“Köhnə qvardiya bunu həzm edə və gedən dəyişikliklərə uyğunlaşa bilmir” - MÜSAHİBƏ

14:52 04-03-2019 | icon 754 | Siyasət
“Köhnə qvardiya bunu həzm edə və gedən dəyişikliklərə uyğunlaşa bilmir” - MÜSAHİBƏ

Razi Nurullayev: “Zirvəyə sürünə bilər, ayağa qalxmaq istəyəndə isə yenidən dərənin dibinə yuvarlanacaq”

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- Razi bəy, bu gün ölkədə mövcud ictimai-siyasi vəziyyətin heç də ürəkaçan olmadığı müxtəlif rakuslarda müzakirə və təhlil olunmaqdadır. Vəziyyətin sosial partlayışa səbəb olacağı ilə bağlı müxtəlif arqumentlər irəli sürülür. Siyasətdə olan köhnə liderlərlə “cazibəli” görünən bu durum onların yenidən “canlanmaları” üçün fürsət ola bilərmi?

 

“Siyasi proseslərin iştirakçısı və sifarişçisi xalqdır”

 

- Gördüyünüz kimi dünya sürətlə dəyişməkdədir. Hətta əvvəllər dəyər hesab olunan davranışlar, hərəkətlər bu gün əvvəlki kimi cazibəli görünmür. Avropa Birliyi kimi monolit bir qurum belə, çalxalanır. Dünyanın demokratiya beşiyi olan ABŞ belə, anti-demokratik hərəkətlər edir, bu ölkədə belə seçki saxtakarlığından danışılır, söz azadlığının boğulmasına cəhdlər barədə narahatlıqlar var. Azərbaycan da dünyanın sərhədlərini məhv edən internet vasitəsilə bu prosesin iştirakçısıdır. Həm də maraqlısı odur ki, bu prosesin iştirakçıları ayrı-ayrı fərdlər və siyasətçilər, onların səfərbər etdikləri dəstəkçilər deyil, birbaşa xalqın özüdür.

 

Əvvəlki dövrlərdə televiziyalar, çap mediyası kimin əlində idisə, proseslərin sifarişini də onlar verirdi və xalq da iştirakçıya çevrilirdi. İndi sifarişçi xalqdır və buna da səbəb internetin açdığı və yaratdığı sərhədsiz imkanlardır. Bu gün reytinqlər televiziyaya daha çox çıxmaq və çap mediasında daha çox görünməklə yox, sosial şəbəkədə qazandığın ‘bəyənmə’ və şərhlərlə, video baxışlarla, paylaşımlarla, televizyada yox, YouTube-da qazandığın baxış sayları ilə ölçülür. Xalqın elə sadə nümayəndəsi var ki, populyar siyasətçilərdən daha çox baxılır və müzakirə edilir.

 

Bu gün siyasi proseslərin iştirakçısı və sifarişçisi xalqdır. Aparılan islahatların və Prezidentin xalq naminə atdığı müsbət dəyişikliklərin sifarişçisi və tələbedən qüvvəsi xalqdır. Xalq istəyir və alır. Yeni siyasətçilər, yeni simalar bunu görür və bu axarda özünə normal yer tutmaq, saxlamaq istəyir. Deməliyik ki, buna da nail ola bilirik. Biz də yeni nəslin nümayəndələri kimi, yeni proseslərə, dəyişikliklərə, siyastin yeni çalarlarına daha tez uyğunlaşa bilirik və bəzən özümüzün xeyrimizə işlənməyən prosesləri də həzm edə bilirik. Amma köhnə qvardiya bunu həzm edə bilmir, gedən dəyişikliklərə uyğunlaşa bilmir. Onlar xalqın prosesdə fəal iştirakından yararlanmaq və fərdi siyasətlərini, planlarını həyata keçirmək istəyirlər. Hesab edirlər ki, indiki yaranan vəziyyət 88-ci illərin sonu, 90-cı illərin əvvəlində olan prosesə bənzəyir və onlar da belə vəziyyətlərin mahir ustalarıdılar. Amma yanılırlar. Onlara cazibəli görünən bu vəziyyətin iştirakçıları və hərkətverici qüvvəsi olan xalq indi daha mütərəqqi, daha mütəşəkkil və daha aydın fikirlidir. İndiki prosesin iştirakçıları konkret məqsədlər üçün çalışır və alırlar.

 

“Kim xalqın istədiyini verəcəksə, siyasi gələcək də onundur”

 

Bu gün xalqı tərəfinə çəkmək üçün onlara bilmədikləri və həyatlarını daha çox firavan edə bilən resept təqdim etməlisən. Xalqın böyük bir hissəsi xaos, başıpozuqluq, üsyan, inqilab istəmir. Xalq daha yaxşı yaşamaq, daha yaxşı iş yerinə sahib olmaq, gələcəyinə ümidli olmaq axtarışındadır. Demokratiya adi bir quru sözə çevrilib. Kim xalqın istədiyini verəcəksə və bugünkündən daha yaxşı islahatlar və proqram təqdim edəcəksə, siyasi gələcək də onundur.

 

- Müxalifətdə olan müəyyən bir kəsim sosial narazılığı xaricdəki müxalifətin apardığı fəaliyyətin nəticəsi kimi təqdim edir. Sizcə ənənəvi müxalif liderlərinin sosial sistemin narazı qismini idarə etmə gücü varmı?

 

- Azərbaycanda baş verən siyasi fəallığın və yeni proseslərin ən böyük iştirakçısı xalqın özüdür. Sağlam siyasətçilər, normal bloggerlər və fəallar isə xalqın sözlərini daha konkret və aydın şəkildə çatdıranlardır. Ümumi prosesin aparıcı qüvvəsi xalqın özündən qaynaqlanır. Bu prosesi nə xaricdə söyüş söyənlərə, nə də təhqir edənlərə şamil etmək olar. Bunu bizim kimi tərəqqipərvər, sağlam siyasi qüvvələr edir. Hədə-qorxu ilə nəyəsə nail olmaq mümkün olsaydı, 30 ildə nail olardılar. Fərdi siyasi maraqlara söykənmədən aramla deyilən təkliflər və tövsiyyələr hakimiyyət tərəfindən analiz edilib və öz yanaşmaları da əlavə olunmaqla müsbət qərarlar qəbul olunub.

 

Prezidentin atdığı müsbət addımlar xalqın istəyi ilə reallaşıb, kimlərinsə söyüş söyməyi və təhqir etməyi ilə yox. Biz bu təklifləri seçkilər zamanı da səsləndirmişdik, bütün etaplarda deyir və inandırmağa çalışırdıq. Xalq da bu islahatların dəstəkçisi idi və iqtidarların da vəzifəsi xalqın səsinə qulaq vermək, onun istəklərini yerinə yetirməkdir. Prezident də xalqın xidmətçisi olmağı özünə şərəf bildiyini deyir və mütərəqqi addımlar atır. Daha bunu kiminsə ayağına yazmaq lazım deyil. Və etiraf etmək lazımdır ki, biz daxil olmaqla sağlam müxalifətin bu qərarların qəbul edilməsində müəyyən xidmətləri vardır.

 

- ADP sədri Sərdar Cəlaloğlu 26 il siyasətdə aparıcı olan müxalifəti savadsızlıqda ittiham edərək bildirir ki, Əli Kərimli və tərəfdarları bütün müxalifətdən kənarda dayanmaqla məhz ümummilli birliyə maneə törədən qüvvə olaraq Rusiya tərəfindən idarə olunur. Vəziyyəti siz necə təhlil edərdiniz? Deyildiyi kimi, müxalifətdə “5-ci kolon”a işləyən qüvvələr varmı və nə dərəcədə güclüdür?

 

- “5-ci kolon”a işləyən qüvvələr hər zaman olub və olacaq da. Milli Şura Rusiyanın ortaya atdığı bir təzyiq vasitəsi idi və orada iştirak edənlər də Rusiyanın maraqlarına xidmət etməli oldular. Əli Kərimli də bunu çox gözəl bilirdi. Həm də bilirdi ki, onun bu qurum daxilində fərdi siyasi maraqları da təmin edilir. Açıq deyirəm ki, Əli Kərimli hakimiyyətə gəlmək üçün hətta Rusiya və İrandan gələn təklifləri belə bir an tərəddüd etmədən qəbul edər və üzərinə öhdəliklər də götürər. Bu öhdəliklər isə Azərbaycan dövlətçiliyinin və xalqının xeyrinə ola bilməz. Azərbaycan xalqı yeni bir boyunduruğu qəbullanmaz. Ona görə də “5-ci kolon”un güclü olduğuna da inanmayaq.

 

“Ordakıların bəzisi Elçibəy hakimiyyətinin yıxılmasında rol almış adamlardır”

 

- Milli Şura - Əli Kərimlinin rəhbərlik etdiyi AXCP fevralın 23-də, martın 2-də mitinq hazırlıqlarında bulunsa da, daha çox kütləviliy təmin etmək üçün sosial mediada təbliğat aparsa da, icazə verilmədiyi üçün alınmadı. Ayrı-ayrı qruplar şəklində keçirilən mitinqlər və hansı qrupun daha çox adam yığa bilməsi ilə bağlı aparılan bu “mitinq marafonu” nəyə xidmət edir? Mitinqlərə icazə verilsəydi, milyonlar meydana gedəcəkdimi və niyə?

 

- Bu mitinqlərə icazə verilmədi, amma mitinqlər yeni tarixlərə təyin ediləcək. 19 yanvar mitinqinə kifayət qədər narazı adamlar toplaşmışdı. Çünki ilk dəfə olaraq Əli Kərimli şeytanın qıçını sındırıb, içindəki “mənəmliyi” öldürüb kifayət qədər siyasi qüvvələrin iştirakını xahiş etmişdi. Həmin mitinq müxalifətin və xalqın ümumi gücü idi. Yalnız Əli Kərimlinin mitinqinə xalqın ciddi dəstək verəcəyi düşüncəsində deyiləm. Hər şeyi öz adına çıxmaq, “mənəm-mənəm” xəstəliyinə tutulmaq və özünü xilaskar kimi sırımaq cəhdi başqa siyasi qüvvələrin zəhləsini tökür və onları qıcıqlandırır. Xalqı isə bizdən də çox qıcıqlandırır. Hətta bu gündən sonra o bütün siyasi qüvvələrə çağırış etsə də, daha ona qoşulan o qədər olmayacaq. Mitinqlər ona siyasi formasını və çəkisini itirməmək üçün lazımdır. 30 ildə siyasi çəkiyə və nəticəyə nail olmayan, daxili demokratiya və daxili demokratik idarəçilik prinsiplərini boğan, tərəfdarlarını yanlış siyasi idarəçilik ucbatından həbsxanalara dolduran, içində Himalay dağı boyda kin-küdurət saxlayan birisi istədiyi zivəyə qədər sürünə bilər, amma ayağa qalxmaq istəyəndə yenidən yuvarlanıb dərənin dibinə düşəcək.

 

- AXH-də cərəyan edən son narazılıqlar köhnə proseslərin davamını xatırlatsa da, eyni ssenari davam edir. Sizcə bu cür təşkilatlanma ilə hara qədər gediləcək?

 

“Güzəştlər ola bilər, ancaq…”

 

- Hərəkat haqqında tam məlumatlı deyiləm, amma orada olanların xeyli hissəsi artıq hakimiyyətdə olmuş və Elçibəy hakimiyyətinin yıxılmasında rol almış adamlardır. Xalqın onlar haqqında fikirləri müsbət deyil və inana bilmərəm ki, onlar ciddi təşkilatlanma həyata keçirə bilsinlər. Qarabağ Komitəsində belə problem yarandı və ikiyə bölündülər, qarşılıqlı ittihamlar insanları iyrəndirdi.

Bir-birini təkrarlayan, missiyası və məqsədi eyni olan təşkilatlar yaratmaq nə demək… Münaqişənin həllinə yönəlik iqtidar və müxalifət söhbəti aparmaq, iqtidar və müxalifət təşkilatları yaratmaq, təşkilatlanmaya cəhd etmək zənnimcə fərdi maraqlara xidmət edir və Dağlıq Qarabağın qaytarılmasına, azad edilməsinə xidmət etmir.

Dağlıq Qarabağla bağlı mitinq keçirmək də vəziyyəti dəyişən deyil. Mitinqin keçirilməsi bu hallarda məntiq kəsb edə bilər –

birincisi, siyasi hakimiyyət bu münaqişənin həllində maraqlı olmasın və süni şəkildə prosesi uzatsın;

ikincisi, siyasi hakimiyyət Dağlıq Qarabağla bağlı xalqın maraqlarına cavab verməyən razılaşmalara getsin;

üçüncüsü, beynəlxalq aləm Azərbaycanı təslimedici sülhə məcbur etmək istəsin. Hazırda isə bunların heç birisi real deyil.

 

Bu baxımdan, Dağlıq Qarabağla bağlı siyasi oyunlar qurmaq, təşkilatlar, komitələr yaratmaq cəhdləri fərdi maraqlara xidmətdir. Təbii ki, elə təşəbbüslər ola bilər ki, bu, xeyirli, faydalı ola bilər. Amma indiki halda gördüyüm cəhdlərin hamısı siyasi oyunlardır.

Bu cür ittihamlarla bürünən və bir-birini ağır sözlərlə ittiham edən qurumların dəstəyi mitinq iştirakçılarının sayına ciddi təsir göstərə bilməz.

 

- Ənənəvi müxalifətin “meydanda hamıdan güclü mənəm” tamaşası qurduğu bir vaxtda beynəlxalq aləm “xalqı sülhə hazırlama” proqramı üzərində işləyir, təlqin edirlər. Eləcə də Rusiya ekspertləri Qarabağla bağlı gizli danışıqların getdiyini, müəyyən bir razılıqların əldə olunmasından danışırlar. Bu istiqamətdə cərəyan edən prosesləri necə təhlil edərdiniz?

 

- Bununla bağlı çox fikir demişəm. Paşinyan hökuməti Rusiya vadar etməzsə sülhə hazır deyil. Yaxın zamanlarda münaqişənin həllini gözləmək real deyil. Azərbaycan xalqı sülhə hazırdır və onun hazırlanmasına ehtiyac yoxdur. Erməni xalqını sülhə hazırlamaq üzərində işləsinlər. Bizim ölkəmizə yeganə lazım olan siyasət, xalqın birliyi və Dağlıq Qarabağ üzərindən iqtidar-müxalifət oyunu qurmamaqdır.

 

- Ölkəmiz Qarabağ məsələsi ilə bağlı hansı diplomatik üstünlüyü əldə edə bilib?

 

- Dağlıq Qarabağ həqiqətlərini dünyaya tanıda bilmişik. Bu sahədə Ermənistan bizdən öndə deyil. Əksinə, dünya Ermənistan rəhbərliyinin bu qədər naşükürlyünə təəccüblənir. Başqa dövlətin ərazisini işğal edib və özünü də haqlı görür. Doğrudan da bu çox təəccüblüdür. Diplomatik üstünlüyümüz olsa da, bu münaqişənin real həllinə hələ ki, kömək edə bilmir. Əfsuslar olsun ki, həmsədr ölkələr daha çox Ermənistana təzyiq əvəzinə, Azərbaycanı güzəştlərə vadar etmək istəyirlər. Azərbaycanın isə səsləndirdiyi fikirlərdən savayı başqa güzəştlərinin olması mümkün görünmür. Azərbaycan xalqı ancaq və ancaq torpaqların qaytarılması şərti ilə sülhə hazırdır. 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin