31 il öncə “keşiş Baqrat” Gəncədə necə qiyam etmişdi?

09:41 12-06-2024 | icon 285 | Tarix
31 il öncə “keşiş Baqrat” Gəncədə necə qiyam etmişdi?

Bir aydan çoxdur Ermənistan qarışıb. “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan etiraz aksiyası keçirir. May ayının 9-dan indiyə kimi onun rəhbərliyi ilə 3 aksiya reallaşdırılıb. Sonuncu aksiya iyunun 9-da baş tutub.

 

Keşişin meydana çıxması, etirazlara başlaması Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonraya təsadüf etdi. Hərəkatın adı da kifayət qədər diqqətçəkəndir və cəmiyyətdə emosional ovqat yaratmağa hesablanıb. “Vətən naminə Tavuş” hərəkatı o deməkdir ki, bu gün ermənilər üçün Vətən Tavuşdan başlayır. Nikol Paşinyan ermənilərə çağırış edir ki, gəlin, real Ermənistan formatına qayıdaq, xəyali Ermənistandan bizə gələcək yoxdur. Keşiş və arxasındakı qüvvələr isə bunun əksini edirlər: Xəyali Ermənistandan qopmaq istəmirlər. Buna görə də Paşinyanı xəyanətdə, Ermənistanı satmaqda suçlayırlar.

 

“Vətən naminə Tavuş” hərəkatı aksiyalarla hakimiyyəti təzyiq, basqı altında saxlamağa, praqmartik addımlardan çəkindirməyə çalışır. Məqsəd aydındır: Ermənistan Azərbaycanla sülh sazişi imzalamasın. Bu sənəd imzalansa, Nikol Paşinyan hakimiyyətinin ömrünü uzadacaq. Çünki Azərbaycanla və Türkiyə ilə barışıq Ermənistanı dalandan çıxaracaq başlıca faktor olar. Azərbaycanın müəlliflik etdiyi meqalayihələrdə iştirak imkanı qazanar. Türkiyə üzərindən Qərbə çıxış əldə edər. İsti dənizlərə açılar. Bu perspektiv Paşinyanın rəqiblərini ciddi narahat edir. Ona görə də bunun qarşısını almaq üçün hərəkat yaradıb, küçələrə düşüblər. Xalqı tərəflərinə çəkmək üçün gecə-gündüz iş aparırlar.

 

Keşiş Baqrat Qalstanyan etiraz aksiyasında

 

Artıq proseslər küçələrdən qanunvericilik müstəvisinə keçir. Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək. Ermənistan mediası xəbər verir ki, bununla bağlı ölkə parlamentinin sədri Alen Simonyan sərəncam imzalayıb. Bildirilib ki, növbədənkənar iclas iyunun 17-də saat 18:30-da keçiriləcək.

 

Paşinyan hakimiyyəti baş verənlərə kifayət qədər soyuqqanlı yanaşır. Həmçinin saymazyana bir tövrün olduğu da görünür. Bunu şərtləndirən amillər ciddidir. Birincisi, ictimai rəy hazırkı iqtidarı dəstəkləyir. İkincisi, Paşinyan iqtidarında parçalanma yoxdur. Üçüncüsü, hüquq mühafizə orqanları yaxşı işləyir. Nəhayət, ordu Paşinyana sadiqdir.

 

Yan amillər də var. Onlar da əsasən budur ki, Qərbin beyin mərkəzləri və xüsusi xidmət strukturları Paşinyanı siyasi-ideoloji və fiziki baxımdan qoruyurlar.

 

Rusiyaya gəlincə… Baqrat Qalstanyan amilinin arxasında Moskvanın dayandığı iddiaları var. Bu, birmənalı təsdiqlənməsə də, tam istisna da edilmir.

 

Rəylər əsasən bu yöndədir ki, Kreml hazırda Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı görünmür. Putinin Paşinyanı sıxışdırmasının məqsəd və səbəblərinin əsasən Zəngəzur dəhlizi ilə bağlı olduğu deyilir. Rusiya dəhliz açıldıqdan sora ona nəzarəti öz əlində saxlamaq istəyir. İrəvan isə Moskvanın bu hədəfinə qarşı açıq mövqe qoyur.

 

Fəqət etiraz aksiyası elə bir məsələdir ki, bu gün zəif, təhlükəsiz görünən yürüş, mitinq sabah yüzminləri əhatə edə bilər. İndiyə kimi belə təcrübələr çox olub. “Ərəb baharı” bir göyərti satanın özünü yandırması hadisəsindən start götürdü, böyüdü, bütövlükdə Şimali Afrikanın, Yaxın Şərqin xeyli ölkəsini öz atəşi ilə qarsdı. Hələ də bu “inqilabın” altını çəkən ölkələr, xalqlar var.

 

Ermənistanda bu gün baş verən proseslər bizə 31 il öncənin Azərbaycanını xatırladır. O vaxt bizim Baqratımız Surət Hüseynov idi.

 

Surət Hüseynov 

 

1993-cü ilin 4 iyununda Gəncədə baş verən hərbi qiyamdan sonra ölkədə vəziyyət kökündən dəyişdi. Siyasi müxalifətlə hərbi müxalifət birləşdi. Prezidentin, Ali Sovetin sədrinin, Baş nazirin, digər bir neçə yüksək vəzifəli məmurun istefası tələb olundu. Surət Hüseynov Gəncədə, Etibar Məmmədov, Şadman Hüseynov, Arif Rəhimzadə, Asya Manafova və digərləri Bakıda legitim hakimiyyətə qarşı cəbhə almışdılar. Bir yandan da Qarabağda vəziyyət günbəgün gərginləşirdi. Elçibəy iqtidarı təlaş içində, panik durumda səhvlər edirdi.

 

Nəhayət, qiyam baş tutdu. Bu qiyam nəticəsində Moskva özünün marioneti olan Ayaz Mütəllibovu hakimiyyətə gətirməyə çalışırdı. Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya dəvət etməsi, iqtidarı ona təhvil verib, Kələkiyə çəkilməsi Rusiyanın bu planını alt-üst etdi. Heydər Əliyev 1993-95-ci illərdə Azərbaycanın başına bəla olan hərbi müxalifəti, əslində isə qanunsuz silahlı dəstələri, onların başında dayananları zərərsizləşdirdi.

 

İndi Azərbaycan qalib ölkədir. Ərazilərini işğaldan azad edib. Suverenlik bərpa olunub. Ermənistan isə məğlubiyyətin acısını İrəvan küçələrində yaşayır. Ölkə məğlubiyyət sindromundan qurtula bilmir. Vaxt vardı, bu acıları, dəhşətləri, məğlubiyyətləri düşmən və onu dəstəkləyən qüvvələr bizə yaşadırdı.

 

Azərbaycan yalnız ərazi bütövlüyünü, suverenliyini bərpa etməyib, İlahi ədalət də bərqərar olub…

 

Azər Ayxan
Globalinfo.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanın ideya və məqsədləri ilə bağlı mesajlar verən BƏYANNAMƏ

"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

“Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır”

"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"

Ürək bulantısı
XƏSTƏLİKLƏRDİRMİ?

Telejurnalist MTM-nin mətbuat katibi oldu

Bu həftədən seçki sənədlərinin DSK-lara təqdim edilməsinə BAŞLANILIR

Azərbaycanda elektron pullar dövriyyəyə BURAXILACAQ

“WhatsApp” casus PROQRAMIDIR

“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

Metroplitendən hər kəsi şok edəcək AÇIQLAMA

Sabah beş rayonda qaz OLMAYACAQ

Ölkə Trendində BİRİNCİ

Sumqayıt çimərliyində ifşa edilən ÖZBAŞINALIQ