Söz qələmlə deyil, ürəklə yazılır - MÜSAHİBƏ

18:58 25-02-2019 | icon 1268 | Cəmiyyət
Söz qələmlə deyil, ürəklə yazılır - MÜSAHİBƏ

Eluca Atalı: “İnsanda özünəbəraət hissi güclüdür, əgər belə olmazsa, öz səhvini görüb özünü dəyişə bilər”

 

 

Deyirlər dünyada ən uzun yol insanın içindən keçən yoldur, qələm sahibləri üçün isə bu həm də ürəkdən ələ qədər olan yoldur...

SÖZlə yaşam haqqı qazanan fikir və düşüncələr isə bu yolun yolçusunun mənəvi dünyasının tərcümanıdır. Bu günki müsahibimiz məhz bu yolun yolçularından olan Eluca Atalıdır. Uzun illərdir Vətənindən uzaqlarda yaşasa da icində daşıdığı Vətən sevgisi, Vətən dərdləri ilə bir an belə Vətənindən ayrılmamış, məmləkətinin dərdlərinə kar, kor olmuş dünyanın ədalətsizliyinə qarşı bir savaş açmışdır. Bu savaşda Ən böyük silahı isə SÖZdür...

 

Eluca Atalı Qarabağ həqiqətlərini əks etdirən "Tiqranizm Xocalıda", "Nalşəkilli mühasirə", eləcə də Vətən dərdləri ilə yoğrulmuş "Bir udum azadlıq", "Azadlıq hekayələri", "Kərküklər – təklənmiş Türklər", "Heykəllər niyə danışmırlar?", "Yad dildə azadlıq nəğməsi", "Savaşda qalib yoxdur", "Yenidən doğuş" və sair kitabların müəllifi kimi Azərbaycan oxucularına tanışdır. Eluca Xanım KIBATEK - 42 ölkənin araşdırmaçı və yazarları əhatə edən qurum Türk Dünyasına Xidmət və İraq-Türkmən Ədəbiyyatçılar Təşkilatının Qələm Ustası mükafatına layiq görülmüşdür.

 

Versus.Az-da bugünkü müsahibəsində Eluca xanımın fikir və düşüncə dünyasına bir yolçuluq etdi.

 

- "Məni məndən sor... Kim məni sənə təqdim edə bilər özüm kimi?" - deyirsiniz. Siz kimsiniz, Eluca Atalı?

- Məxluq kimi doğulub, adam kimi yaşamağa davam edən, lakin Asif Ata fəlsəfəsindən xəbərdar olandan sonra ömrünün yönünü, yolunu dəyişib İNSAN olamaq istəyən Asif Ata Ocağının Evladı.



- Siz Asif Ata Ocağının işığına sığınanlardansınız. Ata fəlsəfəsinin əsas mahiyyəti İNSANdır. "Bəşərin nicatı insanlaşmaqdadır! İnsanlaşın-İnsanlaşdırın!"

 

- Asif Ata dünyada, həyatda, insanda, cəmiyyətdə olan bütün naqisliklərin səbəbini insanda görür, yəni, insan naqisdir ki, bütün bizi əhatə edən hər şey naqisdir. Çıxış yolunu isə insanın dəyişməsində, insanın özünü dəyişdirməsində görür. İnsan nədirsə, dünya odur. Amma təəssüf ki, hər kəs günahı başqasında görür. "İnsan dünyanın gözündən düşüb yaşaya bilər, öz gözündən düşsə, yaşaya bilməz". İnsanda özünəbəraət hissi güclüdür, əgər belə olmazsa, öz səhvini görüb özünü dəyişə bilər. Lakin adamın özünü dəyişib insan olmaq imkanı var, Ocaqçılar Ata yolun tutmaqla özü üzərində iş görən bəşər övladlarıdırlar.

 

- Asif Ata millətçiliyi Türkün varlığının, onun özünəməxsusluğunun təsdiqi kimi görürdü.

 

- Sizin sualınıza Atanın tez-tez işlətdiyi bir ifadə ilə başlayacam, Ataya deyirdilər: "Ata yaxşı türkçüdür, amma heyif dini inkar edir". Ata cavab verirdi ki: "Ata ona görə yaxşı türkçüdür ki, dini inkar edir". Ata türkün mahiyyətini yad inanclardan təmizlənmədə görürdü, özünə tapınmada, öz kimliyini dərk etmədə görürdü.

 

- Yazılarınızda AZADLIQ mövzusu üstünlük təşkil edir. Bir deyimə görə, Azadlıq hər zaman fərqli düşüncələrin Azadlığıdır.

 

- Bizim fəlsəfəmizə görə, Azadlıq Kamilliklə bağlıdır, nə qədər ki, insan kamil deyil, onda o əsarətdən qurtula bilməyəcək. Azadlıq fərdi özünü idarə tələb edir, fərd özünü o zaman idarə edə bilir ki, o Kamil olur. Bəli, siz deyəni qəbul edirəm, insan fərd kimi azad olmalıdır və azad insan ilk əvvəl fərdi özünü idarəni bacarmalıdır.


- Yazılarınızda "özünü tapmaq" əsas problem kimi önə çıxır. "Özünüzü" tapa bildinizmi?

 

- Yolumu tapmışam, özümü axtarmaqdan qurtarmışam, çünki özüylə döyüşün birinci mərhələsi olan özünü tanımanı aşa bilmişəm. Özümlə görüşürəm, naqisliyimlə, səhv və nöqsanlarımla döyüşürəm, özünə qovuşma mərhələsinə yaxınlaşıram. Amma özünə nəzarəti unutduğum zaman yoxdur. Çünki adamın hər an səhv etmək imkanı var. Ocaqçılıq səhvsizlikdir! Ocaq yanır və yandırır, adam insan olmaq üçün gərək bu istilikdə səhvlərini yandırsın, kül etsin.

 

- Dosteyevskinin bir sözü var: "Öz içimə qaçışım" - öz içinə qaçış hər qələm adamının qədəridir desək, yanılmarıq.

 

- Vicdan insanın özü-özü ilə tək qalmağı bacarmasıdır. Adam kimə yalan danışsa da, özünə o yalanı deyə bilmir, özlüyündə nəyin doğru, nəyin yalan olduğunu yaxşı bilir. Vicdan həm də insanın özü ilə tək qalıb, özünə hesabat verməsini tələb edir. Özünə qapanma, depresiya, sufi tipli həyat, dərvişlik - cəmiyyətdən təcrid və sair bu kimi halları ruhunun bədən üzərində qələbəsinə yetmək istəyən hər bir kəs yaşayır. Cəmiyyətdən təcrid olmadan dəyişmə və dəyişdikcə dəyişdirmək, yəni, öz dəyişikliyini ətrafdakılarına da tətbiq etmək, onların dəyişməsinə yardım etmək. O vaxta qədər dəyişirsən ki, kimsə səni dəyişə bilməsin. Təsirə düşməmək, əksinə təsirə salmaq.

 

- Tarkovski "Dünya mükəmməl olmadığı üçün sənət yaranmışdır" - düşüncəsindədir. Sizin fikirnizə görə isə təbiət kamil olmadığı üçün sənətə ehtiyac olmuşdur. Məncə, təbiət kamil və qüsursuzdur. Sadəcə, sənət imitasiya ilə ona sevgi və heyranlığını bildirmək üçün yaranmış.

 

- Burda dünyaya və təbiətə üç müxtəlif baxış var: Tarkovski sənətə ehtiyacın dünyanın kamil olmamasında görür, mənsə təbiəti natam hesab etmirəm. Sənətkar yaradıcılığı ilə təbiətdəki natamlığı tamlaşdırır, özündəki mütləqilik baxışı ilə ona yanaşıb olmayanları oldura bilir. Çünki təbiətdən fərqli olaraq insanda ruh var, o, öz üzərində iş görür, insan ruhunun gözü ilə hər şeyə baxır, o cümlədən də təbiət üzərində iş görməyə qadirdir. İnsan özü də mahiyyət etibarı ilə təbiətin bir hissəsidir, amma təbiətdən fərqli olaraq ruhu var və bu ruh ona imkan verir ki, özünü dəyişsin. Yalnız özünü dəyişə bilən ətrafı dəyişdirə bilər. Üçüncü bir baxış əvvəlkilərdən tam fərqli olan sizin yanaşmanızdır. Burda sizlə razı olmadığımı bəri başdan deyəcəm. Təbiət gözəldir, onda rəngarənglik var, saflıq var, amma bu, kamillik anlamına gəlmir. Tutaq ki, bir ağac əyridir, siz deyə bilərsiniz ki, bu mükəmməldir, təbiətin qüsuru deyil. Mənsə, bu gözəldir deyirəm, çünki ağac təbii halındadır. Təbiilik həmişə gözəl olur, insanda əsəb gərginliyi yaratmır. Burda ağaca insanı baxış nöqteyi-nəzərindən yanaşaq, insan halını ağaca keçirək. Qəddi əyri olan bir adam bizdə heç də estetik zövq yarada bilməz. Biz insan olduğumuz üçün ağaca insan kimi yanaşırıq, təəssüf edirik ona qarşı olan ədalətsizliyə. Açığını deyim, Azneft meydanından Ələtə qədər olan ağacların halına həmişə yanmışam. Əyri bitmələri onların günahı deyil, nə də yarpaqlarının bir böyrü üstə bitməməsi bizim gözlərimizi estetik baxımdan oxşaya bilməz. Təbii şərait, külək onları eybəcər böyüdür. Aqibəti özündən asılı olmayan varlıqlardır. Vay o günə ki, adam ağac aqibətinə düçar ola, yəni özünü dəyişmək imkanından bəhrələnməyə. Bu zaman insani faciə baş verir.

 

- “Ruhum həyatımdan yoruldu” - deyirsiniz. Sizcə, ruha çox yüklənmirik ki?

 

- Ata fəlsəfəsində Ruh deyəndə dörd atribut nəzərdə tutulur - İnam, İdrak, Mənəviyyat, İradə və bunların vəhdəti. Əgər biri çatmırsa, demək, ruh tam deyil. Ruha çox yüklənmirik, ruhumuzu insana yad olan mənfiliklərdən təmizləmirik, yarı heyvan, yarı insan kimi yaşayanda insan həyatdan yorulur. Ruhsuzluq insanı yorurur, ruhlu yaşamaq fərəhli olmaqdır. Fərəhsizlik insanı yorur. Ata bütün görüşlərinin sonunda, istər böyük salonlarda xalqla olan görüşlərində, istərsə də tək-tək insanlarla olan görüşlərində deyərdi: "Fərəhimizdən böyük yükümüz yoxdur! Fərəhinizi fərəhsizlərdən qoruyun ki, fərəhsizlər fərəhinizi oğurlamasın!" İnsan fərəhsiz olanda bəhrəli əməl yetirə bilmir.

 

- "Özü gedə bilməyən yerə düşüncələri gedən" - Eluca Atalını irəlidə oxucuları ilə hansı görüş gözləyir?

 

- Yeni çapdan çıxmış "Nalşəkilli mühasirə" kitabımla bağlı hələ çox dəvətlər var, məndən qabaq kitabın getdiyi yerlərə getməyimə oxucular israr edirlər. Bir bu səfərləri nəzərdə tutmuşam, digər tərəfdən redaktəyə ehtiyacı olan kitablarım var ki, onları çapa hazırlamaq istəyirəm. Özümə söz verirəm onları çapa hazırlamamış yeni əsərə başlamayım, amma yaradıcılıq gözlənilməzlikdir. İstənilən zaman yeni ideya gəlib hər şeyi vurub alt-üst edə bilər.

Oxucularıma Fərəhli ömür arzulayıram! Fərəhli yaşamaq üçün insan gərək öz ömrünə hakim olsun! Özlərinə hakim olsunlar ki, kimsə onlara sahib ola bilməsin. Özünə sahibsizlikdən başlayır yadların sənin üzərindəki hakimliyi.

 

Pakizə Babazadə
/İsveç/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol