Parlamentin növbədənkənar sessiyası - “Ajiotaja ehtiyac yoxdur”
Deputat Milli Məclisin qərarının səbəblərini açdı
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Parlamentin növbədənkənar sessiyası nə ilə bağlıdır? Ölkədə növbədənkənar parlament seçkiləri gözlənilir?
Deputat Elman Nəsirov deyib ki, Milli Məclisin növbədənkənar sessiyası daxili nizamnaməyə əsasən çağırılır:
“Bunun üçün deputatlar öz imzaları ilə sessiyanın keçirilməsinin zəruriliyini təsdiqləyir. Bu, hər il müşahidə olunan hadisədir. Əslində yeni hadisə deyil. Hesab edirəm, parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur. Nizamnaməyə əsasən, fevral ayının 1-dən may ayının 31-nə qədər yaz sessiyasıdır. Yaz sessiyası bitdikdən sonra deputatların istəyi ilə yay sessiyası çağırıla bilər. Bir daha qeyd edim, bu hər il baş verən bir hadisədir”.
Deputat Hikmət Babaoğlu isə deyib ki, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması parlamentin ənənəsinə çevrilib:
“Qanunvericilik aktlarının qəbul edilməsi, qəbul edilən qanunlara düzəliş edilməsi, yeni qanun layihələrinin müzakirə üçün parlamentə daxil olması iş qrafikini intensivləşdirir. Demək olar ki, hər il bu qayda təkrar olunur. Növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin nizamnaməsində xüsusi qayda var. Milli Məclisin 22 deputatının imzası ilə təşəbbüs qaldırılır. Parlamentin yaz sessiyasının işi əslində may ayının 31-də sona çatmış olur. Yuxarıda qeyd etdiyim səbəblər və ümumilikdə qanunların qəbul edilməsi aktual olduğu üçün növbədənkənar sessiya çağırılır. Növbədənkənar parlament seçkilərinə gəldikdə isə bu barədə MSK sədrinin açıqlaması var. Hüquqi prosedurlar, tələblər müzakirə edilib. Tarixin dəqiqləşdirilməsi, yaxud qərarın qəbul edilməsi müvafiq səlahiyyətli orqanların müstəsna hüququdur. Onlar bu qərarı qəbul edərlərsə, növbədənkənar parlament seçkiləri keçiriləcək”.
Deputat Fazil Mustafa da deyib ki, növbədənkənar sessiyanın keçilməsində təəccüblü heç nə yoxdur:
“Seçkilərin vaxtının irəli çəkilməsi mümkündür. Parlamentin növbədənkənar sessiyasına gəldikdə isə bu, hər il keçirilir. Ola bilsin ki, bu sessiyada növbədənkənar parlament seçkiləri ilə bağlı qərar qəbul edilsin”.
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."