Prezidentin Fərmanına LAQEYDLİK
Fuad Əliyev: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası niyə susur?"
“Azərbaycanda hələ də işçiləri iş saatından artıq işlədən bir çox təşkilatlar var”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyev qeyd edib ki, bu həm dövlət, həm də özəl sektorda müşahidə olunur:
“Əmək hüququnun demək olar ki, dünyanın əksər ölkələrində pozulduğunu görürük. Azərbaycanda da işçiləri iş saatından artıq işlədən bir çox təşkilatlar var. Bunu həm dövlət, həm də özəl sektoruna aid etmək olar. Müstəqil Həmkarlar Birliyinə müraciət edən vətəndaşlarla söhbət əsnasında məlum olur ki, hər gün 10-12 saat işləyirlər. Və iş saatından artıq işlədiyi saatlara görə heç bir ödəniş olunmur. Biz də öz növbəmizdə onlara izah edirik ki, əmək qanunvericiliyinə əsasən, həftəlik iş norması 40 saatdır. İşçi gündəlik 8 saatdan artıq işləyə bilməz. Bu 40 saatdan əlavə saatda ki, işçi işləyib, bunun üçün işçi özünün saatlıq əmək haqqının iki mislindən az olmayaraq əlavə ödəniş almalıdır. Amma bu tələb bəzi dövlət və daha çox özəl sektorunda pozulur”.
Fuad Əliyev bildirib ki, işçilərin əmək hüquqları ən çox tikinti sektorunda pozulur:
“Tikinti sektoruna aid qəbul edilən bir çox qanunverici aktlar, xüsusən “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanı bəzi yerlərdə icra olunmur. Sual vermək lazımdır ki, niyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası susur, problemi görməmizliyə qoyaraq, özünü heç nə olmamış kimi göstərir. Hər bir işçidən üzvlük haqqı yığır, amma bir dəfə də olsun işçilərin hüquqlarını müdafiə etməyib".
Fuad Əliyev media nümayəndələrini Müstəqil Həmkarlar Birliyinə dəstək verməyə çağırıb:
"Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyət göstərməliyik. Resurslarımızı birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmalı və işçilərin istismarına son qoyulmasına nail olmalıyıq".
AYSEL
versus.az
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb