“Onu paltarlı palaza büküb basdırdıq ki, aralıqda qalmasın”

10:19 29-10-2017 | icon 585 | Qarabağ
“Onu paltarlı palaza büküb basdırdıq ki, aralıqda qalmasın”
Bu gün Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 24-cü ili tamam olur.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. 
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. 

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. 

Versus.Az  modern.az-ın  Zəngilanın işğal günü ilə bağlı “1993-ci ilin o günü” layihəsinə istnad edib.

Budəfəki müsahibimiz  o zaman hər kəs kimi döyüşən, həm də təhsil şöbəsinin müdiri olan Zakir İbrahimovdur. O, 1993-cü ilin 27 oktyabrını ürək ağrısı ilə xatırlayır…

“Rayonun müdafiəsinə qalxdıq”

“1993-cü ilin 27 oktybrında artıq vəziyyətin yaxşı olmadığı bəlli idi. Dağlıq Qarabağ  və onun ətrafında baş verən hadisələr Zəngilan rayonundan da yan keçmədi. Zəngilan rayonu həm Qafan şəhəri, həm də Mehri rayonu tərəfdən erməni hərbi birləşmələrinin hücumuna məruz qalmışdı. Yaradılmış yerli batalyonların və əhalinin köməyi ilə müdafiə batalyonları bütövlükdə rayonun müdafiəsini saxladı və bir qarış belə torpağımız işğal olunmadı. İnsanlarımız bir yumruq kimi birləşdi. Rayonun müdafiəsinə qalxdıq. Bütövlükdə rayonun bir qarış torpağı belə verilmədi. Lakin qonşu Qubadlı, Cəbrayıl, Füzuli rayonlarının işğal olunması bizim müdafiə istehkamlarımızın zəifləməsinə səbəb oldu. Həmin müdafiə batalyonlarından olan əsgərlərin bir hissəsi sərhədlərdə olmuşdu”.

“İkinci Xocalı faciəsi baş vermədi”

Məcburi köçkün olan Zakir İbrahimov deyir ki, torpağımızı tam gücümüzlə müdafiə edirdik.

“Oktyabrın 21-dən başlayaraq Zəngilan mühasirədə idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması bizdə böyük ümidlər yaratmışdı. Hər bir qarış torpağımızı tam gücümüzlə müdafiə edə bilirdik. Mühasirədə qalmağımıza baxmayaraq, böyük ümidlə yaşayırdıq. Oktyabrın 26-da ermənilər Cəbrayıl  tərəfdən hücum etdilər və biz hücumun qarşısını aldıq. Həmin gün Baloğlan, Nadir kimi igidlərimiz şəhid oldu. Nəticədə rayon hərtərəfli mühasirəyə düşdü. Yenə də respublika rəhbərliyinə müraciət etdik. Bizə kömək edildi. Amma silah-sursat sarıdan tam əhatə oluna bilmədik. Nəticədə rayon işğal olundu. Amma ulu öndərin köməkliyi sayəsində Zəngilanda ikinci Xocalı faciəsi baş vermədi”.

“Onlar özlərini düşünürdü”

Keçmiş döyüşçünün sözlərinə görə, o zamankı AXC-Müsavat cütlüyü bir işə yaramırdı.

“Ümumiyyətlə, Qarabağ məsələsi müzakirə mövzusu ola bilməz. Ora bizim əzəli-əbədi torpaqlarımızdır. Zəngilanın işğalı ərəfəsində ermənilərlə tank döyüşünə girmişdik. Respublikada AXC-Müsavat cütlüyü bərabər şəkildə at oynada bilirdilər, amma Zəngilana səfər edə bilmirdilər.  Çünki  Zəngilanda xalq və rəhbərlik bərabər şəkildə birləşmişdi. Yalnız o dövrdə bizim rayona Bakıda yaşayan insanlar gəlib və kömək əllərini uzadıblar.O zamanlar respublikanın enerji işinə baxan rəhbərliyi  Zəngilana gəlmişdi. Rayonu enerji ilə təmin edirdi. Rayonumuza su motoru və ərzaq göndərirdi”.

Zəngilan üç rəngli Azərbaycan bayrağını erməni hərbi birləşmələrinə təhvil verməyən insanların torpağıdır

Məcburi köçkün  sonuncu dəfə Zəngilandan çıxmaları barədə də danışıb.

“Zəngilan, torpağını dəlicəsinə sevən vətəndaşların yeridir. Zəngilan üç rəngli Azərbaycan bayrağını erməni hərbi birləşmələrinə təhvil verməyən insanların torpağıdır. Zəngilan işğal olunan ərəfədə Araz çayından keçib İrana üz tutduq, oradan da Azərbaycanın 42 bölgəsinə səpələnməli olduq. Bir məsələni də deyim ki, biz zəngilanlılar əzmlə torpağımızı qoruyub saxlaya bildik.

Zəngilanın azadlığı uğrunda çox igid və vətənpərvər oğullarımız olub. 1992-ci ilin 10 dekabrında Adil Əsgərov gözümün qabağında torpağı ağzına atıb dedi ki, əgər torpağı versək,  bu torpaq bizə qənim olsun. Baloğlan adlı igidimiz isə tankla döyüşə gedib  şəhid oldu. Biz Araz çayını keçib İrana üz tutanda həmin gün qar yağırdı. Ümumiyyətlə, hər gün Zəngilan atəşə tutulurdu.

Neçə-neçə günahsız insanlar evində şəhid olmuşdu. Hətta, ermənilərin atdığı raketlərdən İran ərazisinə düşənlər də vardı. Elə şəhidlərimiz olub ki, onu öz həyətində dəfn etmişik. Hətta rayondan çıxanda bir qadın keçindi. Məcbur olub onu paltarlı palaza büküb basdırdıq ki, aralıqda qalmasın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin