“Bu olarsa, sülhməramlı qüvvənin Qarabağda qalmasına ehtiyac olmayacaq”
Alparslan İmamqulu: “Rus sülhməramlı qüvvələrinə alternativ qüvvə hazırlamalıyıq”
Ermənistan Azərbaycana qarşı revanşist siyasətindən əl çəkmir. Regionda sülhün, təhlükəsizliyin danışıqlar yolu ilə həllini dalana dirəyən erməni separatçılar üstəlik növbəti müharibəyə çağırışlar etməkdə davam edir. BMTTŞ-nın qətnamələrinə məhəl qoymayan, 44 günlük müharibədə məğlub olsa da üçtərəfli sazişin bəndlərini yerinə yetirməyən və üç formatda aparılan danışıqlarda əldə olunan razılaşmalara məhəl qoymayan Ermənistan bu gün də Azərbaycanla sərhəddən, eləcə də Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri sülhməramlı missiyanın yerləşdiyi ərzilərdən ordumuzun bölmələrini, kəndlərimizi atəşə tutur, sərsəm iddialarla çıxışlar edir. Azərbaycanın sülh təkliflərini qəbul etməyən Ermənistan bölgədəki gərginliyi hərbi əməliyyatların başladılmasına doğru aparır.
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hərbi ekspert, "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi Alparslan İmamqulu real vəziyyətə və atıla biləcək mühüm addımlara diqqət çəkib.
- Erməni separatçıların Qarabağda və Azərbaycanla sərhəddə həyata keçirdiyi müharibə hazırlıqları regionda vəziyyətin hansı həddə olduğunu deməyə əsas verir: erməni, atəşkəsi pozmaqla, gərginlik yaratmaqla nəyə nail olmağa çalışır?
- Artıq 44 günlük savaşdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistanın revanşist əməlləri, təxribatları hələ də davam etməkdədir. Ermənistanın siyasi iradəsi vaxtaşırı Azərbaycanla sülh danışıqlarına gedirmiş kimi nümayiş olunsa da, əslində bu gerçək deyil. Eyni zamanda, bütün bunlara tək Ermənistanın qərarları müstəvisində baxmağımız yanlış olar. Çünki arxasında ilk növbədə Rusiya faktoru dayanır. Bu gün Ermənistan Hindistandan, İrandan hərbi dəstək alır, ikitərəfli müqavilələr əsasında hərbçilərinin Yunanıstanda hərbi tədris keçirməsinə imkanlar əldə edir və sair. Bütün bunlar Rusiyanın icazəsi ilə baş verir. Çünki Ermənistanın nəinki ordusu, bir çox qurumları tamamilə Rusiyanın müstəmləkəsi vəziyyətindədir. O heç bir şəkildə sərbəst qəraravermə qabiliyiyyətində ola bilməz. Regionda maraqlı güclər hər vəchlə gərginliyi saxlamaq niyyətindədir və bunun üçün əllərindən gələni edir, bir çox hallarda danşıqları manipulyasiya edirlər. Bu mənada vəziyyət hərbi müstəviyə çıxacaq qədər gərgindir. Çünki danışıqlara, dialoqa müsbət cavab verməyən kapitulyant bir ölkənin bu gün absurd şərtlərlə prosesi pozması mütləq öz cavabını alacaq.
- 2023-cü il ermənilərin Azərbaycanda son şans ili kimi elan olunub və ermənilərin dialoqa, sülhə gətirilməsi üçün təkliflər verilib. Ermənistan işğal siyasətindən əl çəkmirsə antiterror əməliyyatlarına başlaya bilərikmi və nə zaman? Hansı xarici ssenarilər bizə bu məsələdə əngəl yarada bilər?
- Antiterrpr əməliyyatlarının başladılması bir zərurətdir və qısa müddətdə bu istiqamətlərdə artıq bir sıra fəaliyyətlərin şahidi ola bilərik. Rusiyanın bizim antiterror əməliyyatı keçirdiyimiz ərəfədə hər hansı bir əngəl ola bilməsi də mümkün deyil. Həm ərazi bütövlüyümüz, təhlükəsziliyimiz baxımdan, həm də beynəlxalq hüquq adına Azərbaycanın atacağı bu addımda ziddiyyətli heç nə yoxdur. Hətta üçtərəfli bəyanatın tələblərini pozan tərəf olaraq Rusiya bu dəfə də səssiz qalmaq məcburiyyətindədir.
Donbas və Dnestryanı ölkələrdə olduğu kimi Rusiyanın hər hansı alternativ kartlarının ola bilməsi ilə bağlı ehtimallara gəlincə, təbii ki, Rusiya Cənubi Qafqazın hər üç ölkəsində varlığını sürdürməkdə maraqlıdır. Amma Azərbaycan da Ermənistan deyil. Xüsusən də Rusiya mütləq burda Şuşa Bəyannaməsini nəzərə almaq məcburiyyətindədir.
- Necə hesab edirsiz, regionda yaranmış gərgin vəziyyətin fonunda Rusiya hərbi kontingentinin 2025-ci ildə ərazilərimizdən çıxarılması üçün nə dərəcədə münbit şərait yaradılıb?
- Rusiyanın Cənubi Qafqazda varlığını sürdürməsi ilə bağlı tarixi maraqlarına nəzər salsaq, onun 5 ildən sonra Azərbaycanda olmaq istəməyəcəyi inandırıcı görünmür. Təbii ki, Rusiya Cənubi Qafqazda qalmaq istəyəcək və buna görə də əsas işi burda təxribatlara zəmin hazırlamaqdır. Belə ki, Azərbaycan ərazilərində yaşayan ermənilərə Rusiya pasportlarının verilmsi, Azərbaycanın ərazilərində olan terrorçu qüvvələrə himayədarlıq edib onları silahlandırması, təlimlər keçməsi, hətta sivil əhalinin bu prosesə cəlb olunmasına göz yumması və ona dəstək olması açıq-aşkar deyilənləri isbat edən faktorlardır. Amma bütün bunları bir kənara qoysaq, bu gün Azərbaycan üçün onun ərazi bütövlüyü və təhlükəsziliyi əsas prioritetdir. Ərazi bütövlüyü bizim şərti sərhədlərimizdən başlayır. Şərti sərhədlərimizdəki problemlərimizi həll etmədən öncə ən önəmli məsələ vətən müharibəsində azad etdiyimiz torpaqları, azad edə bilmədiyimiz hələ də faktiki Rusiya sülhməramlılarının nəzarətində olan və hələ də terrorist qüvvələrin olduğu ərazilərdə - Xocalıda, Xankəndidə bir sıra təmizlik işlərinin getməsi qaçılmazdır. Burda müqayisə olaraq Türkiyənin 90-cı illərini xatırlatmaq istərdim. Həmin illərdə PKK Türkiyənin Güney Doğu ərazilərində mülki əhalini sıxışdırır, onların əlində olan imkanlardan faydalanırdı. Hətta onların gənclərinin PKK quldur dəstələrinə cəlb olunması müşahidə olunurdu. Həmin vəziyyət bu gün Azərbaycan ərazilərində müşahidə olunur.
- Rusiya pasportu daşıyan ermənilərin hazırda Azərbaycanın nəzarətində olmayan əraziləri tərk etməsi müşahidə olunur. Erməni silahlıları niyə çıxarılmır?
- Bu gün Qarabağda qalan bəhs olunan on min terrorist qüvvə Ermənistan tərəfdən heç bir şəkildə geri götürülmür. Çünki o qüvvələr geri dönərsə, Ermənistanda siyasi gərginlik yaradacağı qaçılmazdır. Hətta hərbi çevrilişə qədər müəyyən bir fəaliyyət sürdürə bilərlər. Amma Azərbaycan ərazilərində də boş durmurlar, mülki əhalini, bəlkə də Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan erməni sakinləri belə zorla bu cinayətkar prosesə cəlb eliyirlər. Mülki ermənilərin övladlarına, xüsusən də azyaşlı uşaqlara hərbi təlimlər verməklə müşahidə olunurlar. Bu gün ermənilərin bu əməllərini dünyanın gözü önünə sərmək lazımdır. Terrorçuların zərərsizləşdirilməsi mütləq gerçəkləşməlidir.
- İşğalçı, məğlub Ermənistan bu gün hansısa güclərin dəstəyi ilə canlandırılır. Hətta Azərbaycan daxilində yaşayan ermənilərə xüsusi imtiyazların verilməsi ilə bağlı Lavrovun 14 bəndlik təklif paketi də var. Azərbaycan cinayətkarın bu qədər qorunduğu bir beynəlxalq ortamda başının qatılmaması üçün hansı qəti addımlarını atmalıdır?
- Biz bu gün “Sülhməramlı qüvvələrinə” alternativ olacaq qüvvə hazırlamalıyıq. Əsasən Daxili İşlər Nazirliyinə bağlı, daxili qoşunların təyinatı üzrə bu fəaliyyəti icra edə biləcək qüvvə öz hazırlıqlarını görməlidir ki, bölgə artıq təmizləndikdən sonra orda Azərbaycan vətəndaşlığını qəbul etmiş mülki əhalinin varlığı ilə yarana biləcək təxribatların qarşısı alınsın. Özümüz öz ərazilərimizdə sülhməramlı fəaliyyətini icra etməliyik. Biz bu addımları atarsaq, rus sülhməramlılarının Cənubi Qafqazdan çıxarılmasına nail ola bilməsək də, ən azı Azərbaycan ərazilərində olmamasına nail olarıq. Və növbəti mərhələdə şərti sərhədlərimizin delimitasiyası, demorkasiya prosesinin başladılması həyata keçirilməlidir. O müddət ərzində əgər sərhədlərimizdə hər hansı təxribat törədilərsə, sərhədlərimizdən o yana antiterror əməliyyatlarının keçirilməsinə baxıla bilər. Burda yenə də Türkiyə nümunəsini qeyd etmək istərdim: Türkiyə necə ki, ərazilərindən terrorçuları təmizlədi və İraqda, Suriyada antiterror əməliyyatları keçirdir, gələcəkdə biz də buna hazıqlıqlı olmalıyıq.
Təbii ki, eyni zamanda prosesin ermənilərin “dəyirmanına su tökməsi” istiqamətində inkişaf etməməsi üçün ilk atacağımız addım həmin 10 minə qədər olduğu nəzərdə tutulan terrorist qüvvələrin qısa zamanda zərərsizləşdirilməsidir. Bunu etmək üçün də atılacaq ən önəmli addımlardan biri bir mərkəzdən idarə olunan Bir istiqamət komandanlığının yaradılmasıdır. Çünki o ərazilərdə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi qrupları fəliyyət göstərir, eyni şəkildə də Daxili İşlər Nazirliyi və onun qoşunları. Təbii ki, hər birinin öz cavabdehlik sahəsi var. Amma hər hansı bir terrorçu qüvvə o ərazidə risk faktoru yaratdığı halda bu qurumlar arasında müəyyən koordinasiya məsələsi gündəmə gələ bilər. Bu, müəyyən vaxt aparır ki, bu da sürət, operativlik mexanizminin zəifləməsinə təsir edə bilər.
İstiqamət komandanlığının yaradılması bölgədə adıçəkilən quruplardan sayseçmə, əsasən xüsusi təyinatlı bölmələrin vahid komandanlığı altında birləşdirilməsi mahiyyətini daşıyır. Burda artıq koordinasiya məsələsinin daha sürətlə həyata keçirilməsi baş verə bilər. Hətta bu gün bölgədə sadəcə əli silah tutan qurumlar deyil, onunla yanaşı “yumşaq güc alətləri” dediyimiz Azərişıq, Azərsu, Azəriqaz, Dövlət Gömrük Xidməti, ASAN xidmət qurumlarının da operativ koordinasiya mərkəzinin üzvləri kimi bir araya gətirmək lazımdır. Nəticə etibarilə bu, bölgənin daha təfərrüatlı incələnməsinə şərait yarada bilər. Bundan sonra terrorçu qüvvələrin təmsil olunduğu o “sklet mərkəzi”ni ən qısa yolda tərksilah edib, məhv edə bilərik. Növəti mərhələdə, yəni terroroçular zərərsizləşdiriləndən sonra artıq orada olan mükli əhali üzərində çalışmalara başlamaq mümkün olacaq.
Bəli, ermənilərə cavab olaraq şərtlər qoyulmalıdır. Bunun üçün də bizim imkanımız var: Laçın yolu Azərbaycanın nəzarətindədr və bunlar istəsələr də, istəməsələr də çox hallarda o məntəqədən istifadə edirlər. Biz onlara şərtlər irəli sürməliyik: - Azərbaycan vətəndaşlığını qəbul edirsənsə, buyur, sənin şəxsiyyət vəsiqəndə Azərbaycan vətəndaşı olduğun göstərilməli, qanunlara tabe olmalısan, yaxud Azərbaycan vətəndaşlığını qəbul etmirsənsə, beynəlxalq hüquqla tanınmış bir müddət ərzində 1-3 ay müdətində Azərbaycan ərarzilərini birdəfəlik tərk edirsən. Bununla da biz inteqrasiya prosesini tamamlamış olacağıq. Bu olarsa, orda sülhməramlı qüvvənin qalmasına ehtiyac olmayacaq.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"