Erməni ovcundan yeyən "mühacir"lərimiz

16:21 13-03-2019 | icon 767 | Siyasət
Erməni ovcundan yeyən "mühacir"lərimiz

 

Elçin Alıoğlu yazır

 

Azərbaycandakı mövcud hakimiyyətə qarşı çıxan, rejimin düşməni olan insanların motivasiyalarını, məqsədlərini anlamalıyıq. Onların əsl məramlarını müəyyənləşdirəndən sonra əldə olunmuş məlumatlardan Ermənistanın mənafeləri, erməni xalqının maraqları üçün faydalanmalıyıq. Mütləq şəkildə.

 

Bu sözlər Ermənistan Təhlükəsizlik Xidmətinin sələfi olan nazirliyin ən təcrübəli və aktiv əməkdaşlarından biri, sonralar İrəvanda "Voskanapat" Analitik Mərkəzini yaradaraq bu struktura rəhbərlki etmiş Levon Məlik-Şahnazaryana məxsus idi.

 

Əslən Gəncə ermənisi olmuş L.Məlik-Şahnazaryan bu sözləri 2015-ci ilin fevralında, ölümündən 5 ay əvvəl İrəvanın buyruq qullarından olan və özünü hər yerdə "Talışıstanın azadlığı uğrunda demokrat mübariz" kimi təqdim edən separatçı Fəxrəddin Abbaszadə ilə söhbətində demişdi.

Həmin söhbət və görüş İrəvandakı "Artsax" otelində, fevralın 4-də  baş tutmuşdu.

 

Görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin iki əməkdaşı da iştirak edirdilər.

Məhz bu görüşdən bir müddət sonra Ermənistanın xüsusi xidmət orqanlarının özlərini "Azərbaycanı məcburi tərk etmiş siyasi mühacirlər" adlandıran şəxslərlə aktiv təmasları və əməkdaşlığı başlandı.

 

Prosesə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi yaradılmış qrupu nəzarət edirdi. Hər "mühacir"lə ünsiyyət qurulmuş və "kurator"la "verbovka olunmuş adam" arasında "məhsuldar təmas"lar yaradılmışdı.

 

Belə təmasların sonucları arasında "mühacirətdə olan Talış-Muğan Respublikasının hökuməti" adlı idefiksin "rəhbəri" Əlikram Hümbətov, habelə "Mədoj" təxəllüsü ilə tanınan Zabil Məhərrəmovun "Talışıstan TV" və "Talışıstan Radiosu" kimi "informasiya resursları" da var.

 

"Talışıstan TV" yaranandan iki ay sonra bu "struktur"un "ideoloji təminat"ı Moskvada yaşayan və separatçılığı ilə tanınan Fəxrəddin Abbaszadəyə həvalə olunmuşdu.

 

"Fəxrodin Aboszoda"ya çevrilən və Azərbaycanı məhv etməyi arzuladığını dəfələrlə vurğulayan F.Abbaszadə ermənilərin ümidlərini doğrultmayıb, "Talışıstan TV"nin fəaliyyətini təmin edə bilməmişdi.

 

Belədə qurum İrəvandakı "Voskanapat" fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq funksioneri Levon Məlik-Şahnazaryanın idarəsinə verilmişdi.

 

Zabil Məhəmmərovu da "aparıcı" vəzifəsinə məhz L.Məlik-Şahnazaryan seçib. "Talışıstan TV"nin fəaliyyətinin ilkin dönəmlərində Sankt-Peterburqla İrəvan arasında məkiyə çevrilmiş Z.Məhərrəmov hazırda, əsasən, İrəvanda yaşayır.

 

Azərbaycanı tərk edən və Azərbaycana qarşı fəaliyyət göstərən "mühacirlərlə iş"in ideoloji-təşkilatı məqamları "Voskanapat"ın rəhbəri Levon Məlik-Şahnazaryandı. 2014-2015-ci illərdə Azərbaycanda separatist təmayüllərin yaranması, milli azlıqlar arasında Azərbaycana nifrəti yaymaq məqsədilə İrəvan "mühacir"lərə təxminən 200 milyon erməni dramı (410548 ABŞ dolları) sərf etmişdi.

 

Pulların böyük qismi, təqribən 367 min dolları etnik zəmində separatizmin körüklənməsinə xərclənmişdi. Həmin məsrəflər arasında seminarlar, simpoziumlar, dəyirmi masalar, konfranslar və s. keçirməklə yanaşı, sosial şəbəkələrdə "mühacirlər"in fəallığının və populyarlaşmasının təminatı ilə bağlı xərclər də xüsusi yer tuturdu.

 

Məsələn, Əlikram Hümbətovun "mühacirət hökuməti"nin yaradılması və "tanınması"na xərclənən pullar bu şəxsin İrəvanda sürəkli müzakirələr aparması üçün səfər xərclərini zaman keçdikcə əhəmiyyətli dərəcədə üstələyirdi.

 

Eynilə Zabil Mədoj-Məhərrəmovun YouTube kanalının reklamı, "Talışıstan Radiosu"nun redaksiyasının təminatı və s. xərclərin sonradan həndəsi silsilə kimi artması təki.

 

Levon Məlik-Şahnazaryan vəfat edəndən sonra onun "ideya"sını Artur Davidyan adlı şəxs davam etdirdi. A.Davidyan İrəvandakı "Qafqaz Etnik və Siyasi Araşdırmalar Mərkəzi"nin rəhbəridir. 56 yaşlı bu şəxs Ermənistan xüsusi xidmət orqanlarının sabiq zabitidir və bilavasitə "Azərbaycanl istiqaməti"nin kuratorlarından biridir.

 

2017-ci ilin iyunun 16-sı. Gürcüstanın paytaxtı Tbilisinin sakinlərinin əksəriyyəti ermənilər olan Avlabar səmtindəki "Avlabari N1" oteli. Otelin üçüncü mərtəbəsindəki nömrədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iki əməkdaşı Ə.Hümbətovun özü və oğlu ilə müzakirələr aparırlar.

 

Müzakirələr əsnasında maliyyələşdirmə kanallarının dəyişdirilməsi barədə "mühacir"lərə məlumat verilir. Belə ki, həmin gündən etibarən Hümbətovlar maliyyəni bank köçürmələri vasitəsilə Rusiya və Polşadakı 4 şirkətdən alacaqdılar. Şirkətlər Rusiya Ermənilər İttifaqının rəhbəri Ara Abramyana məxsus affilə olunmuş strukturlardır. Şirkətlər A.Abramyanın olsa da, müxtəlif şəxslərin adlarına rəsmiləşdirilmişdi və o şəxslərin arasında erməni soyadlı kimsə yoxdu.

Proses başlandı və ötən ilin sonlarına qədər davam etdi.

 

2018-ci ilin dekabrın 13-də isə maliyyələşdirilmə kanalları ilə mənbələr dəyişdi və o dəyişikliyin nəticələri hələ də "stabil"dir.

 

Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (EMTX) birbaşa göstərişi ilə maliyyə ayıran strukturlara "Lyubinskaya" quşçuluq fabriki, "ART RemStroy", "Naxşkarian İP", "SPK Sibsentstroy"və "Pekarnya Andreasyan" da qoşuldular.

 

İddialara görə, maliyyə axını bilavasitə EMTX-nin rəhbəri Artur Vanesyanın nəzarətindədir.

Erməni tərəfi Avlabardakı müzakirələri "məhsuldar" sayıb, çünki maliyyələşdirilməsi nəzərdə tutulan şəxslərə "Avropa ölkələrində siyasi-ictimai fəaliyyət göstərən azərbaycanlı mühacirlər"in də əlavə edilməsi nəzərdə tutulmuşdu.

 

Ən başlıcası isə əməliyyatların "ideoloji və siyasi təminatı" Ermənistanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinə 1994-1995-ci illərdə rəhbərlik etmiş David Şahnazaryana həvalə edilmişdi.

 

Adıçəkilən şəxs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda xüsusi səlahiyyətli səfir statusunda Ermənistan prezidentinin nümayəndəsi də olmuşdu.

 

Ötən ilin sonlarından bəri David Şahnazaryanın "şəbəkəsi"nə Avropa ölkələrində yaşayan bir sıra azərbaycanlı da cəlb olunmaqdadır. Onların arasında xüsusi yeri Leyla və Arif Yunuslartuturlar.

 

David Şahnazaryanın özü dəfələrlə etiraf edib ki, Leyla və Arif Yunuslarla 2006-cı ildən bəri "sıx, səmimi və normal münasibətləri" var.

 

Hazırda bu əlaqələrin "maliyyə yardımları" yönünün reallaşdırılmasında Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu"nun nəzdindəki struktur olan "OSİ Assistance Foundation"un (OSİAF)funksionerlərindən biri, fondun "Open Society Justice Initiative" proqramının rəhbəri, amerikalı Laura Binqhem məşğul olur.

 

Məhz Laura Binqhem Avropa Birliyi ölkələrində yaşayan azərbaycanlı "müstəqil bloqer"lər və "siyasi mühacirlər" şəbəkəsinin "ideoloq anası" sayılan Leyla Yunusun fəaliyyətinin maliyyələşdirilməsinə birbaşa şəxslərdən biridir.

 

Bunu malayziyalı siyasətçi və ekspert Liam Sian See də təsdiqləyib.

Onun sözlərinə görə, Corc Sorosun və "Cənubi Qafqazdakı bir xristian dövlətinin xüsusi xidmət orqanlarının  birgə fəaliyyəti"(!) mövcuddur: "Həmin fəaliyyətə ABŞ-ın Milli Demokratiya Fondu (The National Endowment for Democracy, NED) də qatılıb".

 

Deyilənləri uzun illər Sorosun fondlarında çalışmış Mariya Çin Abdulla da dəstəkləyib.

 

 

Mariya Çin Abdullanın sözlərinə görə, NED və Corc Soros hazırda "Avropa Birliyi ölkələrində yaşayan, Cənubi Qafqaz ölkələrindən olan siyasi mühacirlər və ictimai fəallar"ın maliyyələşdirilməsini Amerika Beynəlxalq Əmək Həmrəyliyi (American Center for International Labor Solidarity, ACILS), Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi (Center for International Private Enterprise, CIPE), Amerika Beynəlxalq Münasibətlər üzrə Milli İnstitutu (National Democratic Institute for International Affairs, NDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu (International Republican Institute, İRİ) vasitəsilə reallaşdırır.

Abdulla prosesdə Ermənistan nümayəndələrinin "xüsusi fəallıq" göstərdiklərinə də dolayısı ilə işarə vurub.

 

Ermənistandakı radikal müxalif təşkilat olan "Təsis Parlamenti" ("Himnadir") rəhbəri, hazırda həbsdə olan Qaregin Çuqaszyanın xanımı Liliya Cavaxyan ötən ilin sonlarında Facebok-da yazmışdı: "Ərimə Milli Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq təklif olundu. Dedilər ki, siyasi fəaliyyətini davam etdirsin - amma Paşinyanın siyasətini müdafiə etsin. "Avropadakı mühacir türklər, düşmənlərimiz də artıq bizimlə işləyirsə, sən niyə inad edirsən?!" də söylədilər".

 

L.Cavaxyanın "Avropadakı mühacir türklər" dedikdə Türkiyədən olan mühacirləri nəzərdə tutmadığı bəllidir, çünki ermənilər "turkes" dedikdə azərbaycanlıları nəzərdə tuturlar.

 

Almaniyanın Burbax şəhərindəki Miqrantlar Mərkəzində yaşayan və Almaniya vətəndaşlığı almağa çalışan mühacir Kamal Xəlilovun dediyinə görə, indi "bloqer"lik edən və sosial şəbəkələrdə Azərbaycandakı mövcud hakimiyyətə düşmən kəsildiklərini göstərən şəxslər bir mərkəzdən idarə olunur.

 

"Onların arxalarında duran qüvvələr var. Özü də ciddi qüvvələrdir. Məsələn, deyilənlərə görə, burada Azərbaycan hakimiyyətinə normal münasibət bəslədiyini göstərsən, BAMF-a ("Bundesamt für Migration und Flüchtlinge" - "Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə" - E.A.) şikayət yollayırlar, səni deportasiya edirlər. Ona görə "siyasi mühacir" olduqlarını deyənlər mitinqlərə, piketlərə, aksiyalara qatılmalıdır. Başqa yol yoxdur", - K.Xəlilov söyləyib.

 

Mühacirləri Avropa şəhərlərində təşkil olunan və Azərbaycan hakimiyyəti ilə yanaşı, elə Azərbaycanın özünə qarşı olan aksiyalara qatılmağa "çağıran"lar isə bəlli şəbəkənin mənsublarıdır.

 

O şəbəkənin sıravi ifaçıları arasında yer alanların əksəriyyəti idarə olunduqlarını ya bilmir, ya da bilib israrla təkzib edir, iddialara "özünsən axmaq!" və "Hakimiyyətin çirkin böhtanı!" kimi cavab verirlər.

 

Halbuki "müstəqil bloqer"lər, YouTube-da kanallar yaradıb az qala gecə-gündüz Bakının ünvanına təhqirlər, hədyanlyar söyləyənlərin "ideya mübariz"ləri olduqlarını düşünməyin özü belə, sadəlövhlükdür.

 

Sadəcə, bir fakt: Azərbaycanda silahlı üsyana, qardaş qırğınına, vətəndaş müharibsinə çağıran və Fransada yaşayan "siyasi mühşacir"lərimizdən biri dəfələrlə polisə çağırılıb. Səbəb, rəsmi Bakının bu idiotun çağırışlarının ektremizm və terrora dəvət olduğunu rəsmi Parisin diqqətinə çatdırmasıdır.

 

Həmin adam hər dəfə polisə çağırılır, sonra buraxılır və "Mənimlə danışdılar, dedim daha da sərt olacağam, qulaq asdılar" söyləyir.

 

Fransada ekstremizmdə şübhəli bilinən və ya suçlanan adamı polis zabiti dinləyir, o adam "Yaxşı edirəm, daha da pis edəcəyəm!" deyir, zabit də bu adamın "mövqe"yini öyrənəndən sonra onu yola salır?!

 

Bu, fantasmaqoriya və marazm olardı - bir şərtl ki, o polis zabitinə idarəyə "dəvət" olunmuş şəxslə bağlı yuxarı instansiyadan dəqiq, konkret təlimat verilməsəydi.

 

Fransa polisinə sərsəm çıxışlar edən, sosial şəbəkələrdə inqilaba və qiyama səsləyən çağırışlarda bulunan adamla bağlı kim, nə üçün təlimat verir - bu asan "tapmaca"nın cavabını siz düşünün...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı