İçimizdə kök atmış Təpkisizlik...
...Və günümüzün xəstəliyi - OBLOMOVçuluq...
PAKİZƏ BABAZADƏ
Uyu, Oyan, Uyu, Oyan... acınacaqlı bir Yaşam (F.Kafka).
Tənbəllik... iradəsizlik... umursamazlıq... mübarizəsizlik... hər şeyə boyun əymək... coxumuza tanış hallardır hər halda... əgər bunlar sizdə də varsa, demək...
Bunun adı Oblomov sindromudur. İnsanın könüllü olaraq özünü labirintə salıb çıxmaq üşün heç bir çaba göstərməmə istəyi, süurlu bir tənbəllik və ətalət halı... Bir sözlə, bir mövcudluq faciəsidir OBLOMOVLUQ...
Əslində çağımızın ən böyük sorunudur bu psixi xəstəlik. Həyatın gedişatından razı olmadığı, qarşısında bir seçim məcburiyyəti olduğu halda heç bir hərəkət etməyən, bu problemləri gecə- gündüz düşündüyü halda "ehhh, onsuz da bir şey dəyişməyəcək" deyə, özünə təsəlli verən nə qədər insan var bu dünyada…
Rəhmətlik Qoqol demişkən: illər illəri izləyir, milyonlarca tənbəl və süstləşmiş insan böyük bir uyuşuqluq içindəcə dəbələyib durur.
Oblomovluq bir növ psixi ruh halı olan Atereksiya, yəni sadə dillə desək təpkisizlik sindromunun yaxın qohumudur. Atereksiyada insan demək olar ki, olumlu-olumsuz bütün olaylara - acı, kədər, qayğı ilə yanaşı nəşə, keyf kimi gözəl duyğulara qarşı da biganədir. Yaşanan travmatik hadisələrin təkrarlanması riskində belə bu təpkisizlik dəyişmir. Amma Oblomovluq bir az "eqoist" sindromdur. Gözəl duyğulara biganə deyil, amma iş fəaliyyətə, hərəkət etməyə gəldikdə bir türlü tənbəllik qılafından çıxmaq olmur. Yəni hər şeyin fərqində olursunuz, nə isə etmək gücündə olduğunuzu hiss edərsiniz, amma gəl ki, bir türlu alışılmış hərəkətsizlikdən, saplanıb qaldığınız bataqlıqdan çıxmaq üçün heç bir cəhd göstərməzsiniz…
Bu sindroma yaxalananlar hər şeydən şikayət edərlər, miskin acizlik içində çabalayıb durarlar... amma onlara nə etmək gərəkdiyini və çıxış yolunu göstərsən, həmən atılırlar: “belə gəlib, belə də gedəcək bu həyat, bu toplumla heç bir şey düzəlməz, onsuz da bu toplumla bir iş görmək olmaz..."
Nədir OBLOMOVluq? Bu məşhur ad çoxumuza tanışdır. Tanınmış rus yazıçılarından İ.Qonçarovun tənbəl, laqeyd, bivec insan tipləməsinin ən gözəl örnəyi olan bir xarakterdir Oblomov. Bütün gününü yataqda keçirən, durmadan zəmanədən, həyatın mənasızlığından şikayət edən, bütün günü xəyali planlar qurub atıb-tutan, amma bu planları həyata keçirmək üçün kiçik bir hərəkət belə etməyən Oblomov, o dövr rus cəmiyyətinin durğun sosial-siyasi həyatının, fəaliyyətsizliyinin bir aynası idi. Və bu gün də bir ayna kimi üzümüzdəki Oblomov cizgilərini çılpaqlığı ilə gözlər önünə sərir...
Hər əsrin, hər dövrün, hər cəmiyyətin öz Oblomovları vardır. Bizdə də nə çoxdur Oblomovlar və Oblomovçuluq... Təpkisizlik... biganəlik... boyun əyməklik... köləlik...
Ölkəni başına almış soyha-soy, talançılıq, rüşvətxorluq... ədalətsizlik... haqsızlıq... qanunsuzluq... hər kəs şikayətçi, narazı, bir qarın çörək dərdinə düşmüş... gəl ki, çox insanımız haqqını tələb etməkdə aciz, haqsızlıqlara qarşı gəlməkdə istəksiz, arxada, künc-bucaqda danışmaqda qoçaq, mübarizəyə, fəaliyyətə gələndə SUSqun. Hər kəsdə bir Oblomov acizliyi, təpkisizlik…
Hər şeyi qəbullənmə iradəsizliyi: "ac qulağım, dinc qulağım" qorxaqlığı. Üstəlik həyatı dəyişdirmək uğruna bir çabası olmadığı kimi, həyatını dəyişdirmək istəyənlərə qarşı bir dirəniş, bir inamsızlıq, etimadsızlıqdan da çəkinməzlər...
Yaşadığımız həyata baxılarsa, əslində çoxumuzun özünü, öz həyatını dəyişdirmə iradəsi göstərməyən, hər şeyə köləcəsinə boyun əyib ölkənin səfalət bataqlığına dönüşməsinə göz yuman bu insanların qurbanı olduğunu görərik.
Özlərinin pessimizmi, laqeydliyi, dirənişsizliyi ilə ətraflarına bir divar hörər, bir kəsin bu divarları yıxmasına izn verməz, onlara göstərilən doğru yolu belə umursamaz Oblomovlar. Çünki bu yolda zəhmət var, çətinlik, əziyyət var. Hey asana qaçar onlar. Sosial-ictimai yaşamdan qopmuş, bir uyuşuqluq halında yaşarlar onlar. İnsanın özünə, topluma, dövlətinə qarşı məsuliyyət hissi daşımamağın nişanəsidir Oblomovçuluq. İnsanların illərlə kölə olaraq yaşaması, haqsızlığa qarşı susması, ədalətsizliyə təpkisiz qalması, bir anlamda sorumluluq şüurunun gelişməməsinin ifadəsidir. Bir toplum üçün Oblomovlar əsl faciədir - azadlığın, rifahın, hüzurun, qanunun və ədalətin faciəsi... bunlar içimizdəki "kiçik adamlar" dır...
Nə demiş Wilhelm Reich özünün "Dinlə, Kiçik Adam"ında?
"... Səndən qorxuram Kiçik Adam, çox qorxuram, çünki insanlığın (toplumun) gələcəyi sənin əlindədir... səndən qorxuram, çünki özündən qaçdığın kimi dünyada heç bir şeydən qaçmırsan... Sən özündən qaçırsan, kiçik adam. Xəstəsən sən, çox xəstəsən. Bu sənin günahın deyil. Amma canını bu xəstəlikdən qurtarmaq Sənin görəvin, Sənin sorumluluğun. Basqıya göz yummasaydın və bu basqını dəstəkləməsəydin, səni əzənləri çoxdan kürüyüb atardın. Sənin azacıq özünə sayğın olsaydı, günlük yaşamanda azacıq özünə sayğılı davransaydın dünyada heç bir güc səni əzəcək qədər güclü olmazdi".
Bu gün bir OBLOMOVKAdır Azərbaycan... OBLOMOVlar da nə qədər desən...
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...