Razi Nurullayev: "Qanunu elə halda qəbul edək ki, boşluqlar sui-istifadəyə imkan yaratmasın"
"Bu günə qədər xeyli dövlət müəssisələri özəlləşdirilib və təəssüflər olsun ki, ilk özəlləşdirmə zamanı qiymətləndirilmələr düzgün aparılmayıb. Nəticədə dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib".
Versus.Az xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Razi Nurullayev bildirib.
Deputat qeyd edib ki, Dövlət büdcəsinə milyardlarla əskik vəsait ödənilib. Onun sözlərinə görə, nə zamansa bu məsələlər ortaya çıxacaq və məhkəmələr qurulacaq:
"Çünki dövlətin malı dövlətin və xalqındır. Əgər dövlət malı bazar qiymətlərindən on, bəzən yüz dəfələrlə aşağı qiymətləndirilib pay-püşt edilibsə, bu məsələ onilliklər keçsə də gündəmə gələcək və müzakirəyə çıxarılacaq. Bu şəxsən mənim üçün çox prinsipial məsələdir. Ona görə də dövlət əmlakı bazar qiymətlərinə uyğun düzgün qiymətləndirilməlidir ki, qazanan dövlət büdcəsi olsun, ayrı-ayrı şəxslər yox".
R.Nurullayev girov sahəsində olan qiymətləndirmə barədə də narahatlığını dilə gətirərək bu məsələnin təcili həllinə nail olmağın vacibliyini vurğulayıb:
"Elə olur ki, bir şəxsə, biznesmenə yaxud da adi vətəndaşa təcili pul lazım olur. O, əmlakını girov qoyub pul götürür, yaxud məcburiyyət və təzyiq qarşısında daşınar və daşınmaz əmlakını girov qoymalı olur. Qiymətləndirilmə zamanı o əmlak bazar qiymətindən 30-40, bəzən 50 faiz ucuz dəyərləndirilir. Ağır şərtlər və təzyiqlər altında olan şəxs, sahibkar, yaxud digər şəxs isə məcburiyyət qarşısında ağır şərtlərə razılaşır. Bu, mənəvi və dini baxımdan da qüsurlu yanaşmadır. Adam təzyiq altındadır və çıxılmaz vəziyyətə düşür, az qalır ki, həyatına son qoysun. Belə vəziyyətdən sui-istifadə yolverilməzdir və bu məsələ ciddi şəkildə qanunla tənzimlənməlidir. Gərək qanunu elə halda qəbul edək ki, boşluqlar sui-istifadəyə imkan yaratmasın. Keyfiyyətli qiymətləndirmənin aparılması üçün gərək qanuni boşluqlar olmasın və bu baxımdan bu qanuna deputat həmkarlarımdan ciddi yanaşmağı və diqqətlə oxumağı xahiş edirəm".