“Seçkinin nəticələrini tanımamaq çağırışı gülüncdür”
Aydın Mirzəzadə: “Bu, onların nə qədər qeyri-ciddi siyasi fiqur olmalarnın göstəricisidir”
“Növbədənkənar parlament seçkisində iştirak etməyən radikal müxalifətin nəticələrin tanınmaması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməsi çox gülüncdür”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aydın Mirzəzadə bildirib.
Seçkinin siyasi mübarizə olduğunu vurğulayan A.Mirzəzadə qeyd edib ki, bütün il boyu hakimiyyəti tənqid edən müxalifət qüvvələrindən biri seçkilərdə iştirak etməkdən imtina etdi. Bu gün isə seçkiyə qatılmadan, öz qüvvəsini sınamadan, seçkini müşahidə etmədən seçki haqqında beynəlxalq təşkilatlara müraciət edir və məqsədli şəkildə xarici qüvvələri Azərbayacanın daxili siyasətinə müdaxilə etməyə çağırır.
A.Mirzəzadə bildirib ki, bu, siyasi fəaliyyətə, vətəndaşlığa, vətənpərvərliyə uyğun olmayan bir münasibətdir. Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərdə kiminsə iştirak etməməsi öz seçimidir:
“Amma seçkidə iyirmidən çox partiyanın nümayəndəsi iştirak etdi və onların əhəmiyyətli hissəsi öz nümayəndələrini parlamentə keçirə bildilər. Seçki eyni zamanda siyasi qüvvələrin nə dərəcədə dəstəklənməsinin nümunəsidir. Kabinetlərdən çıxmayan klaviatura qəhrəmanları səviyyəsində olan müxalifətçilərin seçki barədə belə bir fikir bildirməsi isə onların nə qədər qeyri-ciddi siyasi fiqur olmalarnın göstəricisidir. Onların seçkilərə qatılmamalarının səbəbini özlərində deyil, başqalarında axtarması özü ciddi görünməyən arqumentidr”.
A.Mirzəzadə ATƏT-in seçkilərlə bağlı yaydığı rəyin əsassız olduğunu deyib:
“Seçkilər hansısa təşkilatların xoşuna gəlmək üçün keçirilmir. Seçkilər Azərbaycanda Konstitusiyanın tələblərinin yerinə yetirilməsi üçün keçirilir. Azərbaycan seçicisi öz seçimini etdi və növbəti 5 ildə öz nümayəndələrini parlamentə göndərə bildi. Azərbaycan seçicisi müstəqilliyinin möhkəmləndirilməsi üçün bu seçimini edib”.
TAHİRƏ
Xəbər lenti
Zəngilanda yeni yaşayış KOMPLEKSİ
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir