50-60 milyonluq xalq - toparlana bilmirik

11:00 11-03-2019 | icon 1352 | Kürsü
50-60 milyonluq xalq - toparlana bilmirik

Dağınıq və sərgərdan gündəyik

 

 

İLQAR ALTAY

/siyasi ekspert/

 

 

Bu cür milli hissinə, kimliyinə hörmətsiz olmaqla 10 yox, 50 yox, 100 milyon olsaq da belə dağınıq vəziyyətdə heç nə əldə edə bilmərik.

 

Dünyaya yayılmış xalqlar, harda yaşamalarından asılı olmayaraq hansının milli dövləti varsa, ora onun Ata Evi sayılır. 35 milyon güneylimizin, dünyanın 4 bir yanına səpələnən 50 milyon azərbaycanlının da belə bir ATA Ocağı var. O, bizim müstəqil Azərbaycandır...

 

“Özlərini öz ATA dövləti ilə birlikdə arxalı, güvənli hiss etsinlər...”

 

Onun qarşısında böyük bir məsuliyyəti var. Onun bir atalıq borcu var və öz görəvini layiqincə yerinə yetirməlidir. O, ailəsini bütöv, möhkəm, sarsılmaz etmək, onu qorumaq üçün öz övladları ilə qırılmaz möhkəm bağlar qurmalı, başında durmalıdır. Bunun üçün dövlətin rəhbərləri hər hansı ölkəyə etdiyi səfərlər zamanı ilk növbədə orada yaşayan öz azərbaycanlıları barədə düşünməli, onların həyat və fəaliyyətləri ilə maraqlanmalı və yad ölkələrdə inkişaf edib güclü diasporalara çevrilmələri üçün zəmin yaratmalıdırlar.

 

Elə proqramlar işlənməli, elə əlaqələr qurulmalıdır ki, başqa ölkələrdə yaşayan insanlarımız özlərini öz ATA dövləti ilə birlikdə arxalı, güvənli hiss etsinlər, assimlyasiyaya uğramasınlar. Ata dövlət dünya azərbaycanlılarının öz evi olan Azərbaycanla əlaqələrini, gediş-gəlişlərini asanlaşdırmalı, viza probleminin olmaması, lazım gələndə milli-mədəni kimliyinin qorunub saxlanması, milli mənafeyinin qorunması üçün tədbirlər düşünməlidir. Bu məsələ ümummili bir bərabərlik və bir mərkəzdən idarə olunan birgə fəaliyyətin təşkilini tələb edir. Ona görə də, burda təkcə dövlət rəsmiləri deyil, eyni zamanda ictimai təşkilatlar, ictimai, siyasi, mədəniyyət xadimlərimiz, yazıçı, alim, incəsənət adamlarımız planlı və əlaqəli şəkildə işləməlidirlər.

Dünyada yaşayan azərbaycanlıların Azərbaycanla əlaqələrinin zəifliyini, dövlətimiz, millətimiz üçün hansısa işlər görə biləcəyi koordinasiya olunmadığına görə problemimizin nədə olması ilə bağlı müəyyən suallara cavab tapmalıyıq.

 

“Biz dağınıq və sərgərdan gündəyik”

 

Maraqlıdır, bu gün bizdə Dünya Azərbaycanlıları üzrə işləyən hər hansı bir QHT və ya İctimai qurum varmı? Araşdıranda məlum olur ki, hamısı qrant almaqla məşğuldur. Əgər Diaspora Komitəmiz öz işini yalnız ölkə azərbaycanlıları üzrə aparırsa, bəs dünyada - Gürcüstan, Dərbənd, Orta Asiya, Rusiya, İran-Güney Azərbaycan və sair yerlərdə yaşayan azərbaycanlılarımızı bir MƏRKƏZə gətirən hansı qurum var? Yəqin ki, bu dediyim çoxumuzun ağlına, yadına da düşmür. Ona görə də biz dağınıq və sərgərdan gündəyik və dünya bir millət, xalq olaraq bizim gücümüzü, potensialımızı görə bilmir.

 

...Fransanın prezidenti Azərbaycana gələndə, o, 2-ci Dünya Müharibəsində bizim əsgərə ərə gedib Şəmkirdə yaşayan və artıq qocalmış fransız qadınla, milli soydaşı ilə şəxsən maraqlanıb görüşdü. O, həmin yaşlı qadını ömrünün qalan payını Fransada  yaşamağa dəvət etdi...

 

Burada, Almaniyada bəzi alman milli təşkilatları məndən vaxtilə Gəncə, Şəmkir zonasında yaşamış alman soydaşlarının tarixi barədə soruşub maraqlanırlar. Mən də atamın cavanlığında  bizdən - Zəyəm qəsəbəsindən 5 km. aralıdakı Engels kənddə alman uşaqlarına azərbaycan dili və ədəbiyyatından dərs deməsi ilə bağlı xatirələri danışıram. Məni heyrətlə dinləyir, qeyd edirlər.

 

“Heç öz doğma azərbaycanlı qardaşlarımızı tanımırıq”

 

Baxın, görün Rusiya Ukraynada, başqa yerlərdə, elə bizdə yaşayan rusları necə qoruyur. Qanunla onlara ikili vətəndaş statusunda pasport verir.

Ermənistan nəinki bütün dünya ermənilərini, hətta Cənubi Amerikada yaşayan erməniləri belə siyahıya alıb, onları bir mərkəzdən idarə edir və lazım olduğu an öz ətrafına yığır. Üstəlik öz qan qohumları olan farslarla da birləşib qardaşlıq edirlər. Biz isə heç öz doğma azərbaycanlı qardaşlarımızı tanımırıq. Heç xəbərimiz yoxdur ki, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızstanda neçə azərbaycanlımız var və kimlərdir?

 

Orada nə edirlər, həyatları, günləri necədir, bizə ümid istinad yeri kimi baxırlarmı, yoxsa, bəlkə yetim günündədirlər, əzilirlər? Onların siyahısı, sayı nə dövlətdə, nə də ictimai qurumlarımızda yoxdur.

 

Neçə müğənnimiz Özbəkistana konsert verməyə gedirlər. Bir azacıq da olsa milli qeyrət hissi yaranırmı ki, orada kök salıb yaşayan azərbaycanlılarımızı başına yığıb söhbət etsinlər, burdan salam aparsınlar?

 

Bir nəfər millət vəkilimiz varmı bunu etsin, Milli Məclisdə bu vacib məsələ barədə danışsın, təşəbbüs qaldırsın? Bəlkə Avropaya səfərləri zamanı orada yaşayan azərbaycanlılar yada düşə. Bəs, Orta Asiyadakı böyük toplum?..

 

“Yeganə dərdimiz hakimiyyət, vəzifə, varlanmaq, yeməkdir”

 

Bizim cəmiyyət, insanlar inciməsin, onlar əsasən öz qarnı, güzəranı ilə məşguldur və bütün hissləri ona yönəlib. İqtidarlı-müxalifətli yeganə fikir-dərdimiz hakimiyyətdir, vəzifədir, varlanmaqdır, yeməkdir və nəticədə yenə bu qarındır. Budur, bizim mübarizəmizin hədəfi! Ona görə də bu cür milli hissinə, kimliyinə hörmətsiz olmaqla 10 yox, 50 yox, 100 milyon olsaq da, belə dağınıq vəziyyətdə heç nə əldə edə bilmərik. Biz bu yayınıqlıqla, milli soyuqluq, biveclik, düşüncə yayınıqlığı ilə də zəifik. Assimlyasiyaya, əriyib itməyə doğru gedirik. Və istənilən 3-5 milyonluq birlik, bir yumruq halında olan xalq bizdən dayanıqlı, mübariz, mərd və hünərli olacaq.

 

50-60 milyonluq böyük bir xalq olmağımız Allahın bizə vergisidir. Yüzlərlə kiçik xalqlar bunu arzu edir. Amma biz qədrini bilmirik, toparlana bilmirik... Toparlanıb özünü, varlığını, mənliyini dərk etməyən, istənilən bir iri varlıq, canlı, xalq, millət şüurunda özünü kiçik və zəif hesab edəcək! Şüur kiçikliyi isə mənlik kiçikliyi yaradır. Hindistanda 10 tonluq (10 min kiloqram!) fil 50 kiloluq arıq insana niyə tabe olur və ömrü boyu azadlıqdan məhrum, zülm çəkir? Çünki o, şüurunda özünü 50 kilodan da kiçik və zəif sanır... Hünəri, gücü iradəni yaradan şüurdur. Allah bizə ilk növbədə milli birlik və dövlətçilik şüuru versin, budur, bizim əsas problemimiz. Qalan hər şey düzələndir, cismimiz hədsiz möhkəm, genetik demoqrafik artımımız lap çoxdur.

Milli birlik və dövlətçilik!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı