Güləşçimiz dünya çempionatında bürünc medala layiq görülüb
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona çatıb.
Versus.Az xəbər verir ki, yarışın 6-cı günündə daha beş çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Cəfər Cəfərov (45 kiloqram) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.
Sədrəddin Həsənov (51 kiloqram) türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb - 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb - 2:10.
Camal Abbasov (60 kiloqram) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.
İsmayıl Rəhimli (71 kiloqram) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabı ilə məğlub olub.
Səid Paşayev (92 kiloqram) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.