Əziz dost, "xalqın sülhə hazırlanması” tələbini necə qarşılayırsan? - SORĞU

16:55 04-03-2019 | icon 1498 | Cəmiyyət
Əziz dost, "xalqın sülhə hazırlanması” tələbini necə qarşılayırsan? - SORĞU

“Millətimizin yarısı qırılsa belə, o torpaqlar azad edilməlidir”

 

 

Müşahidə və təhlillərdən anlaşılır ki, Azərbaycanın ictimai-siyasi camiyəsinə belə bir tapşırıq var: - “Xalqı sülhə hazırla”! Tapşırığın regionda sülhyaratma missiyasını öz üzərinə götürən beynəlxalq qurumlardan, güclərdən gəldiyi deyilir. Özünü demokrat, sülhsevər adlandıran güclərin artıq illərdir hansı maraqlara işlədiyi bəllidir...

 

Xalqın qarşısında heç bir supergücün davam gətirməyəcəyini əsas götürərək, məsələyə ictimai reaksiyanı öyrənməyə çalışdıq və VERSUS.AZ saytı olaraq kiçik bir sorğulama apardıq:

- Əziz dost, torpaqların işğalda olduğu bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya atılan “xalqın sülhə hazırlanması” tələbini necə qarşılayırsan?

- “Xalqın sülhə hazırlanması” indiki məlum şərait üçün nə dərəcədə uyğun və doğru xəttdir?

- Xalqı sülhə hazırlayanlar hansı sözü desələr, səni inandıra bilərlər?

 

 

“Biz kiminsə torpağını işğal etmədik ki...”

 

 

 

Tahirə Qafarlı
/Versus.Az saytının baş redaktoru/

 

  “Humanist dəyərlərə sahib olan Azərbaycan xalqı, heç vaxt müharibə istəməyib və istəməz! O zaman sual olunur: söhbət kimin kimi “sülhə” hazırlamasından gedir və hansı şərtlər daxilində?

Artıq 30 ilə yaxındır ki, ölkəmzdə süni olaraq Dağlıq Qarabağ münaqişəsi - müharibə ocağı yaradılıb. Bütün dünya yaxşı bilir ki, bu münaqişədə Azərbaycanın ərazi bütövlüyü pozulub. Yaxşı bilirlər ki, separatçı Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi terrorlar, hərbi qırğınlar sayəsində milyondan çox vətəndaşımız öz yurdunda qaçqın, məcburu köçkün kimi yaşamaq məcburiyyətində qalıb.

Bu gün “xalqı sülhə hazırla” deyən həmin o beynəlxalq güclər yaxşı bilirlər ki, regionda güc sahibi olmaq istəyən erməni havadarları torpaq itkisi acısı ilə yaşayan xalqımızın haqq səsinə ədalətli cavab vermirlər. Onlar yaxşı bilirlər ki, bu gün sülhə hazırlamaq istədikləri bu xalq, öz süfrəsində çörək verdiyi erməni mənfurları tərəfindən soyqırımına məruz qoyulub, təhqir olunub.

 Müharibəyə cəlb olunan xalqın sülhə hazırlanması çox sadədir: Cənablar, siz regionda sülh yaradın, torpaqlarımızı işğaldan təmizləyin, cinayətkarları beynəlxalq hüquq qarşısında cəzalandırın, Azərbaycana vurulmuş zərəri ödəyin, bitsin. Biz zatən sülhü sevən xalqıq. Təbii ki, əgər həqiqətən də sülh istəyirsənsə...

 Yox, işğala, soyqırıma məruz qalan bir ölkənin vətəndaşı olduğumu mənə unutdurmaq istəyirsənsə, beynəlxalq hüquqa söykənərək mənim haqlarımı özümə qaytarmaq əvəzinə “torpağın işğal olunub, namusun tapdanıb, boş ver, sülhə hazırlaş” deyirsənsə, bunu iki cür dəyərləndirə bilərəm: Bu, ya ölkəmə növbəti hörmətsizlik və ikilistandartların, ədalətsiz yanaşmanın davamı, xalqı işğal faktı ilə razılaşmağa vadar etməkdir, ya da, “sülhü qazanmaq üçün mütləq silaha sarılmalısan” mesajıdır. “Dünyanın gözü qarşısında bu qədər əzildiyimiz yetər”- deyib, ikincini -“sülhü qazanmaq üçün silaha sarılmağı, savaşmağı seçirik.

Cənab xalqı sülhə hazırlayan beynəlxalq qurumlar, siz məhz erməni xalqını sülhə hazırlmalısınız ki, onlar da öz hökumətini Azərbaycana qarşı müharibəyə son qoymağa çağırsınlar. Siz tarixən torpaq iddiaları ilə Azərbaycana qarşı işğallar aparan və bu gün də böyük Ermənistan ideyaları ilə erməni xalqının beynini zəhərləyən erməni diplomatiyasını sülhə gətirin. Bunun üçün Ermənistan danışıqlar masasında oturdulmalı və işğal etdikləri ərazilərimizi səssiz-səmirsiz boşaltmalıdır. Sülhsevər Azərbaycan xalqı yalnız bu halda erməni cəlladlarının törətdikləri cinayətləri bağışlamaq barədə düşünə bilər. Əks halda torpağı işğal olunmuş bu xalq sülhə deyil, müharibəyə hazırlaşmağa məcburdur! Çünki biz kiminsə torpağını işğal edib xalqının yaşamını pozmadıq ki, bizi də sülhə hazırlasınlar!..”

 

 

“Ermənidən türkə əsla dost olmaz”

 

 

 

Ülviyyə Abışova
/sosial media istifadəçisi/

 

“İstənilən normal insan özünün, yaxınlarının, sevdiklərinin sülh şəraitində yaşamasını istər. Amma bizim şərtlərdə sülhə hazırlanmaq anlayışı baxır özündə nəyi əks etdirir. Olan vəziyyətlə barışıb sülhə getməkdən söhbət gedirsə, bu, özümüzü məğlub elan etməyimizdir. Bu dəfə də verilən torpaqlar geri alınmasa, gələcək nəsldən, gələcək Azərbaycandan danışmağa utanacağıq. Bu və ya digər şəkildə ilkin şərt torpaqların qaytarılması olmalıdır. Əks halda, biz heç bir zaman dərin nəfəs ala bilməyəcəyik. Qarabağ-ermənistan problemi başımız üzərində Damokl qılıncıtək duracaq. Misal olaraq da keçən əsrdə ermənistana verilmiş torpaqları gətirmək olar. Nə qədər ki, ermənilər bizlərin "torpaqdan pay olmaz" fikrinin əməli nəticəsini görməyəcək, onların azğınlığı bitməyəcək. Məndən olsa, Tpampın fikrinə qüvvət, torpaqlar alınsın və iki dövlət arasında divar çəkilsin. Erməniylə bu və ya digər şəkildə məcburən nə vaxtsa sülh şəraitində yaşamaq məcburiyyətindəyik. Amma yenə də “ermənidən türkə əsla dost olmaz” fikrini unutmamalı, dostluq eyforiyasına uymamalıyıq. Bizim yaddaşımız zəifdir, üzümüzə gülən kimi qarşımızdakını əzizimizdən də əziz bilərik. Mənim tanıdğım erməni xisləti dəyişməz - bunu övladlarımıza anlatmalıyıq. Kiçik bir misal:

Moskvada yaşadığımız vaxtlar bir yerdə mən, ruslar, ukraynalılar söhbət etdiyimiz zaman bir cavan qafqazgörünüşlü qız da bizə yaxınlaşdı. Moskvada doğulmuş erməni olduğunu dedi. Və söhbət necəsə Naxçıvan üzərinə gəldi. Erməni qız çox əmin şəkildə dedi ki, Naxçıvan ermənilərin torpağıdır və bizimkilər oradadır. Soruşdum ki, sən heç Naxçıvanda olmusanmı, hardadı bilirsən? Dedi yox, valideynlərim deyir.

Təbii ki, Naxçıvanın bizim torpaqlar olduğunu və hal-hazırda da orda bizimkilərin yaşadığını dedim. Qız təəccüblə üzümə baxdı. Orda bir daha ən sadə erməninin də hansı ideologiyayla qulluq etdiyinin, uşaqlarını necə böyütdüklərinin, nələri aşıladıqlarının şahidi oldum. Ona görə də biz onlarla münasibətdə çomağı əsla yerə qoymamalıyıq.”

 

 

 “...Əgər bu nəzərdə tutulursa, qəbul etmirəm”

 

 

 

Namidə Bingöl
/Modern.az-da jurnalist/

 

“Xalqların sülhə hazırlanması” tələbi ötən ilin dekabrında ortaya atıldı. Belə ki, bu, Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda öz əksini tapdı. Düzü, bəyanat mətbuat səhifələrində yayılan kimi media olaraq məsələnin nə demək olduğunu anlamaqda çətinlik çəkdik. Üstəlik məsələ birmənalı qarşılanmadı. Yadımdadır ki, XİN-nin sözçüsü ilə əlaqə saxladım, bildirildi ki, Azərbaycan burada, eləcə də bütün aidiyyatı sənədlərdə qeyd olunmuş "əhali" sözünü hər zaman erməni və azərbaycanlı əsilli iki əhali kimi anlayır və məhz bu şəkildə qəbul olunmasını israr edir.

İndiki halda “xalqların sülhə hazırlanması” tələbini tələb olaraq belə qəbul etmirəm. 1994-cü ildən bəri atəşkəs rejimində yaşayırıq. Buna baxmayaraq Ermənistan ordusu atəşkəsə əməl etmir. Belə olduğu təqdirdə insanların sülhə hazırlanması anlaşılmır. Üstəlik şəhid analarının, şəhid uşaqlarının qarşısına belə bir tələbin qoyulması doğru deyil. Həmçinin tələbin məğzi tam olaraq bəlli deyil. Bəlkə detallar bəlli olarsa, o zaman daha ətraflı fikir söyləmək olar. Bilinmir ki, bu tələbin arxasında nə var?! Əgər güzəşt dayanırsa, sual olunur: nəyin güzəşt olunması? Torpaqlarınmı?! Bir neçə gün bundan qabaq Xocalı soyqrımının 27-ci ildönümünü qeyd etdik. Həmin ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər etmişdi. Səfər zamanı yenə də erməni xislətindən geri qalmadığını göstərdi. “Qarabağ Ermənistanındır” qışqıraraq əsl simasını ortaya qoydu. Sual oluna bilər: “Xalqların sülhə hazırlanması” prinsipləri dedikdə bu nəzərdə tutulur?! Əgər bu nəzərdə tutulursa, onda“xalqların sülhə hazırlanması” tələbini qəbul etmirəm”.

 

 

“O zaman Şəhidlərin ruhu rahat olmayacaq”

 

 

 

Pərişan Ceylan
/Şəhid övladları və kimsəsiz uşaqlara yardım İB sədri/

 

“Xalqın sülhə hazırlanması nə deməkdir? Yəni biz düşmən ilə barişacağiq? O zaman mənim yoldaşımın yanmış meyiti, o zaman mənim yoldaşımın qardaşlarımın tabuta sığmayan nəşi.....

 

Mən hər gün Təbrizimin ermənilər tərəfindən çəkilmiş videosuna baxıram və içim yanır. Heç kim məni heç nəyə inandıra bilməz. Mən mənim yoldaşımın qanını axıdana qardaş olmaram. Mənim balalarım erməni balası ilə qardaş olmaz, sülhə girməz. Nə cür həll edirlər etsinlər və şəhidlərin qanı axan torpaqları qaytarsınlar.

 

Bizim də içimiz soyusun. Və şəhidlər rahat yatsın. Bir tək adını sülh qoymasınlar. Barışaraq alınsa bu torpaqlar, o zaman Şəhidlərin ruhu rahat olmayacaq. Bunun üçünmü axdı bu qədər qan?!!

 

 

 

 

“...Bəlkə də 50, 100 il bir zaman keçməlidir”

 

 

İlahə Sadıqova
/Ümid partiyası sədrinin müavini/

 

“Əvvəla, onu deyim ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində dövlətlər səviyyəsində heç bir ciddi tədbirlər görülmür və indiki şəraitdə "xalqların sülhə hazırlanması" tələbi də aktual bir məsələ deyil. Düşünmürəm ki, hakimiyyət açıqdan-açığa belə bir siyasət yürüdür, çünki Ermənistan və Azərbaycan siyasi hakimiyyətləri indiki şəraitdə bunun uğursuz bir addım olacağının fərqindədirlər.

Regiondakı proseslər də əsla bunun mümkün olmayacağını bir daha sübut edir. Son zamanlar Rusiyada həmyerlilərimizə qarşı törədilən təxribat xarakterli hadisələr, Gürcüstanda Xocalı faciəsinin iştirakçısı olan erməni terrorçusuna qoyulmuş abidə ətrafında yaranmış cəmiyyətdəki etirazlar da bunu təsdiqləyir. Sülhə çağırış yalnız o şəraitdə mümkün ola bilər ki, bu məsələdə siyasi hakimiyyətlər razılığa gəlib, məsələni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmiş olsunlar. O zaman hər iki xalqın nümayəndələrini eyni ərazilərdə yaşamağa məcbur olduqlarından dolayı sülhə, barışa, dialoqa səsləməkdən danışmaq olar. Ki, bu da çox çətin bir prosesdir, buna uzun bir zaman lazım olacağını düşünürəm. Çünki heç bir halda azərbaycanlılar Xocalıda baş verən qətliamı, Qarabağda yaşanan dəhşətləri, müharibədə qaçqın və məcburi köçkün həyatına məhkum olunmuş insanların yaşadıqlarını, düşdüyü çətin durumu, müharibədə, hətta atəşkəs rejimində şəhid olan övladlarımızı qısa bir zaman ərzində unuda bilməzlər. Bu xalqların yenidən bir arada yaşaması, dialoqa yaxınlaşa bilmələri üçün münaqişənin sülh yolu ilə həllindən sonra bəlkə də 50, 100 il bir zaman keçməlidir. Münaqişənin həlli hərb yolu ilə olacağı təqdirdə, heç bir sülhə hazırlıqdan söhbət gedə bilməz və buna məni səsləyəcək heç bir söz yetərli ola bilməz.

Məsələnin başqa bir tərəfi də var ki, biz ermənilərlə və Ermənistanla dost olmağa məhkum olmasaq da, qonşu olmağa məhkumuq. Əgər onlar işğal etdikləri torpaqlardan geri çəkilərsə və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində təmin olunarsa, biz qonşularla heç bir şey unutmamaq, yaşanmışları yaddaşımızda saxlamaq, lakin düşmənçilik etməmək şərtilə Cənubi Qafqazda davamlı sülhün olması və bir daha faciələrin yaşanmaması üçün yorulmadan çalışarıq.

 

 

“Ermənilər sülhə doğru bir addım da atmayıblarsa...”

 

 

 

Tural İrfan
/AXCP sədr müavini/

 

“Dağlıq Qarabağ probleminin həllinin tapılmadığı bir dönəmdə xalqın sülhə hazırlanması o zaman baş verə bilər ki, Ermənistan torpaqlarımızı tam qaytarmağa razılıq vermiş olsun. Ələlxüsus da, xalqımız elə atəşkəs elan ediləndən sülhə hazır olub. Atıq bir qərinəyə yaxınlaşan müddətdə ermənilər sülhə doğru bir addım da atmayıblarsa, hansı sülhdən söhbət gedə bilər? Əksinə xalqımızı müharibəyə hazırlamaq lazımdır. Xalqı sülhə hazırlamaq kompaniyasını aparanlar o zaman şəxsən məni inandıra bilər ki, ən azı beş rayon işğaldan azad edilsin və yaxud o rayonların qaytarılması söhbət mövzusu olsun. İndiki şəraitdə, ermənilərin təxribatlarının, həyasızlığının dünya miqyasında davam etdiyi zamanda, hətta Fransada Xocalı soyqırımının yad edildiyi kilsəyə hücum təşkil etdikləri və Paşinyanın İran səfərini Xocalı soyqırımına saldığı, orada üzərində "Qarabağ Ermənistanındır və son" yazılmış bayraqla özünü nümayiş etdirdiyi bir dövrdə xalqımızın sülhə hazırlanması ancaq məğlubiyyət və torpaqlardan əl çəkmək demək olardı zənnimcə.

 

Dövlətimizin və ordumuzun kifayət qədər güclənib inkişaf etdiyi bir dönəmdə sülh yalnız torpaqlar BMT-nin məlum qətnamələrinin tələbində deyildiyi kimi, qeyd-şərtsiz azad olunduqdan sonra mümkün ola bilər. Təbii ki, bu məsələ ermənilərin xaçpərəst dünyasındakı dayaq və dəstəklərinin, hətta müsəlman ölkələrindən də dönük çıxanların onları himayə etməsi nəticəsində ölkəmizə qarşı təziq vasitəsi kimi də qiymətləndirilə bilər. Çünki Ermənistan Azərbaycan ordusunun Aprel döyüşlərindən sonra hansı qüdrətə sahib olduğunu gördü və hazırda hər an xof və vahimə içərisindədir. Azərbaycanın hər an hücum edərək işğaldakı torpaqları azad edəcəyi vahiməsindən amanda olmaq üçün dünyadakı havadarlarının təziqi nəticəsində elə bir yanlış təsəvvür yaratmağa cəhd edirlər ki, guya Azərbaycan sülhə hazır deyil. Halbu ki dövlətimiz dəfələrlə elan edib ki, torpaqlarımız azad edilməli, ondan sonra hansısa sülhdən söhbət gedə bilər. Hesab edirəm ki, bu məsələ torpaqların azadlığından sonra müzakirə edilə bilər”.

 

 

 “Ermənistan Azərbaycandan üzr istəsə...”

 

 

Mehriban Zeynalov
/“Təmiz Dünya” Qadınlara Yardım İB sədri/

 

“Mənə heç kim heç nə tapşırmayıb.

 

O ki, qaldı sülh məsələsinə, erməni separatçıları tərəfindən işğal edilən torpaqlarımız bütünlüklə geri qaytarılsa, bizə dəyən maddi və mənəvi zərər ödənilsə, bu barədə düşünərəm.

 

Eyni zamanda, Ermənistan BMT səviyyəsində, o cümlədən digər beynəlxaq qurumlar qarşısında etiraf edib, Azərbaycandan üzr istəsə,düşünmək olar”.

 

 

 

“Sülh danışıqları nəticəsiz olduğu təqdirdə...”

 

 

 

Əmrah Fəqanoğlu
/İctimai Tv-də jurnalist/

 

“Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, işğalda olan torpaqlarımız qeyd-şərtsiz boşaldılmayınca heç bir daimi sülhdən söhbət gedə bilməz.

Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək.

 

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın da tabeliyində olacaq.

 

Ölkənin daxili və xarici siyasətini müəyyənləşdirib həyata keçirən Prezidentimiz öz mövqeyini hər zaman açıq və aydın şəkildə bəyan edir ki, Azərbaycanın güclü ordusu sülh danışıqları nəticəsiz olduğu təqdirdə, hər bir qarış torpağımızı düşmənlərdən azad etməyə qadirdir”.

 

 

 

“Əgər vəziyyət dəyişməzsə, o zaman...”

 

 

 

Cavid Şahverdiyev
/Avrasiya.net-in baş redaktoru/

 

“Tarixən bütün münaqişələrin sonu sülhlə bitib. Dövlət başçımız Dağlıq Qarabağ münaqiəsinin həlli ilə bağlı dəfələrlə bəyan edib ki, Azərbaycan sülh tərəfdarıdır və problemin danışıqlar vasitəsilə həllini istəyir.

Yox, əgər Ermənistan işğalçılıq siyasətini davam etdirəcəksə, bütün beynəlxal hüquq və normaları ayaq altına atacaqsa, o zaman Azərbaycan hərb variantını seçəcək.

 

Yəni bu gün Azərbaycan xalqı problemin sülh yolu ilə həllini gözləyir və qarşı tərəfdən də bunu tələb edir.

Əgər vəziyyət dəyişməzsə, o zaman Ali baş komandanın əmri ilə torpaqlarımızı silah gücünə işğaldan azad edəcəyik”.

 

 

 

“İndiki məqamda sülhü müdafiə edənlərin yanında ola bilmərəm”

 

 

 

Nahid Canbaxışlı
/Qazi-Jurnalist/

 

“Bu suallara Qarabağ uğrunda gedən ən ağır döyüşlərdə iştirak etmiş Qazi kimi cavab vermək istəyirəm. Azərbaycan-erməni arasında münasibətlər formalaşdırmaq üçün cəmiyyətdə müəyyən ab-havanın artırılması istiqamətində görülən işlər xoşagəlməzdir. İllərdir bu münaqişənin içərisindəyik, atəşkəs olmasına baxmayaraq, hələ də şəhidlər verməkdəyik. İllərdir eşitdiyimiz isə budur: münaqişənin həlli istiqamətində işlər gedir, tərəflər sülhə hazırlanır və sair.

Bizə bir şey də deyilir: Lazım gəlsə, torpaqlarımızı işğaldan azad edəcəyik. Bu lazımın nə vaxt gələcəyi isə bəlli deyil. Belə getsə, yəni 1-ci Qarabağ müharibəsi iştirakçıları olan bizlər o lazımın gələcəyi günü görməyəcəyik. Mənə elə gəlir ki, bu münaqişəni bizdən sonrakı nəsillərə miras qoyub gedəcəyik. Gələcək nəsil də bizləri lənətləyəcək.

Cəmiyyətləri sülhə hazırlamaq nə deməkdir? Bunu anlamaq çətindir. Təbii ki, mən də istəmərəm qan tökülsün, analar qara bağlasın, amma əgər sənin torpağına təcavüz olunubsa, millətimizin yarısı qırılsa belə, o torpaqlar azad edilməlidir. O zaman sülhə hazırlıqdan söhbət gedə bilər ki, artıq torpaqlarımızı geri almışıq. Yalnız bundan sonra bölgədə sabitliyin yaradılması üçün sülh ola bilər. Yoxsa, sən mənim torpağımı işğalda saxla, sonra gəl de ki, xalqı sülhə hazırlayaq. Bunu heç kim qəbul etməz. Bizim xalqa bunu rəva görənlər böyük oyunların oyunçularıdır, bu müharibədə milyonlar əldə edənlərdir. Azərbaycanda belə deyək, hər iki ailədən biri şəhid verib, övladı Qazidir. Belə olan halda hansı sülh danışığından söhbət gedə bilər. Bu anormal fikri ortaya atanlar xarici qüvvələrin əlində alətə çevrilənlərdir.

Torpaqlarımız işğaldan azad edilməyincə, Dağlıq Qarabağ hüquqi müstəvisini almayınca erməniylə hər hansı bir sülhdən söhbət gedə bilməz.

Həmişə demişəm, yenə deyirəm, biz papağı qoltuğunda olan millətik, çünki o papağı vurub salıblar, hələ də öz papağımızı başımıza qoymamışıq. Ola bilsin ki, bizdə kimlərsə efirdən, mətbuatdan, sosial şəbəkədən şir-pələngə dönsünlər, amma fakt budur ki, papağı qoltuğunda gəzən millətik, bizim ana-bacılarımız hələ də ermənilərin əlində girovdular.

Mən 16 yaşımda Qarabağda açıq döyüşlərdə iştirak edib yaralanmış, fiziki sağlamlığını itirmiş biri olaraq heç zaman indiki məqamda sülhü müdafiə edənlərin yanında ola bilmərəm. Bu prosesi müdafiə edənlərin də bu millətdən olmadığını düşünürəm. O insanlar Azərbaycan bayrağı altında yaşaya bilməzlər. Onların rədd olub bu ölkədən getməsi lazımdır. Qoy gedib harda istəyirlər sülhdən, vətəndaş həmrəyliyindən danışsınlar”.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”