiqili verilişlər gedir efirdə. Düzgün deyil. Bu verilişlərdənsə vətənpərvərlik mövzusuna müraciət etsinlər. Ön cəbhələrdə igid əsgərlərimizdən verilişlər hazırlasınlar. Aprel döyüşlərində şəhid olan oğullarımızdan bəhs edən verilişlər hazırlasınlar. Düzdür, bəzi telekanallarda vətənpərvərlik mövzuları var, amma torpaqları işğalda olan bir ölkə üçün o verilişlər çox azdır. Azərbaycan gəncinə məişət mövzuları maraqlı deyil. Azərbaycan ailəsinə əxlaqi dəyərləri məhvə aparan şoular gərək deyil. Azərbaycan insanına torpaqlarımızın, şəhidlərimizin, qəhrəmanlarımızın, təhsilimizin təbliği lazım və vacibdir. Şou verilişlərinin ümumiyyətlə efirlərdən yığışdırılmasını istərdim. Bizə sağlam düşünə bilən gəncliyin yetişdirilməsinə xidmət edəcək verilişlər lazımdır. Bu mənada hər bir hərəkətimizi ölçüb-biçməliyik.
Arzu Zeynallı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"