“Əziz dost, səni qane etməyən nədir?” - SORĞU

13:06 27-02-2019 | icon 982 | Cəmiyyət
“Əziz dost, səni qane etməyən nədir?” - SORĞU

“Mövcud ictimai, siyasi, sosial, mədəni sferada cərəyan edən proseslərin fonunda ən çox narahat olduğun məqamlar hansılardır? Əziz dost, sosial-siyasi münasibətlər sistemində səni qane etməyən nədir?”

 

 

“Özlərini Xudayar bəy kimi aparıblar və indi də aparırlar”

 

Versus.Az saytının redaktoru İgid Teymurlu:

 “Bu, çox geniş bir mövzudur. Siyasi, sosial, mədəni sferada baş verənləri yığcamlaşdırıb eyni tərəzinin gözündə çəkərək cəmiyyətə təqdim etmək müəyyən mənada aldadıcı xarakter daşıya bilər. Çünki siyasətdə nəyəsə nail olmaq üçün elə sosial, mədəni həyatımızın özəlliklərindən həm də bir vasitə olaraq istifadə olunur. Mədəniyyət sahəsində olan söz sahiblərinin qazandıqları və fəxr etdikləri taxta medallar siyasət adamının gözündə bir oyuncaq, idarəetmə vasitəsidir. Yaxud uğur qazanmaq üçün siyasət aləmində işlədilən aldadıcı fəndlər çox vaxt əsil gerçəklikdən yan keçməklə mədəniyyətdə çox vaxt şou kimi dəyərləndirilir.

 

...Və bütün bunlar bu gün Azərbaycan gerçəkliyində də öz əksini tapmaqdadır. Siyasətimizdə Cavabdehlik və Məsuliyyət Hissi bütün çılpaqlığıyla sərgilənmir. Mədəniyyətimiz siyasətin qurbanlıq quzusu qismində meydana gətirilərək cəmiyyətə eybəcər kodeks sırınır. Oğruya doğru yönü verilir, mənfi reputasiyalı insanlar cəmiyyətə mədəniyyətimizin moderatorluğuyla mələk donunda göstərilərək ruhumuzu öldürür, yetişən nəsli qorxunc və düzgün olmayan səmtə yönəldir.

Sosial siyasətimizin yönəticələri isə həm siyasətimizi, həm mədəniyyətimizi bərbad günə qoyaraq dövlətin vətəndaşına sahib çıxma düsturunun üstündən xətt çəkib. Sosial siyasətimizin "uğuru" milləti bir loxma çörəyə möhtac ertməkdən o yana keçməyib. Milləti kreditlərin girovuna çevirməklə cəmiyyətə ələbaxımlılıq psixologiyası aşılanıb. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə vurğulayıb ki, "xalqın bir nömrəli xidmətçisi mən özüməm", ancaq istər həm iqtidarda, həm də müxalifətdə olan siyasət dəllalları olsun, istər sosial siyasətimizdə saçını problemlərimizin həlli yolunda deyil, günə verməklə ağardanlarımız olsun, istərsə də mədəniyyətimizin inkişafına daha çox gödəniyyət prizmasından baxanlar olsun, hamısı özünü "xidmətçi məmur" kimi deyil, zoğal ağacının zərbini vətəndaşın belində sınayan Xudayar bəylər kimi aparıblar və indi də aparırlar”.

 

“60 yaşlı kişiyə "sən" və ya "day-day" deyə müraciət edən gənclər yetişir”

 

Telejurnalist Elnarə Dərziyeva:

  “Məni narahat edən məsələ bugünkü gənclərin əksəriyyətinin savad və  davranış problemidir. Mən televiziya jurnalisti kimi deyə bilərəm ki, indiki bəzi jurnalistlərin yazmaq bacarığından tutmuş, müşahidə etmək və analiz qabiliyyətlərinədək səviyyələri çox aşağıdır. Gör-götür dünyasıdır. Heç kim anadan jurnalist doğulmur. Amma bu gün jurnalistlərdə nəinki qavrama, heç öyrənməyə belə həvəs yoxdur. Yerində isə boş təkəbbür və mənasız lovğalıq var. Təxmini deyə bilərəm ki, "jurnalist olacam" deyib yola çıxan hər 10 nəfərdən sona qalan cəmi 1 nəfər olur. Bu məni çox narahat edir. Onu da deməliyəm ki, bu, yalnız jurnalistikada deyil, demək olar ki, bütün sahələrdə vəziyyət eynidir. Savadlı kadr çatışmazlığı artıq böyük problemə çevrilməyə başlayıb. Bütün bunlar bir yana, əksər gənclərin səviyyəsi, ictimai yerlərdə özlərini apara bilməməsi, böyük-kiçik yeri tanımaması, davranış və danışıq qabiliyyətlərinin olmaması dözülməzdir. 10 dəqiqə əvvəl tanış olduğu 60 yaşlı kişiyə "sən" və ya "day-day" deyə müraciət edən gənclər yetişir. Həddindən artıq sərbəst, komplekssiz bir yaşam tərzi seçən bu gənclər öz doğruları ilə yanlışlıqlar içində yaşadılarının fərqində belə deyillər. Bu dəhşətdir. Və bir ölkə vətəndaşı kimi belə gənclərin taleyi məni çox narahat edir. Onların tərbiyəsində artıq gecikmişik. Amma səhvlərdən nəticə çıxarmaq heç zaman gec deyil. Əziz valideyinlər, problemlər gəldi-gedərdir, düzələndir, amma vaxtında yaxşı tərbiyə edə bilmədiyiniz övladınızı yenidən normal tərbiyə edib düzəldə bilmək, baxın, bu mümkün olmayacaq. Bir az bu haqda da düşünün...”

 

“Ədəb qaydalarının müasirlik adı altında dəyişməsi”

 

AXCP sədr müavini Mehriban Sadıqova:

  “Bu gün cəmiyyətdə mövcud olan problemlər bütün sahələrdə, o cümlədən ictimai, siyasi, sosial və digər sferalarda özünü göstərməkdədir. Belə ki, gənclərimizin yüngül həyat tərzinə marağının artması, ədəb qaydalarının mentalitetimizə uyğun olmayaraq müasirlik adı altında dəyişməsi, bu gün Avropanın adi hal kimi qəbul etdiyi eynicinslilərin nigahının gənc nəsil, xüsusən də yeniyetmələr tərəfindən müsbət hal kimi qarşılaması həyəcan doğuran amillərdəndir.

 

Siyasi arenada baş verən olaylar, klanlar mübarizəsindən zəhmətkeş insanların əziyyət çəkməsi, acgöz məmurların hər gün yeni açıqlanan əmlaklarının siyahısı, xalqın talan olmuş sərvətinin ona qaytarılması üçün mübarizəyə qalxmaq əzminin, ənənəvi müxalifət adlandırılanların "xaricdən gələn donorlar" müqabilində şəxsi mənafelərini üstün tutaraq qarşısının alınması, başqa sözlə desək, xalqı "oyuncaq kimi öz əlində oynatması" narahatlıq doğuran amillərdəndir.

 

Elm və mədəniyyət sahəsindəki tənəzzül isə pik həddədir. Təhsil sahəsindəki çatışmazlıqlar isə sadalanmaqla bitən deyil. "Kurikulium sisteminin gətirilməsi, dərs yükü, savadsız hazırlanmış dərsliklər, ali məktəblərdə mövcud olan neqativliklər, əxlaq məsələləri və s.

 

Mədəniyyət də bu baxımdan "öndə" gedənlərdir. Kiminsə "adamı" olmadan fəxri adların alına bilməməsi, bu gün ədəbiyyatı təmsil edən 50-60 yaş arası özlərini "şair" adlandıranların adlarının altından kimlərinsə adlarının çıxması, ən əsası isə belə "şairlərin" AYB- nin üzvü olması və s. Sadaladıqlarım görülən nöqsanların 3/1 hissəsidir”.

 

“Biz dağıtmaq naminə nəyisə dəyişməli deyilik”

 

Ümid Partiyasının sədr müavini Tamilla Qulami:

  “Ən pis narahatlıq doğuran məqamlardan biri sosial-iqtisadi sferada baş verən neqativ cərəyanların fonunda iqtidar, müxalifət, cəmiyyət arasındakı münasibətlər sistemində gərginliklərin yaşanmasıdır. Münasibətlər sistemi o səviyyədə gərginləşib ki, insanlar sosial şəbəkələrdə, internet televiziya kanallarında, canlı yayınlarda belə bir-birinə qarşı təhdidlər, kin, nifrət, qəzəb ifadə etməkdən çəkinmirlər.

Belə münasibətlərin fonunda ən çox təəssüf etdiyim və məni daha çox narahat edən həm də bu hal oldu ki, cəmiyyət siyasiləşməyə doğru addımlar atmaq istəyərkən bu cür yanaşmaları görüb, “budurmu siyasət”, “sizin bizi dəvət etdiyiniz yerlər budurmu” deyib, kənara çəkildilər. Bizi qınadılar və hardasa haqlıdılar.

Narahat olduğum məqamlardan biri də budur ki, bizim bir çox xanımlarımız məhz bu cür qeyri-etik yanaşmalara görə siyasətdən uzaqlaşmağa çalışırlar. Mən hər şeydən çox istər iqtidar-müxalifət, istər müxalifətdaxili, istərsə də iqtidar-cəmiyyət münasibətlərinin düzəlməsini istərdim. Çünki münasibətlər sisteminin zədələnməsi ölkəmizin bu günü, gələcəyi haqqında çox bədbin fikirlər yaradır və insanları bizdən uzaqlaşmağa sövq edir.

Biz nə edəcəyiksə, Azərbaycanın gələcəyi üçündür. Biz bu münasibətlər sisteminin korlanmasına səbəb olanları, idarə etməyi bacarmayan hakimiyyəti dəyişməliyik. Münasibətlər sistemində daha doğru olanları seçməliyik. Bizim mübarizə apardığımız bir həqiqət var: heç nəyi pisə doğru dəyişmək olmaz!

Ümid Partiyası olaraq bizim hər zaman qarşıya qoyduğumuz məqsəd bu olub. Hesab edirik ki, bir masada oturub dialoq apara biləcək qədər münasibətlər qurmaq lazımdır. Bir-birimizə sülh, barış, sevgi ilə yaxınlaşaraq, bir-birimizə dözümlü yanaşmağı öyrənməliyik. Çünki bizim - siyasi kəsimin - pozulmuş münasibətlər fonunda daha çox xalq, cəmiyyət əziyyət çəkir. Biz dağıtmaq naminə nəyisə dəyişməli deyilik. Gələcəkdə münasibətlər sistemində yaranmış problemləri həll edib mübarizəmizi ancaq vətən, millət, xalq üçün aparmalıyıq. O istiqamətdə gedən “Yol xəritəmizi” o qədər doğru cızmalıyıq ki, bundan Azərbaycan, millət, cəmiyyət əziyyət çəkməsin”.

 

 

“Getdikcə bir-birinə daha aqressiv davranış sərgiləyirlər”

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli:

 

 

  “İctimai, siyasi, sosial və mədəni sferada baş verən proseslərin cəmiyyətimizdə barışmazlıq mühitini yaratması daha çox narahatlıq doğurur.

 

Bütün sahələrdə cəmiyyətdə ciddi qarşıdurma istiqamətində inkişafın getdiyi müşahidə edilməkdədir.

 

Bölünmə ilkin olaraq insanlar arasında sosial tarazlığın pozulmasından başlayıb. Orta təbəqə demək olar ki, məhv edilib, ziyalı sözü eşidilmir.

Bölünmüş tərəflər isə getdikcə bir-birinə daha aqressiv davranış sərgiləyir. Bütün bunlar isə yaxşı gələcəkdən xəbər vermir”.

 

 

 

 

 

 

“O cəmiyyət isə kimini pis, kimini də yaxşı yaşadır”

 

 

Milli.Az-ın baş redaktor müavini Elçin Alıoğlu:

 

  “Yaşadığımız dövr həyatın şərtlərini müəyyənləşdirir. O müəyyənləşmə isə əslində elə bir qeyri-müəyyənlik ki, orientirlərlə indiyədək daşlaşmış sayılan yasaqlarla hədsiz təsir bağışlamış icazələrin toplusu koleydoskopa çevrilib.

 

"Ən çox narahat edən..." - Çoxdur bu problemlər. Həddən ziyadə. Sosial, iqtisadi, maliyyə, mənəvi və sair, hətta ilaxır sahələrdəki çətinliklər bir deyil, hətta yüz də deyil. Əslində, bəlkə belə də olmalıdır. Hər birimiz öz həyatımızı yaşadığımızı düşünsək də, cəmiyyəti yaşayırıq. O cəmiyyət isə kimini pis, kimini də yaxşı yaşadır. Fərdlə sosium arasındakı və tərsinə əlaqələr qanunlarına uyğun olaraq.

 

Siyasi münasibətlər sistemindəki ən böyük problem isə münasibətsizlikdir. Hə, bir də siyasətçilərimizin böyük hərflərlə danışıb nida işarələri ilə düşünmələri. Kölgələrinin üzərindən atılmaq istəyənlərin macəraları maraqlı idi ilkin dövrlərdə - indisə oxunmuş detektivin yenidən vərəqlənməsi qədər usandırıcı”.

 

“Tənqid əvəzinə təhqirdən gen-bol istifadə edirlər”

 

Siyasi ekspert Əlabbas Məhərrəmli:

  “Əslində, Azərbaycanda müxtəlif sahələr üzrə cərəyan edən proseslərdə dəyişməsinə ehtiyac olan məqamlar çoxdur. Hesab edirəm ki, hansı məsələ olursa-olsun, ona yanaşmada obyektiv və peşəkar mövqedən yanaşmaq lazımdır. Ancaq təəssüf ki, müşahidələrimiz zamanı bunu görmürük.

 

Şəxsən məni siyasi ekspert olaraq ən çox narahat edən məsələ son dövrlərdə siyasi rəqabətdə etik çərçivələrin keçilməsi, "qırmızı cizgilər"in tapdalanması və ən acınaqlısı, bu tendensiyanın genişlənməsidir. Lakin hər kəs başa düşməlidir ki, söyüş söyməklə özünü qarşı tərəfdən üstün göstərmək olmaz. Bu davranış əks effekt verir və cəmiyyət tərəfindən də kəskin qınanılır. Digər tərəfdən, əks tərəflər bir-biriləri ilə söyüşlə danışacaqlarsa, onların öz mövqelərini ifadə etmələri də mümkün olmayacaq. Ona görə də, bu tendensiyanın dayandırılması üçün addımlar atılmalıdır. Siyasi diskussiyalarda jarqon ifadələr tamamilə yığışdırılmalıdır. Ümumi baxsaq, bütün sahələrdə ifadə seçimi probleminin olduğu gözə çarpır. Bəzən elm və mədəniyyət xadimləri, müxtəlif sferaların mütəxəssisləri də tənqid əvəzinə təhqirdən gen-bol istifadə edirlər. Buna son qoymaq, münasibətləri sivil məcraya keçirmək zəruridir”.

 

“Nəticədə ölkə ziyanlı bir daxili çarpışma meydanına çevrilir”

 

Siyasi ekspert İlqar Altay:

  “Hesab edirəm ki, bütün münasibətlərin kökündə vətən, xalq, dövlət faktoru və hissi dayanmalıdır. Bütün proseslər, maraqlar bu ümumilli amil ətrafında getməlidir. İnsanları, fikirləri bu amil birləşdirməlidir. Əks halda, eyni ölkənin siyasiləri arasında mərkəzdənqaçma baş verir, ideya və proqram, sosial-siyasi münasibətlər şəxsi və korporativ maraq və mənafelər üzərində qurulur. Buradan həmin birləşdirici ümumi amillər - xalq, vətən, dövlət mənafeyi - unudulub, kəskin fikir ayrılıqları, ziddiyyət və qarşıdurmalar yaranır. Nəticədə ölkə ziyanlı bir daxili çarpışma meydanına çevrilir. Bu bizim həm daxili inkişafımızı, potensialımızı, həm də ölkəxarici faktorları, rəqiblərlə müqaviməti və rəqabət imkanımızı zəiflədir. Bizim bu saat ən böyük problemimiz budur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol