Elçin Əlibəyli: “Dərsliklərimiz çox bərbaddır”

 

15:08 13-03-2019 | icon 568 | Təhsil
Elçin Əlibəyli: “Dərsliklərimiz çox bərbaddır”
 

 

“Tələbə mənə baxıb, deyir, nə olsun ki, Elçin Əlibəyli də oxuyub, amma ortalıqda qalıb; heç bir ali məktəb onu qapıdan içəri buraxmır. Mən oxuyub nə edəcəyəm ki?!

Vaxtilə birlikdə oxuduğumuz, qiymətləri mənə çatmayan insanlar bu gün kafedra müdirləridir. Onlara baxıb kim oxuyar?!”

Versus.Az AzEdu.az-ın qonağı aparıcı, teletənqidçi Elçin Əlibəyli ilə müsahibəni təqdim edir.

O, üslubu kimi “resepti” ilə də digərlərindən fərqləndi. Rubrikada tələbə haqqında dost, şagird barəsində isə parta yoldaşı kimi danışan aparıcı səmimi, sadə tənqidləri ilə çoxlarının  ürəyindən xəbər verdi.

Öncə Elçin bəyə təhsillə bağlı bir neçə sualımızın olacağını dedikdə, belə cavab verir:

“Ehh... Sual... Sual... Təhsildə o qədər sual var ki... Heç onlara cavab verəcək adam da yoxdur. Hamı oturub gözləyir ki, harada qırılar, qırılar...”

Elə bu sözlər onun reseptdəki “diaqnozu”nu qiymətləndirməyə kifayət edir. Aparıcı düşünür ki, təhsildəki bütün islahatlara orta məktəbdən başlamaq lazımdır. Bizdəki orta təhsil sistemindən isə ümumiyyətlə, razı deyil:

“Bir amerikan rejissor Finlandiya təhsil sistemi barədə mükəmməl film hazırlayıb. Onu izlədikdən sonra bizim orta təhsiliFinlandiyadakı ilə müqayisəli şəkildə, daha dərindən öyrənməyə başladım. Fin tədris metodlarını araşdırandan sonra anladım ki,  şagirdləri çox yükləməklə əslində, böyük səhvə yol verib, nəticədə, mükəmməl əzbərçilər yetişdiririk. Onlar test naminə hər şeyi əzbərləyib, tələbə olurlar; bununla da hər şey bitir. Onsuz da universitetlərimiz mütəxəssis yetişdirə bilmirlər. Barmaqla sayılacaq qədər mütəxəssis qalıb. Problemin kökü isə orta məktəb bazasının düzgün qurulmamasındadır.

Fin təhsil sistemini tədqiq etsək, çox şey qazanarıq. Əlbəttə, bunun üçün vaxt lazımdır. Amma düşünürəm ki, artıq vədə çatıb. Əvvəla, orta məktəb proqramı mənasız şeylərlə ağırlaşdırılıb. Uşağın “filosof” olması üçün onun çox kitab oxuması şərt deyil. O,çölə çıxmaqla da buna nail ola bilər. Bütün dünyada dərs vəsaitlərinin planşetə çevrildiyi virtual dərsliklər dövründə ağır vərəq yığınına ehtiyac yoxdur. Sovet dövründə dərsliklər xüsusi vərəqlərdə çap olunurdu. Kitablar nə qədər qalın olsa da, o ağır olmurdular. Amma indi onlar dümağ kağızlarda çap olunur. Çox ağır olduqlarına görə, uşaqların onları daşıması real deyil. Bunlar bir yana, uşağın gözünü də kor edir. Azərbaycan bölməsindəki Riyaziyyat, Fizika və digər fənlərin məsələlərini oxuyursan, lakin, söhbətin nədən getdiyini başa düşmürsən. Məcbursan ki, eyni dərsliyin rusca versiyasından istifadə edəsən. Dərsliklər bu dərəcədə bərbaddır”.

“Azərbaycan bəlkə də uşaqlar üçün virtual portalı olmayan yeganə ölkədir”

Aparıcı düşünür ki, tədris yüngülləşdirilməklə bərabər, şagirdlərə qarşı qadağalar da ləğv edilməli, onlara dərketmə azadlığı verilməlidir:

“İcazə verin, şagird hər şeyi müasir kommunikasiya vasitələri, virtual dünya ilə öyrənsin. Azərbaycan bəlkə də uşaqlar üçün virtual portalı olmayan yeganə ölkədir. Rusiyada bir neçə virtual portal var. Orada Ədəbiyyatdan tutmuş, Riyaziyyata qədər bütün fənn və siniflərə uyğun tədris, didaktik materiallar var. Orada eyni zamanda cizgi filmindən tutmuş öyrədici sənədli filmlərə qədər hər şeyi görə bilərsiniz. Məsələn, Nikolay Mixayloviç Karamzinin Rusiya tarixi haqqında kitabı var. Həmin kitab əsasında həcmi 2 dəqiqəni aşmayan, hər dövrü əhatə edən 3 D qrafika ilə çəkilmiş çarxlar hazırlanıb. Artıq kitabı oxumağa ehtiyac qalmır. Təbii ki, böyüklər, araşdırmaçılar onu oxuya bilər. Amma uşaqlar rus tarixini virtual olaraq həm yazı, həm səs, həm də görüntü ilə yadda saxlayırlar. Rus ədəbiyyatındakı bütün əsərlərin 6-7 dəqiqəlik xülasəsi video və şəkillərlə verilib. Uşaqlar bu tip elementar uşaq portallarından valideyn nəzarəti ilə istifadə edirlər. Orada tədrisdən kənar heç nə yoxdur. Həmin virtual portallar müxtəlif yarışmalar keçirir, şagirdləri bu formada da cəlb edirlər. Bizdə isə təəssüf ki, internet deyən kimi camaat yalnız 18 + başa düşür”.

“Yalnız diplom paylamaqla məşğuldurlar”

Azərbaycan universitetlərinin durumuna gəlincə isə, Elçin Əlibəyli ölkəmizdə ali təhsilin vəziyyətinin  daha acınacaqlı olduğunu düşünür:

“Yalnız diplom paylamaqla məşğuldurlar. Öz istiqamətim olduğuna görə, məhz humanitar elmlərdən danışım: bura gələn əksər mütəxəssislərin bazası adi tələbəsinin bilməyə borclu olduğu elementar bilik səviyyəsinə belə cavab vermir. Fəlsəfə məzunları dialektika qanunlarından xəbərsizdirlər. Sosiologiya ixtisasını bitirənlər, ümumiyyətlə, sahələrindən məlumatlı deyillər. Psixologiyanın  nə vəziyyətdə olduğunu isə özünüz çox yaxşı bilirsiniz. Hərə bir rəngli psixoloji mərkəz açmaqla deyil ki! Onların özlərinin də psixoloqa ehtiyacları var. Təkcə xaricdə təhsil alıb gələnlər nisbətən fərqlənirlər.

Başda Bakı Dövlət Universiteti olmaqla, əksər ali təhsil müəssisələrində ciddi kadr problemi var. Ora yaxşı mütəxəssislər cəlb olunmur. Kadrları qohumluq, tanışlıq prinsipi ilə işə götürürlər. Məsələn, mən sənətşünaslıq üzrə fəlsəfə doktorluğunu 2006-cı ildə müdafiə etmişəm. Ali Attestasiya Komissiyasından bu barədə sənəd də verilib. Düz, 13 il keçib. Bu illər ərzində 44 elmi məqalə, 4 elmi monoqrafiyam çıxıb. İxtisasım Televiziya, kino və teatr sənətləri üzrə tənqidçidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim kitablarımdan dərs vəsaiti kimi istifadə olunur. Amma mənim özümü oranın qapısından içəri buraxmırlar. Dəfələrlə ADMİU-nun rektoru ilə şəxsən görüşmüşəm. Demişəm ki, mən bura maaş üçün gəlmirəm, kadr yetişdirmək istəyirəm. Təsəvvür edin, televiziya mütəxəssisləri yetişdirmək istəyirlər. Mən də bu sahə üzrə kitab müəllifiyəm. Amma orada dərs deməyim üçün tanışım yoxdur”.

“Bir-birini təkrarlayan fakültə və ixtisaslar, lazımsız tədris kimə lazımdır?!”

Aparıcı əksər özəl universitetlərin lazımsız tədris ocağına çevrilməsindən də gileylidir. Məsələn.... Gəlin, bunu onun özündən eşidək:

“Məsələn, Bakı Qızlar Universiteti... Axı, bu universitet kimin nəyinə lazımdır?! Ora aşağı balla qəbul olunub ibtidai sinif müəllimi olanlar sabah bizim övladımıza nə verəcək?

Verilişimlə bağlı görürəm ki, ibtidai sinif müəllimləri “Whatsapp” qrupları yaradır, valideynlər yazışırlar. İnanın, o müəllimlərin yazısında nə qədər hərf səhvi olur. Təsəvvür edin, onların əksəriyyəti elə bu cür universitetləri bitiriblər. Çoxunun heç adı da yadda qalmır. Bir-birini təkrarlayan fakültə və ixtisaslar, lazımsız tədris kimə lazımdır?

Azərbaycanda neçə ildir Əmək Akademiyas ıfəaliyyət göstərir. Mənə əməklə bağlı bircə nəfər mütəxəssis tapın. Veriliş üçün axtarıram. İstəyirəm ki, o universiteti bitirmiş mütəxəssis gəlib bizim verilişdə danışsın. Belə biri var?  İnanın ki, tapmayacaqsınız.

Bundan əlavə, 2006-cı ildə Azərbaycan Dövlət Televiziyasının nəzdində Televiziya Akademiyası yaradılıb. Bunun da üstündən 13 il keçib. O akademiya bu illər ərzində televiziya üzrə bir nəfər mütəxəssis hazırlaya bilib? Onun ki, strukturu, hər şeyi var. Sadəcə, qalıb qapalı Aztv-nin içində... Heç kim bilmir ki, nə işlə məşğuldur”.

“Valideynin məktəblə ünsiyyətini kəsmək lazımdır”

Elçin Əlibəyli düşünür ki, ölkəmizdə tələbələr tələbəlik həyatı yaşamırlar:

“Tələbədə tələbə romantikası olmalıdır. Romantika tələbənin daxili inkişaf dünyasıdır. Mən bunu şeir xətrinə demirəm. Azərbaycanlı tələbə bunu yaşamır. Yazıq tələbə bilmir ki, nəyin dalınca düşsün. Kampuslar yoxdur. Bu yaxınlarda cəmi bir universitetdə kampus istifadəyə verilib. Kampus tələbənin inkişafına yol açır. Onlar bir-biri ilə qarşılıqlı rəqabət, inkişafında olurlar. Bizdə yazıq tələbənin başı kirayə probleminə qarışıb. Bilmir kirayəpulunu çatdırsın, yoxsa, dərsini oxusun. Elə vəziyyət yaranıb ki...

Valideyn komitəsi deyilən qurum artıq mafiyaya çevrilib.

Ümumiyyətlə, valideynin məktəblə ünsiyyətini kəsmək lazımdır; Finlandiyadakı kimi. Orada heç bir valideynin xəbəri yoxdur ki, məktəbdə nə baş verir. Çünki onlar məktəbə arxayındırlar. Finlandiyada valideyn düşünmür ki, görəsən övladımı hansı məktəbə qoyum. Bütün məktəblər eynidir. Başqa cür ola da bilməz. Bizdə isə bunun üstündə az qala dava gedir: “Övladımı filan məktəbə qoyum”, “Tanış tapıb, filan məktəbə saldırım” və s. Niyə? Çünki hər şey ibtidai sinif müəllimlərindən başlanır. Universitetə qəbul ballarına baxın da! O cür aşağı balla  qəbul olan necə ibtidai sinif müəllimi ola bilər?! Əməkhaqqı artırılmalıdır. Müəllim bu maaşla işləyə bilməz”.

“Azərbaycanlı gənc alimlərin də xaricdəki kimi ixtiralar edib qrantlar əldə etməsinə nə mane olur?” sualını isə aparıcı belə cavablayıb:

“Lap filmdəki məsələyə bənzədi... Niyə o əjdahadan bizdə yoxdur? (gülür)

Çünki “əjdaha” üçün öncə universitetlərdə elmi laboratoriyalar olmalıdır. Gənc alimlər orada çalışıb nəticə əldə etməlidirlər ki, qrant gəlsin. Axı, qrantı verən adamı da nəticə maraqlandırır. Məsələn, Kembric, Oksford, Harvardda tələbə oxuya-oxuyaelmi laboratoriyalarda çalışır. I kursdan bu kimi işlərə cəlb olunub, IV kursda elə patentlər alırlar ki... QHT-lər bu işipatentləşdirir. Bundan həm ölkə qazanır, həm də digərləri. Amma bizdəki reallığa baxaq:Azərbaycanda dövlət QHT-lərə yardım üçün pul ayırır. Bir araşdırma aparın görək, hansı elmi ixtiraya qrant üçün dövlət pul ayırıb? Amma bizdə sünnət üçün pul ayrılır. Hansısa kənddə 6-7 uşağı sünnət etmək üçün qrant ayrılmışdı. Təsəvvür edirsiniz?!Vəssəlam! Məncə, bu nüansla vəziyyəti tam aydın izah edə bildim”.

“Tələbə üçün şərait yaradılmaması tənqid edilməli məqamdır. Amma heç də bizim bütün tələbələr də özünüinkişafda maraqlı deyillər. Bəlkə, bir az da tələbəni günahlandıraq?”- Bu, bizim sualımız idi. Elçin Əlibəylinin bu suala cavabı da maraqlı olur:

“Xeyr! Öncə tələbəyə istədiyini ver, sora günahlandır. Lazım olan tələbləri onun qarşısına qoy, dünyagörüşünü inkişaf etdir, fikri çayxana, qəlyənxanada deyil, kitabda olsun, sonra onu günahlandır.

Tələbə dərsdən sonra nə etsin? Ya gedib kafedə işləməli, pul qazanmalıdır ki, kirayə pulunu ödəyə bilsin, ya da qəlyanxanada qəlyan çəkməlidir. Bilir ki,  oxusa da, heç bir xeyri yoxdur. Tələbə mənə baxıb, deyir, nə olsun ki, Elçin Əlibəyli də oxuyub, amma ortalıqda qalıb; heç bir ali məktəb onu qapıdan içəri buraxmır. Mən oxuyub nə edəcəyəm ki?!

Vaxtilə birlikdə oxuduğumuz, qiymətləri  mənə çatmayan insanlar bu gün kafedra müdirləridir. Onlara baxıb kim oxuyar?!”

 

Lamiyə Süleymanlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı